Kəmalə (Kəmalə Ağa qızı Ağayeva, 1937)
Ağayeva Kəmalə Ağa qızı şair, dramaturq, 1958- ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar mədəniyyət işçisi (1984), Teatr Xadimləri İttifaqının üzvü (1971), Əməkdar incəsənət xadimi (2002), Prezident təqaüdçüsü.
1937-cı il iyulun 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. Burada 2 saylı şəhər orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun fransız dili fakültəsində təhsil almışdır (1953-1957). Naxçıvanın Şıxmahmud kənd orta məktəbində, Naxçıvan şəhərindəki 1 saylı orta məktəbdə fransız dili müəllimi işləmişdir (1957-1961). Naxçıvan şəhər internat məktəbində fransız dili müəllimi (1961-1986), həm də C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında ədəbi hissə müdiri (1968- ci ildən) vəzifələrində çalışmışdır. “Ümid çırağı” jurnalının baş redaktoru olmuşdur (2002-2005).
İlk mətbu şeiri – “Hilal olaydım” 1957-ci ildə “Azərbaycan” jurnalında dərc ediləndən sonra fəal bədii yaradıcılıqla məşğul olmuşdur. Fransız dilindən poetik tərcümələr etmişdir. Onun “Məhsəti” (1964), “İsmət” (1972), “O, bizim dağların oğludur” (1976), eMənim tanrım gözəllikdir, sevgidir” (1982), “Apardı sellər Saranı (1986), “Göyçək Fatma” (1993), “Tıq- tıq xanım” (1996), “Məlikməhəmməd” (1998), “Sirli sözlər” (1999) pyesləri tamaşaya qoyulmuş, efirdə səslənmişdir. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Bədii tərcümə ilə də məşğul olur. Mütərəqqi Fransa şairlərindən Pol Elüar, Pol Verleni, L.Araqon və b. tərcümə etmişdir. Ümumittifaq ədəbiyyat tədbirlərində iştirak etmişdir: Özbəkistanda Azərbaycan incəsənəti günlərində (1980), Vaqif poeziya günlərində (1982), Ümumittifaq yazıçılar qurultayında nümayəndə olmuşdur (1967). Fəal ictimaiyyətçi kimi tanınır. İşlədiyi idarələrdə dəfələrlə ilk partiya təşkilatı katibi seçilmişdir. Azərbaycan KP Naxçıvan Vilayət Partiya Komitəsinin (1965-1983), Azərbaycan Yazıçılar Birliyinin təftiş komissiyasının (1981-1983) və Kitabsevərlər cəmiyyəti idarə heyətinin üzvü, dəfələrlə Naxçıvan şəhər Sovetinin deputatı olmuşdur. İki dəfə Azərbaycan KP qurultayına (XXVI, XXVII) nümayəndə seçilmişdir. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı (1965), Naxçıvan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı (1964) və iki medalla təltif edilmişdir. Amerikaya səfərində sülh və dostluq mövzusunda oxudugu şeirlərinə görə sovet səfarətxanasında fəxri təşəkkürnamə almışdır. Amerikada dostluq görüşlərinə (1979) Fransada seçilmişdir. Azərbaycan Ali soveti Rəyasət Heyətinin Fəxri fərmanı (1965), Naxçıvan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı (1964) və iki medalla təltif edilmişdir. Fatimeyi-Zəhra həzrətlərinin mövludu münasibətilə keçirilən müsabiqədə birinci yeri tutmuşdur (1994). Fransada Azərbaycan günlərində (1984), Türkiyədə Yunis İmrə günlərində (1989-1990) iştirak etmişdir.
Hazırda işləmir, fərdi yaradıcılıqla məşğuldur.
Çap olunan əsərləri:
1. Baharın sözü, B.,, Uşaqgəncnəşr, 1962,32səh., 5.000 nüs.
2. Gül yarpağı (şeiıiər), B., Gənclik, 1967, 36 səh., 8.000 nüs.
3. Sən olmasaydın (şeirlər və pyes), B.,Azənəşr,1974,139 səh.,10000n
4. Arpaçayın nəğməsi (şeirlər və poema), B.,Yazıçı,1978, 92səh.,5.000n
5. Daş piyalə, B., Yazıçı, 1982, 144 səh., 7.000 nüs.
6.О dağlarda gözüm qaldı, B., Yazıçı, 1988, 163 səh.
7 Tanrıya heyranam mən, B., Elm və həyat nəşriyyatı, 1997,160səh., 1.500 nüs.
8. Apardı sellər Saranı (pyes), B., Sabah, 1997, 72 səh., 200 nüs.
9. Məhsəti (pyeslər), İstanbul, 2001, 418 səh., 500 nüs.
10. Vətənə sevdalıyam, B., Nurlan, 2004,130 səh., 500 nüs.
11. “Bir gül kimi-ilahi şeirlər”, İstanbul, 2003, 116 səh., 500 nüs.
12. Qönçələr (uşaqlar üçün şeirlər və pyeslər), B.,Nurlan, 2005, 170 səh., 300 nüs.
13. Könül verdiyim ellər (şeirlər), В., MBM, 2006, 235 seh., 300 nüs.
14. “Əlixan məhləsi” B.2010
Çap olunmayan və ya hazırda çapda olan əsərləri:
1. “Bu dağlar ulu dağlar” (şeirlər)
2. “Xatirələr”
3. “Gözü yolda qalan var” (poema və şeirlər)
4. “Səhnəmizin pərisi” (AR-nın xalq artisti Zəroş Həmzəyeva haqqında)
5. “Uşaqlar üçün pyeslər”
Səhnəyə qoyulan və səhnəyə qoyulmayan dram əsərləri
1. “Məhsəti”
2. “İsmət”
3. “Bu bizim dağların oğludur” (Əli adlı əslən Culfa rayonunun Ərəfsə kəndindən olan bir azərbaycanlı oğlu Böyük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlara görə İtalyanın milli qəhrəmanı adını almışdır, o cümlədən İtalyanın Udino həbsxanasındakı bütün insanları xilas etmişdir.)
4. “Mənim Tanrım gözəllikdir, sevgidir” (Hüseyn Cavid haqqında)
5. “Apardı sellər Saranı”
6. “Kaman səsi” (atası Ağa Ağayevin xatirəsinə)
7. “Unudulan sözlər” (qədim sözlərimiz barədə)
8. “Sirli sözlər” (qədim sözlərimiz barədə)
9. “Gəlin”
10. “Məlikməmməd” (uşaqlar üçün)
11. “Göyçək Fatma” (uşaqlar üçün)
12. “Tıq tıq xanım” (uşaqlar üçün)
13. Məhəbbət oyunu və təsadüf (fransız dilindən tərcümə)
UNUDULMAZ GÖRÜŞ
45 ildən sonra görüşdüyüm əziz şagirdlərimə (29.06.2013-cü ildə C. Cabbarlı adına kitabxanada müxtəlif illərdə Naxçıvan şəhər Əkbər Ağayev adına internat məktəbini bitirmiş şagirdlərin müəllimlərlə görüşünün təsiri altında )
Yığılın başıma ağ güllər kimi,
Ən isti, ən əziz könüllər kimi,
Bir vaxt olduğumuz o illər kimi
İstərəm yenə də mehriban olaq.
Siz uşaq idiniz. Qocalmısınız,
Gözümdə göylərə ucalmısınız,
Məndən vəfa deyil, dərs almısınız
İndi bir-birinə biz həyan olaq.
Bilmirəm dost deyim, ya qardaş deyim?
Yaşımız üstünə gəlib yaş – deyim,
Özümü sizlərə bir sirdaş deyim,
Belə bir görüşə biz heyran olaq.
Bu gün səhər güldüm, axşam ağladım,
Sizin şəninizə şeir bağladım,
Mən bu görüşümü yadda saxladım,
Sevindik, bir az da pərişan olaq.
Bu gün mən şagirdəm, sizsə müəllim,
Oldunuz qəlbimdə xoş bir təsəllim,
İstərəm hər zaman görüşə gəlim,
Ömürlük vəfalı bir insan olaq.
KƏMALƏ müəlliməniz –
şair-dramaturq, Azərbaycan Respublikasının
əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü
29.06.2013