Gəmiqaya-Qobustan əlifbası…

Azərbaycan dilinin, ədəbiyyatının, mədəniyyətinın öyrənilməsində yeni elmi mərhələdir

Mərhum araşdırmaçı Əjdər Fərzəlinin (1937-2011) yaradıcılığı bundan sonrakı onillərdə də aktual olacaq. Professor Qara Məşədiyevin alimin yaradıcılığı haqqında qənaətləri maraq doğurur: “Onun saysız araşdırmalar və tarixi müqayisəli təhlillər əsasında aşkar etdiyi, gəldiyi nəticələr elm, xalqımızın qədim və zəngin mədəniyyətinin əl çatmayan

 qatlarının aşkarlanması üçün çox gərəklidir. Bunu müəllifin 40 ildə çap etdirdiyi 400-ə yaxın elmi-kütləvi məqalələri və “Dədə Qorqud yurdu”, “Dədə Qorqud yolu”, “Dədə Qorqud sözü”, “Nizami zirvəsi”, “Gəmiqaya-Qobustan əlifbası”, “Gəmiqaya-Qobustan mədəniyyəti” , “Gəmiqaya -Qobustan mədəniyyəti işığında” monoqrafiyaları sübut edir. 
 

Ə.Fərzəlinin məqsədi mifin ilkin həqiqətini açmaq, elmə yeni istiqamət vermək idi. Müəllif bir neçə məqamların, sualların cavabını aşkarlayıb. Onlardan biri budur ki, bəşəriyyətin Ulu dili həyatın yaranması ilə bağlı olan ilk inamlar – inanışlar, etiqadlar prosesində yaranmağa, formalaşmağa, bütövlənməyə başlayıb. “Adəm” və “Həvva” da Ulu dilin ilk “sözlərindəndir”. Bunlar Azərbaycan dili üçün “gəlmə” deyil, bilavasitə Azərbaycan dilinin də doğma sözləridir. Ə.Fərzəli “Dədə Qorqud yurdu” kitabında Od (İşıq) və Su inamının bir sıra əlamətlərini ilk dəfə elmi inandırıcılıqla aça bilib.
 

Əjdər Fərzəli dilçiliyin mühüm sahəsi olan etimologiyanın əsas prinsiplərini elmi baxımdan aşkarlaya bilib. O, belə qənaətə gəlib ki, etimologiya vahid və dəyişilməz qanunauyğunluğa əsaslanır. Bununla da o, onomastik vahidlərin təhlilində yozumların qeyri-elmiliyini aşkar edib. Ə.Fərzəli dilçiliyin tarixinə müraciətlə son 2500 il ərzində etimologiyanın keçdiyi inkişaf mərhələlərini ardıcıllıqla izləyib, Hind-Avropaçı dilçilərin birtərəfli təhlillərə daha çox meyl etdiklərini üzə çıxarıb və tarixi-müqayisəli təhlilin vacibliyini bir daha əsaslandırıb. Məhz bu sahədə onun elmə gətirdiyi yenilik sanballı və gərəklidir. Əjdər Fərzəli ilk dəfə belə nəticəyə gəlir ki, hər bir söz daxili yükə – məzmuna malikdir. Sözə yaşarılıq verən onun “bətnindəki” yükdür. Söz məhz “daxili yükünün, nüvəsindəki yüklü hissəciyin” hesabına yaranıb: “Sözlərin yaranması riyazi sistem kimidir: bu və ya digər sözün daşıdığı ulu məzmun aşkara çıxarılmalıdır”.
 

Ə.Fərzəli bu suala cavab tapmağa çalışıb: “Nə üçün dillər bir-birinə bu qədər yaxındır?” Cavabı belədir: “Dillərin bir-birinə heyrətamiz dərəcədə yaxınlığı sözlərin yaranmasının vahid sisteminə bağlıdır. Dillərin bir-birinə yaxınlığı sözlərin bir-birinə yaxınlığında aşkar oluna bilər. Sözlərin yaranmasının sistemini ikilik (1+1) sistem də adlandırmaq olar. Bu sistem kainatın, həyatın, nəhayət insanın yaranması ilə bağlıdır. Etimologiyanın prinsipləri də həmin riyazi prinsipin tərkib hissəsidir. Kainatda bütün predmetlər (ən kiçik hissəciklər də) mütləq iki tərəfdən birinə, ya Oda, ya da Suya, ya müsbətə, ya da mənfiyə, ya istiyə, ya soyuğa, ya Adəmə, ya Həvvaya və s.) bağlıdır. Bu cəhət nişanverici kimi, ünvan daşıyıcı kimi sözlərə də aid olur. Bu səbəbdən də bütün sözlərdə – söz köklərində Odun və Suyun bu və ya digər əlaməti ulu məzmun kimi yaşamaqdadır. “Tədqiq edilən söz hansı bölgüdəndir?” İsti rənglər – soyuq rənglər – soyuq hərflər, işarələr, isti saitlər – soyuq saitlər, isti səslər – soyuq səslər… İlkin mənsubiyyət şəkilçiləridir. O, çoxlu təhlillər, müqayisələr aparmaqla belə qənaətə gəlir ki, yalnız bir hecalı sözlər – sadə sözlərdir. Bugünkü qrammatik qaydalara toxunmadan, sadə sözlər hesab edilən “ağa”(böyük), “sarı” (rəng), “ali” (uca, şöhrətli), “alim” (yüksək ağıl sahibi), “baqi” (əbədi), “pəri”(gözəl), “oda” (ev) və müxtəlif dillərə aid onlarca, yüzlərcə sözün kökünü – kodunu – daxili “yük”ünü müəyyən etməklə onların mənsubluq – aidlik bildirən şəkilçilərini də təyin etmək mümkündür. Eyni zamanda onun fikrincə, “bir hecalıya qayıdış müasir qrammatikaların şərh etdiyi şəkilçilərin yeni, daha doğrusu, bu günədək aşkarlanmamış funksiyalarını da üzə çıxara bilər. Sözün məzmuna görə araşdırılması – elmi metoddur”. Alim göstərir ki, onomastik vahidlərin necə, hansı səbəblərdən yaranması, daşıdığı məna və s. həmin elmi metodla aşkar edilərsə, nəticə daha dəqiq olar və heç bir yozum xatirinə həmin nəticəyə müdaxilə edilə bilməz, başlıcası, onu inkar edə bilməz”. O, bunu “Məzmun nəzəriyyəsi” adlandırır.
 

Q.Məşədiyevin fikrincə, Ulu dildən bəhs edən dünyanın görkəmli alimləri onun “iki dil ağacından yaranması” prinsipini irəli sürüblər: “Ə.Fərzəli həmin alimləri əməyini qiymətləndirməklə yanaşı, “Bütün dillərin yalnız bir – vahid dil ağacından törəndiyi”ni elmi dəqiqliklə əsaslandırır. Ə.Fərzəlinin qənaətincə, etimologiyanın yeni imkanlarının açılması dilçilik elminin inkişafına yeni təkan vermiş olacaq. “Məzmun dili”, “Məzmun: söz içində sözdür”, “Dil yox ikən dil var idi”, “Etimologiya və komputer”, “Toponimlər: qiyabi adlar”, “Kod sözün modelidir”, “Söz kökü poetikadır”, “Alınma formalı sözlər”, “Dilin mifoloji mənzərəsi”, “Əşyaya aid olan məzmuna aiddir”, “Çoxmənalılıq – məzmundan gəlir”, “Sıfırın mifoloji qiyməti”, “Dilçilikdə xüsusi tarixi mərhələ” və s. məqalələri etimologiyanın çoxsaylı, çoxtərəfli imkanlarından xəbər verir, etimologiyanın hüquqlarını müəyyənləşdirir, bununla da dilçiliyin bir elm kimi, inkişafına xidmət etmiş olur. Dilçilikdə tarixi mərhələlərin öyrənilməsi və şərhi sahəsində bir sıra tədqiqatlar bəllidir. Ə.Fərzəli Azərbaycan dilinin tarixi haqqında yeni fikir söyləyir. Bu fikir mübahisəli görünsə də, fərziyyə olsa da, bu barədə ciddi düşünməyə çağıran işdir, burada polemikaya geniş meydan var. Ə.Fərzəli dahi Zərdüştün adı ilə bağladığı: varlığın ikili təbiətinin əzəliliyi və əbədiliyi fikrini əsaslandırmaq üçün yüzlərcə misal çəkir. O, fərdi ruh, xalq ruhu, ümumbəşəri ruh, nəhayət, kainat ruhu – Ulu ruh haqqında söhbət açır, bu ruhlar arasında qırılmaz bağlılıq görür, İkili varlığın bir mərkəzdən – İlahi mərkəzdən idarə olunduğu qənaətinə gəlir”. 
 

“Gəmiqaya-Qobustan əlifbası” kitabında müəllifin gəldiyi nəticə maraq doğurur: “ Gəmiqaya-Qobustan əlifbası – qədim Azərbaycan əlifbasıdır; o, Azərbaycanda qədim Azər (türk) dilinin fonetik qaydaları əsasında, həm də bir nəfər tərəfindən deyıl, yüz illər ərzində xalq biliciləri tərəfindən yaradılıb. Onun əsasında piktoqraflar – sözlü şəkillər dayanır. Bu əlifbada işarələr (hərflər) səsin fonetik şəklini izləyir. Sözü, dili və əlifbanı bir nəfər deyil, yalnız xalq yarada bilər; Gəmiqaya-Qobustan əlifbasının bütün başqa əlifbalardan əsas fərqi: yaradılış ideyasını əks etdirməsidir. Bu ideya Tanrıçılıq inamına əsaslanır; Gəmiqaya-Qobustan dünyanın ən qədim yazı əlifbasıdır və Finikiya, Misir, yunan-latın, ərəb, yəhudi, erməni, kiril, İran (Pəhləvi), hind (Braxmi), Krit, Bibliya, Qlozel, Fest, aramey və bir sıra başqa qərb və şərq əlifbaları onun törəmələridir; Gəmiqaya-Qobustan və Orxon-Yenisey bir-birinə bağlı, həm də müstəqil yaradılmış əlifbalardır; Alban əlifbası (Qafqaz Albaniyasının əlifbası) Gəmiqaya-Qobustan əlifbasının təhrif edilmiş şəklidir; “Avesta” əlifbası – Gəmiqaya-Qobustandan törənişdir; “Avesta” əlifbasında bu günədək güman edildiyi kimi, saitlərin sayı 6 deyil – 9-dur; Şumerli türk əlifbası Gəmiqaya-Qobustanla eynı quruluşdadır, bunu – hər iki əlifbanın dınamikası sübuta yetirir; Mingəçevir epitafiyası Gəmiqaya-Qobustan əlifbası ilə və türk düşüncəsi əsasında yazılıb; Gəmiqaya-Qobustan əlifbasının hərf və piktoqralları ( sözlü şəkilləri) Naxçıvan – Ordubad, Urmiya Əhər – Təbriz, Qərbi Azərbaycan, Kəlbəcər, Gəncə, Mingəçevir, Şamaxı – Altıağac, Qobustan – Hacıqabul, Bakı – İçəri şəhər- Pirallahı adası daşları və qayalarında aşkar edilib. Bu əlifba qədim Azərbaycan xalçalarında, məişət əşyalarının üzərində “naxış” kimi yaşadılıb; Gəmiqaya-Qobustan əlifbası 32 hərfdən – 9 sait və 23 samitdən ibarətdir.
 

Gəmiqaya-Qobustan əlifbasında hər bir hərf söz daxilində o sözü tamamlamağa xidmət edirsə, ayrılıqda “bütöv söz” funksiyasını daşıyır. Bu əlamət Orxon-Yenisey yazılarında da müşahidə edilir; Tanrıçılıqdan xristianlığa keçid xüsusı tarixi mərhələdir; ‘`Dədə Qorqud Kitabı”nın mifık süjetlərı Gəmiqaya-Qobustan əlifbası və piktoqrafık işarələri ilə Gəmiqaya və Qobustanm köksünə yazılıb; Gəmiqaya-Qobustan çoxşəkilü əlifbadır. Burada eyni hərfin bir neçə şəkli – bir-birinin davamı olan variantları – yaradılış düşüncəsindən sözün ifadə etdıyi məzmundan irəli gəlib. Yəni bunlar məna və məzmuna münasibəti bildirən fərqlərdir; Gəmiqaya-Qobustan əlifbası Azərbaycan dilinin, ədəbiyyatının, mədəniyyətinın, nəhayət, Azərbaycançılığın tarixinin tədqiqində və öyrənilməsində yeni elmi mərhələdir”.

Uğur

Məqalənin mənbəyi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir