“İNSAN SÖZÜ KƏŞF EDİB, SÖZ DƏ İNSANI…”
Şair Xanəli Kərimli ilə poeziya söhbəti
“Şair olmaq xoşbəxtlikdir” – deyirlər Ruhumuza sığal çəkən, könlümüzü oxşayan, bizi düşündürən, mənəviyya- tımıza təsir edən poeziya romantik duyğuların təcəssümüdür. Lakin o şair xoşbəxtdir ki, yaratdıqları özündən sonra da onu yaşadır. Əminliklə deyə bilərik ki, şair Xanəli Kərimlinin də yaradıcılığı nəsildən-nəslə keçərək onu yaşadacaq. Çünki Xanəli Kərimli “Ay işığında”, “Anamdan məktub”, “Bu da bir nağıldı…”, “Mənə elə gəlir ki…”, “Duyğularım, düşüncələrim”, “Mənim könlüm bir ümmandır”, “Payız duyğuları”, “Ahlat taşı” kimi onlarla bir-birindən dəyərli poeziya nümunələrinin toplandığı kitabların müəllifidir.
Sözün dəyərini bilən, şeiriyyətin bəstəkarı, gözəl poeziya nümunələri yaradan Xanəli Kərimli ilə olan söhbətimiz şairlər üçün əlamətdar bir günə – Beynəlxalq Poeziya Gününə təsadüf etdi.
– Şair Xanəli Kərimli üçün poeziya nədir?
– Poeziya elə bir sənət, insan qəlbinin elə bir kəşfidir ki, o bütün bəşəriyyəti irqindən, dinindən, dilindən asılı olmayaraq bir məcrada birləşdirə bilir. Poeziya geniş anlamdır, o, təkcə şeir deyil. Nə qədər varlıq, nə qədər yaranış varsa hər bir varlığın, hər bir yaranışın özünəməxsus poeziyası var. Rənglərin poeziyası var, səsin poeziyası var, memarlığın poeziyası var. Ona görə də poeziya hislərin, duyğuların tərənnümüdür və poeziyanın bayramı da azad düşüncənin, azad fikrin bayramıdır.
– Taleyinizə Şahbuz rayonunun Mahmudoba kəndində, dağlar qoynunda, zəhmətkeş bir ailədə doğulmaq və şair olmaq düşdü. Hər halda Məmməd Araz yurdunda doğulmaq, şair olmaq özü də bir xoşbəxtlikdir?
– Şairlik taleyin, qismətin işidir. Şair adını daşımaq, şair sözünün yükünü çəkmək çox çətindir. Şair hər şeydən əvvəl öz zamanının, öz dövrünün danışan dili, vətəninin çırpan ürəyi, görən gözüdür. Dünya şöhrətli Qırğız yazıçısı Çingiz Aytmatovun bir yaxşı sözü var. Deyir: “Mən bilirəm ki, xalqım mənə öz adından danışmaq etibarını, danışmaq səlahiyyətini veribsə gərək mən elə yazam, elə danışam ki həmişə xalqıma baş ucalığı gətirəm”. Yuxusuz gecələr keçirib yaxşı alim, tədqiqatçı olmaq olar. Amma şair olmaq üçün gərək anadan şair doğulasan. Şair olmaq ona görə xoşbəxtlikdir ki, sən duyğularını, hislərini, düşüncələrini sözə çevirib kiməsə ötürə bilirsən. Şair ömrü daim vətənin keşiyində olan əsgər ömürdür.
– Yaradıcılıq əhval-ruhiyə ilə sıx bağlıdır deyirlər. Hər şeir yazılmamışdan öncə ağrı-acıdan, sevincdən, həsrətdən, sevgi yanğısından doğursa ürəklərə daha tez yol tapar…
–Poeziya ovqat işidir, şair hər şeydən əvvəl öz duyğularının, düşüncələrinin, hisslərinin əsiridir. Sevgi, məhəbbət, ata, ana, ağsaqqal, əxlaq, vətən mövzusu yüz illərdir işlənir, yenə də dadı, duzu qaçmır. Ona görə ki, hər bir şair o kədərə, o sevgiyə öz möhürünü vurur, hər bir şair o vətən sevgisinə özünün dərk etdiyi sevgini yazır.
–Ayrı-ayrı dövrlərdə nəşr olunmuş kitablarınıza nəzər salanda keçdiyiniz yaradıcılıq yolunu əhatəli şəkildə izləmək mümkündür. Yazdığınız şeirlərin hər misrasında torpağa, vətənə, təbiətə və insana məhəbbət bəsləyən bir şair ürəyinin yanğısı var.
–Təbiət, cəmiyyət vahiddir. İnsan təbiətin bir parçasıdır. İnsan təbiət qoynunda olanda onda romantik duyğular, sentimental düşüncələr baş qaldırır. Çünki, insan təbiətdən gəlib cəmiyyətə. Ona görə insan təbiət ilə qovuşanda o hiss, o duyğu, ilkə qayıdış baş verir. İnsan təbiətə doğmalaşdıqca təbiətə olan duyğularını təbiətə qaytarır. Hər bir şeirin özündə də bir ictimai duyum, düşüncə var. Şair üçün təbiətin ağacı da, torpağı da, daşı da, yarpağı da hər biri bir insan obrazıdı. Çünki şair cəmiyyətə təbiətdən baxır.
–Bir bahar gününü yaşayırıq. Bu havada şairin ovqatı necədir? “Ömür bahar deyil ki, bir də qayıtsın”,- deyirlər. Siz necə düşünürsüz, baharlar olduğu kimi qayıdırmı insan ömrünə?! Hər halda belədirsə, bu, şairin gözündən yayınmır…
–Bahar həmişə gözəldir. Ama insan ovqatından çox şey asılıdır. Bahar həmişə insana zövq verir, əhval ruhiyyəsini xoş Xüsusilə şairləri ilhama gətirən fəsildir bahar. Amma şair var ki baharda daha çox yazıb yardır, şair də var ki payızda. Şair Xanəli Kərimli isə payızda daha çox yazıb-yaradır. O ki, qaldı baharlar olduğu kimi qayıdırmı ömrümüzə sualınıza, baharlar təbii ki, insan ömründə bir-birinə bənzəmir. Əlbəttə heç nə əvvəlki kimi olmur. Hər şeydə nəsə bir təzəlik olur. Ömür isə bahar kimi bir də geri qayıtmır baharına, payızlara doğru yol gedir. Hər fəslin bir gözəlliyi var sadəcə təbiətin bir parçası olan insan o gözəlliyi duymalıdır.
–Poeziya və vətən. Bu mənada şair X.Kərimlinin poeziyasında vətən anlayışı…
–Vətən mövzusu həmişə ədəbiyyatmızın başlıca mövzusu olub. Abbas Səhhət nə gözəl deyib: “Vətən əcdadımızın mədfənidir,//Vətən övladımızın məskənidir”. Vətənin yoxdusa sənin qürurun da yoxdur, arxan da, elin, oban da yoxdur, sözünün kəsəri də Vətən elə bir məhfumdur ki, ondan min ildir yazıblar, min il də bundan sonra yazacaqlar yenə də bitib tükənməyəcək. Məmməd Arazın məhşur misralarında deyildiyi kim: “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı…” Şeirlərimin birində yazmışam: “Qeyrət qılıncımız pas atsa qında, //Bizə məzarlıqçün torpaq da qalmaz”. Əgər biz vətənimizi qorumasaq dəfn olunmağa yer də tapmarıq…
–Yaradıcılığınızda fəlsəfi fikir və düşüncə aparıcı mövqe ..
–Mənim oxucuya dediklərim ilə oxucunun şeirimdən götürdükləri arasında bərabərlik bəzən pozula da bilər. Yazıdıqlarımı hər kəs eyni cür qavramır. Şair çox sey deyə bilər, oxucu isə özünün düşüncə imkanlarına uyğun olanı mənimsəyir. Fəlsəfi düşüncə mənadır, mənasız söz yoxdur. O sözün ki, mənası var onun özü fəlsəfədir. Hər bir şairin bu və ya digər şəkildə özünün fəlsəfi fikri var. O fəlsəfəni qarşındakı necə qəbul edəcək, o artıq oxucunun fəlsəfi düşüncəsindən asılıdır. İnsan sözü kəşf edib, söz də insanı, bax, bunun özü bir fəlsəfədir.
–“Şeirlərində də özü olan adam” – qələm dostlarınız sizin üçün belə deyirlər. Qismətinizə “öz taleyinizin yol yoldaşı” olmaq yazılıb…
–Şairin gərək öz yolu ola, düşüncəsi Əgər yolu yoxdursa mənzili də yoxdur. Ondan sonra deyilir ki, bu dəsti-xətt Xanəli Kərimlinindir ya da başqa şairin. Hər bir şair özündən əvvəlkilərdən bəhrələnir, sonda öz yolunu tutur. Kiminsə yaradıcılığına oxşarlıq ola bilər. Amma şair geci-tezi öz yolunu tapmalıdır.
–İllərdir yazırsınız. Yüzlərlə şeirləriniz arasında özünüzə həsr etdiyiniz poeziya nümunəsi varmı?
– “İnsan var” şeiri…Şeirdə yazmışam ki, İnsan var –
sürtülmüş çay daşına bənzəyir.
Lap üzünə tüpürsən də,
qaşıyaraq boynunu
üzünə gülümsəyir.
İnsan var –
susuz səhra daşı kimi
dəfn edibdi içində
sevincini, qəmini.
Yaşın çoxu keçsə də,
hələ tapa bilməyib
yaşamağın çəmini.
İnsan da var –
bir üzü səhra daşı,
bir üzü çay daşıdı.
Bir tikə çörək üçün
bütün ömür boyu
üzdə boynun qaşıdı,
içində qəm daşıdı.
Beş əli alımlı.
bir əli verimli,
üzü bazar,
içi azar dünyada
bəs sən kimsən –
ay Xanəli Kərimli?!.
Şair özü-özünə hesabat verməli, özündən yazmalıdır.
İçində insanlıq ölən şairin
ölü də doğulur
şeiri sənəti,
min dastan qoşsa da vətən eşqinə
bir toz qədərincə yoxdur dəyəri…
–Xanəli müəllim, gerçək şeir həm də o zaman uzun ömürlü olur ki, həm tarixə, həm bugünə, həm də torpağın ruhuna bağlı olur…
– Bu dünya bir cənnətdirsə,
O cənnətin qapısı sən!
Varım, yoxum – nəyim varsa,
Cümləsi sən, hamısı sən!
Yaşa xoşbəxt anım mənim –
Əbədi ünvanım mənim –
Doğma Naxçıvanım mənim!
Naxçıvan hamımızın döyünən ürəyidir. Naxçıvan haqqında olan duyğu, düşüncələrimiz də, sevgimiz də sonsuzdur. Nax- çıvan bəşər sivilizasiyasının beşiyi, peyğəmbərlər şəhəridir. Ona görə bu şəhəri vəsf etmək bütün zamanların şairlərinin borcudur.
Ey şəhidlər qanı ilə yoğrulan torpağım mənim,
Fırtınalar qucağında sönməyən çırağım mənim.
Sən dünyaya sığışmayan özün boyda bir qüdrətsən
Sən peyğəmbərlər vətəni
Bir müqəddəs məmləkətsən.
Müqədəs məmləkəti müqəddəs söznən gərək vəsf edəsən…
– Bu payızda 70 yaşa qədəm qoyacaqsınız. Söz cavandı, təzə-tərdi, ancaq şair qocalır…
– Qocalıq ucalıq deməkdir. Əgər taleyimə şair kimi qo- calmaq düşübsə, bu, Allahın bir lütfüdür. İnsan qocaldıqca müdrikləşir. Qaldı ki şairin qocalmağı… bu şərti ifadədir. Əgər şair 80 yaşında da gənclik həvəsi ilə yaradırsa o cavandı. Bəxtiyar Vahabzadənin bu misralarını xatırlasaq əgər… “Əsl sənətkarın, əsl şairin özü qocalsa da sözü qocalmır”. Ona görə şairlər həmişə cavandı sözü ilə, düşüncəsilə….
–Şair bir ömrün işığına nələri sığdırdı?
–Ömrün işığına sığdırdıqlarım çox oldu, amma elə şeylər də oldu ki, heç o ömrün işığına yaxın da gəlmədi. İnsan bir addım qazandıqca bir addım da itirir, qazana – qazana, itirə – itirə bu yaşa çatdıq. Aylar, illər, ailə, övlad, müəllim, şair… Bu ömür yolunda yol göstərənim də oldu, yol göstərən də
– Bir şeirinizdə yazmısınız ki,
Şair haqqın yolçusudur,
Haqq yolu kəfən yoludur.
Kəfənin özü biçənin,
Yolu da vətən yoludur.
Şair, yolunuz axarlı olsun…
Söhbətləşdi: Türkanə Əmoyeva,
“NAHÇIXAN”, 21.03.2020.
Xanəli Kərimli: Şairin könül dünyası.