Həzrəti Nuhla xilas və ərazi

   Tarixi mənbələrdən Azərbaycan və şərqlə – qərb arasında yerləşən Naxçıvan bir çox tarixçilərin, səlnaməçilərin əsərlərində özünəməxsus yer tutub.

    Şərqlə – qərb arasında yerləşən Naxçıvan öz ərazi və tarixi mərhələləri ilə yanaşı, tarixi şəxsiyyətləri ilə tanınıb, məhşurlaşıb, diqqət cəlb edib.

    Azərbaycan və Naxçıvan ərazisi bir də İşıqlar, odlar yurdu kimi də yaddaşlarda, tarixlərdə qalıb.

    İşıq, od, alov dedikdə O, ümid, hərəkət verici, nizamlayıcı, bərabərləşdirmə, bölmə, hasilə (nəticəyə) gətirməklə həcm qədəri vermə, məsafələşdirmə, rəng bölgüsü (spektral) temperatur hədlərini bərabərləşdirmə, yaradıcı və s. anlamı daşıyıb.

    Naxçıvan ərazisində məskunlaşan ilk insanlar oturaq həyatı sürməklə, İşıq anlayışını yaradıcılığa ilkin başlanğıc olduğunu dərk ediblər.

    Ərazilərini və özlərini İşıq daşıyıcıları olduqlarını anlayaraq, O yaradıcı İşıq  şərtlərini pozmadan qoruyurdular.

    Bu anlayış, bu davranış ərazisini və əhalini hifs etməklə yanaşı onları elmə, yaradıcılığa, düşünməyə, düşündürməyə sövq edirdi.

    Bunlar ilkin səbəb daşıyıcısı olmaqla yanaşı bir də xilas və xilas olmaq idi.

    Tarixlərdə həzrəti Nuh dövrü tufanı var. Sonrakı mərhələ həzrəti Nuhun o ərazidən Gəmi – qaya, Ağrı – dağ arasında o ərazidə xilası və xilaskarlığı dövrü var.

    Çox – çox qədim tarix iki mərhələyə bölünüb. Həzrəti Nuh dövrü tufanına qədər olan mərhələ mədəniyyətlər, həzrəti Nuh dövrü tufanı və o  mərhələdən sonrakı dövr.

    Çox düşündürücü bir məqam ondan ibarətdir ki, yer kürəsi boyu baş vermiş o tufana səbəblər nə idi və o dəhşətli tufandan həzrəti Nuh və o ərazidə məskunlaşan insanların xilas olmağına səbəb nə idi?

    Həzrəti Nuhun o tufandan xilaskarlığı eyni vaxtda o ərazi ilə xilası idi.

    Tarixlərdə, səmavi kitablarda bizə gəlib çatan həzrəti Nuh tufanı, xilaskarlığın yaddaş daşıyıcısı olmaqla çox önəmli tarixi bir faktdır.

    Tarixlərdən indiki dövrə qədər gəlib çatan o dəhşətli tufandan, Naxçıvan ərazisi və əhalisi xilas oldular.

    Çünki o ərazidən tufana qədər də,tufan ərəfəsində də insanlar İşığı, Tenqrini, Tanqrını, Tanrını çağırırdılar.

    Amma ən ağır bir mərhələ ondan ibarət idi ki, dalğaların hündürlüyü və səsi ilə yanaşı, qaralmış, tündləşmiş buludlardan aramsız yağan güclü yağış, daha vahiməli daha qorxulu idi.

    Günəşin görünməməsi belə bir təəssürat yaradırdı ki, xilas olmaq mümkünsüzdür. İnsanlar vahimə içərisində səmada günəş işığını, səmtini axtarırdılar.

    Ümid və xilas bir ərazi, bir də çökmüş qaranlıq arasında İşığa idi. Çağırış bir Tenqri, bir də İşığa idi.

    Tufan, aramsız yağan yağış, günlərin sayını itirmişdi.

    Səmanın tədricən işıqlanması, tufanla yağışın sakitləşməsi,  xilas olmağa daha da böyük inam yaradırdı.

     İnsanların xilası, qara, qalın buludlar arasında günəşə, O İşığa idi.

    Amma qara buludlardan dayanmayan, aramsız yağan yağış və su dalğaları arasında İşığın olmaması daha da qorxulu vahiməli idi. Bu “son gün, son gecə” – yə bənzəyirdi.

    Tufan, yağış tədricən sakitləşməyə başladığca səmanın işıqlanması, buludların çəkilməsi, günəş işığının görünməsi böyük xilas ümidi gətirdi.

    Sonrakı mərhələlərdə xilas olmuş o əhali daşğın vaxtı öz haray və səslərini yad edərək günəşi tufanın dayanmasına yaddaş edərək, İşığın görünməsindən başlanmasını şadlıqla, rəqslə yad edərək insanların xilası simvolu günəşi bildilər.

    (K.Brüllovun “Pompeyin son gecəsi” rəsm tablosunda insanın nə qədər ümidsizlik içərisində olduğu təsvir olunub)

    Həzrəti Nuh ailəsi ilə yanaşı xilas olan o insanlar yaddaşlarında daha dərin bir iz qoyan İşıq çağırışı, günəş işığının çağırışı və o çağırışdan, o ərazidən xilas olmaları mühim bir hadisəyə çevrildi.

    Sonrakı mərhələlərdə İşığı başlanğıc və xilas, Tanrı hifz edici, xilas edici kimi yaddaşlarda daha dərin kök saldı.

    Həzrəti Nuh ailəsi və o dövr insanlar o ərazini, o coğrafiyanı, o xalqı, dili, o dövrü, o milliyəti, o adətləri bəyan etməklə yanaşı ( dominant) aparıcı bir funksiya daşımaqla xilas olmuş, o insanları Kainata, elmlərə çağırmaqla bir daha “insanlar Kainatın və Yaranışın bir parçası olduğunu” və ayrılmaz olduğunu bəyanlaşdırdı.

    Həzrəti Nuh ailəsi və o dövr insanları tufan mərhələsində Gəmi – qaya və Ağrı – dağ arasında xilas ola bildilər. Tufana qədər o ərazinin coğrafi adlığı mövcud idi. Sonrakı tarixi mərhələlərdə bu ərazi Həzrəti Nuhun adı ilə bağlı olan bir çox yeni ad daşıyıcısına çevrildi.

    Sonrakı mərhələlərdə o xilas anını, ümid anını günəş işığı ilə başlanmasını yaddaşlarda və günəşə təşəkkürlülük rəmzi olan dinamik rəqslə ifadə etməyə başladılar.

    Gündüz vaxtları o iştirakçılar yarım dairədə üzü günəşə doğru dayanaraq, barmaq – barmaqdan tutaraq ritmik rəqslə şadyanalıqla o hərəkət dinamikalarını içra etməyə başladılar.

    Yarım dairədə dayanmaq ona işarə idi ki, o rəqs iştirakcıları günəş işığına və onunla üz – üzə dayana bilsinlər. Gecə vaxtı isə günəşin simvolu olan işığa yalov, halov, alov kimi ad verib yaddaş daşıyıcısına gətirdilər.

    Çox – çox sonrakı tarixi mərhələlərdə o icranı Yallı kimi adlandırmağa başladılar.

    Yallı Həzrəti Nuh dövrü tufanından sonrakı mərhələlərdə ilk şadlıq dinamik rəqsi kimi, Gəmi – qaya, Ağrı – dağ, arasında Nuhaşan (Nuraşan) o əraziyə məxsusdur.

    Yallı janr kimi Naxçıvan ərazisinə kənardan gəlməyib. Yallı tutmaq, o tarixi hadisənin bir xilas, bir sevinc icrasıdır, onun tarixi çox – çox qədimdir.

    Babalarımız , atalarımız həmişə Naxçıvan toy məclislərində mütləq qaydada yallı tutmaqla, mə`şəllər yandırmaqla o ərazidə xilas, təşəkkür, işığa ümid kimi baxıblar.

    Yallı rəqs qruplarında qırmızı geyinməklə və başda olan yallı aparıcısının bir əlində mütləq olaraq qırmızı dəsmalla ifa ediblər. Qırmızı işığın, istinin tərənnümçüsüdür.

    Yallı janrı nəfəsli musiqi aləti olan zurna ilə icra olunur.

    Zurna, dəm zurna, davul yallı iştirakçılarını müşayiət edir.

    Zurna musiqi aləti səs tembrinə görə aparıcı, bütün musiqi səslərini bir yüksək səs nizamına səsləyir.

   Musiqi aləti olan zurna aparıcı bir səs olmaqla yanaşı, eyni vaxtda ərazi ad daşıyıcısıdır, necə ki, Zurvan, Zəngəzur, Astazur və s.

    O zurna səsi çox uzaqdan eşidilsə də onun səs tezliyi, səs tembri, məsafəyə görə dəyişmir. Eyni səs tembrini, dəyişməz saxlayır. Çağırır, səsləyir, oyadır, düşündürür, əhval – ruhiyyəni yaxşılaşdırır.
   Zurna musiqi səsi mətinlik, şücaət, qəhrəmanlıq, əziyyətlərə sinə gəlmək, özünü təsdiq etmək, gizliləri bəyan etmək, qaranlıqlar arasında xilas və nicat çağırışıdır.

    O musiqi aləti, kainat səsinin incə bir səs tərənnümcüsüdür.

      O dövr insanlar tufana qədər də tufan ərəfəsindən sonra da, yenə də bir inam daşıyıcıları olaraq qaldılar. Onlara mə`lum idi ki, işıq yaradıcı və törədicidir.

   İşıq, o işıqdan isti, o istidən yalov, halov, alov törəyər. O alova, o istiyə ki, bütün canlı varlıqlar, kütlələr, cisimlər, bütün bəşəriyyət o alova istiyə möhtacdırlar və möhtac olaraq da qalacaqlar.

    Kainatlar da O Mütləq İşığa, istiyə möhtac yarandılar.

    Yer kürəsinə Günəş olmasa, işıq olmaz. İşıq olmasa, isti olmaz. İsti olmasa, hərəkət olmaz əkin olmaz, biçin olmaz və nəticələr olmaz. İnsan, canlı törəməz. O dövr insanların xilasına səbəblərdən biri də bunlar idi.

Urfani yallı rəqsi Ur – mi ( uç səmt) ur – va ( o lavaş yapılanda, oxlovla xamır arasında sərf olunan un miqdarıdır). O urfa, bir – birliyə yığma funksiyası daşıyıcısıdır.

    Yallıda urfanı ərazi və birlik anlayışı daşıyıcısı olmaqla, şadlıq daşıyıcısıdır.

    Bütün yuxarıda deyilənlər ustad tarzən Əkrəm Məmmədlinin oğlu Kə`nan Məmmədli ilə birlikdə yallılarımızı toplamağı və onları nota salması, nota gətirməsi çox böyük bir tarixi hadisədir.

    Naxçıvan ərazisinin özü maraqlı bir ərazidir.

    Naxçıvan ərazisində çox maraq doğuran təbii göl var.

    O göl, Naxçıvan şəhərindən 80 km məsafədə Şimali – Şərq istiqamətdə, Kiçik Qafqaz sıra dağlarının Zəngəzur dağ silsiləsində Şahbuz ərazisində Batabat yaylağındadır.

   Yaylaqda, Zor – bulaq yaxınlığında göl yerləşir.

   Zor bulağın suyu o gölə axmır.

   Maraqlı cəhət bundan ibarətdir ki, Zor – bulaq yaxınlığında yerləşən (orta su tutumlu) təbii göl, oval (ellepsoid) tiplidir.

