Dairə konseptual işarə kimi

Dünyada elə bir xalq yoxdur ki, onun mədəniyyətində rəqslər olmasın. Rəqslər hər xalqda istər məzmun, istər xoreoqrafiya, istərdə də tarixi baxımdan həm ortaq, həm də fərqli xüsusiyyətlərə malikdirlər. Solo rəqslər, təkcə kişilər və qadınlar tərəfindən ifa edilən rəqslər, eləcə də kütləvi rəqslər fərqli qütblərdə yaşayan müxtəlif xalqların rəqs incəsənətində mövcuddur. Həmin rəqsləri hər xalq özünün temperamentinə, adət-ənənəsinə uyğun tərzdə ifa edir. Ola bilsin ki, rəqslərin adları ayrı-ayrı xalqlarda fərqlidir. Lakin buna baxmayaraq onlar arasında müştərək əlamətlər də vardır. Əsas səciyyəvi əlamətlərdən biri onların dairə formasında ifa olunmasıdır. Dairəvi rəqslərin tarixi çox qədimdir. Fikrimizcə, belə rəqslər ümumbəşəri başlanğıc olub, insan şüurunun ilkin və əsas formasını təşkil edir. Onu da qeyd etmək yerinə düşər ki, dairəvi formada ifa olunan rəqslər meydana gəlməmişdən əvvəl tarixin ən erkən mərhələsində dairəvi ayin mərasimləri mövcud olmuşdu. Düşünürük ki, həmin mərasimlər qədim insanların tanrıya ibadət etməsinin ən erkən forması idi.

Bəs, dairəvi ayin mərasimlərinin və həmin mərasimlərin şəklidəyişmiş forması olan müasir yallı rəqslərinin dairə formasında ifa olunmasının əsas səbəbi nədir? Belə rəqslərdə dairənin funksiyası nədən ibarətdir? Biz, hazırki məqalədə axtarışlarımızı həmin suallar ətrafında qurmuşuq. Fikrimizcə, dairə kütlənin hərəkəti vasitəsi ilə ümumi dilidir. Belə rəqslərdə dairəni hərəkətə gətirən mexanizm isə insan kütləsidir. Daha dəqiq desək insanların ruhi baxımdan bir-birlərinə bağlılığıdır. Diqqətlə nəzər yetirsək dairə formasının həyatın bütün sahələrində mövcud olduğunu müşahidə edə bilərik. Belə ki, yaşadığımız kainat, günəş, ay və digər bütün planetlər dairə formasındadırlar. Yer kürəsi günəş ətrafında daima dövr edir. Ümumiyyətlə, dairə silsiləsi bəşəriyyətin insanlıq tarixində qırmızı qalın xətt kimi keçir. Sanki həyatın leytmotivi funksiyasını yerinə yetirir. İnsanın dünyaya gəlişi və dünyadan gedişi müqəddəs Qurani-Kərimdə də deyildiyi kimi torpaqdan əmələ gəlib torpağa qayıdışı, insan bədənində qanın dövr etməsi, saat əqrəbinin hərəkəti, fəsillərin növbələşməsi, illərin bir-birini əvəz etməsi həyat dairəsini təşkil edir. Yuxarıda sadaladığımız məsələləri təhlil etdikdə dairənin nə üçün mövcud olduğu bizim üçün aydınlaşır. Belə fikirdəyik ki, dairə başlanğıc, son və yenidən başlanğıc üçün labüddür. Bu canlı prosesdir, təbiətin və həyatın qanunauyğunluğudur. Görünür, belə də olmalıdır. Həmin qanunauyğunluq dairə silsiləsini əmələ gətirir. Əgər hərəkət dayanarsa inkişaf da olmaz və dünyada hər şey ətalət halında olar. Dairə silsiləsi də olmazsa nə kainat, nə insan nəsilləri, nə də həyat olmaz. Bir sözlə qanunauyğunluq pozular. Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, dünya ilk başlanğıcın əbədi dövranından ibarətdir. Əlbəttə ki, bunu dairəvi rəqslərə də şamil edirik.

Dairə silsiləsi özünü incəsənət növləri arasında təkcə rəqslərdə deyil, həm də musiqi formalarında əks etdirir. Məsələn: rondo forması (N.F: rondo dairə deməkdir), sonata forması, ümumiyyətlə bütün reprizli formalarda bunu aydın şəkildə müşahidə etmək mümkündür. Dairəvi silsilə şərq xalqlarının musiqi təfəkkürünün məhsulu olan muğam dəstgahlarda da mövcuddur. Vahid mərkəz (N.F: mayə, tonika, nüvə) ətrafında qurulan şöbələrin ardıcıl olaraq tədricən növbələşməsi və kulminasiyaya çatdıqdan sonra yenidən tonikada tamamlanması muğamın dramaturgiyasını təşkil edir. Göründüyü kimi, muğamda belə silsiləvi quruluş həyatın qanunauyğunluğundan götürülmüş dairəvi silsilə ilə üst-üstə düşür. Ona görə də muğam dəstgahlara musiqi dairələri kimi baxıla bilər. Təsadüfi deyil ki, Şərq dünyasının böyük musiqişünas-alimi Səfi əd-Din Əbdülmömin ibn Yusif ibn Urməvi özünün məşhur əsərini “Kitab-əl Ədvar”, yəni dairələr kitabı adlandırıb. Onu da qeyd edək ki, dairəvi silsilə təkcə musiqi və rəqs sənətində deyil, həm də müxtəlif dini ayinlərdə özünü əks etdirir. Sufi dərvişlərinin – səmazənlərin hərəkəti buna parlaq örnəkdir.

Dairənin bütövlüyünü tənzimləyən hərəkətverici qüvvə isə ritmdir. Ritm insan qəlbinin döyüntüsü, kainatın günəş ətrafında aramsız rəqs etməsi- bir sözlə hərəkətin əsası, bəşəriyyətin və dünyadakı bütün proseslərin özəyidir.

Tədqiqatlar göstərir ki, tarixin erkən mərhələsində heç bir musiqi alətinin olmadığı dövrlərdə qədim insanlar dairəvi ayin mərasimlərini izomorfik məna verən ritmlərlə müşayiət etmişlər. Müasir dairəvi rəqslərin ifası zamanı da insanlar etdikləri əl-ayaq və bədən hərəkətləri ilə ritmi əmələ gətirirlər. Dairəvi rəqslər təkcə əl çalma, ayaq döyəcləmə ilə deyil, həm də müxtəlif zərb alətlərinin müşayiəti və insan səsi ilə ifa olunurlar. Bizi oxuma ilə müşayiət edilən dairəvi rəqslər maraqlandırdığı üçün araşdırmalarımızı da həmin istiqamətə yönəltmişik. Tarixin erkən mərhələsində musiqi alətləri meydana gəlməmişdən xeyli əvvəl dairəvi mərasimlər insanlar tərəfindən əl çalma, ayaq döyəcləmə, sonralar isə qırıq-qırıq səslər çıxarmaqla müşayiət olunurdu. İnsan nitqi inkişaf etdikcə qışqırıq səslər hecalara, tədricən sözlərə və get-gedə isə nəğmələrə, yəni oxumalara çevrilməyə başladı. Tədqiqatlar apararkən oxuma  ilə müşayiət edilən dairəvi rəqslərin dünyanın fərqli qütblərində yaşayan xalqların rəqs sənətində mövcud olduğunu müşahidə etmişik. Yakutların “Osuoxay”, “Deryode”, çukçaların “Çukot Piçqeyn-en (N.F: Boğazla qışqırmaq), osetinlərin “Çepena”, yukaqirlərin “Londol” və ya “Lonqdol”, islandların “Sprenqisandi”, bolqarların və yəhudilərin “Mayim-mayim”, yunanların “Xoreya”, “Kaqeli”, türklərin “Halay”, koreyalıların “Qanqqansule”, tibetlilərin “Quozhuana”, “Kham/Bha She”, “Amdo”, rusların “Xorovod” adlanan rəqsləri insan səsi ilə müşayiət olunur. Gürcülərin “Perxuli”, ukraynalıların “Meteliçya” rəqslərini isə xorun müşayiəti ilə ifa edilən dairəvi rəqslər sırasında aid edə bilərik.

Məqalənin həcmini nəzərə alaraq yuxarıda adlarını çəkdiyimiz xalqların hər birinin dairəvi rəqsləri haqqında məlumat verə bilmirik. Aşağıda koreya və türk xalqlarının mahnı ilə müşayiət edilən dairəvi rəqslərini not nümunələri ilə birlikdə təqdim etməklə kifayətlənməli oluruq.

“Qanqqansule” (Ganggansualle) koreyalıların dairəvi rəqsidir. Bu xalq oyunu hesab edilir. Baxmayaraq ki, sözün dəqiq mənası məlum deyil, lakin rəqs adını hər ayədən sonar təkrarlanan nəqarətdən alıb. Qanqqansule özündə oxuma, rəqs və oyunu birləşdirir. Bu rəqs qadınların coşğun ruhunu və koreyalıların ruhi gözəlliyini ifadə edir. Rəqsdə edilən hərəkətlər sadədir. Dairəvi hərəkətlər edilməsi bu rəqsi bədiiləşdirir. “Qanqqansule” Koreya üçün mədəni simvola çevrilmişdir. Bu rəqs Koreya Respublikasının Cənub-Qərb hissəsində koreyalıların məşhur mövsümi məhsul bayramı mərasimində ifa edilir. Rəqs Chuseok bayramı (N.F: Koreya Bayramı) və Daeboreum (N.F: ilin ən parlaq aylı gecəsi) ilə bağlıdır. “Qanqqansule” qadınlar tərəfindən ənənəvi olaraq rəqslə və koreya mahnısı ilə ifa olunur. Rəqsi əsasən kənd qadınları parlaq ay işığı altında ifa edirlər. İfa zamanı iştirakçılar əl-ələ tuturlar. Mahnının sözləri isə adi insanlar tərəfindən yazılmış şeirlərə oxunur və aparıcı müğənni tempi müəyyən edir. Digər iştirakçılar isə dəstə başçısını mahnını oxuyarkən izləyirlər. “Qanqqansule” maraqlı və dinamik rəqsdir. Bu rəqs bəzən axşam düşəndən səhərə kimi davam edir. Aparıcı müğənni tərəfindən tempin təyin olunmasından asılı olaraq, musiqi ağır, orta və cəld kateqoriyalara bölünür. Rəqs edənlərin hərəkət sürəti musiqiyə görə dəyişir. Bu rəqs ağır addımlarla başlayaraq tədricən orta tempə keçir. Üçüncü hissədə isə rəqsin tempi sürətli olur. İfa zamanı 15-20 yaş arasında subay qızlara, bəzən isə gənc ailəli qadınlara da bu rəqsə qoşulmağa icazə verilir. Rəqs saat əqrəbinin əksi istiqamətində ifa edilir. “Qanqqansule” rəqsi 2009-cu ildə Yuneskoda bəşəriyyətin qeyri maddi iris siyahısına daxil edilmişdir. Mərasim əsasən şəhərlərdə orta yaşlı qadınlar tərəfindən bu gün də saxlanılır və ibtidai məktəblərin musiqi kurrikulumun tərkib hissəsi kimi tədris olunur. Bu rəqsin asan melodiyalarını və hərəkətlərini qadın rəqqasələr arasında şəxsi təcrübə əsasında çox asanlıqla öyrənmək mümkündür. Bütün bunlar onlar arasında harmoniya, bərabərlik və dostluq yardımıdır. “Qanqqansule” qadın rəqsi kimi tanınır və mədəni bədii dəyərlərə söykənir.

“Halay” isə türk xalqının əsrlərdən bəri gələn və səciyyəsinə görə əyləncə oyunlarından tamamilə fərqlənən ayin rəqsidir. Bu xalq rəqsi Türkiyənin Şərq, Cənub-Şərq və Orta Anadolu hissəsində geniş şəkildə yaylmışdır. “Halay” Orta Anadoluda davul-zurna çalınaraq oynanan dairəvi rəqsdir. Bu rəqsin Sivas, Erzurum, Elazığ kimi bölgələrdə daha gözəl növləri vardır. Bəzi bölgələrdə isə “Halay” rəqsinin sayı azalmış, sadələşmiş hətta “alay” adını almışdır. Sivas hal-hazırda da zəngin halay mərkəzlərindən biri hesab edilir. Bəzi halay növlərində ayin əlamətləri sezilir. Bu rəqslər üçün əvvəllər mistik məna səciyyəvi idisə, indi isə igidlik ünsürləri daha üstünlük təşkil edir.

“Halay” – “Alay” sözünün “toplantı” mənasında istifadəsi göstərilir. “Alay” –türkcə “izdiham”, “mərasim”, “hərbi alay” mənalarında istifadə edilir. Bəzi mənbələrdə halay ən yayılmış sıra rəqsi kimi təqdim edilir. Türkiyənin müxtəlif bölgələrində “Alay”, “Haley”, “Aley”, “Hamu” və buna bənzər şəkillərdə tələffüz edilən halayın məhz “Alay”dan gəldiyi vurğulanır. Türkiyədə halayın düz sıra, həm də dairə formasında ifa edilməsi onun müxtəlifliyindən xəbər verir. “Halay” rəqsini qadınlar və kişilər əl-ələ tutaraq dairə qurub müntəzəm olaraq yerə ayaq vuraraq ritmik şəkildə icra edirlər. Rəqsi ifa edərkən ifaçılar halaybaşının əmrinə tabe olaraq hərəkət edirlər. Halaybaşı əlindəki dəsmalı havada yellədə-yellədə digər iştirakçıları öz ardınca aparır. Onlar qol-qola girərək, bir-birlərinin kiçik barmaqlarından, ya da çiyinlərindən tutaraq sıraya düzülürlər. Bəzi halaylarda bu sıra bir müddət sonra dəyişmə, bəzilərində isə oyunun sonuna qədər saxlanıla bilər. Halaylar 1, 2, 3, 4 hissəli olurlar. Türkiyədə nəğmələrlə müşayiət olunan hadisə, yer, ya da insan adını daşıayan yüzlərlə halay adı müəyyənləşmişdir. Hazırda halaylar toy, nişan, xına gecəsi, dini, ya da rəsmi bayramlar münasibətilə keçirilən mərasimlərdə ifa edilir.

Fikrimizi yekunlaşdırarkən qeyd etmək istərdik ki, dünya xalqlarının mədəniyyətində mövcud olan dairəvi rəqslər qədim insanların erkən təfəkkürünün özəyini təşkil etmişdir. Belə düşünürük ki, daiərvi ayin mərasimlərinin və onların müasir tarixi mərhələdə rəqs şəklini almış forması olan dairəvi rəqslərin inkişaf mərhələlərinin tədqiqi bu gün elmin müxtəlif sahələri üçün geniş yollar aça bilər.

Ədəbiyyat siyahısı:

Azərbaycan dilində

1. Fərhadova S. Azərbaycan muğam dəstgahı Şərq musiqi alətlərinin müqayisəli öyrənilməsi üçün konseptual əsas kimi. III Beynəlxalq “Muğam aləmi” Elmi Simpoziumu. Bakı şəhəri, 12-15 Mart 2013-cü il. S. 87-94.

Rus dilində

  1. Алексеев Э. Раннефольклорное интонирование. Звуковысотный анализ. М., 1986. с
  2. Королева Э. Ранние формы танца. Кишинев: Штиница. 1977. 215 с.
  3. Королева Э. О генезисе круговых танцев. Известия АН Молдавской ССР. Сер. обществ. наук, 1973, вып. 2, С. 76.

4.Фархадова С. Ритмо-формула «семи ступеней» в ракурсе духовного познания. Сб. статей к конференции «Ориентализм изнутри и извне». Ассоциации по поддержке творческих инициатив. “Zamanın qanadları”. B, 2003. C

6.Фархадова С. Метафизика творческого процесса как точка схождения иррационального и рационального полей познания. Qloballaşma şəraitində kulturoloji innovasiyalar və sosial-mədəni inkişaf adlı Beynəlxalq konfransın materialları. ADMİU-nun 90 illik yubileyinə həsr olunur. B.: Təknur. 21-22 dekabr 2012. S. 420-423.

Türk dilində

7.Şenel Süleyman . Türk xalq musiqisndə halay. Azərbaycan folklorunun aktual problemləri. Respubl. Elmi konf.. məruzələrin tezisləri BDU-91. s

Фазиля Набиева

Хоровод, как концептуальный знак.

Резюме: В статье говорится о хороводах, сопровождающихся пением. Хороводы, сопровождающиеся пением и хлопаньем в ладоши, возникли на самом раннем историческом этапе. В статье, также говориться о причинах проведение танцев в форме хоровода. Обьясняется философия хоровода.

Ключевые слова: ритуальные хороводы, хороводы, сопровождающиеся пением и хлопаньем в ладоши, хороводный цикл.

Fazila Nabiyeva

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir