Elman Əliyev haqqında

…2011-ci il sentyabrın 17-də Elman Əliyevin qəfil vəfatı onu yaxından tanıyanların və bütün Elmansevərlərin qəlbində həyəcan təbili çalaraq, onların hamısını görkəmli ziyalının mənəvi irsini üzə çıxarmaq yolunda səfərbər etmişdir…   

    Əliyev Elman İslam oğlu 1959-cu il yanvarın 11-də Naxçıvan şəhərində anadan olmuşdur. 1966-1976-cı illərdə oxuduğu N. Tusi adına 9 saylı orta məktəb öz əlaçı şagirdində, eyni zamanda, dahi astrofizik və böyük filosofun irsinə dərin məhəbbət oyatmış,  C. Məmmədquluzadə adına 2 saylı orta məktəb isə nümunəvi yeniyetməyə Molla Nəsrəddinə xas hazırcavablıq və xeyirxahlıq aşılamışdır.

1976-cı ildə Azərbaycan Neft-Kimya İnstitutunun İdarəetmə sistemlərinin avtomatlaşdırılması fakültəsinə daxil olmuş, 1981-ci ildən təyinatı üzrə Rusiya Dəniz Donanmasının Həştərxan İdarəsində AİS üzrə elektronika mühəndisi vəzifəsində çalışmışdır.

 1983-cü ildə Azərbaycan LKGİ Babək RK-nə təlimatçı, 1985-ci ildə isə şöbə müdiri təyin edilmişdir.

1988-ci ildə Azərbaycan KP Babək RK-nin təşkilat şöbəsinə təlimatçı kimi irəli çəkilmişdir.

1990-cı ilin yanvarında Bakıdakı qanlı hadisələrdən dəhşətə gələrək, partbiletini atıb, partiya sıralarını tərk etmişdir. Həmin vaxtdan etibarən Naxçıvan televiziyasındakı mühəndislik fəaliyyəti, eyni zamanda, operator kamerası ilə tale yoldaşlığı onun keçmiş mədəni irsə hədsiz marağının və gələcək araşdırmalarının mövzu dairəsini yaratmışdır: Naxçıvanda Nuh peyğəmbərin izləri, “Əshabi-Kəhf” möcüzəsinin sirləri, N.Tusi irsinin ümumbəşəri əhəmiyyəti, C.Rumi humanizminin, H.Cavid dühasının, M.Araz poeziyasının sehri və i. a.

2001-ci ildə Azərbaycan Milli Qeyri Hökumət Təşkilatları forumunun “Üçüncü sektor”, “Həftəlik TV” proqramı layihəsinin koordinatoru təyin olunub. Onun çoxcəhətli fəaliyyətindəki peşəkarlıq səviyyəsi və dərəcəsini vurğulamaq üçün təkcə Beynəlxalq simpoziumdakı çıxışlarını və dünya şöhrətli “SİEMENS” şirkətindən aldığı sertifikatları xatırlatmaq kifayətdir.

2011-ci il sentyabrın 17-də Elman Əliyevin qəfil vəfatı onu yaxından tanıyanların və bütün Elmansevərlərin qəlbində həyəcan təbili çalaraq, onların hamısını görkəmli ziyalının mənəvi irsini üzə çıxarmaq yolunda səfərbər etmişdir.

 

NURGƏZDİRƏN
(Görkəmli ziyalı Elman Əliyevin nurlu xatirəsinə)

Gəzdirərdi sonsuz ümman nurunu,
İslam ocağından ürfan nurunu.
Yanbayan gəzdikcə möcüzələrlə,
Əcəmidən Nəqşi-cahan nurunu.
Nuhun sorağında Gəmiqayadan,
İlkdən gələn ağır karvan nurunu.
Əxz edib “Mağara qardaşları” tək
“Əshabi-Kəhf” içrə asman nurunu.
Nəsrəddin Tusidən dərs ala-ala,
Ayrılmaz elm ilə iyman nurunu.
“Fatehlər divanı”n qurduqca bir-bir,
Tacdan uca duran sultan nurunu.
Tuğ qaldırıb daim yalana qarşı,
Həqiqət önündə vicdan nurunu.
Təbriz baharını qəribsədikcə,
Şah İsmayıl kimi azman nurunu.
Cavid amalın həkk edərək qəlbə,
Turan ilə əhdü-peyman nurunu.
Məmməd Araz ilə dərdləşdikcə hey,
Yanar Sözdən qalxan tüğyan nurunu.
Qarabağ deyəndə, Vətən deyəndə,
Ön sırada mərdi-meydan nurunu!
İlham verən parlaq zəfərlər ilə,
Azərbaycan boyda dastan nurunu!
Səmavat necə də tez özləyərmiş,
Mövləviyə həmdəm insan nurunu!
Göy səslədi onu, qucduğu yerdə,
Şamaxı yolunda Şirvan nurunu!
Hələ açıldıqca sirləri bir-bir,
Yurda bəxş edəcək Elman nurunu!..

Akif Azalp (17.09.2011) 

Elman Əliyev: “Olduğu və göründüyü kimi” kitabından.
Bakı, “Nərgiz” nəşriyyatı, 2012 

Elman Əliyevin yaradıcılığından:  Öyrətmənim;         

 Həsrətində olduğum insana məktub

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir