Gülarə Munisin deyimləri

Munisin deyimləri

 “Munisin deyimləri” müəllifin on səkkizinci kitabıdır.

Kitaba G. Munisin müxtəlif vaxtlarda dediyi ana sözləri, nənə öyüdü, ibrətli və hikmətli kəlamları, gənclərə tövsiyyə və nəsihətləri cəm olunub.

Kitabı yazmaqda məqsəd budur ki, tarixdə “Atalar sözləri” var, qoy “Ana sözü” də olsun.

Şərqdə, bəlkə elə Qərbdə də, indiyə kimi “Analar sözü” adlı kitab və ya toplu olmayıb, bu hər deyimin fəlsəfi fikirlər olan ilk kitabdır. G. Munis bu kitabı yazmaqla daha bir yeniliyə imza atdı.

Bütün bu deyimlər mövzu və mahiyyətinə  uyğun sərlövhələrlə verilib.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Kitaba ilahiyyatçı alim Ağa Hacıbəyli ön sözü yazıb.

Redaktor: Hacı Salatın xanım Əhmədli

                   Filologiya elmləri üzrə fəlsəfə doktoru.

 

Müəllifdən

            Əziz oxucu, bu kitabı diqqətlə oxu!

Onu da nəzərə al ki, kitabı  yazmaq üçün uzun illər götür-qoy etdim. Azərbaycan Şifahi Xalq Ədəbiyyatında, Folklorumuzda müxtəlif mövzularda kifayət qədər atalar sozləri var, qoy mənim yazdığım bu kiçik həcmli kitab gənclərə, gələcək nəsillərə ana sözü, nənə öyüdü kimi bir hədiyyə olsun.

Mənim yaşımın elə çağıdır ki, cavanlara, ailə qurmaq ərəfəsində olan gənc qızlara nəsihət etməyə səlahiyyətim çatır.

Əziz oxucu, səni söz dünyama dəvət edirəm. Munisin kəlam dünyasına xoş gəldin!

Ümidvaram ki, kitabı oxuyan hər kəs, özünə lazım olan hikmətli mənanı tapıb,  bir kağıza qeyd edəcək. Hər dəfə yeri gələndə o kəlamı kimə isə deyəcək və bunu yazana rəhmət diləyəcək. Rəhmət təkcə ölənlərə yox, sağlara da lazımdır.

                                                                           Oxucularıma ehtiramla,  Gülarə Munis

 

 

Ailə-məişət mövzüsü

Şahzadə olmaq üçün şah qızı olmaq vacib deyil, gözəl əxlaqla bir kişinin şahzadəsi olmaq yetər.

 

***

Bir qadının yanağını yandıran göz yaşı yanında olan kişinin qəlbini göynətmirsə, demək onların münasibəti saxtadır.

***

Saata tez-tez baxma, gecikmək mənim adətim, gözləmək sənin peşəndir.

***

Anaların qolları yanlara açılanda, gərilmiş qartal qanadlarına bənzəyir.

***

  Acılar üst-üstə yığılıb qəsr olanda bir damla sevinc onu yıxa bilir.

***

 Bir-birini duymadan birlikdə yaşamağa məhkum olanlar dünyanın ən bəxbəxt insanlarıdır.

***

Acını uda bilmirsənsə, demək şirinin dəyərini bilmirsən.

***

Məhəbbətin toxumu olmur ki, qəlblərə səpilə, amma, onun cücərməsi üçün münbit şərait lazımdır.

***

 Sənin axtardığın yaxında yoxdursa, onu uzaqda axtarma, uzaqda tapdığın sən axtaran olmayacaq.

***

 Yanan şama güvənmə, onun bir nəfəslik ömrü var.

 

***

 Dərdi olmaq dərd deyil, dərrakəsiz olmaq, dərddir.

 Hədər keçən ömrə qocalanda göz yaşı tökməkdənsə, gəncliyində düzgün seçim et.

***

 Gözünün yaşına dəyər verməyən kişi, axan qanına da əhəmiyyət verməyəcək.

***

 Taledən qaçmağa çalışma, sən nə qədər sürətlə qaçsan da, tale bir addım səndən  irəlidədir.

***

Hər kəsin daxilində bir xəzinə var, amma, hər kəs onu  saflaşdırıb aşkara çıxara bilmir.

***

Məhəbbətlə baxan gözlərdə heyranlıq olar, ehtirasla baxan gözlərdə hiylə.

***

 Üzüm şirəsinin təzəsi xəstəni ayağa qaldırar, qıcqırmışı şax gəzəni yerə sərər. 

***

Qazanın qarası gedər, qəlbin qarası getməz. 

***

 Qəhəri udmaq çətin, qəzəbi udmaq asan olur.

***

Qəlbin qapısını açıq, qəzəbin qapısını bağlı saxla.

***

Arzu ümmanı nə qədər geniş olsa da, yan almağa bir liman tapılır.

***

Həyətini sevməyən, həyatını da sevməz.       

***

Dünənə boylan, sabaha inan, bu günü yaşa.

***

Əyarı saf olanın məhək daşında qorxusu olmaz.

***

 Həqiqətin gözünə dik bax, yalanın üzünə də baxma.

***

 Haram yeyib Allaha şükür etmək, yetimin malını yeyib, başına sığal çəkməyə bənzər.

***

 Dərdi çox olan isti havada üşüyər, soyuq havada təngnəfəs olar.

***

Qadın bal arısı kimidir, dili baldan şirin, iynəsi qıyıqdan iti.

***

Ömrünü heç kimə qurban vermə, ikincisi olmayacaq.

***

Sevilərək yaşamaq, sevərək yaşamaqdan daha yaxşıdır.

Kitab tezliklə yüklənəcəkdir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir