Cəfər Qiyasi Ön söz

      Üzlük materialının təbii özümlülükləri və onun memara hansı imkanları verməsindən çox şey asılıdır. Bu baxımdan Səlcuqlar dövrü bişmiş kərpicin tikinti və bəzək materialı kimi memarlıqda təntənəsi dövrü oldu. Böyük Səlcuqlar ərazisinin çox yerində olduğu kimi,

Azərbaycanın da Gəncədən Qəzvinəcən əsas hissəsində kərpicdən yığılan «səlcuq üslubu» bəzək aparıcı  memarlıq dekoru idi.ZBöyük konstruktiv-texniki, iqtisadi, eləcə də dekorativ imkanları olan bişmiş kərpic XI-XIII yüzillərdə Azərbayanın çox yerində başlıca tikinti materialı olmuşdur. Bişmiş kərpic xoş rənginə, gözəl fakturasına, biçim rəngarəngliyinə, atmosfer təsirlərinə dözümünə görə bu çağda yaxşı üzlük materialı olaraq işlədilmiş, sənətkara zəngin bəzək çeşidləri yaratmaq imkanı vermişdi.

  Kərpic dekoru Azərbaycan memarlığında özünün inkişaf zirvəsinə XII yüzildə relyefli şəkildə çatdı. Bu bəzək texnikası dekorda işlədilən kərpiclərdən biçim rəngarəngliyini artırır və nəticədə naxış quruluşlarının olduqca mürəkkəbləşməsinə səbəb olur, zəngin komrozisiya imkanları yaradır. Burada sənətkar təxəyyülünə geniş meydan açılır. Relyefli kərpic dekoru üzlükdə üçüncü ölçü yaratmaqla parlaq günəşli ölkə memarlığı üçün zəruri olan dürlü  işıq-kölgə effekti törədirdi.

            Relyefli bəzəklərdə kərpiclərarası səthlər batıq olub, çox vaxt gəc məhlulu ilə doldurulur və onun üzərində bitgisəl naxışlar cızılırdı. Beləliklə, iri olçülü kəpric naxış kölgəli incə yerlikdə daha qapanıq və təsirli görünürdü.

Kərpicin hazırdanma texnikası sınıq xətli həndəsi naxışlara daha uyğun idi. Ona görə bütün Səlcuq memarlıq bəzəyində olduğu kimi Azərbaycanın XI-XIII əsrlər dövrü memarlığında da relyefli kərpic dekoru ilə yalnız düzxətli həndəsi naxışlar qurulmuşdur. Bu naxış quruluşlarında sadədən murəkkəbə yüksələn böyük təkamül müşahidə edilir.

Səlcuq memarlığında kərpic dekorun ən mürəkkəb, ən zəngin örnəkləri «girih» (düyün) adlanan xüsusi həndəsi ornamentlərlə yaradılmışdır. Girih naxışlarını əmələ gətirən elementlər həndəsi formalardan (çoxbucaqlılar, yaxud ulduzlardan, ya da onların hissələrindən) ibarətdir. Ciddi riyazi qanuna tabe olan bu naxışlar bütünlüklə xətlərin bir-biri ilə bağlı ahəngdar birləşməsindən yaranır. Girih quruluşları XI-XIII yüzillərin Azərbaycan memarlıq bəzəyində aparıcı yer tutmuşdur.

Azərbaycan memarlığında hələlik əldə olan materiallara əsasən «girih» naxışların dəqiq evolyusiyasını, xüsusilə onun ilkin mərhələsini izləmək çətindir. IX-X əsrlərin memarlıq abidələri qalmadığından bu naxışların Azərbaycan memarlığında ibtidai örnəkləri əlimizdə yoxdur. Buna görə də Azərbaycanın memarlıq bəzəyində kərpic girih naxışları birdən-birə XI yüzildə Savə minarəsi və Xərrəqan türbələrində bitkin quruluşda dayanır. Xərrəqan türbələrinin üzlərində həm sadə, həm də mürəkkəb quruluşlu kərpic girihlər vardır.

Girih naxışlarının memarlıq dekorunda aparıcı olması və memarlıq obrazına güclü təsiri baxımından Yusif Küseyir oğlu türbəsi Azərbaycan memarlığında yeni mərhələdir. Səkkizüzlü gövdəsi olan bu incə nisbətli  abidənin üz tağçalarının düzbucaqlı səthləri mürəkkəb quruluşlu, iri elementli kərpic girih naxışları ilə örtülmüşdür.

Memar Əcəmi Naxçıvani öz şah əsərində – Möminə xatun türbəsinin memarlıq dekorunda Yusif Küseyir oğlu türbəsində qoyduğu konsepsiyanı inkişaf etdirərək kərpic girih yaradıcılığını tam zirvəyə qaldırmış, sanki onu yekunlaşdırmışdır. Bu abidədə türbənin nəhəng özülü-gövdəsi başdan-başa kərpic naxış üzlüyünə tutulmuşdur. Onun üzərindəki tağçaların iç səthində ən mürəkkəb quruluşlu və sıx elementli girih kompozisiyaları işlədilmişdir. Tağçaların timpanlarındakı girihlər nisbətən sadə və aydın quruluşludur. Türbənin kərpic bəzəyində dürlü və bənzərsiz çeşidli lentvari həndəsi naxış örnəkləri də vardır.

Memar Əcəmi yaradıcılığı keçən əsrin ortalarında geniş tədqiqat obyekti olmuş, tarixi və nəzəri baxımdan araşdırılmışdır. Bu dahi memarın əsərlərinin memarlıq bəzəyinə, özəlliklə düzxətli həndəsi naxışları haqqında da müxtəlif müxtəlif az – ya çox dərəcədə öz münasibətlərini bildirmişlər. Ancaq bu naxışları ayrıca və önəmli bir mövzu obyektinə ilk dəfə Qadir Əliyev çevirmişdir.

Qadir Əliyevin tədqiqat mövzusu Agərbaycan memarlığı üçün yeni olub nəzəri xarakter daşıyır və Azərbaycan orta əsr memarlığının korifeylərindən biri olan, əsərləri daha çox tarixi aspektdə araşdırılmış Əcəmi Naxçıvaninin yaradıcılıq konsepsiyasının təməl problemlərinin açılmasına həsr edilmişdir. Bu səbəbdən araşdırılan mövzu aktual olduğu qədər də mürəkkəb və çətindir.

Yaxın və Orta Şərq memarlıq ornamentlərinin araşdırılması və xarakteristikasına, o sıradan düzxətli həndəsi naxışların qurulma prinsiplərinə keçən əsrin otuzuncu illərindən başlayaraq dünyanın müxtəlif ölkələrinin alimləri çoxlu əsərlər həsr etmişdir. Qadir Əliyev bu böyük təcrübəyə arxalanaraq ilk dəfə Naxçıvanın nadir abidələrinin harmoniya və mütənasiblik probleminin açılmasını qarşısına məqsəd qoymuş və buna müəyyən qədər nail olmuşdur. Müəllif Əcəminin yaşadığı dövrəcən memarlıqda harmoniya və bütövlük məsələlərinin  təhlilini vermiş, təbiətdə formayaranma və «qızıl bölgü» mütənasiblik qanununun mahiyyətini açıqlamış, Müsəlman Şərqinin harmoniya ideya təliminin formalaşma prosesi və bu təlimin görkəmli nümayəndələrini bəlliləşdirmişdir. Kitabda həndəsi mütənasiblik prinsiplərinin izahına geniş yer verilmiş, ön Asiyanın orta əsr memarlığının, o sıradan Əcəmi Naxçıvaninin yaradıcılığının əsasında yatan həndəsi mütənasiblik konsepsiyasını açıqlamışdır.

Azərbaycan Səlcuq dövrü memarlıq bəzəyində həlledici yer tutan və bədii mədəniyyətimizin parlaq hadisəsi sayılan həndəsi ornamentlərin qurulması məsələsi üzərində işlərkən Qadir Əliyev tədqiqata çoxlu materiallar cəlb etməklə yanaşı yeni, sanballı nəticələr də əldə etmişdir. Məsələn o, onbir və onüç bucaqlı fiqurların kombinasiyasından yaranan həndəsi ornamentin qurulması yolunu aça bilmişdir.  

Əcəminin yaratdığı memarlıq-məkan quruluşları ilə canlı varlıqların quruluşları arasında struktur eyniliyi olmasını qrafiki yolla açıqlayan müəllif dahi memarın yaradıcılığının elmi-fəlsəfi mahiyyətini və yaşarlılıq səbəbini izah edir, onun hikmətini düzgün olaraq elm ilə sənətin, dərin ensiklopedik biliklə incə duyğunun birliyində görür.

Uzun zaman bizim sənət araşdırmalarında yasaq edilən, dövrün hakim ideologiyasının – İslam dininin bədii yaradıcılığa, o sıradan memarlığa da yönəldici təsir göstərməsi faktı da Qadir Əliyevin kitabında öz gerçək həllini tapmışdır.

Bütün araşdırmalarda olduğu kimi Qadir Əli oğlu Əliyevin kitabanda da bir sıra mübahisəli, elmi dəqiqləşməyə ehtiyacı olan fikirlərin olması təbiidir. Bütövlükdə orta əsr memarlığımızın memarlıq formalarının və  həndəsi ornament növlərinin araşdırılmasına həsr olunmuş kitab şəksiz maraq doğurur.

Cəfər Qiyasi
Memarlıq doktoru,
AMEA-nın müxbir üzvü

Qadir Əliyev. “MemarƏcəmi Naxçıvani
yaradıcılığında ahəngdarlıq”
                                                         kitabından.

Bakı, “Şərq-Qərb”, 2007, səh.5

                  Kitabı yüklə

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir