GÖRKƏMLİ KİMYAÇI, QAYĞIKEŞ İNSAN – ƏLİ NURİYEVİN 85 İLLİK HƏYAT YOLU
İstənilən bir alim haqqında yazmaq,məncə,çox çətindirhələ bu insan dünya görmüş kimyaçı alimdirsə. Lakin çətin olduğu qədər dəməsuliyyətli və şərəflidir. |
Xalqın sevimlisi, Azərbaycan Dövlət mükafatı laureatı, əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, kimya elmləri doktoru, professor Əli Nəcəfqulu oğlu Nuriyev 1928-ci ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan rayonunun (indiki Babək rayonu) Nehrəmkəndindəanadan olmuşdur.1944-cü ildə Nehrəm kənd orta məktəbinin doqquzuncu sinfini bitirdikdən sonra Naxçıvan Tibb Texnikumuna daxil olmuş, 1947-ci ildə isə bitirmişdir. Ali təhsilni 1948-1951-ci illərdə Bakı Dövlət Universitetinin kimya fakültəsində, sonra isə 1951-1953-cü illərdə Nijni-Novqorod Dövlət Universitetində davam etdirmişdir. Əmək fəaliyyətinə 1953-cü ildə Sintetik Kauçuk zavodunda başlamışdır. Həmin ildə Azərbaycan Elmlər Akademiyası (EA) Kimya İnstitutunun aspiranturasına daxil olmuşdur.
Əli Nuriyev 1954-cü ildə Azərbaycan Elmlər Akademiyasının Kimya İnstitutunda işə qəbul olunmuşdur. O, 1962-ci ildə namizədlik (“Neft lay sularında radioaktiv elementlər”), 1972-ci ildə isə doktorluq (“Azərbaycan neft yataqları lay sularında nadir və səpilmiş elementlərin paylanması”) dissertasiyası müdafiə etmişdir. 1980-1985-ci illərdə professor Əli Nuriyev institutun direktor müavini olmaqla yanaşı, Naxçıvan Elm Mərkəzinə də rəhbərlik etmişdir. Həmin mərkəzin elmi istiqamətinin müəyyənləşdirilməsində, kadr hazırlığında böyük səy göstərmişdir.Hal-hazırda AMEA KPİ-nun “Sularda mikroelementlərin kimyası və dispers sistemlər” laboratoriyasına rəhbərlik edir.
Professor Əli Nuriyevin əsas elmi istiqaməti neft-su-süxur üçlü heterogen sistemlərində mikroelementlərin paylanmasının qanunauyğunluqlarının aşkar edilməsi və onların mineral neft-lay və dəniz sularından sorbsiyası mexanizminin öyrənilməsinə həsr olunmuşdur.
Əli Nuriyev ilk dəfə olaraq Azərbaycanın, demək olar ki, bütün neft mədənlərində neft-plast suları-süxur sistemində nadir və radioaktiv elementlərin paylanmasını öyrənərkən onların miqrasiya, səpələnmə və toplanmasının qanunauyğunluqlarını müəyyən etmişdir. Əli müəllimin Azərbaycanın, Türkmənistanın və Qroznının neft yataqlarının sularında elementlərin yayılması və paylanması haqqında əldə etdiyi nəticələr neft-plast sularında nadir və səpələnmiş element-lərin kimyası və geokimyası sahəsindəki mə`lumatları daha da zənginləşdirmişdir. O sübut etmişdir ki, neft-lay suları-süxur sistemi mikroelementlər üçün xarakterik olan kinetik əlaqəni və miqdar nisbətini pozaraq onların yenidən paylanmasına şərait yaradan spesifık mühitdir. O, müxtəlif süxurların minerallaşma dərəcəsinin kimyəvi tipini və ion tərkibinin formalaşma şəraitini mikroelementlərin miqrasiyasını fəallaşdıran əsas faktorlar olduğunu müəyyən etmişdir.
Professor Əli Nuriyevin elmi tədqiqatlarının mühüm istiqamətlərindən biri də təbii sulardan sorbsiya yolu ilə kimyəvi elementlərin ayrılması üçün yeni sorbentlərin sintezidir. Elektrokimyəvi yolla alınan manqan-4-oksid əsasında onun işləyib hazırladığı ion-ələk kationiti litiumu, demək olar ki, bütün məhlullardan, o cümlədən yeraltı sulardan, dəniz suyundan, istehsalat tullantılarından və s. çıxarmağa imkan verir. Bu sorbent xüsusilə natrium xloridin qatılığı yüksək olan neft sularının e`malı üçün daha effektlidir.
Professor Əli Nuriyevin rəhbərliyi ilə Darıdağ (Naxçıvan) termal mineral suyundan xalq təsərrüfatında geniş istifadə olunan karbon qazının alınması texnologiyası işlənib hazırlanmış və həmin texnologiya üzrə alınmış karbon qazından Naxçıvan mineral sularının qazlaşdırılmasında istifadə edilmişdir. Bu işə görə Əli Nuriyevbir qrup həmkarları ilə birlikdə 1980-ci ildə Azərbaycan Dövlət mükafatına layiq görulmüşdür.
Əli müəllimin rəhbərliyi ilə Neftçala yod-brom zavodunun tullantı suyundan xörək duzunun alınması texnologiyası işlənib hazırlanmışdır. 1980-ci ildən başlayaraq professor Əli Nuriyev əməkdaşları ilə birlikdə “Okean problemi” çərçivəsində Rusiya Elmlər Akademiyasının Geokimya və Analitik Kimya İnstitutunun tədqiqatçıları ilə okean və dəniz suyundan uranın alınması istiqamətində geniş tədqiqatlar aparmışlar. Bu məqsədlə bir sıra qeyri-üzvi sorbentlər sintez edilmiş və Xəzər dəni-zinin sahilində qurulmuş təcrübi-sənaye qurğusunda dəniz suyundan uranın alınması üçün laboratoriyada hazırlanan texnologiya sınaqdan keçirilmiş və qiymətli nəticələr əldə edilmişdir. Həmin nəticələrlə hind alimləri maraqlanmış, bu sahədə yazılan və “Radiokimya”jurnalında çap edilmiş elmi məqaləni onlara göndərməyi xahiş etmişlər. Dəniz suyu gələcəyin xammal mənbəyi olduğu üçün digər qiymətli metalların sorbsiyası professor Əli Nuriyev və əməkdaşlarının diqqətindən yayınmamış və hazırda bu sahədə geniş tədqiqat işləri davam etdirilir.
Əli Nuriyevin apardığı tədqiqatlar 2 monoqrafiyada, 250-dən çox elmi əsərdə, 12müəlliflik şəhadətnaməsində və 1 patentdə öz əksini tapmışdır. Əli müəllimin rəhbərliyi ilə 4 elmlər namizədi, 3 elmlər doktoru dissertasiyası müdafiə etmişdir. Professor Əli Nuriyev Rusiya Elmlər Akademiyasının akademikləri A.P.Vinoqradov, V.İ.Baranov, B.F.Myaseyedov, Y.R.Zolotov, A.P.Alimarin kimi görkəmli alimlərlə geniş elmi əlaqələr yaratmışdır.
Əli Nuriyev həmçinin dövlət tədbirlərində də yaxından iştirak edir, belə ki, o, AMEA KPİ-da Yeni Azərbaycan Partiyasının sədri vəzifəsini icra edir.
Professor Əli Nuriyev bir alim kimi rəhbərlik etdiyi hər bir tədqiqatçıya öz köməyini əsirgəmir, onlara elmi işlərinin yerinə yetrilməsində düzgün istiqanıt verir, qarşıya çıxan çətinliklərin aradan qaldırılmasında doğru yol göstərir. Yetişdirmələrinə müəllim kimi köməklik göstərməklə yanaşı onlardan atalıqqayğısını da əsirgəmir. Əli müəllim mənim elmi rəhbərim olmuşdur. Rəhbərlik etdiyi dövrdən müdafiyə etdiyim son günə kimi bu qayğıları görmüşəm. Onun əməyini heç vaxt unuda bilmərəm. Mən əminəm ki, mənimlə yanaşı digər tələbələri də bu qayğını görmüşlər. Bundan sonrakı həyatında Əli müəllimə möhkəm can sağlığı və elmdə yeni uğurlar arzulayıram.
Aliyə Rzayeva
AMEA Naxçıvan Bölməsi