Fəxrəddin Salimi tanıyaq
Fəxrəddin Salim
(Baxşəliyev Fəxrəddin Elşad oğlu)
1969-cu ildə Naxçıvan MR-in Şahbuz rn. Kükü kəndində doğulub. İlk təhsilini Naxçıvan şəhər H.Cavid adına 5 saylı orta məktəbdə alıb. 8 illiyi bitirəndən sonra Naxçıvan Musiqi texnikumuna daxil olub. 4 il də orada görkəmli tarzən Naxçıvan MR-nın əməkdar mədəniyyət işçisi Əkrəm Məmmədlinin sinfində təhsil alıb. Sonra 1988-ci ildə hərbi xidmətə gedib. 1990-cı ildə qayıdıb. Elə həmin ildə də Bakı Musiqi Akademiyasının Xalq Çalğı Alətləri fakultəsinin tar sinfinə daxil olub.
Tələbəlik illərində bir neçə yerli və beynəlxalq müsabiqələrin qalibi olub. Eyni zamanda tələbə elmi cəmiyyətlərində də fəaliyyət göstərib. Sufizmlə bağlı ilk elmi tədqiqatlarına da bu illərdə başlayıb. M.Füzulinin “Leyli və Məcnun əsərində təsəvvüf” adlı iri həcmli təfqiqatı bu sahədədəki ilk ciddi işi sayılır.
Tələbəlikdən sonra Naxçıvana qayıdıb. Uzun zaman orada qala bilməyib. Türkiyəyə, Cənubi Azərbaycana səfərlər edib. Təbrizdə bir neçə il tar, saz və musiqi nəzəriyyəsi müəllimi kimi fəaliyyət göstərib. Lakin, İran İslam Cümhuriyyətindən iş icazəsi ala bilmədiyi üçün 2000-ci ildə Bakıya dönüb. O vaxtdan AMEA Folklor institutunda işə düzəlib. Bu illər ərzində bütün Avropanı gəzib konsertlər və elmi seminarlar keçirib. Bu səfərlərin demək olar ki, hamısı dövlət xəttiylə baş tuturdu. Fransada “Roman yolu və səsi” festivalında (2003), Hollandiyada (2004), Türkiyənin Konya şəhərində “Mistik musiqi festivalında” (2004), Pakistanın Karaçi şəhərində “Beynəlxalq sufi-mistik musiqi müsabiqəsində” (2006) və s. tədbirlərdə iştirak edərək, Azərbaycan adına yüksək mükafatlar qazanıb. 2009-cu ildə ABŞ-ın Çikaqo şəhərində bir neçə ay fəaliyyət göstərib. Buradakı fəaliyyəti həm Azərbaycan dilli telekanalda, həm də müxtəlif universitet və elmi dairələrdə çıxışlarından ibarət olub.
Bu illər ərzində dünyanın ən müxtəlif yerlərində sufi cəmiyyətlərində rəsmi və fəxri üzv olaraq fəaliyyət göstərib. Bu sıraya Qadiriyyə, Rifaiyyə, Mövləviyyə, Bektaşi, Nəqşbəndiyyə, Nemətullahi və başqa təsəvvüf cərəyanları ilə yaxından tanış olub, onların təkyə və toplantılarında həm ozan kimi həm də bir ürfan daşıyıcısı kimi iştirak edib. 2013-cü ildə Dünya Ələvi-Bektaşi Federasiyasının 4-cü qurultayına nümayəndə olaraq İstanbula gedib və Dünya Ələvi-Bektaşilərinin 17 divan üzvündən biri seçilib.
Hal hazırda həm də Azərbaycan Milli Konservatoriyasında musiqinin tarixi və nəzəriyyəsi ixtisasları üzrə dərs deyir.
İndiyədək “İsmi-Əzəm”, “Milli Yaddaş Sistemində Ürfan və Təsəvvüf”, “Rübai Divanı” və “Eşq Risaləsi” adlı dörd kitabı nəşr olunmuşdur. Eyni zamanda dövri mətbuatda minlərlə yazıları dərc olunmuşdur. Hal hazırda da “Kaspi” qəzetində ayrıca rubrika altında yazıları gedir.
Ailəlidir, bir qızı var.