Hüseyn Cavid və ümumbəşəri problemlər
Tarixdən bu günə bizə miras qalmış ədəbi, bədii, yaxud fikir mirasına baxdıqda bir həqiqətin şahidi oluruq: yalnız özünü, öz eqosunu, öz dar ailə və ya qövm maraqlarını deyil, hətta özünün mənsub olduğu milli maraqlarını deyil, yalnız bəşəriyyəti düşünən, onun dərdləri ilə dərdlənən və bu dərdlərə çarələr təklif edən şəxslər, ədiblər, mütəfəkkirlər bizim günlərədək yaşaya bilib, bizə irs qoyub gediblər. Ədəbi tariximizdə qürurla adlarını çəkdiyimiz Xaqani, Nizami, Nəsimi, Füzuli, Vaqif, Cəlil Məmmədquluzadə, Sabir, Üzeyir Hacıbəyli və onlarla başqaları məhz buna görə – dünyanın dərdi ilə yükləndiklərinə görə adlarını qəlbimizə, tariximizə həkk etmişlər. Başqa sözlə, onlar öz xalqının mənsubu olmaqla yanaşı, bütün bəşəriyyətin dəyərinə çevriliblər. Onların arasında heç şübhəsiz, Hüseyn Cavid öz layiqli yerini tutur.
Hüseyn Cavid bütün yaradıcılığı ilə, belə demək mümkündürsə, ilk qələm təcrübəsi ilə bu cür geniş düşünən, bu cür böyük dərdlərlə dərdlənən qələm sahibi olduğunu göstərə bilib və bütün yaradıcılığı ilə ümumbəşəri dəyərlərin təbliğatçısı olub. Bəlkə elə buna görə bir çoxları onu anlaya bilməyib, bəzilərinin həsədinə, bəzilərinin qısqanclığına səbəb olub, başı min bəlalar çəkib, amma bu idealından – dünyanın dərdi ilə dərdlənməkdən vaz keçməyib. Onu anlamayanlara, onu tənqid edənlərə də həyat fəlsəfəsini aşağıdakı misralarla ifadə edib:
Bən fəqət hüsni-Xuda şairiyim,
Yerə enməm də, səma şairiyim.
Məncə, bu misra Hüseyn Cavidin nə qədər geniş baxışlı, geniş düşüncəli, nə qədər dünya dərdlisi olduğunu anlamamız üçün kifayətdir. Yaxud onun aşağıdakı dördlüyünə baxaq:
Həzz etmədim firqədən, cəmiyyətdən, Zövq almam hərbdən, siyasətdən, Bir şey duymam fəlsəfədən, hikmətdən; Mənim ruhum gözəllikdir, sevgidir.
Baxın, bu fikirləri ilə Hüseyn Cavid sanki bizi on əsr geriyə aparıb “Eşqdir mehrabı uca göylərin/ Eşqsiz, ey dünya, nədir dəyərin?” deyən dünya şairi Nizami ilə eyniləşir. Cavid üçün siyasi qruplaşmalar, hərbi ideologiya, fərdi ağlını önə çıxaran fəlsəfə, başqalarına dərs vermək kimi ideyalar heç bir dəyər kəsb etmir, onun həyat fəlsəfəsi gözəllikdir, sevgidir. Çünki insan başqalarında nöqsanları, qüsurları deyil, gözəllikləri axtararkən böyüyür, kin, nifrət, qısqanclıq, ədavət daşıyıcısı olaraq deyil, sevgi, mərhəmət, şəfqət daşıyıcısı olaraq əsl mahiyyətini kəsb etmiş olur.
Hüseyn Cavid əsərlərinin çoxunda insanı eqosundan uzaqlaşmağa, humanistləşməyə çağırır. Eqonun önə çıxmasının ümumbəşəri problemlərin qaynağı olduğunu isbatlayır. Hüseyn Cavid bu ideyası, bu fikirləri ilə bu gün dünya ədəbiyyatında daha çox tanınmış ədiblərdən daha irəli gedir, daha böyük idealları tərənnüm edir. Məsələn, “İblis” faciəsində onun tərənnüm etdiyi ümumbəşəri problemlər daha dərin çalarları ilə diqqət çəkir. Əsərdə müəllif insan oğlunun məruz qaldığı bir sıra mühüm problemləri gözlərimiz önünə sərir. Dar, sırf insanın eqosuna bağlı eşq, din adına şəxsi mənfəətləri naminə hər rəzalətə əl atan miskinlər, inqilab, ümumi səadət naminə ideyalarla meydana atılıb insanları məhv edən ideologiya təmsilçiləri, yalnız öz dar oliqarxik mənafeləri naminə milyonları məhvə sürükləyən müharibə dəllalları və sair bu kimi ümumbəşəri problemlərin mənbəyini, həm də yeganə mənbəyini açan müəllif insan nəfsinə işarə edir, bütün bəla və müsibətlərin qaynağının məhz nəfs – eqo olduğunu göstərir. Əsərin sonunda İblis inanları ittiham edərkən bunu göstərir, ümumbəşəri problemlərin səbəbini bir sillə kimi üzümüzə vurur:
Olduqca müsəllət sana bil, nəfsi-ləimin,
Pəncəmdə dəmadəm əzilib qıvrılacaqsın.
Daim ayaq altında sönüb, məhv olacaqsın.
Bu möhtəşəm monoloqun müəllifi Hüseyn Cavid Hötenin “Faust”unda tərənnüm etdiyi ideyalardan daha irəli gedərək insanın necə bəlalara səbəb ola biləcək mahiyyəti ilə əsəri tamamlayır və əsərə qoyduğu nöqtə ilə insanın qəlbində yeni bir səhifə açır – özünü dərk, özünütənqid, özünəbaxış, özünütəhlil. Hamımızın əzbər bildiyi o son sozlərə bir də nəzər salaq:
İblis nədir?
– Cümlə xəyanətlərə bais…
Ya hər kəsə xain olan insan nədir?
– İblis!…
Məncə, bu son dialoq insanın həyat fəlsəfəsini dərk etməsi, iblisləşməkdən qorxub çəkinməsi, özünün əsl mahiyyətini – yaşatmaq üçün yaşamaq idealını dərk etməsi üçün verilən ən doğru reseptdir.
Yaxud yaşatmaq üçün yaşamaq idealını unudub bəşəri şeylərə uymasının hansı faciələrə səbəb ola biləcəyini tərənnüm edən “Şeyx Sənan”a baxaq. Hüseyn Cavid bu faciəsində bəzilərinin düşündüyü kimi din əleyhinə fikir irəlisürmür, əksinə, bəşəriyyətin son və qlobal dini olan İslamın təmsilçilərinin böyük qayələrdən, böyük dəyərlərdən üz çevirib fərdi dərdlərinin arxasınca düşmələrinin, böyüklükdən üz çevirməklə necə kiçilmələrinin portretini çəkir və insanın məruz qaldığı faciəni təqdim edir.
İnsan nəfsi, nəfsə qul olmağın ümumbəşəri faciələrə səbəb olduğunu Hüseyn Cavidin demək olar ki, bütün əsərlərində görürük. Ümimiyyətlə, Cavid yaradıcılığı bütövlükdə insanın öz nəfsinin – eqosunun köləsinə çevrilməsinin təkcə onun özü üçün deyil, ətrafı, daha geniş mənada bütün bəşəriyyət üçün dəhşətli təhlükə olduğu bir qırmızı xətt kimi keçir. Hüseyn Cavidə görə bütün bəşəri problemlərin səbəbi eqodur. Bu fikirlərimizi sübut üçün ilk növbədə onun “Topal Teymur” əsərinə baxmamız kifayətdir. Hətta bütün əsəri nümunə göstərməmiz də gərək deyildir, yalnız onun finalına baxmamız bütün deyilənlər üçün sübutdur. Xatırlayırsınız, əsərin sonunda iki türk xaqanının üzləşdiyi səhnədə türk qövmünün faciəsinin səbəbləri Teymurun dili ilə ifadə edilir. Amma bir qədər də diqqətlə baxsaq, bu faciəni təkcə türk qövmü ilə deyil, ümumiyyətlə, bütün müharibələrin səbəbi olaraq təqdim etdiyini görərik. Fikrimizi sübut üçün yadınıza həmin əsərdən final səhnəsini xatırlatmaq istəyirəm:
“Əsir aldığı İldırım Bəyazidə müraciət edən Teymur belə deyir: “Heç məraq etmə, xaqanım! Sən kor bir abdal, mən də dəli bir topal! Əgər dünyanın zərrə qədər dəyəri olsaydı, yığın-yığın insanlara, ucu-bucağı yox məmləkətlərə… sənin kimi bir kor, mənim kimi bir topal müsəllət olmazdı”.
Romantik ədəbiyyatın vazkeçilməz üslublarından biri ilan rəmzlərdən bacarıqla istifadə edən Cavid burada fərdi korluğu deyil, siyasi korluğu, topallıqla isə fərdi qüsuru deyil, siyasətdə topallığı, inkişafın qarşısını almağı, onu ləngitməyi, geri sürükləməyi tərənnüm edir və iki eqonun çarpışması ilə milyonların, bütün bəşəriyyətin faciəsinin səbəblərini gözlərimiz önünə sərir.
Növbəti əsərində bu ideyanı daha da dərinləşdirir, “Peyğəmbər” əsərində Hüseyn Cavid yenə böyüklük, dahilik arxasınca düşən, öz eqosunu tərənnüm edənlərin şeytanla qardaşlaşdığını, ümumbəşəri dərdlərlə dərdlənənlərin isə səmaviləşdiyini rəsm edərək bir cümlə ilə bəşəriyyətə böyüklüyün bir növ tərifini təqdim edir:
Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur, yer üzünü.
Hüseyn Cavid yaradıcılığının mahiyyəti olan ümumbəşəri problemlər və onların həlli yolları bir neçə səhifə, hətta bir neçə kitabla izah edilib başa çatdırılacaq məsələ deyildir. Şübhəsiz ki, digər yazılarda bu porblem daha geniş təhlil ediləcək.
Bəhruz AXUNDOV
Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi