Dövrünə görə dünyanın ən möhtəşəm Elmlər Akademiyası Marağada olub
Marağa rəsədxanası o dövrdə Şərqdə ilk çoxsahəli elm ocağı olduğundan, oranı dünyanın ən böyük Elmlər Akademiyası da adlandırmaq olardı. Marağada aparılan astronomik müşahidələrin, elmi tədqiqatların və araşdırmaların, astronomik cihazların ixtirası, elmi nailiyyətlərin əldə olunması, tədris proqramlarının çoxsahəli olması, buraya cəlb olunan alimlərin və tələbələrin sayının çoxluğu, yazılan elmi əsərlərin bolluğu, miqyasına görə Bağdadın “Beytül hükəması”, Ürgəncin “Məmun Akademiyası”nı və dünyanın başqa elmi
ocaqlarını çox-çox geridə qoyurdu. Əsas arqument ondan ibarətdir ki, astronomik müşahidələrin aparılması üçün yaradılan həmin rəsədxanada astronomiya və riyaziyyatla yanaşı, tarix, coğrafiya, həndəsə, botanika, fəlsəfə, mineralogiya, fizika, kimya, təbabət, astrologiya, optika, ədəbiyyat, estetika, hətta musiqişünaslıq sahəsi də dərindən öyrənilib ədəbiyyat vəsaitləri kimi təhsil almağa can atan adamlar arasında geniş təbliğ olunurdu. Hər sahə üzrə də, məşhur mütəxəssislər yetişdirilirdi. Artıq məlumdur ki, XIII əsrin görkəmli Azərbaycan alimi, Marağa rəsədxanasının banisi Nəsirəddin Tusinin (1201-1274) rəhbərliyi altında yüzdən artıq alim işləmişdi. Bunları nəzərə alıb bildirmək istəyirəm ki, həqiqi mə`nada Marağa rəsədxanasının nəzdində Tusinin təşəbbüsü ilə dünyanın ən böyük “Elmlər Akademiyası” yaradılmışdı.
Akademik Maqsud Əliyev Marağa rəsədxanası və onun banisi Tusi barəsində bu sözləri söyləmişdir:
“Nəsirəddin Tusi XIII əsrdə Marağa rəsədxanasında əsl Milli Elmlər Akademiyası yaratmışdır. Burada astronomiya, astronomiyanın müxtəlif sahəsi – cihazqayırma, müşahidə alətləri, nəzəri işlər – riyaziyyat, coğrafiyaşünaslıq, minerologiya, hüquq elmləri, yerşünaslıq, təbiətşünaslıq, ailə və əxlaq problemləri, fəlsəfə, musiqi, həndəsə, triqonometriya, sferik triqonometriyanın əsası qoyulur. Dünyada o vaxt belə bir zəngin Elmlər Akademiyası olmamışdır. Avropada belə bir müəssisə yalnız XV, XVI əsrlərdə yaranmağa başlamışdır.1
Sonrakı illərdə Azərbaycan müharibələr burulğanına düşməsəydi və Marağada təbii fəlakət baş verməsəydi, şübhəsiz ki, “Elm və müdriklik evi” kimi tanınan möhtəşəm Marağa “Elmlər Akademiyası” bütün elmlərin inkişaf etdirilməsi üçün bəşəriyyətə qiymətli kadrlar hazırlayar və orada yaradılan elmi nailiyyətlər, dünya elm xəzinəsinə qiyməsiz kəşflər bəxş edərdi.
1271-ci ildən tam istismara verilən Marağa rəsədxanası 1300-cü ilə qədər (həmin ildə baş verən zəlzələ rəsədxananı yararsız hala salmışdı) fəaliyyət göstərə bilmişdir. V. V. Bartold qeyd edir ki, “Marağa rəsədxanasında aparılan tədqiqatların elmin inkişafına göstərdiyi tə`sir Uluqbəy rəsədxanasına qismət olmadı. Uluqbəyin rəsədxanası onun əsasını qoymuş bu adamın vəfatı ilə eyni zamanda öz fəaliyyətini başa vurdu. Rəsədxananın yeganə əməkdaşı Əli Quşçu Səmərqəndi tərk edib Türkiyəyə gedir və 1474-cü ildə Konstantinopolda vəfat etdi… Uluqbəydən sonra müsəlman astronomiyası heç bir müvəffəqiyyət qazana bilmədi”.
1. Akademik Maqsud Əliyevin Azərbaycan Respublikası “Təhsil” Cəmiyyətinin 2002 il 28 iyunda dahi Azərbaycan alimi Nəsirəddin Tusinin 800 illik yubileyinə həsr olunmuş “Nəsirəddin Tusinin elmi xidmətləri və Nəsirəddin Tusi yazıçı-tədqiqatçı Ramiz Qasımov yaradıcılığında” mövzusunda keçirilən elmi-praktik konfransda çıxışı.
Yazıçı-tədqiqatçı Ramiz Dəniz