İSGƏNDƏR ATİLLA-ƏSRİN ŞAİRİ (Hüseyn Cavidin həyatı, taleyi, sənət dünyası)
İsgəndər Atilla – Hüseyn Cavid irsinin görkəmli araşdırıcısı
İsgəndər Əhməd oğlu Orucəliyev 10 mart 1943-cü ildə Naxçıvan MR Şahbuz rayonunun Mahmudoba kəndində anadan olmuşdur. Böyük Vətən Müharibəsindən sonra ailəsi Naxçıvan şəhərinə köçmüşdür. O, burada tam orta təhsil aldıqdan sonra ali təhsil almaq üçün Bakıya gəlmiş, lakin müsabiqədən keçməmişdir. 1961-1969-cu illərdə Sumqayıt şəhərində yaşamış, Sintetik Kauçuk zavodunda və Neft-Kimya Kombinatında fəhlə işləmişdir. 1962-1965-ci illərdə Sovet ordusunun tərkibində Almaniya Demokratik Respublikasında hərbi xidmətdə olmuşdur. Ordudan ehtiyatda olan zabir kimi təxris edilmişdir. Sumqayıtda yaşarkən “Azad Azərbaycan” gizli təşkilatına yazılmışdır. 1967-1969-cu illərdə bu təşkilatın tapşırığı ilə ictimai yerlərdə təbliğat işi aparmışdır. DTK tərəfindən təskilatın üstü açıldıqdan sonra təhqir və təhdidlərə məruz qalmışdır… Sonralar bu təşkilatın Əbülfəz Əliyevin (Elçibəyin) rəhbərlik etdiyi təşkilat olduğu məlum olmuşdur. Təşkilatın fəaliyyəti ölkədə milli azadlıq hərəkatı ilə nəticələnmişdir.
Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) filologiya fakültəsini bitirmişdir. On beş il Dövlət Texniki Peşə Təhsili Komitəsində, beş il Respublika Tədris-Metodika kabinetində işləmişdir. Yaxşı işinə görə SSRİ Dövlət Texniki Peşə Təhsili Komitəsinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.
İşgəndər Atilla ömrünün böyük bir hissəsini elmə, təhsilə, müəllimliyə və Hüseyn Cavid irsinin öyrənilməsinə sərf etmişdir. 1982-ci ildə “Atilla” təxəllüsü götürmüşdür. 1988-1990-cı illərdə Azərbaycanda baş verən milli azadlıq hərəkatında fəal iştirak etmişdir. Buna görə çalışdığı Respublika Tədris-Metodika Kabinetində tənqidə və təhdidə məruz qalmışdır…
Hüseyn Cavid irsinə böyük maraq göstərməsi onu Cavid dünyasına yaxın olmağa və elmə həvəsləndirmişdir. Professor Abbas Zamanovun köməkliyi ilə onun rəhbər olduğu kafedranın disserantı olmuş, “Hüseyn Cavid Azərbaycan ədəbi tənqidində” mövzusunda dissertasiya mövzusu götürmüşdür. Mövzu müzakirə edilərkən mübahisələrə səbəb olmuş, bəzi filoloq alimlər ona inamızlıq nümayiş etdirmişlər. Bu zaman Abbas Zamanov onu müdafiə etmiş və demişdir: “İsgəndər mənim tələbəm olmuşdur. Mən onu yaxşı tanıyıram. O, işin öhdəsindən gələcək. Bir də ki, Cavid haqqında dissertasiya işi götürmək kişilik tələb edir.” Bununla da mübahisələrə son qoyulmuşdur. O, bir neçə ildən sonra dissertasiya müdafiə etmiş, filologiya üzrə elmlər namizədi (Filologiya üzrə fəlsəfə doktoru) alimlik dərəcəsi almışdır.
1970-ci ildə H.Cavidin qızı Turan Cavidlə tanış olmuşdur. Bu tanışlıq onun elmi yaradıcılığında, dramaturqun həyatının və yaradıcılığının daha dərindən öyrənilməsində mühüm mərhələ olmuşdur. Turan Cavidin dəvətilə səkkiz il Cavidin Bakıdakı ev muzeyində çalışmışdır. Turan Cavidə aid ayrıca kitab yazıb çap etdirmişdir. H.Cavidin ev muzeyinin təşkil edilməsi və Sibirdə qəbrinin axtarıb tapılması və nəşinin vətəninə gətirilməsi ilə əlaqədar Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə, Azərbaycan Yazıçılar İttifaqına, MK-nın orqanı olan “Kommunist” qəzetinə dəfələrlə yazılı müraciət etmişdir.
1998-2016-cı illərdə Azərbaycan Müəllimlər İnstitutunda müəllimlik etmişdir. Burada işlərkən dosent elmi adı almış və Əməkdar Müəllim fəxri adına layiq görülmüşdür. 2016-cı ildə institut Azərbaycan Dövlət Pedaqoji Universitetə birləşdirildikdən sonra o, bir neçə il burada çalışmışdır. Universitetdə işlərkən, hər zaman olduğu kimi, prinsipial mövqeyilə seçilmiş, Azərbaycan ədəbiyyatı və onun tədrisi kafedrasında dissertasiyaların müzakirəsi zamanı mövqeyini açıq bildirdiyinə görə kafedranın müdiri tərəfindən tənqidlərə məruz qalmış, sıxışdırılmış, şər və böhtanla qarşılaşmış, nəticədə universitetdən uzaqlaşdırılmışdır.
Müəllifin həyat və fəaliyyətini ətraflı şəkildə “Ata naləsi” kitabında və “Azər” epik-dramatik poeması” monoqrafiyasında işıqlandırılmışdır.
İsgəndər Atilla ömrünün 30-35 ilini Hüseyn Cavid irsinin öyrənilməsinə sərf etmişdir. Onun haqqında 10 monoqrafiya, bir neçə kitab, çoxlu məqalə çap etdirmişdir.
“ƏSRİN ŞAİRİ” SİLSİLƏSİNDƏN ÇAP ETDİRDİYİ
MONOQRAFİYALAR
- Əsrin şairi, yaxud peyğəmbər şair. Bakı, “Müəllim” nəşriyyatı, 2007.- 63 səh.
Kitabda peyğəmbər şairin 1920-1930-cu illərdə sənət və ədəbiyyatda tutduğu mövqe, ayrı-ayrı sovet şairlərinin Cavidə münasibəti işıqlandırılır.
- Hüseyn Cavidin həyatı və taleyi. Bakı, “Adiloğlu” nəşriyyatı, 2009.- 720 səh.
Monoqrafiyada Hüseyn Cavidin məhbus və Sibir həyatı daxil olmaqla, Naxçıvan, Təbriz, Urmiya, İstanbul, Tiflis və Bakı həyatı geniş şəkildə qələmə alınmış, mükəmməl işlənmişdir.
- Cavid estetikası. Bakı, “Adiloğlu” nəşriyyatı, 2010.- 416 səh.
Monoqrafiyada Hüseyn Cavidin yaradıcılığında gözəllik kateqoriyası, sənət və gözəllik problemləri, şairin gözəllik ailəmi ətraflı tədqiq və təhlil olunmuşdur.
- Hüseyn Cavid Azərbaycan sovet ədəbi tənqidində. Bakı, “Müəllim” nəşriyyatı, 2011.- 244 səh.
Monoqrafiyada Hüseyn Cavidin sovet dövründə sənət və ədəbiyyatda tutduğu mövqeyinə, onun mövqeyinin sovet tənqidçi və ədəbiyyatşünasları tərəfindən kəskin qarşılançasına, tənqid və ittiham olunmasına geniş yer verilir, münasibət bildirilir.
- Hüseyn Cavidin mənzum dramaları, birinci hissə. Bakı, “Adiloğlu” nəşriyyatı, 2010.- 436 səh.
Monoqrafiyada dramaturqun “Ana”, “Şeyx Sənan”, “Uçurum” və “İblis” mənzum dramaları tədqiq və təhlil olunur.
- Hüseyn Cavidin mənzum dramaları, ikinci hissə. Bakı, “Adiloğlu” nəşriyyatı, 2011.- 440 səh.
Monoqrafiyada dramaturqun “Peyğəmbər” və “Knyaz” mənzum dramaları nəzərdən keçirilir, tədqiq və təhlil olunur.
- Hüseyn Cavidin mənzum dramaları, üçüncü hissə. Bakı, “Adiloğlu” nəşriyyatı, 2012.- 392 səh.
Monoqrafiyada dramaturqun “Səyavüş” və “Xəyyam” mənzum dramaları tarixi aspektdə araşdırılır və təhlil olunur, bədii xüsusiyyətləri aşkara çıxarılır.
