Bəs ölməzliyə qovuşmaq necə olur ki…???
08.08.2013-cü ildə Məhərrəm Zamanın 54 yaşı olacaqdı…
…10 yanvar 2013-cu il…
…”Unikal” qəzetinin növbəti nömrəsi çapdan çıxır və orada yazıçı publusist, “Qızıl Qələm” mükafatı laureatı, II qrup Qarabağ müharibəsi əlili, “AqRa” EİDİB-in idarə heyətinin üzvü Məhərrəm Zamanın (Məhərrəm Qəhrəman oğlu Zamanovun 08.08.1959-0901.2013) görkəmli ziyalı Elman İslam oğlu Əliyev (11.01.1959-17.09.2011) haqqında yazdığı “Bəs ölməzliyə qovuşmaq necə olur ki…???” məqaləsi dərc olunur… Ətraflı… izləyin
Həyatın yazılan və ya yazılmayan qəribə qanunları var. Onlardan yan keçib dəyişmək, onlarla hesablaşmaq qeyri mümkündür. Bəşər övladı üçün yazılmamış bu qanunlardan biri bəlkə də, ən başlıcası insanın zirvələr fəth etməsi, daim zirvəyə doğru maraq göstərməsidir. Düşündüyümüz və ya fəth etmək istədiyimiz zirvələr özü də müxtəlifdir. Yəni zirvələrin mənfisi müsbəti mövcuddur. Hər ikisi insan üçün maraq kəsb edən bu zirvələrin mənfisi maddiyata müsbəti isə mənəviyyata istiqamətlənir. Baxmayaraq ki, əksər hallarda maddiyat (mənfi) tərəf, mənəviyyatı üstələyir. Bunun özünün də qanunauyğunluqları mövcuddur. Belə ki, maddiyat zirvəsini fəth etmək o qədər çətin hasil olmur və bunun üçün məşəqqətli, enişli yoxuşlu, dərdli-sərli, keşməkeşli, əzab-əziyyətli yollar keçməyə ehtiyac qalmır. Bu yola aparan istiqamət düz xətlidir, məqsəd bəllidir. Enişi-yoxuşu, dərəsi-təpəsi mövcud olsa da amalı açıq aşkardır. Lakin bu yolun əksi olan mənəviyyat tamam fərqlidir. Burada yollar həm enişli-yoxuşlu, həm dərəli-təpəli, həm də dolanbadolan, labirintli yollardır. Ona görə də bu yolu seçənlər məhdud olurlar, azlıq təşkil edirlər və həm də bu yolu sonunacan getmək nadir hallarda az-az yolçulara nəsib olur.
Haqqında söhbət açacağımız yol-mənəviyyat yolu, enişli yoxuşlu, dərəli-təpəli zirvəsi fəth olunmaz, qarlı-çovğunlu kamillik yoludur…
Minlərlə insanlar kamillik yolunu seçib bu istiqamətdə həyatlarını sərf etsələr də, bu zirvəni fəth etmək barmaqla sayılacaq qədər insanlara nəsib olur.
Kamillik – nisbi, fəlsəfi, qeyri-müəyyən, mütləqlik təşkil etməyən amil olsa da, var, biz kamilliyin nə olduğunu nisbi dəyərləndirsək də, varlığını bilirik. Həyatda heç bir varlıq, heç bir zirvə fəth edilməz olmadığından kamillik də fəth olunmaz deyildir.
Qürurla, fəxrlə deyə bilərik ki, Böyük Azərbaycanımızda kamillik zirvəsini fəth edənlərimiz az olmayıb. Onlar bu fəth olunmaz zirvələri fəth edərək gələcək nəsillərə zirvəyə aparan cığırı açmaqla yolun sarvanları olmuşlar. Bunların içərisində Ulu Şərqin dahi kamillik ustası Cəlaləddin Ruminin dostu və müəllimi Şəms Təbrizi, alim – filosof Nizami Gəncəvi, dünya astronomiyasının ilk “qaranquşu” Tusi, Şərqin şer sənətinin ustası Məhəmməd Füzuli, Hurifi –dərviş Nəimi və s. və i. və nəhayət haqqında söz açacağımız bu kimi dahilərimizin müasir davamçısı Elman İslam oğlu Əliyev.
Elman Əliyev özündən əvvəlki ustadlarının həyat və yaradıcılığını, bu dahilərin keçdikləri məşəqqətli yolları dərindən öyrənərək özü də, kamilliyə doğru hərəkət edərək nəhayət onu fəth edə bilmişdir. O, kamil insan fəlsəfəsini özündə tətbiq etdi. Ətrafı üçün çıraq kimi işıq saldı, mayak oldu. Lakin heç vaxt bunu büruzə vermədi. Əslində kamil insan belə də, olmalıdır. Etdiyi xeyirxahlıqlardan kənarda qalmaq kamilliyin əsas atributlarından biridir. O, alim olmadı – alimlik etdi, o müəllim deyildi – müəllimlik etdi, o operator deyildi – çəkirdi, o, yaradıcı olmadı-yaratdı və s. və i…
Elman Əliyev bütün gördüyü, yaratdığı işlərdən kənarda qaldı, heç vaxt özünü gördüyü işlərin yaradıcısı, təşkilatçısı kimi büruzə vermədi və bundan zövq aldı. O hər yerdə olmağı bacardı, ailədə – ata, ətrafda – dost, işdə – qurucu, ərsəyə gətirdiyi tapıntılarda və ya kəşflərdə ortaq. Təbii ki, bu qədər təvazökar olmaq üçün ən azından kamilliyə yaxın insan olmaq lazım idi və Elman bunu bacardı. O nəinki kamilliyə yaxın oldu hətta onu fəth edən nadir şəxsiyyətlərdən birinə çevrildi. Yüzlərlə teleradio, monoqrafiya – hekayə, şer, kitab tərtibatçısı – məsləhətçi və s. və i. olsa da orda özünün adının hallanmasını istəmədi. O, özünə deyil, ətrafına, yaxınlarına, vətəninə, bütövlükdə isə bəşəriyyətə xidmət etməyə üstünlük verdi.
Bu sadaladıqlarımın təsdiqi olaraq dostumuz E. Əliyev təkcə bir hekayəsini “Həsrətində olduğum insana məktub”-u oxumaq kifayətdir ki, “Kamil insan” necə olur, nə istəyir, nəyi tövsiyə edir biləsən…
Məhz Elman Əliyev kimi insanlara, ölüb-ölməzliyə qovuşan deyirlər. Sözün əsl mənasında milyonlardan birinə qismət olan ölməzlik ona qismət oldu. Aramızda olsaydı biz onun 54 yaşını yanvarın 11-də qeyd edəcəkdik. Ola bilsin cismani o yanımızda olmayacaq, bizimlə deyib – gülməyəcək, dadlı-məzəli lətifələr söyləməyəcək, amma yüz faiz əminik ki, o bizimlə olacaq. Çünki onun, bizim “Kamil insan” dostumuzun ruhu yanımızda olacaq necə ki, bu günə kimi bizimlədir. Əminliklə vurğuluya bilərik ki, onu tanıyanların əksəriyyəti məhz belə düşünür. O, ölməzliyi kəşf edib, O bizimlədir yanımızdadır hər gün hər saat. Məhz buna görə də, tam əminliklə deyə bilərəm ki, “Kamil insan”, dostumuz E. Əliyev 54 yaşını təntənəli sürətdə dostları, əqidədaşları, ailəsi, qohumları ilə birgə keçirəcək.
Bəs ölməzliyə qovuşmaq necə olur ki…???
“AqRa” Elmin İnkişafına Dəstək İctimai Birliyinin İdarə
heyətinin üzvü, yazıçı-publisist
Məhərrəm Zaman
HƏSRƏTİNDƏ OLDUĞUM İNSANA MƏKTUB
Salam, İnsan…
Həsrətində olduğum İnsan…
Bəşəriyyətin çox böyük inamla gözlədiyi İnsan.
Gecənin lal sükutunu pozan şərti zaman sayğacının aramlı çıqqıltısı altında Sənə məktub yazıram. Sənin varlığınla zaman sonsuzluğu arasında sanki çaşıb qalmışam. Haradan başlayım bu məktubu.
Yarandığın gündən Xeyirlə Şərin mübarizəsində qalib çıxmağa çalışsan da, zülmlərə məruz qaldın, sınmadın…
Dabanından soyuldun, haqdan dönmədin…
Odda yandırıldın, daşqalaq edildin, sürgünlərlə, həbsxanalarla sınağa çəkildin, tankların tırtılları altına salındın, canlıların şüurunun dərk edə bilməyəcəyi zülmlərlə üz-üzə qaldın, lakin ləyaqətini, şərəfini itirmədin, içindəki işığa doğru inamla getdin…
Yaxşı ki, sən varsan, İnsan! Yoxsa dünya zülmət içində boğulardı. Yoxsa «Sirlər xəzinəsi » bomboş qalardı…
Bütün varlıqlar nəfs quluna çevrilərdi.
Nə üz tutacağımız Müqəddəs kitablar olardı, nə də ki, günahlardan təmizlənmək üçün son ümidlə ziyarət etdiyimiz Müqəddəs yerlər.
Bu məktubu Sənə yazdığım anda bəşəriyyət yenə də həmişəki kimi Xeyirlə Şərin savaşı ilə üz-üzədir. Yenə haradasa terror, haradasa aclıq – səfalət, müharibələr, yalanın haqqı tapdayıb keçməsi, zülmləri tüğyan edir. Məxluqatın bir-birini vəhşicəsinə məhv etmək istəyi azmış kimi, təbiətin də zəlzələ, külək, sel fəlakətləri bu bəlalarla həmahənglik edir.
Bəlkə, doğrudan da axır zamandır?
Qiyamət günü yaxınlaşıb?
Bəlkə, ona görə haqla nahağı seçmək bu qədər çətinləşib.
Bəlkə, «…Ya hər kəsə xain olan insan…»ın, Şərin təcəssümü olan İblisin Xeyrə qarşı son savaşıdır?
Uğura gedən yol həmişə dərddən keçər.
Bəlkə, Şərin yaratdığı bəlaların sirri tükənir, Xeyir qarşısında acizləşir deyə, son ölüm-dirim savaşına çıxıb?
Bəlkə, elə «Qiyamət günü» deyilən gün Xeyirə Şərin məğlub olduğu gün olacaq?
Sənə çox ehtiyacımız var…
Sən cilalanmış güzgü kimisən. Hər kəs səndə özünü görər. Cilalınmış güzgü çirkini gözəl, gözəli çirkin göstərə bilmədiyi kimi, Sən də kimsənin xətri üçün yalan söyləyə bilməzsən.
Gəl!..
Bizləri de, gəl!..
Gəl bizi özümüzə göstər ki, çaşıb Şərə sevinməyək, Xeyrə ağlamayaq. Nəfsimizin quluna çevrilməyək.
Hamının ümidi sənədir. Sən hər şeyi, həm yaşamağı, həm yaşatmağı bacarırsan. Yolunu azmış, «yaşatmaram, yaşaram!» deyən, qan içən vəhşilərin, «bizliyə», «sizliyə», «dağlıya», «düzlüyə» bölünənlərin qarşısına ancaq Sən çıxa bilərsən.
Gəl!.. Gəl göstər haqqı bizə. Görək, yalanla düz haradadır?
Bəlkə, «zamanın yuya bilmədiyi yalanlar» o qədər artıb ki, daha Yer də tablamır bu ağırlığa.
Bəlkə, ona görə yerlərimizi verə-verə «yerlibaz» olmuşuq.
Sənə çox ehtiyacımız var…
Dünən də həsrətində olmuşuq, bu gün də həsrətindəyik, sabah da həsrətində olacağıq…
Bəlkə, Sən varlığına çökmüş, nurunla zülmətə bürünmüş, mənəviyyatların üzərinə işıq saçıb, bu bəlkələr dolaylarından bizləri keçirəsən…
Elman Əliyev