HƏSƏN ABDULLAYEV -102.

Bu gün Azərbaycanın görkəmli fiziki, Sovet hakimiyyəti dövründə yarımkeçiriciləri ilk tədqiq edənlərdən biri, Azərbaycan Dövlət mükafatı laureatı, Azərbaycan EA-nın həqiqi üzvü, 1970-1983-cü illərdə Azərbaycan EA-nın prezidenti Həsən Məmmədbağır oğlu Abdullayevin 102-ci doğum günüdür.Culfa rayonunun Yaycı kəndində olduqca kasıb bir ailədə dünyaya göz açan bu işıqlı,unikal elm Adamının keçdiyi çətin həyat yolu,öz ayaqları üzərində duran mətin iradəsindən doğan Uca Şəxsiyətə çevrilmə enerjisi fövqəladə heyranedici bir məqamdır.
İşıqlar içində yatsın!

DOSYE: 1918-ci ildə dünyaya gələn Həsən Abdullayev Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Yaycı kəndində çox kasıb ailənin övladı olub. Ailədə 5 qardaş olublar. Qardaşların 3-ü faciəli şəkildə dünyasını dəyişib. Kasıb ailənin bütün əzab-əziyyəti Həsənin üzərinə düşür. Yeddiillik məktəbi bitirəndən sonra Pedoqoji texnikuma daxil olur. Ondan sonra ibtidai məktəbdə dərs deməklə ailəsinə yardımçı olmağa çalışır. Qeyd edək ki, Həsən Abdullayevin dərs dediyi ilk ildə – 1941-ci ildə müharibə təzə başlamışdı. Akademikin qızı Sevda Abdullayeva xatirələrində atası ilə bağlı olan bu məqama hər zaman təəccüblə yanaşıb: “Qardaşım Aydın həmişə söhbət zamanı deyirdi ki, mən atama məəttələm. Necə oldu ki, kənd mühitində, kasıb bir ailədə böyüyən bir uşaq sonradan Bakı mühitinə gəldi və yüksək mərtəbələrə qalxa bildi”.

Həsən Abdullayevin elm və akademiya tarixində gördüyü işlər barəsində az sonra məlumat veriləcək. Hələlik onu qeyd edək ki, akademikin hər üç övladı hazırda elmlər doktorudur. Oğlu Aydın Abdullayev və qızı Sevda Abdullayeva fizika-riyaziyyat, kiçik qızları isə şərqşünaslıq üzrə elmlər doktorudur. Buna səbəb isə Həsən Abdullayevin akademiyadakı elmi mühiti evdə də davam etdirməsi olub. O, hər üç övladını akademiyadakı assisentlərindən ayırmayıb. Onlara da sərt elmi davranış qaydaları tətbiq edib. Hətta qida rasionlarında belə, xüsusi yeməklər – kök, çuğundur şirəsi və tərəvəz yeməkləri çox olub. Akademik övladlarının heç birinin dissertasiyalarında bilərəkdən iştirak etməyib. Böyük qızı Moskvada, oğlu Vilnüsdə, kiçik qızı isə Daşkənddə dissertasiya işini müdafiə edərkən o, heç bir övladının yanında olmayıb. Bu da akademikin sərt elmi tələbkarlığından irəli gəlirdi.

Həsən Abdullayevin İLKLƏRİ

– İlk dəfə olaraq Azərbaycanda klassik fizikaya zərbə vurur. Nəzəri fizikaya dünya fizikasının dinamikasını gətirir.

– Yarımkeçiricilər tədqiqini Azərbaycana ilk dəfə o gətirir. Azərbaycan elmində yarımkeçiricilər fizikasının məktəbini yaradır.

– İlk dəfə olaraq selen və tellurla bağlı tədqiqatlar aparır.

– Azərbaycan alimlərinin beynəlxalq elmi jurnalalarda kütləvi dərcinin əsasını qoyur.

– Akademiyada fəlsəfə və fiziologiya institutlarını yaradır.

– SSRİ elmində ilk dəfə Ay cisminin insan orqanizmi ilə qarşılıqlı əlaqəsini tədqiq edir.

Akademiya və Həsən Abdullayev

Həsən Abdullayev 13 il Azərbaycan Elmlər Akademiyasına rəhbərlik edib. Onun prezident olduğu 1970-1983-cü illər akademiyanın elmi istiqamətini müsbət mənada inkişaf etdirib. Belə ki, ondan əvvəlki prezidentlər daha çox ölkə və SSRİ miqyasında akademiyanın nüfuzunu artırmaq və onun iqtisadiyyata, dövlətə müsbət təsirini təmin etmək barəsində düşünürdülərsə, Həsən Abdullayev bir fizik kimi akademiyanı dünya, əsasən də Qərb aləminə çıxarmaq, oradakı tətbiq, tədqiq üsulunu burada tətbiq etmək, ən əsası ora ilə buranın elmi potensialını müqayisə etmək istəyirdi. Onu da qeyd edək ki, akademiyada xarici dillərdə beynəlxalq elmi jurnallarda məqalələrin dərci və onların sayının çoxaldılması Həsən Abdullayevin adı ilə bağlıdır. Şəxsi təşəbbüsü ilə fəlsəfə və fiziologiya bölmələrini ayrıca instituta çevirib. Bu gün də həmin elmi qurumlar institut kimi fəaliyyət göstərir. Fəlsəfə İnstitutuna hüquq bölümü də əlavə olunub. Kosmik tədqiqatlar, foto-elektronika institutu, mikrobiologiya və molekulyar biologiya bölmələri fəaliyyətə başlayıb.

Bundan əlavə, Həsən Abdullayevin başqa bir tərəfi də Azərbaycan alimlərini bacardığı qədər xaricdə keçirilən elmi konfranslara dəvət edilməsi, həmçinin əcnəbi alimlərin buradakı konfranslara cəlb edilməsi idi. Onun prezident olduğu 13 il ərzində AMEA-ya 700-ə yaxın əcnəbi alim gəlib.

Oğlu, fizika-riyaziyyat elmlər doktoru Aydın Abdullayev atasının akademiyada gördüyü ən müsbət iş kimi onun məktəb yaratmasını qeyd edir. Onun fikrincə, bir məktəbi yaratmaq alim fəaliyyətinin ən pik nöqtəsidir. Qeyd edək ki, Həsən Abdullayev Azərbaycan elmində yarımkeçiricilər fizikasının banisidir.

Nobel mükafatçısına öyrətdikləri.

2000-ci ildə fizika üzrə Nobel mükafatı laureatı, yarımkeçiricilər fizikası üzrə mütəxəssis, Belarus alimi Jozef Alfyarov tələbə yoldaşı və eyni sahə üzrə araşdırmaçı həmkarı olan Həsən Abdullayev haqqında çox maraqlı xatirəni qeyd edib. Bir neçə il bundan öncə AMEA-ın təşkil etdiyi elmi konfransa qatılan Nobel mükafatçısı mərhum akademik haqqında bunları deyib:

“Məni Həsən Abdullayevlə çox böyük dostluq telləri birləşdirir. O, fizikanın, yarımkeçiricilərin inkişafında çox böyük işlər görüb. Onun Nasledovun laboratoriyasında necə işləməsi indi də yadımdadır. Biz institutun köhnə dəhlizlərində çox zaman bərabər gəzişərdik. O, dəhlizdə uzun-uzadı davam edən söhbətlərimiz zamanı fizika ilə bağlı çox orijinal fikirlər söyləyərdi. Bir dəfə növbəti gəzişmə zamanı yarımkeçirici cihaza çox gözəl izah verdi. Uzun müddətdən sonra bu istiqamətdə tədqiqlər başlananda o, getrokeçidin nə olduğunu zarafatyana aydınlaşdırdı. Dedi ki, bu keçidlər müxtəlif millətlərdən olub nikah bağlayan oğlanlar və qızlar kimidirlər. Onların çox yaxşı uşaqları olur. Onun bəzi fikirləri bizim üçün də orijinal idi”.

Dünyanın Aya baxışını dəyişdirdi.

Onun tədqiqatlarından sonra Aya tamamilə başqa gözlə baxıldı. Belə ki, Mendeleyev cədvəlinin 34-cü elementi olan və yunanca “ay” mənasını ifadə edən selen elementinin insan orqanizminə təsirini ilk dəfə tədqiq edən alimlərdən biri H.Abdullayev olub.

Həsən Abdullayevlə bir zamanlar yaxın dost olan akademik Məhərrəm Məmmədyarov bu məqam haqqında maraqlı detalı diqqətə çatdırır:

“Bir neçə il bundan əvvəl “Komsomolskaya pravda” qəzetini mənə göndərdilər. Orada selen elementi haqqında bir məqalə var idi. Mendeleyev cədvəlinin 34-cü elementi selendir. Elm hələ indi bilir ki, selensiz insan orqanizmi mövcud ola bilməz. Çünki insan gözündə və qaraciyərində, o cümlədən başqa yerlərdə selen elementi var ki, o insanın həyatı üçün çox əhəmiyyətlidir. Qəzetdə də vurğulanırdı ki, alimlər bu faktı indi desələr də, SSRİ-nin gənc alimi Həsən Abdullayev o haqda çox əvvəllər yazmışdı”.

Doğurdan da Həsən Abdullayevin selenlə bağlı elmi araşdırmalarından sonra Aya tamam başqa gözlə baxıldı. Onların gözündə Ay, sadəcə olaraq səma cismi deyildi. O, artıq insan sağlamlığının təbii mənbələrindən biri hesab edirdi.

Akif Əlizadənin “balta” səhvi.

AMEA-nın hazırki prezidenti akademik Akif Əlizadə Həsən Abdullayevin alim kimi güclü intuisiya və biliyini göstərmək üçün maraqlı bir epizod danışır. Həmin epizod 1977-ci ilə – Abdullayevin prezident olduğu dönəmə təsadüf edir:

“Mən bir epizodu xatırlamaq istəyirəm. Burada həm Həsən müəllimin uzaqgörənliyi, həm də onun intuisiyası görünür. 1977-ci il ildə bizim geoloqlar yanıma gəlib dedilər ki, Akif müəllim çox böyük bir hadisə baş verib. Belə ki, Qafqaz dağlarında almaz yataqları tapmışıq. Təbii ki, bu çox təmtəraqlı səsləndi və mən də akademiyanın prezidenti Həsən müəllimə bu haqda məlumat verdim. Səbirlə dinlədi, sonra ehtiyatla mənə tərəf dönüb dedi ki, “bəlkə birdən o almazlar buruq qazma baltasından düşər?”. Dedim ki, “Həsən müəllim bu ola bilməz. Çünki bir qrup rus və Azərbaycan alimləri özləri o kəşfə müsbət rəyini veriblər. Rəydə bildirilir ki, o almazdır”. Amma o, yenə də ehtiyat etdi. Dedi ki, “bu səhv olsa, akademiya üçün heç də yaxşı olmaz”. İş elə gətirdi ki, çox keçmədən geoloq qrupu mənimlə əlaqə saxlayıb dedi ki, əslində tapılan almaz yatağı deyilmiş.

Doğrudan da, baltadan düşən, sürtülmüş almazlar olublar. Mən o zaman Həsən müəllimin alim kimi dərrakəsinə təəccüb etdim. Peşəkar geoloq olmasa da, o bu səhvin qarşısını aldı”.

Tarzən Ramiz Quliyev akademiki necə ağladıb…

Həsən Abdullayevin maraqlı tərəflərindən biri də musiqinin, xüsusən də muğamın, tarın vurğunu olması idi. Bəstəkar Fikrət Əmirovla çox yaxın dostluq münasibətləri var idi. Böyük bəstəkar ona tar da bağışlamışdı. Xalq artisti, professor Ramiz Quliyev akademikin tar sevgisi haqqında maraqlı bir hadisəni danışır:

“Moskvada yığıncaqların birində özü məni çağırıb dedi ki, bunlar üçün bir “Şur” ifa elə. Tarın vurğunu və bilicisi idi. Hətta mənim tarı necə kökləməyimə də diqqətlə baxırdı. “Şur” ifa edəndən sonra dedi ki, bir mahnı var, “Kimlər gəldi, kimlər getdi”, mənim o mahnıdan çox xoşum gəlir. Onu da ifa etdim. Bir də gördüm ki, Həsən müəllim, o boyda cüssəyə malik olan bir insan kövrəlib ağlayır”.

Bu həqiqətən də maraqlı bir epizoddur. Çünki ətrafın çox güclü bir adam bildiyi, hətta qışda da dənizdə çimən və eyvanda gecələyən nəhəng cüssəli Həsən Abdullayevi heç kim ağlayan görməmişdi.

Lütfi Zadənin məktubu.

2008-ci ildə dünya çaplı böyük alimlərdən biri Lütfi Zadə Həsən Abdullayevin qızı Sevda xanıma onun atası ilə bağlı bir məktub göndərir. Məktubun məzmununu təqdim edirik:

“Əzizim Sevda!
Sizin atanızın xatirəsinə öz töhfəmi vermək istərdim. 1965-ci ildə Bakıda səfərdə olduğumuz zaman atanızın dəvəti ilə sizin evdə olmaq xoşbəxtliyi mənə də nəsib oldu. Sizin atanız məndə çox dərin təəsürat yaratmışdı. Elmin və alimlərin cəmiyyətdə tərifli yer tutduğu sovet erasının yetirməsi idi. O, çox hörmət qazanmıdşı. O, dahi alimlərdən də böyük alim idi. Özünü Azərbaycanın elm və mədəniyyətinə həsr edən böyük insan idi. Uzun müddətdir ki, aramızda yoxdur, amma onun irsi hər zaman yaşayacaq.
Sevgilərimlə Lütfi”.

Mənbə. Elmin Nuri.
6 Fevral 2015 modern. az.

Materialı təqdim etdi: Məhəmməd İsrafiloğlu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir