Gəmiqaya zirvəsinə gedən “Yolçu”

Bu dünyadan köçüb – ölməyənlər

Yolçu, yolun uzaqdır

-Yolçu, yolun uzaqdır!
-Olsun, mən gedəsiyəm.
-Yolçu, hava sazaqdır!
-Olsun, mən gedəsiyəm.
-Yolçu, bax, tufan gəlir!
-Olsun, mən gedəsiyəm.
-Yolçu, ömür gödəlir…
-Olsun, mən gedəsiyəm.
-Yolçu, hara gedirsən?
-Arzumun mənzilinə.
-Yolçu, yaxşı yol sənə!
                     1979-cu il

     Əjdər Əliş oğlu Fərzəliyev 1937-ci il martın 23-də Ağcabədi şəhərində sadə kəndli ailəsində anadan olmuşdur. Babası çox zəngin olsa da, Sovet hakimiyyəti dövründə iflasa uğramış, oğlu Əliş və digər övladları ilə birlikdə Ağcabədinin kiçik məhəllələrinin birində yaşamışdır. Uzun illər sonra Əjdər Fərzəli öz dəyərli monoqrafiyalarından birini – “Dədə Qorqud sözü” kitabını babaları Məşədi Fərzəlinin və Məşədi Behbudun, “Hamı yenidən doğulmalıdır” şeirlər kitabını isə atası Əlişin unudulmaz xatirəsinə ithaf edir. Əjdər Fərzəli atası Əlişi çox kiçik yaşlarında itirir, bacı və qardaşı ilə anası Mədinə xanımın himayəsində qalır. Bütün bunlara baxmayaraq, o, dərslərindən əla qiymətlər alır. Aclıq, ehtiyac, müharibənin ağır sınaqları onun oxumaq həvəsini söndürə bilmir. Əjdər Fərzəli 1955-ci ildə orta məktəbi bitirir və sənədlərini Azərbaycan Dövlət Universitetinin jurnalistika şöbəsinə təqdim edir və qəbul olur.

Əjdər Fərzəli yaradıcılığa Universitetdə oxuduğu ilk günlərdən başlayır. Onun ilk şeiri 1956-cı il iyun ayında “Pioner” jurnalında dərc olunur. Daha sonra gözəl məqalələrlə mətbuat orqanlarında çıxış edir.

Təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra Əjdər Fərzəli müxtəlif mətbuat orqanlarında – “Azərbaycan gəncləri”, “Abşeron” qəzetlərində, “Dialoq” və “Müxbir” jurnallarında və o cümlədən 1966-1967-ci illərdə Ağcabədidə nəşr olunan “Sürət” qəzetində müxtəlif vəzifələrdə – xüsusi müxbir, şöbə müdiri işləmişdir. Həmin illərdə Əjdər Fərzəli namizədlik dissertasiyası üzərində işləyir, lakin müəyyən səbəblərə görə onun elmi işi təxirə salınır.

Mətbuat orqanlarında çalışan dövrdə ictimaiyyətdə səs salan 200-ə qədər elmi məqalə ilə silsilə çıxışlar edən Əjdər Fərzəli, eyni zamanda dəyərli etimoloji araşdırmalar aparmış, müxtəlif elmi nəticələrə gəlmişdir ki, bu da sonralar onun elmi fəaliyyətinə təkan vermişdir. Həmin məqalələrdən bir neçəsini nəzərinizə çatdırırıq:

1.      Nizami soraqlı Bərdə;
2.      Azərbaycan sözünün işığında;
3.      Xaç-Od nişanıdır;
4.      Oddan sözə qədər;
5.      Neçə Təbriz var?;
6.      Dil əvəzsiz sərvətdir;
7.      Ana kitabımız;
8.      Naxçıvan-Şumer əlaqələri;
9.      Koroğlu məskənləri;
10. Vətən anlayışının tarixi;
11.     Nizami və Dərbənd;
12.     Dədəm Qorqud Amerikada;
13.     Füzuli-Pəmbeyi-daği cünun;
14.     Türk sözü haqqında;
15.     Əfşarlar Xəzər dənizindən Qara dənizədək;
16.     Azərbaycanın ən qədim xəritəsi;
17.     Qobustanın dünya şöhrəti;
18.     Gəmiqayada Maral hekayəsi;
19.     Ay arabası;
20.     Bir daha Nuhun qəbri haqqında və s.

Məhz bu məqalələr mətbuatda böyük səs-küyə səbəb olmuş və müxtəlif tədqiqat mövzularına  çevrilmişdir.

Əjdər Fərzəli həyatındakı nailiyyətlərlə yanaşı, həm də onun daxili zənginliyini üzə çıxaran şeirlərin müəllifi olmuşdur. Onun şeirləri rus, ukrayna, fars, fransız dillərinə tərcümə olunmuşdur. Onun ilk şeirlər kitabı 1970-ci ildə “Gənclik” nəşriyyatı tərəfindən çap olunan “Körpü” şeirlər toplusudur. Sonrakı illərdə 1979-cu ildə həmin nəşriyyat tərəfindən çap olunan “Yolçu, yolun uzaqdır”, 1982-ci ildə “Torpaqdan səs gəlir”, 1984-cü ildə “Könülün nəğmələri”, 1997-ci ildə “Ozan” nəşriyyatı tərəfindən çap olunan “Hamı yenİdən doğulmalıdır” və nəhayət, 2010-cu ildə “Yazıçı” və “Azərnəşr” nəşriyyatı  tərəfindən çap olunan “Yanır bütün pərvanələr” və “Durnalar” şeirlər kitabı oxucular arasında xüsusi rəğbət qazanmışdır. Şeir və poemalarının əsas mövzusu zamanın ağrı-acıları ilə çarpışan insanın daxili yaşantıları, bəşəri sevgi, vətənpərvərlik duyğularıdır.

Təsadüfi deyil ki, 1976-cı ildə Azərbaycanın Xalq şairi Rəsul Rza ona böyük dəstək göstərmişdir. Sonralar Əjdər Fərzəli “Hamı yenidən doğulmalıdır” və “Yanır bütün pərvanələr” şeirlər kitabında bunu xüsusi minnətdarlıqla vurğulayaraq, ona sonsuz təşəkkürünü bildirmişdir.

Şair-tədqiqatçı, Azərbaycanşünas Əjdər Fərzəlinin ümumilikdə 19 kitabı işıq üzü görmüşdür. Onlardan 4-ü “Əbədi yol”, “Alın yazısı tarixdir…”, “Azadlıq dilində danışaq” və “Salam, Layisqi dağları” sənədli –etnoqrafik povest, 7-si yuxarıda qeyd etdiyimiz şeir kitabları, 8-i isə monoqrafiyalardır. Əjdər Fərzəlinin monoqrafiyaları bunlardır:

1.      “Dədə Qorqud yurdu” 1989 “Azərnəşr”
2.      “Dədə Qorqud yolu” 1995 “Azərnəşr”
3.      “Nizami zirvəsi” 1996 “Gənclik” nəşriyyatı
4.      “Dədə Qorqud sözü” 1999 “Maarif” nəşriyyatı
5.      “Gəmiqaya-Qobustan əlifbası” 2003 “Azərbaycan Milli Ensiklopediyası nəşriyyat-poliqrafiya birliyi”
6.      “Noyev Kovçek i Qyamiqaya- Qobustanskiy alfavit” QAPP-poliqraf 2005 (rus dilində) (“Ноев Ковчег  и Гямигая  и Гобустанский алфавит”)
7.      “Gəmiqaya-Qobustan mədəniyyəti” 2008 “Nurlan” nəşriyyatı
8.      “Gəmiqaya-Qobustan mədəniyyətinin işığında” Bakı, “Şəms” 2010

“Dədə Qorqud” silsiləsindən olan əsərlərində alim dilçiliyin mühüm sahəsi olan etimologiyanın əsas prinsiplərini işləyib hazırlayıb, onu elmi dəqiqliklə aşkar edib, azərbaycan dilinin tarixi inkişaf yoluna nəzər yetirərək, ulu dilin sirrini açmağa çalışıb, eyni zamanda Azərbaycan mifologiyasının izi ilə gedərək, bir sıra yeni elmi nəticələrə gəlmişdir. Əjdər Fərzəli “Dədə Qorqud kitabı”nda birinci boyun sirrini açmış, “Dədə Qorqud Kitabı” nın, dilinin, sözünün kifayət dərəcədə açılmamış bir çox sirrindən də soraq vermişdir. O cümlədən Azərbaycanın bir sıra yer və insan adlarının söz açımını şərh edərək, od və su inamı, xalqların və dillərin ulu qohumluğu konsepsiyasını daha geniş təqdim edərək, müxtəlif izahlar vermişdir.

Əjdər Fərzəli 1976-cı ildən başlayaraq ömrünün son günlərinədək əsas gücünü “Gəmiqaya-Qobustan” abidələrinin tədqiqinə, araşdırmasına sərf etmişdir. Alimin əsas məqsədi Azərbaycan ərazisində qədim mədəniyyətin-unudulmuş sivilizasiyanın izlərini aşkara çıxarmaq və sistemli monoqrafik təhlil etməkdən ibarət olmuşdur. O cümlədən:

–          Azərbaycanın qayaüstü təsvirlərinin şifrəsini açmaq və oxumaq;
–          Qayaüstü təsvirlərin başlanğıc mərhələsini müəyyən etmək;
–          Gəmiqaya rəsmləri ilə Qobustan rəsmlərinin müqayisəsini aparmaq, onları tutuşdurmaq və ümumi nəticəyə gəlmək;
–          Gəmiqaya-Qobustanın dünyanın müxtəlif regionlarında aşkar edilən qaya təsvirləri ilə müqayisədə əsas fərqlərini müəyyən etmək;
–          Gəmiqaya-Qobustan rəsmlərinin leksikasını, tekstoloji mətnlərini üzə çıxarmaq və oxumaq;
–          Gəmiqaya-Qobustan qaya təsvirlərinin hansı dillərdə yazıldığını aşkara çıxarmağa çalışmaq;
–          Gəmiqaya-Qobustan rəsmlərinin Azərbaycana sonralar gəlmiş etnosların və bu torpağın ən qədim yerli sakinlərinin yaradıcılıq nailiyyətlərini əks etdirdiyini                     müəyyən etməkdən ibarət olmuşdur.

Alim Gəmiqaya-Qobustan rəsmlərini ilk dəfə elmi-tarixi, müqayisəli və metodoloji cəhətdən sistemli şəkildə təhlil edib, bu qənaətə gəlmişdir ki, Gəmiqaya-Qobustan bu günədək elmə az məlum olan bir sivilizasiyanı təmsil edir. O, qədim Yunan, Hind, Misir, Şumer və başqa sivilizasiyalardan daha əvvəl yaranmış  və özündən sonra gələn bütün mədəniyyətlərə-sivilizasiyalara çox güclü təsir göstərmişdir. Gəmiqaya-Qobustan mədəniyyəti bilavasitə Azərbaycan-Türk (oğuz)  xalqına məxsusdur. Gəmiqaya-Qobustan abidələrinə istinadən Böyük daşqın və Nuhun gəmisi haqqında əfsanələr məhz Azərbaycanda yaranmış və buradan bütün dünyaya yayılmışdır. Əjdər Fərzəlinin misilsiz kəşflərindən biri çoxşəkilli-çoxişarəli qədim Azərbaycan əlifbasını kəşf etməsidir: Gəmiqaya-Qobustan abidələrinə istinadən 440-dan çox söz oxumasıdır. Bundan əlavə, alim ilk milli xəritəni kəşf etmişdir. O, sübut etmişdir ki, Azərbaycan qədim və mükəmməl fonoqrafik əlifbanın vətənidir və dünya əlifbalarının çoxu qədim Azərbaycan əlifbasından iqtibasla yaradılmışdır. O cümlədən: Finikiya, Yunan-Latın, Hind, Slavyan-Kiril, Anqlo-saks, Alman, Etrusk-İber, Ərəb, Erməni, Mayya (Amerika) və başqa əlifbalar qədim  Azərbaycan Gəmiqaya-Qobustan mənşəlidir. Alim sübut etmişdir ki, ilk Azərbaycan (türk-oğuz) əlifbası-Ana əlifbamız 32 hərfdən ( 9 sait və 23 samit) səsdən ibarət olmuşdur. Məhz bu kəşf etdiyi əlifba sayəsində 440 sözü  oxumuşdur.

       Əjdər Fərzəlinin yuxarıda qeyd etdiyimiz misilsiz kəşflərindən biri də ilk milli xəritəmizdir. O, bu xəritəyə, əsasən, Aşina xaqanlığı haqqında geniş təsəvvür yaradır və ilk milli xəritə ilə müasir xəritənin müqayisəli təhlilini verir. Bundan əlavə, Əjdər Fərzəli  “Pirəbədil” xalçasının şifrələrini ilk dəfə üzə çıxarmış 5 rəqəminin möcüzələrini vermiş  və dünya xalqlarının folklorunda və bir sıra başqa abidələrdə təsvir olunan Buraq at-şimşək at hekayəsinin mənbəyini məhz Gəmiqaya – Qobustan abidələrindən götürüldüyünü sübut etmişdir.

        Əjdər Fərzəli qeyd edir ki, Gəmiqaya–Qobustan mədəniyyəti  Azərbaycanındır və bilavasitə Azərbaycan–Türk (oğuz) xalqına məxsusdur. Onun yaradılmasında və yaşadılmasında Azərbaycanın bugünkü sakinlərinin, ulu babalarının xidməti olmuşdur. Bundan əlavə, Gəmiqaya-Qobustan rəsmləri qədim Azərbaycan, qədim insan cəmiyyəti, o cəmiyyətin həyat-məişət əxlaq normaları,  inam və adətləri, yaradıcılıq düşüncələri, elmi-mifik baxışları, insana və ətraf aləmə qayğılı münasibəti və s. haqqında geniş informasiya və bilik vermək imkanındadır.

        Alim qayaüstü təsvirlərə əsasən musiqi alətlərini aşkara çıxarmış, beləliklə, musiqinin, muğamın beşiyinin məhz Azərbaycan olduğunu bir daha sübut etmişdir.

         Elm faktlara əsaslanır. Əjdər Fərzəlinin silsilə “Gəmiqaya-Qobustan”  monoqrafiyalarında irəli sürülən fikirlər, aparılan təhlillər, çıxardığı nəticələr bilavasitə faktlarla, qaya təsvirləri ilə təsdiq olunur.

          Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Qobustan Dövlət Tarixi-Bədii Qoruğu ərazisində yerləşən tarixi və mədəni sərvətlərin qorunması haqqında” 11 iyun 2007-ci il tarixli sərəncamında Qobustanı xalqımızın milli sərvəti, dünyada bu tipli abidələrin ən zəngini adlandırıb, bu abidələri qorumaq və daha dərindən tədqiq etmək üçün konkret tapşırıqlar vermişdir.

          Əjdər Fərzəli 2010-cu ildə nəşr olunan “Gəmiqaya-Qobustan mədəniyyətinin işığında” monoqrafiyasında bir ziyalı və Gəmiqaya-Qobustan  rəsmlərinin tədqiqatçısı kimi, bu sərəncamdan irəli gələn tapşırıqların – vəzifələrin yerinə yetirilməsinin və Prezident Sərəncamının icrasının ləngiməsinin əsas səbəblərindən biri Gəmiqaya-Qobustan rəsmlərinin oxunması və elmi sirrinin açılması məsələsinin hələ də gündəmə gətirilməməsindən çox narahatlıq hissi keçirdiyini bildirir. Əjdər Fərzəli həmin monoqrafiyasında çox faydalı təkliflər irəli sürür və qeyd edir ki, son 200 ildə Qobustan dəfələrlə fəlakətlə üz-üzə , köməksiz qalıb. Yalnız 1969-cu ildə Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Qobustan məhv edilməkdən həmişəlik xilas edilib.

         2009-cu il aprelin 24-də Naxçıvan şəhərində “Nuh Peyğəmbər, dünya tufanı və Naxçıvan”  beynəlxalq simpoziumu keçirilir. Simpoziumda  Azərbaycanın ayrılmaz  hissəsi olan Naxçıvanın min illər ərzində keçmiş olduğu tarixi inkişaf mərhələləri geniş müzakirə olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, hörmətli Vasif Talıbov giriş  sözü ilə açaraq nəzərə çatdırır ki, Naxçıvanın tarixi bilavasitə Azərbaycanın tarixidir. Bu tarixi öyrənməyə, araşdırmağa,  tarixi həqiqətləri aşkara çıxarmağa və dünyaya çatdırmağa bu gün daha böyük ehtiyac var.

         Simpoziumda Türkiyənin , İranın , Misirin alimləri ilə yanaşı akademiklər, millət vəkilləri: İsa Həbibbəyli və İsmayıl Hacıyev, AMEA Tarix İstitutunun direktoru, AMEA-nın müxbir üzvü, millət vəkili Yaqub Mahmudov, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərov, AMEA-nın Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, filologiya elmləri direktoru, professor Gövhər Baxşəliyeva, Azərbaycanda İqtisad Universitetinin professoru, tarix elmləri doktoru Abbas Seyidov, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, yazıçı Anar (2005-ci ildə ilk dəfə keçirilən bu tipli tədbirə görkəmli türkoloq alim Murad Acı da qatılmışdı) və başqa dünya şöhrətli alimlərlə yanaşı,  AMEA-Nəsimi adına Dilçilik İnstitutunun böyük elmi işçisi, filologiya elmləri namizədi Əjdər Fərzəli də iştirak edir və məruzəsində Naxçıvanın dünya tarixində yeri, Azərbaycan türklərinin təfəkküründə Nuhun tufanı, dünya sivilizasiyası prosesi və Naxçıvan, Nuh türbəsi, ümumdünya tufanı, ərəb mənbələrində və ümumtürk tarixində Nuhun gəmisi rəqəmlərin dili ilə, Nuh peyğəmbər və dünya tufanı ilə bağlı rəvayətlər və inamlar, Gəmiqaya təsvirlərində yazı ünsürləri, Gəmiqaya toponimləri, Gəmiqaya-Qobustan mədəniyyəti, Nuh tufanının  yaşıdı olan abidələr və başqa mövzularda qədim Naxçıvanla bağlı tarixi həqiqətlərə elmi aydınlıq gətirmiş, öz fikirlərini bildirmişdir.

         Akademik İsa Həbibbəyli simpoziumda oxuduğu məruzəsində Əjdər Fərzəlinin tədqiqatlarına  yüksək qiymət verərək, demişdir: “Əjdər Fərzəli çağdaş mərhələdə Gəmiqaya-Qobustan mədəniyyətinin əsas tədqiqatçısıdır”.

         Əjdər Fərzəli bütün ömrü boyu özünü elmi axtarışlara həsr etmişdir. Uca Tanrı alimi xoş saatda yaradaraq, ona parlaq istedad , fenomenal yaddaş, bitib-tükənməyən səbir, iradə, yüksək daxili mədəniyyət, abır-həya və ən nəhayət bir körpə saflığı bəxş etmişdir. Əjdər Fərzəli özü haqqında yazdığı “Utanıram” şeirində belə deyir:

Bu nə xasiyyətdir,  Allah?!
Günahım yox, utanıram,
Uşaq kimiyəm, deyirlər,
Nə deyirlər, inanıram.
Bəs inanmayım, neyləyim?!
Bu dərdi kimə söyləyim?!
Bu nə xasiyyətdir, Allah?!
Bu nə təbiətdir, Allah?!
Əlində aciz qalmışam….
Günahım yox, utanıram, utanıram.

   

Bütün bu keyfiyyətlər bir şəxsiyyət bütövlüyünün göstəriciləridir. Əjdər Fərzəli, həm də çox gözəl ailə başçısı idi. O , sadiq həyat yoldaşı , nümunəvi valideyn, çox gözəl baba idi. Alimin bir qız övladı və iki oğlan nəvəsi var. Əjdər Fərzəli nəvələrini – Xaqan və Cavidanı hədsiz çox sevir , sanki onlarla nəfəs alırdı.

    Əjdər Fərzəli 2011-ci il yanvarın 21-i soyuq qış gecəsində qəfil ölümün hədəfinə tuş gəldi. Alim  doğulduğu Ağcabədi şəhərində torpağa tapşırıldı. O, əbədiyyətə qovuşdu. Həmin gün qəmli buludların donmuş göz yaşları bir anda alimin məzarını ağappaq, hələ yazılmamış dəftər kimi örtdü. Əjdər Fərzəlinin uzun illər öncə yazdığı şeir parçası indi onun məzar daşını bəzəyir :

Qış gələr, şairlərin
Məzarına qar yağar,
Yağar ağ-ağ zər kimi,
Ağ-ağ sətirlər kimi,
Ağ qafiyələr kimi…
Qış gələr, şairlərin
Məzarına qar yağar,
Yağar qəmli şeir tək,
Hey ahəstə-ahəstə….
Düşəndə məzar üstə
Özündən misralanar,
Özündən rədiflənər,
Özündən hecalanar….
Yağar yağdıqca o qar….
Həzin dastana dönər….
Şairlərin qəbri də
Qışda bir ağ cildli,
Kitab kimi görünər.

Ömrünü şərəf və namusla əsl şəxsiyyət kimi başa vuran Əjdər Fərzəlinin adı tarixdə, onu sevənlərin qəlbində əbədi olaraq yaşayacaqdır. Allah rəhmət eləsin!

Qeyd: hazırki materialın hazırlanmasında göstərdiyi müstəsna köməyə görə Fətəliyeva Könül Əjdər qızına minnətdarlığımızı bildiririk.

Abbas Seyidov – tarix elmləri doktoru, professor
Mirələkbər Seyidov – müstəqil araşdırıcı

525-ci qəzet, 08.11.2012-ci il № 203(3759)

Sözardı: “Hər bir yaranış yazır özünə baş daşı!” – Vahid Rzayev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir