Gültəkin Əsgərova

Qadın zəifdirmi?

 Bu qoca dünyada bir adət də var,

 Qadın olan yerdə ədalət olar

  S.Vurğun

 

            Görəsən, ilk dəfə kim deyib ki, qadın zəif məxluqdur?

Qadının zəif olduğunu sübut etməyə çalışanlar həmişə məğlub olub. Çünki güclünü məğlub etmək çətindir, mümkünsüzdür.

Qadın zərifdir. Amma, güclüdür!

Bu zərifliyi görmək üçün onun qəlbinə, əxlaqına baxmaq kifayətdir. Gözəl əxlaq qadını gözəlləşdirər, amma, gözəllik qadını gözəl əxlaqlı edə bilməz.

Qadınların zərifliyini qorumaq, onların qayğısını çəkmək hər kişiyə nəsib olmaz, bunun üçün nər kişi olmaq mütləqdir.

Kövrək qəlb sahibi olan zərif məxluqlar bəzən gül ləçəyindən incə, bəzən də aslan pəncəli bir cəngavər olurlar.

Yaxın və uzaq keçmişə nəzər salsaq, uzaq tarixdən Saray Xatunlar, Tomrislər boylananda, yaxın tarixdən Salatınlar, Gültəkinlər bizə əl edəcəklər.

Noyabr ayının 20-də Azərbaycanın ilk qadın Milli Qəhrəmanı Gültəkin Məlik qızı Əsgərovanın doğum günü idi.

 Biz-bir dəstə qadınlar Qəhrəmanın ağ saçlı anası Rəfiqə xanımla Şəhidlər Xiyabanına ziyarətə getdik. Gültəkinin qızı Əminə də bizimlə idi. Yol boyu Rəfiqə xanım Gültəkinin həyatından, əvvəl şagirdlik, sonra tələbəlik illərindən, meydan hadisələrindən, müdhiş 20 Yanvar gecəsindən söhbət edir, Gültəkinin mətanətindən danışırdı. Ana danışdıqca, gözlərimiz önündə zərif, incə bir xanım və eyni zamanda çətinliklərə mərdanə sinə gərə bilən bir qadın surəti canlanırdı. Gültəkinin cəbhə yollarından, döyüşlərdə göstərdiyi şücaətdən, güllə yağışı altında sürünərək yaralı əsgərlərə göstərdiyi tibbi yardımdan danışdıqca, ana gah qəhərlənir, gah da qürrələnirdi.

İlahi, anaların nə böyük ürəyi olur…

Bir balasını qoyub döşüyə gedən cavan gəlinin, sonra da  şəhid olan bir qadının anası bizə təsəlli verir, ağlamağa qoymurdu. Tez-tez deyirdi ki, mən düşmənə göz yaşımı göstərmərəm.

Gültəkinin necə şəhid olması barədə hamının məlumatı var. Düşmən mərmisindən Gültəkinin cəsədi param-parça olub uzaq məsafəyə səpələnəndə, döyüş yoldaşları onun paralarını yığıb o torpaqlarda əmanət dəfn ediblər. Rəfiqə ana o əmanətlərin yerini öyrəndikcə, bir-bir onları gətirib bir yerə cəm edərək basdırıb. 

Qızının köynəyini başının altına qoyub yatan ana, balasının ətrini cansız köynəkdən alan, nəvəsinin övladını Gültəkin- deyə çağıranda hər dəfə diksinən ana zəif deyil, onun səbri dağlar qədər ağırdır.

Gecələr səhərə qədər şəhid olan balasının şəkilləri ilə söhbətləşən, səhəri diri gözlü açan qadına zəif demək, sadəcə günah olardı…

Bu acını yaşayan ANA, qadın- zəif ola bilərmi?

Tək övladını qoca anasının ümidinə qoyub cəbhəyə gedən, əsgər qardaşları ilə çiyin-çiyinə döyüşən, həkimlik borcunu yerinə yetirərkən həlak olan, amalı, əqidəsi yolunda şəhidlik zirvəsinə ucalan bir qadın həm zərifdir, həm də güclü!

Gültəkin Əsgərova kimi qadınlar özü, ailəsi üçün yaşamadı, onlar vətən üçün doğulub, vətən üçün də qurban getdilər. Onlar Allahın seçdiyi insanlar idi.

Bu gün qəhrəmanlıq salnaməmizə baxanda nə qədər analar, qadınlar, gənc qızlar görürük. Gültəkinlər, Salatınlar, Qaratellər və s. övladlarımıza nümunə olan bu qadınları sabahın gəncləri iftixarla xatırlayacaq.

Azərbaycan qadını övladını sinəsinə məhəbbətlə sıxdığı kimi, yeri gələndə düşmənə tuşlamağa silahı da sinəsinə sıxa bilir!

Gülarə Munis. Şairə-publisist.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir