Elektrik lampalarını bir neçə nöqtədən idarə etmək üçün Istifadə olunan keçid və ya ötürücü elektrik açarlarının qoşulma sxemləri

Yaşadığımız evdə, işlədiyimiz yerdə, ümumiyyətlə hərəkət  etdiyimiz müxtəlif məkanlarda axşam saatlarında elektrik lampalarının rahat bir nöqtədən  qoşulmasını  təmin etmək istəyirik. Lakin, çox vaxt buna nail ola bilmirik.Dəhlizlərdə, pilləkan qəfəsələrində, keçidlərdə və geniş meydançalarda bir nöqtədə yerləşdirilmiş elektrik açarı çox vaxt elektrik lampasını işə salmaq üçün əlverişli yer  

hesab edilmir və onun digər nöqtədə  yerləşdirilməsi daha əlverişli sayılır.Təbiidir ki, biz istənilən nöqtədə elektrik açarını yerləşdirsək bir müddətdən sonra həmin nöqtə yenə də əlverişli hesab edilməyəcəkdir.Sadalanan sahələrdə, xüsusiilə pilləkan qəfəsələrində adi elektrik açarı ilə həmin qəfəsədə yerləşən elektrik lampasını rahatlıqla idarə edə bilmərik. Təsəvvür edək ki, biz pilləkan qəfəsəsində yerləşən elektrik lampasını 1-ci mərtəbədə işə salaraq 2-ci mərtəbəyə qalxırıq.Qalxdıqdan sonra  biz onu söndürə bilmirik,deməli 2-ci mərtəbədə olduğumuz müddətdə elektrik lampası işə salınmış vəziyyətdə qalacaq və artıq enerji sərf edəcəkdir.Belə misalları çox göstərmək olar-uzun dəhlizlərin,keçidlərin və geniş meydançaların işıqlandırılması buna misal ola bilər. Gənc elektriklər çox vaxt belə məsələlərin həlli ilə əlaqədar mənə müraciət edirlər.Mümkün qədər təfsilatı ilə izah etməyimə baxmayaraq bir müddətdən sonra həmin izahı yenidən təkrarlamalı oluram.

          Bütün bunları nəzərə alaraq, nəinki gənc  elektriklər üçün hətta maraqlanan geniş oxucu kütləsi üçün bu sahədə bildiklərimi hamınızla bölüşürəm.

          Elektrik lampasını bir neçə yerdən işə salmaq üçün adi elektrik açarlarından istifadə etmək olmaz. Bunun üçün keçid vəya ötürücü elektrik açarlarından istifadə etrmək lazımdır.Bu açarların adi açarlardan fərqi ondan ibarətdir ki, adi açarlarda əgər elektrik lampasına qoşulmuş elektrik xətti cərəyanın kəsilməsi və ya qoşulması yolu ilə baş verirdisə, keçid açarlarında isə cərəyanın axması bir xəttən digər xəttə ötürülməsi yolu ilə baş verir.Aşağıda şək.1-də a)-adi elektrik açarının, b)-keçid və ya ötürücü açarın şərti işarəsi verilmişdir.

Şək.1. a)adi elektrik açarı, b)keçid və ya ötürücü elektrik açarı.

Adi elektrik açarının iki kontaktı, keçid və ya ötürücü açarın üç kontaktı vardır.Keçid və ya ötürücü açarın (gələcəkdə mətndə onu elektrik düyməsi adlandıraq) məhz bu  xüsusiyyəti  onun funksional imkanını artırır.

Şək.2.Elektrik lampasının adi elektrik açarına qoşulma sxemi.

 Şək.2-də  göründüyü  kimi, adi elektrik açarının bir kontaktına şəbəkə gərginlynin faza xətti,  digər    kontaktına   elektrik  lampasının  bir  qütbünə   yönəldilmiş  xətt  qoşulmuşdur.  Elektrik  lampasının digər qütbünə  şəbəkənin      sıfır  xətti  qoşulmuşdur. Elektrik açarını bir vəziyyətdən digər vəziyyətə keçirməklə

lampaya gedən gərginliyi kəsməyə  və ya qoşmağa nail ola bilirik.

        Aşağıda şək.3-də elektrik lampasının iki nöqtədən idarə edilməsi sxemi göstərilmişdir.

Şək.3.İki nöqtədən idarə olunan elektrik lampasının qoşulma sxemi.

Şək.3-dən göründüyü kimi elektrik lampası bir düymə ilə deyil, müxtəlif nöqtələrdə  yerləşən iki K1 və K2 düymələri  vasitəsi ilə  idarə olunur.Şəbəkə gərginliynn faza xətti(qırmızı rəngdə)  birinci düymənin K1  orta- 3-cü kontaktına birləşdirilir. Birinci K1 düyməsinin digər iki 1-ci və 2-ci kontaktlarından çıxan məftillər ikinci düymənin K2  uyğun 1-ci və 2-ci kontaktları ilə paralel  birləşdirilirlər. K2 düyməsinin orta 3-cü kontaktından çıxan məftil isə elektrik lampasının bir qütbü ilə birləşdirilir.Şəbəkə xəttinin sıfır xətti (göy rəngdə) birbaşa elektrik lampasının digər qütbünə qoşulur.  Bu cür qoşulma istənilən düymə vasitəsi ilə elektrik lampasının  yandırılıb  və söndürülməsinə imkan verir. İstənilən hər hansı bir düymə ilə işə salınmış elektrik lampası digər düymə ilə söndürülə bilər.         

        Qeyd etmək istəyirəm ki, elektrik sxeminin texnoloji ardıcıllıqla həyata keçirilməsi çox vaxt gənc elektriklər üçün çətin olur. Buna görə də qoşulma sxemini  digər qaydada göstərərək  izahını şərh edirəm. 

Şək.4.İki nöqtədədn idarə olunan elektrik lampasının quraşdırma sxemi.

         Şəbəkə gərginliyi iki mis məftillə elektrik düymə yerləşdirilən birinci qutuya çəkilir.Şəbəkə gərginliyinin sıfır xətti elektrik qutusunda başqa bir mis məftilə birləşdirilərək və izolyasiya lenti ilə izolə edilərək  elektrik lampasının hər hansı  bir qütbünə qoşulmaq üçün lampa yerləşən  nöqtəyə çəkilir.  Şəbəkə xəttinin faza xətti(qırmızı rəngdə)  K1 elektrik düyməsinin orta-3 nöqtəsinə bərkidilir. Elektrik düyməsinin digər iki nöqtələrindən( 1-ci və 2-ci sıxac nöqtələrinə bərkidilərək) çıxan mis məftillər ikinci  K2 elektrik düyməsinin uyğun olaraq 1-ci və 2-ci sıxac nöqtələrinə bərkidilir. K2 elektrik düyməsinin 3-cü orta nöqtəsinə bərkidilmiş mis məftil elektrik lampasının digər qütbünə bərkidilmək üçün lampa  yerləşən  nöqtəyə çəkilir. Hər iki qutudan lampaya gələn mis məftillər işıqlandırıcı cihazın (çil-çıraq,Bra,plafon və ya adi közərmə lampası) sonluqlarına bərkidilir.Quraşdırma işləri bitdikdən sonra şəbəkə gərginliyini xəttə qoşmaq olar.

        Çox vaxt iki nöqtədən elektrik lampasının  idarə edilməsi insanları qane etmir.Hərdən elə olur ki, mövcud vəziyyət elektrik lampasını və ya lampalarını üç və daha artıq nöqtədən idarə edilməsini tələb edir.Bu məsələni həll  etmək  elə də çətin deyildir. Aşağıda şək.5-də üç nöqtədən idarə olunan elektrik lampasının qoşulma  sxemi göstərilmlşdir.

Şək.5.Üç nöqtədən idarə olunan elektrik lampasının qoşulma sxemi.

Bu sxemi diqqətlə nəzərdən keçirdikdə biz görürük ki,onu  iki nöqtədən idarə etmə sxemindən fərqləndirən cəhət sxemə üçüncü K3 elektrik düyməsinin əlavə edilməsidir. Bu doğrudan da belədir.K3 açarı K1 və K2 açarlarından fərqli olaraq 5 kontakta malikdir. Açar çox sadə bir iş prinsipinə malikdir. Daxil olan 1 və 2 xəttlərinin çıxışda yerlərini dəyişir.K3 açarı K1 və K2 açarlərının hansı vəziyyətlərdə olmasına baxmayaraq gərginlik  altında olan xəttin yerini dəyişərək elektrik lampasını işə salır və ya söndürür. K3 keçid və ya ötürücü açarı  elektrik lampalarının daha çox nöqtələrdən idarə edilməsinə geniş imkanlar yaradır.

        Aşağıda şək.6-da elektrik lampalarının dörd və daha artıq nöqtələrdən idarə edilmə sxemi göstərilmişdir.

Şək.6.Dörd və daha artıq nöqtələrdən idarə olunan elektrik lampasının qoşulma sxemi.

        Beləliklə biz elektrik lampasının iki və daha artıq nöqtədən idarə edilməsi sxemləri ilə tanış olduq.Əziz oxucu, agər Siz bu sxemlərin quraşdırılması ilə ilk dəfə məşğul olursunuzsa diqqətli olun və aşağıda göstərilən tövsiyyələrə əməl edin.

        1.Quraşdırma işlərinə başlamazdan əvvəl şəbəkə gərginliyini söndürün.Nəzarət lampası və ya elektrik indikatoru ilə yoxlayaraq buna əmin olun.

        2.İstifadə edəcəyiniz məftillərin izolyasiyasının keyfiyyətli və naqillərin kəsilməz olmasinı yoxlayın.

        3.Elektrik açarlarının düzgün işləməsinə öncədən əmin olun.Açarların düymələrini bir vəziyyətdən digər vəziyyətə kçirərkən onun səsinə və  çevrilməsinə diqqət edin.Çevirmə zamanı əmələ gələn səs aydın olmalı(boğuq olmamalı) və keçid sərbəst olmalıdır(ilişmə və sürtünmə olmamalıdır).

        4.Qutunun içərisində məftilləri bir-birinə bağlayarkən diqqətli olun.İzolyasiyadan təmizlənmiş məftillərin uclarını çox qısa etməyin(20mm-dən az olmayaraq),burma yolu ilə bir birinə  sıxaraq bağlayın.İzolyasiya lenti ilə açıq hissənin  tam örtülməsini təmin edərək qutuda mane olmayan bir yerdə yerləşdirin.

        5.Hər bir açarın kontaktında  məftil bağlanması üçün yuvacıq vardır.Məftillərin uclarını bu yuvacıqların dərinliyi uzunlyqda təmizləyin.Məftilin açıq ucu yuvacıqda yeləşdirilərkən kənarda açıq sahə qalmasın.

        6.Qutuların daxilində məftillərə lazımsız miqdarda pay verməyin. Məftillərin uzunluğu quraşdırma işinin aparılması üçün tələb olunan uzunluqda olmalıdır.Digər hissə qutuda maneçilik yaratmadan  yerləşdirilməlidir.

        7.İş zamanı əlinizdə və ətrafınızda  ancaq bu işlərin aparılması üçün tələb olunan alətlər olmalıdır.

        8.Çalışın ki, istifadə etdiyiniz məftillərin rəngi cizgidə göstərilən rənglərə uyğun olsun.Faza xəttinə qırmızı rəngdə, sıfır xəttinə göy rəngdə olan məftillərdən istifadə edin.Sıfır xəttini lampaya birbaşa birləşdirin. Faza xəttinin lampaya  birləşməsini  açar vasitəsi ilə təmin edin.

        9.Quraşdırma işlərinin tam və düzgün yernə yetirilməsinə əmin olduqdan sonra şəbəkə gərginliyini dövrəyə qoşun.

        Təbiidir ki, təhlükəsislik tələblərini tam təfsilatı ilə bu mövzuda göstərmək mümkün deyil.Ancaq, hesab edirəm ki,heç olmasa  yuxarıda göstərilən tələblərə əməl etməklə Siz təhlükəsiz olaraq quraşdırma işlərini başa vura bilərsiniz.

        Növbəti mövzumuzda Sizə toranlıq sensorlarının, infraqırmızı dəhliz sensorlarının, temperatur göstəricili termostatların və digər  qurğuların istifadə qaydaları və elektrik dövrələrinə qoşulma sxemləri ilə tanış olacağıq.

Vaqif Cəfərov 27.04.16

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir