Bir könül sındırmışam
Siz heç düşünmüsünüzmü ki, nə üçün Rəşid Behbudov, Sara Qədimova, Anatollu Qəniyev və digər korifey sənətkarlarımızın oxuduğu mahnılar daha çox sevilir və hələdə dinlənilir ? Bunun səbəbi yalnızca onların bizi ağuşuna alan ahəngli səsləri deyil, həmdə mahnıların sözlərindəki dərin məna və sözlərin axıcılığıdır. Sevərək dinlədiyimiz bu müğənnilərin oxuduğu mahnılara nəzər yetirsək görərik ki, bu mahnıların sözləri tanınmış şairlərə məxsus olduğu halda, bəstəkar bu sözlərə musiqi bəstələyir və müğənnilər yalnızca öz peşəkarlaşdığı ifa işini edir. Nəticədə ortaya əvəzsiz bir sənət əsəri çıxır.
Görəsən bəzən dinlədiyimiz mahnıların sözlərinin kim tərəfindən və nə üçün yazıldğı haqqında düşünmüsünüz ?
Gəlin bu yazıda “Nazəndə sevgilim yadıma düşdü”, “Qonaq gəl bizə”, “Nə vaxta qaldı?”, “Bir könül sındırmışam”, Və s. kimi dillər əzbəri mahnıların söz müəllifi şair İslam Səfərlidən danışaq.
Bu yazının təbiiliyini qorumaq məqsədilə şairi görən onunla xatirələri olan bir şəxslə – şairin bacısı oğlu əməkdar rəssam Əli Səfərovla əlaqə saxlayıb, evlərinə qonaq yollandıq. Söhbət elə maraqlı keçdiki vaxtın necə gəlib keçdiyinin heç birimiz fərqində olmadıq. Əli Səfərov şair haqqında bəzi mətbuat orqanlarının yazdığı yalan məlumatlardan gileylənərək, şairin gərçək həyat hekayəsindən danışdı. Ömrünün çox hissəsini Bakı şəhərində keçirən şair Şəkərabad kəndində doğulub və oradaki məktəbdə təhsilini bir müddət davam etdirib. Lakin oradaki məktəb dörd və yeddi illik olduğu üçün şair təhsilinin geri qalanını davam etdirmək üçün Sarvanlar məhəlləsinə köçərək, hazırda adını daşıdığı Naxçıvan şəhər 1 saylı məktəbə getməli olur. Böyük Vətən müharibəsi vaxtlarında Sarvanlar məhəlləsində yaşayan şair, naxçıvanlı 12 nəfər ilə birlikdə könüllü olaraq müharibəyə yollanır. Bəzi jurnalistlərin yazdığı yazılarda şairin müharibədən sağ qayıdan 13 nəfərdən tək insan olduğu qeyd olunsa da, bu yazıları yazan şəxslərin sözsüzki, İslam Səfərli yaradıcılığından xəbərdar olmadıqları açıq-aydın görünür. Onlar müharibədən beş nəfər geri dönməyi bacarmışdılar. İslam Səfərlinin “Onüçlər” şeirindəki bir bənd belə bu fikri təsdiqləməyə bəs edər:
Mərdlik edib, ad qazanan
Yarısından çoxu ölən,
Ölümündə üstə gülən
Kimdir?
Əgər soruşsanız,
Bir ağızdan siz hamınız,
Deyiniz ki, onüçlərdir.
Burada şairin “Yarısından çoxu ölən” ifadəsinə fikir versək görə bilərik ki, şair onüçlər arasında müharibədə sağ qalan tək insan deyil. Onlar bədən nahiyələrində çoxlu qəlpə yaraları ilə müharibədən dönmüşdülər. Əli Səfərlinin sözlərinə görə şair İslam Səfərli döyüşlərdə kəşfiyyatcı olmuşdur. Bir gün şair müharibədə olarkən bir alman əsgəri ilə əlbəyaxa döyüşdə olur. Əlini yaralayan şair öz silah dostlarından biri tərəfində xilas olunur. Həmin döyüşdə şair və silah yoldaşları çoxlu alman əsirləri ilə geri dönüb. Şair 416-cı və 77-ci diviziyalarda xidmət göstərmiş, müharibə vaxtlarında belə şeirə həvəsi ölməyən şair “Qırmızı bayraq”, ”Qızıl əsgər” kimi cəbhə qəzetlərində oçerk və şeirlərini çap etdirmişdir.
Əli Səfərov şairin şeirlərinin birinin maraqlı bir hekayəsindən danışdı. Cəbhəyə yollanmamışdan qabaq İslam Səfərli və dostu İslam Bağırov Nehrəm arxının hər iki tərəfinə hər biri bir söyüd ağacı əkirlər. Cəbhədən geri dönən şair ağacların pöhrələyib bir -birinə sarmaşdığını görür. Lakin dostunu cəbhədə itirən şair bu ağaclar kimi qucaqlaşaraq ayrıldıqları o yerə qucaqlaşaraq qayıda bilmirlər. Bu hadisə şairi çox təsirləndirir. Məhz şairin “Qoşa söyüd” şeiri də belə doğulur. Qucaqlaşmış söyüdlər Şairin vəfatından sonra 2000- ci illərdə genişləndirmə işlərinin “qurbanına” çevrilir.
İslam Səfərlinin Səkinə, Dilarə adlı iki bacısı, Bəhram, Hidayət, Arif adlı üç qardaşı olduğunu qeyd edən Əli Səfərov Arif bəyin İslam Səfərlinin ögey qardaşları olduğunu, özünün isə şairin bacısı Dilarə xanımın oğlu olduğunu qeyd etdi. İslam Səfərlinin İradə, İlham, Dilşad adında üç övladı var. Onlar hazırda Bakı şəhərində yaşayırlar. İslam Səfərli həm Tusi, həmdə Kəngərli nəslinə mənsub olub, Kəlbəli xanın nəslindən gəlir və Şeyxəli qolundandırlar. İslam Səfərlinin atası Əhməd xan, babası isə Kiçik xan (Səfər xan) olub. İslam Səfərli yazdığı heca vəznindəki axıcı şeirləri ilə bir çox bəstəkarın diqqətini çəkməyi bacarmış, Cahangir Cahangirov, Rəşid Behbudov kimi simalarla çox yaxın olmuşdur. Bir gün türk şairi Nazim Hikmət Bakıya gələrkən görüşlərin birində İslam Səfərli “Xəzərim ay Xəzərim” şeirini oxuyarkən tədbir sonunda Nazim Hikmət “Yavrum Sən bu sözlərə mahnı yazdırma. Mahnı elə bu şeirin özündədir” ifadəsi ilə şairin yaradıcılığını yüksək qiymətləndirmişdir.
1944-cü ildə cəbhədə ağır yaralanan şair sağaldıqdan sonra 77-ci diviziyada fəaliyyətini davam etdirir. Müharibə bitdikdən sonra Naxçıvana qayıdan nəğməkar şair bir müddət “Şərq qapısı” qəzeti və Naxçıvan Radiosunda çalışır. Burada çalışarkən, şairin “Ədəbiyyat”, “Şərq qapısı”, “Azərbaycan gəncləri” kimi bir neçə qəzetdə şeirləri çap olunur.
Bakıya tez-tez gedən şair şeirlərinin biri “Azərbaycan gəncləri” qəzetində çap etməyə nail olur və bu şeiri dahi bəstəkar Üzeyir Hacıbəyov görür. Üzeyir Hacıbəyov şairin istedadını görür və onu təhsil almasını məsləhət görür. Bunun təsiri ilə 1946-cı ildə Bakı Dövlət Universitetinin filologiya ixtisasına daxil olan İslam Səfərli artıq Bakıda yaşamağa davam edir. 1948-ci ildə isə Bakının tanınmış ailələrinin birinin qızı olan Anaxanım Səfərli ilə ailə həyatı qurub Bakı şəhərində qalır. Nişanlı qalan müddətdə İslam Səfərli öz yaradıcılığının zirvə əsərlərindən olan “Nə vaxta qaldı?” şeirinidə məhz o dövrdə yazır. Şair uzun müddət nişanlı qalmasından söz açaraq yazırdı:
Gilənar qızardı, ağ tut sovuşdu
Payını dərmədim, budaqda qaldı
Hamı könül verib yara qovuşdu
Bəs bizim toyumuz nə vaxta qaldı?
Ay, gözəl nə vaxta qaldı?
Şair ömrünün çox hissəsini təbiət qoynunda keçirməyi çox sevirdi. Bir gün şair, dostu yazıçı, publisist Əlfi Qasımovla birlikdə bütün gün gəzib istirahət edirlər. Axşama yaxın Əlfi Qasımovun qardaşı onları Şuşa şəhərindəki bulağa istirahət üçün aparmağa gələndə İslam Səfərlinin yoldaşı Anaxanım Səfərli şairin bu gün çox istirahət edərək gəzməsindən gileylənərək birazda evdə oturmasını söyləyir. İslam Səfərli isə gedərkən “mənə də bu qalacaq” deyir və nəticədə aşağıdakı misraların tarixçəsi yaranır:
Günlər keçir birər-birər
Bir uğurlu yol gedirəm
Yurdumuzu vəsf edirəm
Əldə qələm, dizdə varaq
Mənə qalan bu olacaq.
Əli Səfərov dayısı ilə bağlı xatirələrindən danışarkən, şairin çox dostcanlı insan olduğundan söz açaraq, Bakıdan hər dəfə Naxçıvana gələrkən bacısı Səkinə xanım gilə gələr, həyətyanı sahədə hər gün yeməklər bişirilərdi. Yemək qazanlarına baxdıqda sanki bir toyu xatırladardı. Hər gün otuz, qırx ədəd dostu onu görməyə gələrdi. Əli Səfərov o vaxt balaca olsa da həyətdəki üzüm talvarlarını, qonaqların dayımı görməyə gəlməsini və başqa hadisələrin hələdə dünənki kimi yadında qaldığını, bəzən isə İslam Səfərli Bakıdan gələn kimi dostları ilə Batabata getdiklərini söylədi. Əli Səfərov rəssamlıq məktəbinə daxil olarkən, dayısı ilə birlikdə getdiyini söyləyib, “dayım onda xəstə idi, pilləkənləri dayana-dayana çıxırdı” sənədləri verdikdən sonra “mən xəstəxanaya qayıdıram, hər şey yaxşı olacaq narahat olma” dedi. Bir müddət keçdikdən sonra isə şair vəfat edir. İslam Səfərli ailə həyatı qurarkən toya Səməd Vurğunu da dəvət edir. Lakin həmin gün Səməd Vurğun Moskva şəhərinə getməli olduğundan toya gələ bilmir. Toyun axşamı Səməd Vurğun tərəfindən toya hədiyyələr göndərilir.
İslam Səfərlinin yaddaşı da olduqca güclü idi. Demək olar ki, bütün şeirlərini əzbər deyərdi. Günlərin birində Səməd Vurğunla bir məclisdə olarkən, Səməd Vurğun “mənə oxşayan qarabala İslam burdadır” deyərək İslam Səfərlini səsləyir və ondan keçən dəfəki tədbirdə dediyi şeiri yenidən səsləndirməsini istəyir. Bu hadisəyə Əlfi Qasımovun bir yazısında da rast gəlmək mümkündür. İslam Səfərlinin ən zirvə əsərlərindən biri də 1955-ci ildə tamaşaya qoyulan “Göz həkimi”dir. Bu əsər həm Naxçıvanda, həm də Bakıda tamaşaya qoyulmuşdur. Əli Səfərov tamaşa verilən zaman zallarda boş yer olmadığını qeyd edirdi. Şair Bəxtiyar Vahabzadə müsahibələrinin birində dostları arasında dramaturgiyaya ilk İslam Səfərlinin gəldiyini deyərdi.
Süleyman Rüstəm şair İslam Səfərlinin müəllimi olmuş və müharibə vaxtlarında boş vaxt tapan kimi şair, Süleyman Rüstəmin şeirlərinin cəbhədə sevərək oxuyardı. İslam Səfərli cəbhədə olarkən də dəfələrlə Naxçıvanda olan qəzetlərdə məqalələri və şeirləri çap olunur. Bu yazılar içərisində cəbhəyə geden on üç nəfərin adıda çəkilir, lakin onların birinin yalnız soyadı “Məcidov” deyə qeyd olunur. Bəs necə sübut olunduki, İslam Səfərli həqiqətəndə Tusilər nəslində gəlir? Tədqiqatçı Seyidağa Onullahi tərəfindən Nəsirəddin Tusinin soyunun araşdırılması aparılır və Mirzə Mehdi xan Ordubadidə dayanır. Daha sonra nəsil ağacının ardını araşdırdıqda həqiqətəndə İslam Səfərliyə doğru uzandığını görmək mümkündür. İslam Səfərlinin “Bir könül sındırmışam” şeirinində olduqca maraqlı bir xatirəsi var. Bir gün İslam Səfərlinin bir qadın dostu olur, şair bir sözü ilə onu incidir. Eyni yerdə şairin dostu Əlfi Qasımovda olur. İslam Səfərli gecə yatmıyaraq “Bir könül sındırmışam” şeirini yazır və şeiri göstərmək üçün dostu Əlfi Qasımovun evinə yollanır. İslam Səfərli dünən gecə o qadının xətrinə dəydiyini söyləyir və şeiri göstərir. Əlfi Qasımov isə, “İslam, səndəki bu ürək var heçkəs səndən inciməz” cavabını verir. Bu məşhur şeirə daha sonra mahnıda bəstələnir. Şövkət Ələkbərovanın ifasında səslənən mahnının məşhur nəqarətində isə deyilir:
Qəbahətim böyükdür
Ay ellər, dünən axşam
Dünən axşamçağı
Büllur kimi bir ürək,
Bir könül sındırmışam…
Rafiq TƏHMƏZOV – Naxçıvan Dövlət Universitetinin
jurnalistika ixtisası üzrə II kurs tələbəsi