   Oval tipli o göl günəşin çıxma və batma vaxtının tam göstəricisi modelidir.

   Göl daxilində həmişə hərəkət edən ada, yerin günəş ətrafında hərəkət vaxtını bildirir.

   Göl daxilində hərəkət edən ( o ada oval tiplidir) ada, Cənubdan, Şimala ovalın uzununa tən bölən xətt üzrə hərəkət edir. Göl quruluşu, Cənubla, Şimalı göstərir.

   Sübh günəşi Uş ərəfəsində, ada gölün cənub sahilində dayanır.

   Gün çıxdıqdan sonra, gün ərzində o ada Cənub sahilindən, Şimal sahilinə tərəf düz xəttlə hərəkət alır.

   Çox maraqlı hal, günəşin çıxma anından, günəşin qüruba çatdığı vaxtda ada Şimal sahilə çatır.

   Günəşin gün ərazində qət etdiyi məsafəni hərəkətdə olan ada şimal sahildə tamamlayır.

   Gün batmağına baxmayaraq gecə boyu o ada cənub sahilə doğru dayanmadan hərəkət edərək sübh günəşini gölün cənub sahilində qarşılayır.

    Yəni gün o biri yarım kürəyə keçməyinə baxmayaraq ada o günəş hərəkətini sinxron müşayət edir.

    Bu hərəkətlə göl daxilində o ada, heç vaxt hərəkət sür`ətini dəyişmir gün işığının ( hava buludlu olsa da, qış fəsli olsa da) yer kürəsinə düşməsini və yer kürəsinin günəş ətrafında bucaqda yer dəyişməsini karıxmadan “qeyd” edir.

    Bu gölün ( orta su tutumlu) tarixi çox – çox qədimdir.

   Göldəki ada yer kürəsinə nisbətdə günəşin hündürlük bucağını, hərəkət bucağını dərəcə – dərəcə bölgülərinin göstəricisinə çevrilir.

   Günəşin hərəkət trayektoryasını bildirir.

   Naxçıvan ərazisindən o göl, o ada günəşi təşəkkürlə, sevinclə müşayət edir.

   Naxçıvan şəhərində maraqlı bir arxitektura incisi də qaya silsiləsi üstündə inşa edilmiş Mömünə – Xatun türbəsidir.

   Türbə on kitabədən ibarətdir. O, əzəmətli türbə bir dayaq üstündə inşa edilibdir. O türbənin on kitabəsi mə`na daşıyıcısıdır. Yə`ni səhər günəşi çıxdıqda hansı kitabəni işıqlandırırsa (Şərqdən) günün qürubunda Qərbdə o kitabəni işıqlandırmaqla tamamlanır.

   Əbubəkr Əcəmi Naxçıvani Mömünə – Xatun türbəsini müqəddəs qaya silsiləsi üzərində inşa edib.

   O qaya silsiləsinin müqəddəslik, hifs edici, xilas edici xususiyyəti var.

   Qaya silsiləsi indiki Xal – Xal meşəsindən yuxarıya Şimali – Şərq səmtdən başlayır. Naxçıvan şəhərindən keçməklə Nehrəm kəndinin, Əshabül – Kəhf ( yeddi kimsənələr) istiqamətində Araz çayına yaxın hissədə sönür.

   O qaya silsiləsindən çox saylı su çeşmələri, kəhrizlər axır.

   Naxçıvan şəhərində Sarvanlar məhəlləsinin başlanğıcında (Şimal səmt) çeşmə var. O qaya silsiləsi üzərində Cənuba doğru Kəblə Musa çeşməsi yerləşir. Təxminən 2,5 km sonra Qızlar bulağı yerləşir. (O Qızlar bulağı sıldırım qayalar arasında qaya daşlarından çox təmiz, sərin su sızır. O qayaların yuxarı hissəsindən dəfələrlə, kəl arabası, at arabası, yaşlı adam, uşaq ehtiyatsızlıqdan hündürlükdən qayalar arasına düşməsinə baxmayaraq, sağ qalmaqla yanaşı heç bir yara da almayıblar. Əhali qaya hissəsinin müqəddəslik daşıyıcısı olduğuna bir daha əmin olublar)

   Sarvanlar məhəlləsində o qaya silsiləsi üzərində ağır seyyidlər Miriş ağa, Mirişlilərin evləri yerləşirdi. Sonralar onların evi yerində möhtəşəm məscid kompleksi inşa edildi.

   Qızlar bulağı ardınca təxminən 1 km məsafədə Mömünə – Xatun türbəsinin aşağı hissəsində əvvəllər çeşmə axırdı.

   Türbənin o sahədə, yüksəklikdə inşasının üç mə`nası var idi. Əvvala müqəddəslik daşıyıcısı qaya silsiləsi, səhər günəşinin çıxma və batmasında türbənin işıq əhatəsində olması və o türbənin (Xan diki də deyilir o sahəyə) aşağısından axar çeşmə, türbəni yer altı sulardan, nəmişlikdən qoruma anlamı daşıyıb.

   Amma türbənin aşağısından bir vaxtlar axan çeşmə gözü tutulduqdan yer altı sular geriyə sıxıldığından türbə nəm çəkmə səbəbindən Şimal səmti güclü nəmişlikdədir.

   Mömünə Xatun türbəsindən sonra həzrəti Nuh məzarı, Nuh məqbərəsi yerləşir.

Həzrəti Nuh məqbərəsi yüksəklikdə həmin qaya silsiləsi üzərindədir.

   Onun aşağısında da çeşmə axır. O axar çeşmə də, üzərində həzrəti Nuh məqbərəsi, Mömünə Xatun türbəsinin yerləşməsi, möhtəşəm Məscid kompleksi, Qızlar bulağı və s. Mə`na daşıyıcılarıdır.

   Onlar yer seçməyiblər, o yer onları seçib. Şəhərdə Sarvanlar məhəlləsi də o qaya silsiləsi üzərində yerləşir.

   Şəhərdə dörd yol deyilən yerdən yollar ayrılır – Şimala doğru: Şahbuza, Qərbə doğru: Şərura, Şərqə doğru: Ordubada, Cənuba doğru: Naxçıvan şəhəri yerləşir.

   Naxçıvan ərazisi çox – çox qədimdən duz yolu kimi və Naxçıvanda olan çox elastik və Şəffaf ipəyinə görə İpək yolu kimi də tanınıb, tarixləşib. Tarixi mənbələrdə öz yerini həzrəti Nuhla da tapıb.

   Azərbaycan və Naxçıvan ərazisi İşıq ərazisidir. Tarixlərdən mə`lumdur ki, Azərbaycan və xüsusi ilə Naxçıvana bir çox sərkərdələr qoşunla hərbi yürüşlər ediblər. Naxçıvan ərazisinə, işıq ərazisinə, sahib olmaq istəyiblər. Naxçıvan əhalisi mətinliklə mübarizə apararaq, hər bir döyüşcü bir sərkərdə olub.

   Amma o yürüşlərin sonluğu, o sərkərdə və qoşunu bir müddətdən sonra o ərazidən geriyə dönüblər. Onunla da o sərkərdə və qoşun, öz ərazisi ilə süquta məhkum olunublar.

   Çünki, Azərbaycan ərazisinin ilkdən İşıq Sahibi var, Mütləq olan O İşıq Sahibinə isə, sahib olmaq olmaz.

Vahid Rzayev.

“Azad Azərbaycan” – qəzetində 24.06.2014 N 87 (2532)

çap edilmişdir.

 

Bu məqalə: 17.06.2014 tarixdə, baxış sayı: 2.014, www.aqra.az saytının Elm kateqoriyasının Fəlsəfə bölməsində dərc edilmişdir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir