Bir tay uşaq ayaqqabısı

Novella

Güclü yağış kəsmək bilmirdi…

Avtobusun şüşəsindən küçəyə baxırdım. Havanın əlverişsiz olduğundan avtobus yavaş sürətlə hərəkət edirdi.

Dayanacağa çatırdıq, birdən asfaltın üstündə gözümə nə isə sataşdı. Diqqətlə baxdım, 4-5 yaşlı qız uşağının ayaqqabısının bir tayı idi.

Bir az aralıda yola xeyli şüşə qırıqları səpilmişdi. Güclü yağışın yaratdığı gölməçənin içində bir tay ayaqqabı yavaş-yavaş yırğalanırdı.

Yaraşıqlı ayaqqabı tayı sanki sola-sağa boylanmaqla sahibini axtarırdı. Kim bilir bu balaca qırmızı ayaqqabının balaca sahibi indi haradadır? Ətrafdakı şüşə qırıqları baxan adama çox söz deyirdi…

Çox söz…

Bəlkə, yağış güclü yağmasaydı o şüşə qırıqlarının yanında qan gölməçələri də olardı…

Yaxşı ki, yağış o qanı yuyub aparmışdı.

Bəlkə, yağış olmasaydı, heç bu itirilmiş ayaqqabı tayı da olmazdı…

Bəlkə, sürücülər və piyadalar  bir az ehtiyatlı, diqqətli olsaydı heç belə hadisə də olmazdı…

Ayaqqabı tayı dayanacağın lap yaxınlığında qalmışdı. Görünür, onu itirən qızcığaz ya anası ilə avtobusa minməyə tələsirmiş, ya da avtobusdan düşüb yolu keçmək istəyirmiş…

Hər iki halda tələsmək öz acı nəticəsini göstərmişdi.

Nənələrimiz ona görə deyib ki, tələsmək şeytandandır, səbr Allahdan!

Avtobus çoxdan həmin yerdən uzaqlaşmışdı, amma o bir tay qırmızı uşaq ayaqqabısı gözümün önündən çəkilib getmirdi…

Xəyalım onun sahibinin yanında qalmışdı…

                                                                                                    Gülarə Munis.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir