Bizə gəlib çatmış ilk tam Yaxın Şərq valeoloji konsepsiyası barədə
Düzgün yaşasan, sağlam olacaqsan!
Bəs sağlam olmaq üçün düzgün yaşamaq nə deməkdir? Bu gün valeologiya elə bunu öyrənir. Lakin valeologiya təkcə humanitar deyil, həm də sosial elm olduğu üçün onun topladığı biliklərin effekti yalnız kütlələrin malı olduqda özünü büruzə verir.
Cahili bu konsepsiyanın doğruluğuna inandırmadan ona sağlamlığının ilk növbədə onun özündən asılı olduğunu izah etmək praktiki olaraq mümkün deyil. Niyə doğrudur? Çünki Allah belə buyurmuşdur! Əgər cahil Allahın əmrinə tabe olarsa, o, həqiqi mömindir (ərəbcə – müsəlman).
Lakin hansı Allah? Sizin Allahınız bir şey, bizim Allahımızsa başqa bir şey tələb edir.
Məhəmməd peyğəmbərin irəli sürdüyü ilk və hətta çox demokratik valeoloji konsepsiya “Əmrlərini bizə elçisi Məhəmmədin çatdırdığı Allahdan başqa ilah yoxdur” prinsipinə əsaslanır. Başqa sözlə, istəmirsən inanma. Şeytan ağlını bulandırarsa yaxud səni tilsimləyərsə nə gileylən, nə də inlə, xəstələnəcək və dəhşətli əzabla öləcəksən. Həm də sakitcə ölmək yaxşıdır ki, möminləri, yəni Yaradanın əmr etdiyi kimi sağlam ömür sürənləri narahat etməyəsən.
Belə ki, sağlam olmaq istəyirsənsə, ilk əvvəl:
1.Allahdan başqa ilah yoxdur, Məhəmməd onun elçisidir.
Yəni sağlam olmaq istəyirsənsə, hətta bunun nəyə lazim olduğunu sona qədər anlamasan da aşağıdakıları yerinə yetir.
2.Hər kəs özünü formada saxlamaq üçün səy göstərməlidir. Həm də bu səy bir dəfəlik yox, daimi olmalıdır və bu da eyni bir səy deyil, fəaliyyətlərin vahid kompleksidir. Bu kompleksin ən sadə pillədən ən mürəkkəbə yüksələn dörd pilləsi var.
Aşağıdakını yerinə yetirmək üçün özündə güc tap:
2.1.İlk pillə fərdidir, yalnız möminin özündən asılıdır.
Özün özünü idarə et. Bədənini və ağlını təmiz saxla. Aradabir diqqətini cari problemlərdən ayırıb əbədiyyət və düzgün həyat tərzi haqqında düşünərək eyni zamanda səhər, istehsalat və axşam gimnastikası komplekslərini yerinə yetir. Əgər meditasiya etməyi bilmirsənsə, həqiqi mənasını onsuz da sona qədər anlamayacağın duaları əzbər oxuyaraq namaz qıl. Namazdan öncə, aydındır ki, dəstəmaz da almalısan.
2.2.İkinci pillə maarifçilıikdir.
Əldə etdiyin valeoloji bilikləri yay. Faydalı olanı ye, zərərli olanı isə yeməməyə çalış. Orucla orqanizmi müntəzəm olaraq təmizlə və elə orucla da enerji sərfini müntəzəm olaraq məhdudlaşdır. Bütün gigyena qaydalarına riayət et. Söyüş söymə. Həmsöhbəti sona qədər dinlə, sözünü kəsmə. Özün isə qısa və mənalı danış. İstirahət və ya meditasiya edənlərə mane olma. Ən başlıcası isə valeoloji bilikləri diktə ilə, nəsihətlə yox, öz nümunənlə yay. Bildiklərini sağlam qida reseptlərini, gigiyena üsullarını, etik normaları onlara ehtiyacı olanla paylaş…
2.3. Üçüncü pillə müdafiədir.
Sağlam həyat tərzi keçirməyinə mane olan hər kəslə barışmaz mübarizə apar.
Bütün vasitələrlə, hətta həyatın bahasına olsa belə öz həyat tərzini, çevrəni, ətrafındakı möminləri, gələcəyini qoru. Düşmən önündə başını əymə. Onun vədlərinə inanma. Təbliğatına uyma.
Zamanını və gücünü özünü müdafiə etmək istəməyənlərin müdafiəsinə sərf etmə.
Məğlub olmuş düşmənə mərhəmətli ol. Onu sağ burax, lakin özündən elə kənarlaşdır ki, sənin sağlamlığına mane ola bilməsin.
2.4.Dördüncü pillə araşdırmadır.
Ağlını inkişaf etdir. Müşahidə et. Araşdır. Öyrən. İxtira et. Tapdığını, gördüyünü, dərk etdiyini, düşündüyünü sənə qədər edilmişlə və indi edilənlə müqayisə et. Hər kəsin rifahına və bütün bəşəriyyət üçün şərin ləğvinə yönəlmiş özünə və özgələrə aid bilik və bacarıqları tətbiq et və yay. İnsanlara şər gətirə biləcək bilikləri gizlicə qeydə al, amma yayma.
3.Üçüncü mərhələ-sosial-iqtisadidir.
İşlə. Amma istirahət də et. Yorulduğunu hiss edən kimi işləməyi saxla, dincəl və davam et. Yorğunluq keyfiyyət itkisinə gətirir. Aradabir hətta yorğunluq hiss etməsən belə işə ara ver. Meditasiya et.
Özün işlə. Həm fiziki, həm də zehni iş gör. Bu sənin sağlamlığın üçün zəruridir. Bu sənin rifahın, sənin ailənin maddi təminatı, həmyerlilərinə yardım, deməli, həm də sənin psixoloji tarazlığın üçün lazımdır.
Sənəti sənətkarlardan öyrən. Müəlliminə, xüsusilə ustalıqda onu üstələyəndə belə təşəkkürlü ol və ehtiram göstər. Özünün təcrübəsiz şagirdlərinə qarşı mehriban ol. Bütün bunlar səni stresdən qoruyar.
Dələduzluq, oğurluq, talan, qətl, reket, şantaj, qəsb, hegemonluq eynilə böhtan, yalançı şahidlik, nökərçilik, quldurluq, köləlik və s. kimi insan ləyaqətini alçaldan əməllər şeytanın hiylələridir. Deməli, onlarla məşğul olmaq sənə zərər verəcək, səni sağlam həyat tərzi imkanlarından məhrum edəcək. Hər bəndənin şəxsi ləyaqətini saxlamaq haqqı var.
Qazandığının bir hissəsini mütləq özünə xərclə, bu yeni iş üçün stimuldur. Qazandığının bir hissəsini mütləq xeyiyyəçiliyə sərf et, bu cəmiyyət içərisində çəkidir. Həm o, həm də digəri emosional komfort yaradır, psixoloji immuniteti yüksəldir.
Xeyriyyəçilik ictimai formalarda olmalıdır. Heç kimə şəxsən özün kömək edib onu özündən asılı vəziyyətə salma. İanələrini icmanın sərəncamına ver. İcma daha yaxşı bilir ki, ailə başçısını itirən kim, əmək qabiliyyətini müvəqqəti ya da həmişəlik itirən kimdir. İcma daha yaxşı bilir ki, icma üzvlərinin sağlam həyat tərzini yaxşılaşdırmaq üçün ilk növbədə hansı infrastruktur layihələrinin həyata keçirilməsi zəruridir.
Əgər bu sənin əsas işinə peşə vərdişlərini pisləşdirəcək dərəcədə mane olmursa ictimai iş gör. Əgər bu ancaq sənin qazancını aşağı salırsa, icma sənin itkilərinin əvəzini ödəyəcək.
4.Dördüncü mərhələ təqaüd-turizmdir.
Ahıl vaxtı işləmə. İşləməyə son ver. Gənclərə yol ver. Onlara işlə yox, məsləhətlərlə kömək et. Qazancını və topladığın sərvəti qohumların və ardıcılların arasında bölüşdür. Özünə də pay ayır və səyahətə, dünyanı görməyə yollan. Dünyaya öz icmandan danış, qayıdanda isə icmana dünya barədə danış. Haraya gedəcəyini seçə bilməsən, heç olmasa Məkkəyə yollan. Yerində oturma.
5.Beşinci mərhələ əbədiyyətdir.
Elə ömür sür ki, öldükdən sonra ümmətin sənin haqqındakı nəcib və heyran xatirəsi əsrlər boyu yaşasın. Lakin sağ ikən bu barədə düşünmə.
Hər bir insan bütün bəşəriyyətə məxsusdur. Möminlər sevdiklərindən büt düzəltməməlidirlər. Buna görə də məzarın üstündə heç bir abidə qoyulmamalıdır. Ancaq tarixi abidələr-insanın oxuduğu və işlədiyi yerlər, onun əlyazmaları, sənət əsərləri, ixtiraları qorunub saxlanmalıdır. İnsan ona minnətdar bəşəriyyətin yaddaşında yaratdıqları ilə qalmalıdır.
Bahadur Tahirbəyov
Rus dilindən çevirən: Təvəkkül Allaha- AqRa EİDİB İH-nin üzvü