Körpə
Ailələrin sevinci olan dilsiz körpə…
Məhv oldu bir körpə…
Məhv edildi bir körpə…
Hələ dünyaya gəlməmiş məhv edildi…
Ana bətnində ikən ölümünə qərar verildi…
Körpə nə atasının kim olduğunu bildi, nə də anasının.
Bir dəfə cigərdolusu nəfəs almadı, bir ağız ağlamadı, bir dəfə gülümsəmədi, bu körpə…
Qaniçənlər məhv etdi körpəni…
Ana bətninə düşən dəyərli cövhər qanla qarışıb laxtalandı, sonra tədricən bərkiyib sümükləşdi, sonra ətlə örtüldü…
O əvvəl əlsiz-ayaqsız balıq görkəmi aldı, sonra quşa bənzədi, daha sonra siması tülküyə və ya canavara oxşar görkəm aldı.
Nəhayət Allahın yaratdığı varlıq insan şəklinə düşdü…
O, əvvəl dənizlərdə üzən, sonra səmada qanad çalan, daha sonra meşələrdə gəzənlərin cildinə girdi, sonda yer üzünün əşrəfi insana çevrildi.
Bəlkə ona görə insanların bəziləri çətin anda, dar məqamda balıq kimi sürüşüb aradan çıxır…
Bəlkə ona görə bəziləri ömür boyu xəyallar aləmində qanad çalır…
Bəlkə ona görə bəziləri tülkü kimi hiyləgər, canavar kimi yırtıcı olur…
Belə adamlara “qurdağızlı” deyirlər…
Bəlkə ona görə əsl insan belə azdır…
Bəlkə ona görə insanlığın nə olduğunu bilənlər belə azdır…
Məhv etdilər bir körpəni…
Bəlkə o əsl insan olacaqdı…
Bəlkə o xeyirxah, kimsəsizlərin, köməksizlərin qolundan tutan bir adam olacaqdı…
Öldürdülər bir körpəni.
Hələ kimliyi, gələcəyi məlum olmadan öldürdülər.
Heç oğlan, ya qız olduğu da bilinmədi.
Bir qaranlıq dünyadan ikinci, daha qaranlıq dünyaya gömüldü, körpə…
Bir nəslin davamçısını, bir şəcərənin ötürücüsünü məhv etdilər.
Bir körpənin nahaq qanına bais oldular…
Axı onun da yaşamaq haqqı var idi…
Bir körpənin haqqına girdilər…
Bəlkə də, gələcəkdə onu gözləyən fəlakətin qarşısını almaq üçün bu yeganə çıxış yolu idi…
Kim bilir?
Axı o, sevgi-məhəbbətdən yox, adi ehtirasdan yaranmışdı…
Öldürdülər bir körpəni…
Dünyadan bir insan azaldı…
Bir oğlan, ya bir qız məhv oldu. Bəlkə o gələcəkdə yaxşı bir ana, ya da yaxşı bir ata olardı…
Amma hələ ana bətnində ikən onun qətlinə fərman verdilər…
Ey insanlar, günahsız körpələri öldürməyin!
Öz günahkar nəfsinizi, ehtirasınızı öldürün!
Hələ dünyaya gəlməmiş körpələri öldürməyin!
Bunun cəzası çox ağır olacaq!
Çox ağır!
Gülarə Munis. AYB və AJB üzvü