- Hüseyn Cavidin mənsur dramaları, birinci hissə. Bakı, “Adiloğlu” nəşriyyatı, 2013.- 553 səh.
Monoqrafiyada Hüseyn Cavidin “Topal Teymur” tarixi draması tarixi aspektdə araşdırılır, tədqiq və təhlil olunur, ədəbi tənqidin pyesə münasibətinə ayrıca yer verilir.
- Hüseyn Cavidin mənsur dramaları, ikinci hissə. Bakı, “Yazıçı” nəşriyyatı, 2013.- 432 səh.
Monoqrafiyada Hüseyn Cavidin “Maral”, “Şeyda”, “Afət” və “İblisin intiqamı” pyesləri ətraflı tədqiq və təhlil olunur.
- Hüseyn Cavidin lirikası. Bakı, “Müəllim” nəşriyyatı, 2018.- 432 səh.
Monoqrafiyada şairin müxtəlif zaman və məkanlarda yazdığı şeirlər araşdırılır və təhlil olunur.
- Hüseyn Cavidin “Azər” epik-dramatik poeması.- 435 səh.
Monoqrafiyada şairin “Azər” epik-dramatik poemasının yaranması, sağlığında mətbuatda çap etdirdiyi parçalar, əsərin strukturu, bədii xüsusiyyətləti araşdırılır, sistemləşdirilir və təhlil olunur.
KİTABLAR
- Ata naləsi, avtobioqrafik roman. Bakı, “Nurlan” nəşriyyatı, 2009.- 853 səh.
Kitabda İsgəndər Atillanın həyatı, həyatda qarşılaşdığı çətinliklər, oğlunu itirərkən çəkldiyi əzab və əziyyətlər təsvir edilir, ölkədə baş verən ictimai-siyasi hadisələrə ayrıca yer verilir.
- Cavidi xatırlarkən. Məqalə və xatirələr. Bakı, “Zərdabi” nəşriyyatı, 2012.- 529 səh.
Kitabda Azərbaycanın görkəmli yazıçı və sənət adamlarının, tənqidçi və ədəbiyyatşünaslarının Hüseyn Cavid haqqında yazdıqları məqalə və xatirələr toplanmışdır.
- İnsan ömrü dalğa kimi, Turan Cavid haqqında sənədli xatirələr. “Müəllim” nəşriyyatı, Bakı, 2010.- 280 səh.
Kitabda İsgəndər Atillanın Turan Cavidlə uzun illər tanışlığı, bu müddətində ondan öyrəndikləri, müşahidələri, söz-söhbətləri, görkəmli sənət adamları haqqında fikirləri və s. öz əksini tapmışdır.
- Hüseyn Cavid. Mərd olun, mərd ölün. Bakı, “Qanun” nəşriyyatı, 2010.- 288 səh.
Müəllifin bu kitabı siyasi repressiyaya məruz qalmış dramaturqun faciəsinə, ailəsinin çəkdiyi əzab və iztirablara, sovet quruluşunun eybəcərliklərinə, sovet dövləti və hökumətinin antihumanist siyasətinə həsr olunmuşdur. Əsərin adı şair repressiya olunarkən ailəsinə etdiyi vəsiyyətdən götürülmüşdür.
- Dram əsərləri, ikinci nəşri. Bakı, “Qanun” nəşriyyatı, 2010.- 144 səh.
Burada İsgəndər Atillanın iki pyesi çap edilmişdir: “Cavid” və “Aşina” (“Açina”). Birinci əsərdə böyük Azərbaycan türk şair və dramaturqunun həyat və taleyi işıqlandırılmışdır. İkinci kitab türk və çin mifologiyası və əsatirindən alınmışdır. “Canavar nəslindən törəmiş” türk oğlunun yenidən dirçəlməsi və böyük hakimiyyət və torpaqlara sahib olması təsvir olunmuşdur.
- Ömrün 13 günü…
Kitab Həmid Cəfərov, Telman Əliyev və Zakir Nəsirovun Sibirə getmələrinə, dramaturqun qəbrinin axtarıb tapmalarına, axtarışda rastlaşdıqları çətinliklərə, Cavidin nəşini vətənə gətirdikdən sonra qarşılaşdıqları haqsızlıqlara aiddir.
- Tarixə düşən izlər, tarixdə qalan sözlər…
Bu əsər Sovet İttifaqında formalaşdırılmış salafizmə, şəxsiyyətə pərəstiş, totalitarzm və avtoritarizmin sovet ideologiyasının əsaslarını təşkil etməsinə və dünya tarixində görünməmiş siyasi repressiyaların bəşəriyyət üçün təhlükəli olmasına və acı nəticələrinə həsr olunmuşdur.
MƏQALƏLƏR
- M.T.Sidqinin Naxçıvanın maarif və mədəniyyət tarixində rolu və xadimələri. AMİ-nin xəbərləri, 2012, № 2.
- 2. Hüseyn Cavid müəllim və müəllimlik sənəti haqqında. AMİ-nin xəbərləri, 2013, № 4.
- Məmməd Arazın lirikasında bədii ifadə gözəlliyi . AMİ-nin xəbərləri, 2013, № 4.
- Hüseyn Cavid və ədəbi tənqid. BDU-nun dil və ədəbiyyat jurnalı, 2015, № 2.
- Hüseyn Cavidin Şərq və türk ədəbiyyatı haqqında düşüncələri. BDU-nun dil və ədəbiyyat jurnalı, 2016, № 1.
- Hüseyn Cavid Qərb və rus klassikləri haqqında. BDU-nun dil və ədəbiyyat jurnalı, 2016, № 2.
- “Bilqamıs” dastanında və Xorxut Ata haqqında qazax əfsanələrində əbədi həyat və ölüm motivləri. “Filoloji araşdırmalar” jurnalı, 2017, № 1; Hüseyn Cavidin Şərq və türk ədəbiyyatı haqqında düşüncələri. ADPU-nun xəbərləri, 2017, № 4.
- Hüseyn Cavidin pedaqoji görüşləri. Hüseyn Cavidin Şərq və türk ədəbiyyatı haqqında düşüncələri. “Azərbaycan məktəbi” jurnalı, 2017, № 1. (Əsrin şairi-10, tam)
- Hüseyn Cavidin “Topal Teymur” əsərində vahid türk hökmdarı problemi və onun tarixi kökləri. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin jurnalı. 24-25 oktyabr 2017.
- Orta Asiya türklərinin folkloru əsasında Vladimir Jirmunskinin Korkut Ata və oğuzlar haqqında düşüncələri. Hüseyn Cavidin Şərq və türk ədəbiyyatı haqqında düşüncələri. ADPU-nun xəbərləri, 2018, № 1.
- Məhəmməd Əmin Rəsulzadə və onun “Azərbaycan Cümhuriyyəti” əsəri. ADPU-nun xəbərləri, 2018, № 2; “Kredo” qəzeti, 17 may 2018.
- Əli Sultanlı dühası və Əli Sultanlı fenomeni. “Kredo” qəzeti, 3 və 10 may 2018.
- Rus türkoloqu Vladimir Jirmunski və Oğuz qəhrəmanlıq eposu “Kitabi-Dədəm Qorqud”. “Kredo” qəzeti, 25 avqust və 28 sentyabr 2018.
- Hənəfi Zeynallı və H.Cavidin “Peyğəmbər” mənzum tarixi draması. “Kredo” qəzeti, 15, 22 və 29 noyabr 2018.
- Mir Cəfər Bağırov və Dədəm Qorqudun kitabı, yaxud “Mən eposa elə damğa vurdum ki…”. “Kredo” qəzeti, 09 may 2019.
- Hüseyn Cavidin “Peyğəmbər” əsəri və onun səhnə taleyi. “Qobustan” jurnalı, 2019, № 1.
- Əli Rza: “Söz və qan”, yaxud qan və söz. “Kredo” qəzeti, 13 iyun 2019.
- Şeyx Sənan əsatiri və Hüseyn Cavid.
- Hənəfi Zeynallı və Hüseyn Cavidin “Şeyx Sənan” mənzum faciəsi.
- Elçibəy – 80. Meydan hərəkatı – 30.
- Zaman Əsgərli. Cavidşünaslığı zənginləşdirən kitablar.
- Hüseyn Cavid və Avropa ədəbi cərəyanları.
17.07.2019
İSGƏNDƏR ATİLLA – ƏSRİN ŞAİRİ (birinci kitab): Kitabı Yüklə
İSGƏNDƏR ATİLLA – ƏSRİN ŞAİRİ (ikinci kitab): Kitabı Yüklə
İSGƏNDƏR ATİLLA – ƏSRİN ŞAİRİ (üçüncü kitab): Kitabı Yüklə