GƏMİQAYA QAYAÜSTÜ RƏSMLƏRİ KİTABI
Gəmiqaya abidələri Azərbaycanın qədim
mədəniyyət və incəsənət xəzinəsidir
Dünyanın müxtəlif ölkələrində mövcud olan qayaüstü rəsmlər həmişə tarixçi, arxeoloq, sənətşünas, etnoqraf, dilçi, folklorçu, habelə zoologiya və digər elm sahələri ilə məşğul olan tədqiqatçıları özünə cəlb edən və tarixi mənbə kimi böyük əhəmiyyətə malik olan nadir abidələrdəndir. Dövrümüzün sirli daş salnamələri hesab olunan bu cür abidələr Fransa (Şaffo və Limeylya), İspaniya (Altamir, Xornos-de-laPenya, Pasıyeqa), Avstraliya (Tasmaniya), Afrika (Tasilli Adjеr), Orta Asiya (Sаymalıtaş), Ural (Karova), Sibir (Tom və Anaqara çayı sahili), Kareliya (Ağdəniz və Oneqa gölləri sahili), Çukotka, Cənubi Amerika, Türkiyə, İran, Qafqazda və dünyanın digər bölgələrində aşkar edilmişdir.
Digər ölkələrlə müqayisədə Azərbaycanda olan qayaüstü rəsmlərin coğrafiyası daha genişdir və onların tarixi daha qədimlərə gedib çıxır. Respublikamızın müxtəlif bölgələrində aşkar olunmuş qayaüstü rəsmlər Dağıstan, Anadolu, İran, Orta Asiya və Sibirdəki qayaüstü rəsmlərlə müəyyən cəhətdən oxşarlıq təşkil etsə də, hər biri özünəməxsus əlamətləri ilə fərqlənir. Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda yerləşən Gəmiqaya qayaüstü rəsmləri Qafqazın zəngin qayaüstü rəsmləri kimi bu gün də alimlərin diqqətini özünə cəlb etməkdədir.
AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Vəli Əliyevin fikrincə, “Kiçik Qafqazın bir-birinə qonşu müxtəlif regionlarında mövcud olan qədim qayaüstü təsvirlər həkkedilmə texnikasına, rəsmlərin motivlərinə, kompozisiyalı səhnələrə, semantik məzmunlarına görə çox oxşardırlar. Azərbaycan qayaüstü təsvirləri qonşu Anadolunun qədim incəsənət abidələri ilə də sıx bağlıdır. Anadolunun Hakkari, Palanı və Beldibi regionu abidələrindəki Neolit, Tunc dövrlərini əhatə edən insan və heyvan rəsmləri (keçi, it və s.) öz motivlərinə, sxematikliyinə görə Gəmiqaya, Kəlbəcər, Qobustan və eləcə də Kiçik Qafqazın digər regionlarının və Şimali Qafqazın qayaüstü təsvirləri ilə yaxın analogiya təşkil edir. Lakin Naxçıvan ərazisindəki Gəmiqaya təsvirlərindəki ov səhnəsi, müxtəlif piktroqrafik işarələr bu ərazi təsvirlərinin digərlərindən daha qədim tarixə söykəndiyini sübut edir”.
Naxçıvan Muxtar Respublikasındakı Gəmiqaya rəsmləri 1965-ci ildə geoloqlar tərəfindən aşkar olunsa da əsasən 1968-ci ildən sonra tədqiqatçıları özünə cəlb etmiş, son 50 ildə bu tarixi abidələr haqqında bir çox elmi əsərlər yazılmış, yeni elmi nəticələr əldə edilmişdir.
26 aprel 2001-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında” Sərəncam imzalamışdır. Sərəncamda qeyd olunur ki, “Gəmiqaya abidələrinin tədqiqinə 1970-ci illərdə – möhtərəm Heydər Əliyevin Azərbaycana siyasi rəhbərliyinin birinci dövründə başlanmışdır. 1971-ci ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının Rəyasət Heyəti Gəmiqayada tədqiqat işlərinin aparılmasını, elmi albomun nəşr edilməsini, elmi-kütləvi filmin çəkilməsini qərara almış, 1970-1987-ci illərdə Gəmiqayada tədqiqat işləri aparılmış, bir sıra elmi materiallar çap olunmuşdur”.
1980-ci illərin sonlarında Azərbaycan Respublikasında yaranmış ictimai-siyasi vəziyyətlə əlaqədar tədqiqat işləri dayandırılsa da, xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra dahi rəhbərin tövsiyəsi ilə 2001-ci ildən başlayaraq Gəmiqayaya mütəmadi olaraq elmi ekspedisiyalar təşkil edilmişdir. Bütün bunların nəticəsi olaraq, Gəmiqaya abidələrinin tədqiqinə həsr edilmiş elmi konfrans və simpoziumlar keçirilmiş, onlarla kitab və elmi məqalələr nəşr edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində elmi ekspedisiyaların fəaliyyəti təmin edilmiş, Gəmiqayaya yol çəkilmiş, abidələrin qorunması üçün bütün tədbirlər həyata keçirilmişdir. Ali Məclisin Sədri Vasif Talıbov bir neçə dəfə (2001, 2002, 2005, 2013-cü illərdə) Gəmiqayaya səfər etmiş, qayaüstü rəsmlərin yayıldığı ərazilərlə tanış olmuş, ərazidə tədqiqat aparan alimlərlə görüşmüş, tədqiqat işləri ilə bağlı tövsiyələr vermişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2013-cü il dekabrın 21-də dünyanın ən hündür bölgələrindən birində, dəniz səviyyəsindən 2500 metr yüksəklikdə tikilmiş Gəmiqaya Dövlət Tarix-Bədii Qoruq Muzeyinin açılışında iştirak etmişdir. Ali Məclis Sədrinin Gəmiqaya abidələrinə verdiyi dəyər, bu abidələrin tədqiqinə göstərdiyi yüksək diqqət və qayğı elm adamlarının öz milli tarixinə sahib çıxmasına əsl vətəndaşlıq çağırışıdır desək yanılmarıq.
Gəmiqaya abidələrinin ümumbəşəri dəyərləri və xalqımızın qədim tarixinin öyrənilməsi istiqamətindəki əhəmiyyəti nəzərə alınaraq, 2005-ci il iyul ayının 17-dən 20-nə kimi Gəmiqayada Beynəlxalq Ekspedisiya fəaliyyət göstərmiş və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə yekun nəticələrinin müzakirəsi aparılmışdır. 2011-ci il iyul ayının 20-dən 24-nə kimi Naxçıvan şəhərində keçirilən “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi” beynəlxalq simpoziumun bağlanış mərasimi də Gəmiqayadakı Qaranquş yurdunda keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 5 may 2006-cı il tarixli qərarı ilə Gəmiqaya Tarix-Bədii Qoruğu yaradılmışdır.
Gəmiqaya abidələrinin tədqiqatçıları arasında rəsmlərin sayı, onların yayılma arealı, həkkedilmə texnikası, dövrü və həmin rəsmlərin daşıdığı mənalar haqqında müxtəlif fikirlər mövcuddur. Belə ki, Gəmiqaya abidələrinin ilk tədqiqatçılarından biri olan Vəli Əliyev burada 2000-ə qədər qayaüstü rəsm olduğunu və onların cızma, döymə və sürtmə texnikası ilə həkk edildiyini bildirməklə, bunların insanların sosial həyat tərzi, ideologiyası, müxtəlif adət-ənənələri, estetik və fəlsəfi baxışları ilə əlaqədar yarandığını qeyd edir. Onun qənaətincə, piktoqramların müəyyən qrupu e.ə. IV-III minilliklərə, sxematik keçi, öküz və insan rəsmlərinin əksəriyyəti isə e.ə. IV-II minilliklərə aiddir.
Dilçi-alim, filologiya üzrə fəlsəfə doktoru Əbülfəz Hüseyni yazır ki, Dünya tufanı baş verdikdən sonra Nuhun gəmisi bu ərazidə dağ zirvəsinə toxunmuş və tufandan qurtaran insanlar başlarına gələn hadisələri, məişət mərasimlərini, səma cisimləri haqqındakı təsəvvürlərini daşlar üzərinə həkk etmişlər.
Gəmiqaya haqqında ilk sənədli filmin müəllifi, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Arif Qədim məqalələrinin birində yazır: “O dövrdə burada yaşayan ulu babalarımız gördüklərini və başlarına gələnləri, bizlərə yalnız şərti cizgilərlə-işarələrlə, yəni konkret olmayan detallarla çatdırmağa çalışmışlar”.
AMEA-nın müxbir üzvü, tarix üzrə elmlər doktoru Vəli Baxşəliyev burada 2000-ə yaxın qayaüstü rəsmin aşkar olunduğunu, yazıların qayalar üzərinə əsasən qazma, cızma və döymə texnikası ilə həkk olunduğunu, bunların yalnız yarımköçəri maldarlıqla deyil, insanların inancları ilə də bağlı olduğunu yazmışdır. Vəli Baxşəliyevin tədqiqatlarında təsvirlərin tarixi kökləri, onların izahı, dövrləşdirilməsi, rəsmlərin mifologiyası, onların yerləşdiyi topoqrafiya və başqa bu kimi məsələlər geniş yer tutur. V.Baxşəliyevin fikirincə, Gəmiqaya petroqlifləri e.ə. IV-II minilliklərə aiddir.
AMEA-nın müxbir üzvü, tarix üzrə elmlər doktoru Fəxrəddin Səfərli rəsmlərin sayı haqqında məlumat verməsə də, onların qayalar üzərinə sürtmə yolu ilə həkk edildiyini, qayaüstü təsvirlərin insanların həyat və düşüncə tərzi, estetik zövqləri, adət və ənənələri ilə bağlı olduğunu qeyd etmişdir. F.Səfərli də buradakı rəsmlərin e.ə. IV-I minilliklərə aid olduğunu bildirir.
Tarix üzrə elmlər doktoru Nəcəf Müseyibli Gəmiqaya petroqliflərinin sayının 1000-dən artıq olduğunu və onların qazma, sürtmə və döymə üsulu ilə rəsm edildiyini vurğulamaqla, bunların qədim insanların dünyagörüşləri, onları əhatə edən mühit, həyat tərzləri, təsərrüfat fəaliyyətləri, dini inancları ilə bağlı olduqlarını göstərmişdir. N.Müseyibli bu təsvirlərin e.ə. IV-I minilliklərə aid olduğunu bildirmişdir.
Tarix üzrə elmlər doktoru Abbas Seyidov burada 500-dən artıq qaya parçası üzərində 1000-dən artıq qazma, sürtmə və cızma üsulu ilə işlənmiş qayaüstü təsvirlərin aşkar edildiyini və bunların yalnız insanların köçmə təsərrüfat həyatı ilə bağlı olmadığını, həm də onların ideoloji baxışları ilə əlaqədar olduğunu yazmışdır. A.Seyidov Gəmiqaya rəsmlərini e.ə. IV-I minilliklərə aid etmişdir.
Filologiya elmləri namizədi Əjdər Fərzəli Gəmiqaya-Qobustan yazılarını elmi-tarixi, müqayisəli və metodik aspektdən sistemli şəkildə ilk dəfə analiz etməklə belə bir nəticəyə gəlmişdir ki, Gəmiqaya-Qobustan yazıları özündə elə bir sivilizasiyanı əks etdirməkdədir ki, bu elmə az məlumdur. O, qədim Yunan, Hind, Misir, Şumer və b. sivilizasiya və mədəniyyətlərdən qabaq meydana gəlməklə, özündən sonra gələn bütün sivilizasiya və mədəniyyətlərə çox güclü təsir etmişdir. Gəmiqaya-Qobustan mədəniyyəti birbaşa Azərbaycan (Oğuz) xalqlarına məxsusdur. Alim yazırdı ki, o Gəmiqayadan 24 Oğuz tamğasından 20-ni tapmaqla belə bir nəticəyə gəlmışdır ki, Türk-Azərbaycan əlifbasının əsasını Gəmiqaya-Qobustan əlifbası təşkil edir.
Gəmiqaya təsvirləri etnoqraf-alimlər (A.Abbasov, Q.Qədirzadə və b.) tərəfindən də öyrənilmiş və buradakı təsvirlərin arxeoloji qazıntılar zamanı tapılan maddi-mədəniyyət abidələri ilə müqayisəli təhlili verilmişdir.
Gəmiqayadakı qayaüstü rəsmlərin yayılma arealı, onların sayı, işlənmə texnikası və digər məsələləri yerində öyrənib dəqiqləşdirmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən 2016-cı ilin avqust ayında “Gəmiqaya ekspedisiyası” yaradılmış və əraziyə ezam edilmişdir. “Gəmiqaya ekspedisiyası”nın üzvləri Gəmiqaya Dövlət Tarix-Bədii Qoruq Muzeyinin əməkdaşları ilə birgə Qapıcıq zirvəsinin şimal-qərbindəki Neftli, Aşağı və Yuxarı Bacalar deyilən yerlərdən başlayaraq zirvənin qərbindəki Göllər, Qaranquş yaylağı, cənub-qərbindəki Nuh-Nəbi yurdu və Nazağa, Qapıcıq zirvəsinin cənubundakı Parağaçay dərəsində yerləşən Qızgəlin çuxuru adlanan yerlərədək min hektardan çox ərazidə yerləşən qayaüstü rəsmləri sistemli şəkildə öyrənərək qeydiyyata almışlar.
Gəmiqaya yaylağı Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisindəki Parağaçay qəsəbəsindən və Tivi kəndindən şimal-şərqdə, Nəsirvaz kəndindən şərqdə, Kiçik Qafqaz dağ sisteminin ən hündür silsiləsi sayılan Zəngəzur sıra dağlarının mərkəz hissəsində yerləşir. Silsilənin mərkəz hissəsi mütləq hündürlükləri 3500 metri keçən Qazangöldağ (3815,5 m), Dəvəboynu (3650,5 m), Qapıcıq (3906 m) və digər zirvələrdən ibarətdir. Nəsirvazçay və Parağaçay kimi sulu dağ çayları öz mənbələrini Qapıcıq zirvəsinin ətəklərinə axan onlarca zümrüd gözlü bulaqlardan götürür. Gəmiqaya yaylağının əsas yolu Nəsirvaz kəndindən olsa da, 2016-cı ildə çəkilmiş dairəvi yolla Parağaçay qəsəbəsindən Qızgəlin çuxuruna, oradan da asanlıqla Qaranquş yaylağına və Gəmiqaya Dövlət Tarix-Bədii Qoruq Muzeyinə gəlmək olar.
Tədqiqatlar və axtarışlar zamanı bütün bölgələrdə üzərində rəsmlər olan daşlar tapılaraq nömrələnmiş, onların üzərindəki petroqliflərin öncə orijinal, sonra isə təbaşirlə ağardılaraq fotoları çəkilmiş, daşın yeri, ölçüsü, forması, üzərindəki rəsmlərin və işarələrin sayı, işlənmə texnikası və daşıdığı məna haqqındakı məlumatların qeydiyyatı aparılmışdır.
Gəmiqaya rəsmləri içərisində insan fiqurlarının müstəsna yer tutduğu ilk baxışda diqqəti cəlb edir. İstər tək formada, istərsə də qrup halında çəkilmiş kompozisiyalarda insanın ali bir varlıq olduğu, onun idarəediciliyi və hökmediciliyi aydın şəkildə duyulmaqdadır. Bu, insanların maralı, dağ keçisini, atı və ya vəhşi öküzü ram edərək onların bəzilərinin başına kəndir salıb arxasınca aparmasının, eləcə də əlindəki çomaq və ya qamçı ilə heyvanları idarə etməsinin əks olunduğu bir neçə təsvirdə özünü göstərməkdədir. Qayaüstü kompozisiyalardan bir neçəsində milli musiqi tariximizi araşdıran tədqiqatçılar üçün də maraqlı ola biləcək musiqi alətləri təsvir olunmuşdur. Belə ki, bu tip kompozisiyalarda qrup halında rəqs edən insan fiqurlarından birinin əlində tamamilə sazabənzər musiqi alətinin çəkilməsi ozan və ya aşıq sənətinin qədim tarixi köklərindən xəbər verən danılmaz faktlardan biri hesab oluna bilər.
Gəmiqaya rəsmlərinin böyük bir qismini ilan, keçi, maral, bəbir və öküz rəsmləri təşkil etsə də, abidələrdə çox az sayda qurd, it, at, quş, mifik görünüşlü əjdaha və s. heyvan təsvirləri də var. Öküz təsvirlərinin böyük bir qismi arabalara qoşulmuş vəziyyətdə çəkilmişdir. Heyvan petroqlifləri içərisində keçi təsvirləri daha çox üstünlük təşkil edir. Demək olar ki, hər iki daşdan birinin üzərində keçi təsvirinə rast gəlinir. Həm sxematik, həm də real üslübda təsvir olunmuş keçi rəsmləri böyük ustalıqla rəsm edilmişdir. Sxematik üslubda təsvir edilmiş keçi təsvirlərinin Şərur rayonunun Ovçular təpəsi adlanan yaşayış yerindən tapılmış və e.ə. V minilliyə aid olan təsərrüfat küpələri üzərində qabarıq şəkildə təsvir olunmuş keçi təsvirləri ilə eyni üslubda çəkilməsi, Gəmiqayadakı sxematik təsvirlərin də e.ə. V minilliyə aid olduğunu sübut edir. Real tərzdə, xüsusən bədənləri bitişik üçbucaqlar və sonsuzluq işarələri formasında çəkilmiş heyvan təsvirləri Qaranquş yaylağı və Qız-gəlin çuxurunda daha çoxdur. Bu motivdə keçi rəsmləri Naxçıvan və Urmiyanın Orta Tunc dövrü monoxrom boyalı qabları üzərində qara rənglə, eləcə də Xocalı-Gədəbəy mədəniyyətinin Son Tunc və İlk Dəmir dövrü sadə-boz rəngli gil qabları üzərində cızma üsulu ilə çəkilmişdir. Gəmiqayada təsvir olunan bəzi keçi rəsmlərinin tamamilə eyni oxşarı Naxçıvanın Eneolit və Tunc dövrü yaşayış yerlərindən tapılmış saxsı qabların üzərində də mövcuddur.
Gəmiqaya rəsmləri içərisində qədim insanların gündəlik həyat tərzlərini, inanclarını, mifik təfəkkürlərini, astral dünyagörüşlərini əks etdirən, lakin simvolik mənası bəzən anlaşılmayan, qarışıq cizgilərlə çəkilmiş petroqliflər də çoxdur. Bu kimi qayaüstü rəsmlərin sirrini açmağa çalışan tədqiqatçılar, eləcə də milli mədəniyyətimizi, onun keçmişini öyrənmək istəyən oxucular üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin himayəsi ilə hazırlanaraq nəşr olunan bu kitab böyük əhəmiyyətə malikdir.
Beləliklə, 2016-cı ilin avqust-sentyabr aylarında Gəmiqaya ekspedisiyası üzvləri tərəfindən aparılan tədqiqatlar zamanı şərti bölgələr üzrə aşağıdakı faktlar qeydiyyata alınmışdır. Bəzi rəsmlərin bir-birinin üzərində bir neçə dəfə çəkilməsi qeydiyyat zamanı onların oxunmasına və mənalandırılmasına çətinlik yaratmışdır. Buna görə də yanlışlığa yol verməmək üçün belə rəsmlər bir qarışıq rəsm kimi qeydiyyata alınmışdır.
- Gəmiqaya rəsmlərinin yayıldığı ərazilərin ümumu sahəsi – 136,58 hektar.
Bölgələr üzrə:
Aşağı Baca – 17,79 ha
Göllər-Qaranquş – 83,99 ha
Nuh – Nəbi yurdu-Nazağa – 25, 83 ha
Qız-gəlin çuxuru – 8,97 ha
- Gəmiqyada üzərində təsvir olan daşların və onlar üzərindəki təsvirlərin və işarələrin ümumi sayı:
Üzərində təsvir olan daşların sayı – 2029 ədəd.
Daşlar üzərindəki rəsmlərin və işarələrin sayı – 7378 ədəd.
Bölgələr üzrə:
Aşağı Baca – 4 daş, 24 təsvir
Aşağı Göllər – 89 daş, 239 təsvir
Orta Göllər – 113 daş, 422 təsvir
Yuxarı Göllər – 83 daş, 275 təsvir
Qaranquş I (yolun üstü) – 450 daş, 1356 təsvir
Qaranquş II (yolun altı) – 514 daş, 1680 təsvir
Nuh-Nəbi yurdu – 36 daş, 178 təsvir
Nazağa – 9 daş, 37 təsvir
Qız-gəlin çuxuru – 731 daş, 3167 təsvir
III. Qaranquş yaylağından muzeylərə aparılan daşların və rəsmlərin sayı:
Üzərində təsvir olan daşların sayı – 11 ədəd.
Daşlar üzərindəki rəsmlərin və işarələrin sayı – 44 ədəd.
Muzeylər üzrə:
Gəmiqaya Dövlət Tarix-Bədii Qoruq Muzeyində – 6 daş, 19 təsvir
Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyində – 2 daş, 13 təsvir
Naxçıvan Dövlət Tarix Muzeyiyində – 2 daş, 8 təsvir
“Xan sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və
Açıq Səma altında Muzey Kompleksində – 1daş, 4 təsvir
Gəmiqayadan (Qaranquş yaylağından) muzeylərə aparılmış daşlar üzərindəki təsvirlərin və işarələrin sayını da ümumi saya əlavə etsək, onda aşağıdakı nəticəni almış olarıq:
Üzərində təsvir olan daşların ümumi sayı – 2040
Daşlar üzərindəki rəsmlər və işarələrin ümumi sayı – 7422
Nəticə olaraq, qeyd edirik ki, Gəmiqaya rəsmlərinin yayıldığı areal 136,58 hektar, üstü təsvirli olan daşların sayı 2040, daşlar üzərindəki rəsmlərin sayı isə 7422 ədəddir. Bu rəsmlərdən 6000-i ilk dəfədir ki, bu kitabda çap olunur.
Gəmiqaya abidələri “yazılı” daş salnamələri ilə bizi Azərbaycan xalqının milli-mənəvi dünyasının ulu yaddaş çağlarına aparıb çıxarır. Buradakı tarixi abidələr kompleks şəkildə Azərbaycanın qədim mədəniyyət və incəsənət xəzinəsinə qızıl fond kimi daxil olmuşdur. Bu xəzinəni qoruyub saxlamaq, öyrənib gələcək nəsillərə çatdırmaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur.
Nizami ALIYEV,
sənətşünas, Gəmiqaya ekspedisiyasının rəhbəri