Məktəbə 12 yaşında getdi, qardaşını ermənilər öldürdü, Stalinin təqibinə görə damarlarını kəsdi – Azərbaycanlı filosofun dəhşətli həyatı
Bu gün tarix və fəlsəfə elminin inkişafında böyük işlər görmüş, Azərbaycan tərcümə məktəbinin əsasını qoyanlardan biri hesab olunan, AMEA-nın Fəlsəfə İnstitutunun, Bakı Dövlət Universitetinin Fəlsəfə kafedrasının yaradıcısı akademik, filosof Heydər Hüseynovun doğum günüdür. Kulis.az bu münasibətlə alim haqqında maraqlı faktları təqdim edir.
***
Heydər Hüseynov 1908-ci il aprelin 3-də İrəvanda tacir Hacı Nəcəf Kərbəlayi Hüseyn oğlunun və Məşədi Gülsümün ailəsində anadan olmuşdur. Ailədəki altı uşağın kiçiyi olmuşdur. Heydər anadan olandan az sonra atası vəfat edir. Böyük qardaşı Yusif 1918-ci ildə erməni dəstələri tərəfindən öldürüldükdən sonra ailələri əvvəl Batuma, sonra Stavropola, axırda Bakıya köçürlər. O, özündən böyük qardaşı və anasının himayəsi altında böyüyür.
***
O, 1927-1931-ci illərdə Pedaqoji Universitetin həm şərqşünaslıq, həm də pedaqoji fakültələrində təhsil alır, ərəb və fars dillərinə mükəmməl yiyələnərək daha sonra Azərbaycan Dövlət Universitetinin ictimai elmlər fakültəsinin qiyabi şöbəsini bitirir.
***
Heydər Hüseynov gənc yaşlarında ikən poeziyaya maraq göstərir, Heydər Hüseynzadə imzası ilə şeirlər çap etdirir. 1928-1931-ci illərdə onun “Gənc işçi”, “İnqilab və Mədəniyyət”, “Qızıl əsgər” və digər qəzetlərdə “28 aprel”, “Atəşgah”, “Zərbəçi döyüşçülərə” və s. şeirləri işıq üzü görür.
Əmək fəaliyyətinə kitabxanaçı kimi başlayan Heydər Hüseynov SSRİ Elmlər Akademiyası Azərbaycan Filialı sədrinin müavini, Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti, Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunun direktoru vəzifələrinə qədər yüksəlmişdir.
***
O, 100-dən çox elmi məqalənin müəllifi olub. Onun tədqiqat obyektləri olan şəxsiyyətlər isə çox müxtəlifdir. Bəhmənyar, Nizami Gəncəvi, Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Üzeyir Hacıbəyov, Səməd Vurğun, Rusiya elm və fikir adamlarından dahi soydaşımız Mirzə Kazım bəy, Çernışevski, Mendeleyev, Radişşev və digərlərinin ictimai, fəlsəfi və elmi görüşləri Heydər Hüseynov tərəfindən ətraflı tədqiq edilmişdir.
***
Axundovu Azərbaycanın ilk materialist filosofu adlandıran alim dahi mütəfəkkirin fəlsəfəsində materiya, məkan, zaman, səbəbiyyət problemlərini araşdırmış, onu mübariz ateist kimi təsvir etmiş, fəlsəfə elmləri namizədi alimlik dərəcəsini də “M.F.Axundovun fəlsəfi görüşləri” adlı dissertasiya işini müdafiə edərək almışdır.
***
“Marksizm-leninizm fəlsəfəsini öyrənin” deyən alim elm və fəlsəfədə Marks-Engels-Lenin-Stalin partiyalılığının yorulmaz tərənnümçüsü idi. Marksizm-leninizm nəzəriyyəsini ardıcıl olaraq dinə qarşı mübarizə aparmağın prinsip və metodlarını göstərən yeganə inqilabi nəzəriyyə adlandıran ailm daxilən inanclı insan idi. Sonralar övladlarına deyərmiş ki, komsomol katibi işləyəndə gizlində oruc tuta-tuta ateizmi təbliğ edirdim.
Faşizmin tüğyan etdiyi illərdə Heydər Hüseynov faşizm əleyhinə bir çox elmi məqalələr yazıb. S. Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət arxivində Stalinin şəxsən Heydər Hüseynova göndərdiyi 27.04.1943-cü il tarixli teleqramı mühafizə edilməkdədir. Teleqramda Stalin Heydər Hüseynova salamlarını çatdıraraq, ona zirehli avtomobil və tank qüvvələrinə göstərdiyi qayğıya görə Qırmızı Ordunun təşəkkürünü bildirir.
***
Heydər Hüseynov 1948-ci ildə “Tam Azərbaycan-rus lüğəti”nin yaradılmasına görə İkinci dərəcəli Stalin mükafatına layiq görülür. Həmin dövrdə Heydər Hüseynov 733 səhifəlik “XIX əsrdə Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən” adlı fundamental əsər yazır və 1950-ci ilin mart ayında Üçüncü dərəcəli Stalin mükafatı alır. Filosofun ölümünə də məhz sonuncu adı çəkilən əsəri səbəb olur.
***
Bu əsərin yazılmasında məqsəd Azərbaycan fəlsəfə tarixinin əsaslarının sistemli şəkildə hazırlanmasından ibarət idi. Kitab çap olunandan sonra dostu Səməd Vurğun kitabın bir nüsxəsini SSRİ Yazıçılar İttifaqının baş katibi, Stalin mükafatları üzrə komissiyanın sədri Aleksandr Fadeyevə göndərir. Əsər tezliklə yüksək mükafata təqdim olunur.
***
Artıq Heydər Hüseynov yaradıcılıq şöhrətinin zirvəsində idi. Onun bu şöhrətini həzm edə bilməyənlər Heydər Hüseynovu Mircəfər Bağırovun gözündən salmağa çalışırdılar.Əsərin bir neçə səhifəsi onun düşmənlərinin əlinə bəhanə vermiş olur. Belə ki, əsərin Mirzə Kazımbəylə bağlı olan hissəsində SSRİ “əleyhinə” olan “dəlillər” aşkara çıxarılır. Heydər Hüseynovun tarixi faktlara əsaslanıb Şeyx Şamili milli qəhrəman, xalq azadlıq hərəkatının rəhbəri kimi təqdim etməsi Mircəfər Bağırovun qəzəbinə səbəb olur.
***
Mircəfər Bağırov 1950-ci il fevralın 14-dən 15-nə keçən gecə Heydər Hüseynovu yanına çağıraraq ondan yanlış düşündüyünü, mətbuatda Şeyx Şamilin türk və ingilis casusu olduğunu söyləməsini tələb edir, lakin o, buna razı olmur. Bəzi mənbələr Bağırovun ondan xəbərsiz kitab yazıldığını, üstəlik mükafata da layiq görüldüyünü bilib qəzəbləndiyini də qeyd edirlər.
1950-ci ilin mayında Kommunist Partiyası Mərkəzi Komitəsinin büro iclasında Heydər Hüseynovsərt tənqid olunur. Onun 19-cu əsrdə Qafqaz fəlsəfi fikrinə dair tədqiqat işi müridizmin təbliği, sufizmin bəyənilməsi kimi qəbul edilir. Qeyd olunur ki, kitabda İmam Şamil mütərəqqi və demokratik bir lider, həmçinin azadlıq fenomeni kimi göstərilir ki, bu da marksist ideyalara ziddir, “Şamil millətçi hərəkatın nümayəndəsi idi və türk sultanı ilə ingilis kapitalizm maraqlarına xidmət edən şəxs olub”. Beləliklə Nazirlər Soveti qarşısında Heydər Hüseynovun Stalin mükafatlarından məhrum edilməsi haqqında vəsatət qaldırılır və vəsatət təmin edilir.
***
Heydər Hüseynov isə aldığı hər iki Stalin mükafatını uşaq evlərinə və müharibə əlillərinin hesabına keçirmişdi.
***
Filosof Kommunist Partiyasından çıxarılır və Elmlər Akademiyasındakı vəzifələrindən azad edilir. Dövlət orqanları və bəzi həmkarları tərəfindən əsassız təqiblərə məruz qalan və həbs ediləcəyini duyan Heydər Hüseynov çıxış yolunu intiharda görür. O, 1950-ci ilin avqustunda damarlarını doğrayır, lakin akademik Topçubaşov onu ölümdən xilas edir.
***
Akademikin elmi katibi işləmiş ədəbiyyatşünas İmran Seyidov söhbətlərinin birində həmin günü beə xatırlayır: Bir gün H. Hüseynov tezdən MELİ-yə (Marks-Engels-Lenin institutu) gəlir və direktorun stolunda müavini E.Tokarjevskini görür. Tokarjevski bildirir ki, tezdən zəng edib ona direktorun yerində əyləşməyi tapşırıblar. Son zamanlar işə əsəbi gələn Hüseynov oradan Akademiyadakı kabinetinə qayıdıb qapını içəridən bağladı. Bir az sonra katibə mənə xəbər verdi ki, içəridən bağırtı səsi gəlir. Amma mən heç nə eşitməmişdim. Qapıya yaxınlaşdıq. Kabinetdən xorultunu xatırladan sanki bir kar səs kəsilib qurtarmaqda idi… Xoşbəxtlikdən ehtiyat açar katibədə idi. Cəld qapını açdım. H.Hüseynovun gözləri yumulmuşdu, ancaq hər iki biləyindən qan axırdı… Yanaşı stolun üstündə qana bulaşmış ülgüc vardı. Gözlərini açıb, əli ilə ona toxunmamağı işarə etdi”.
Dəhşətli vəziyyətlərdən biri odur ki, həmin an kabinetə nə qədər adam, o cümlədən Akademiyanın sonrakı prezidenti M.Əliyev də gəlsə, heç kəs cürət edib H.Hüseynova kömək əlini uzada bilmir. Yalnız MK-ya zəng edib, oradan razılıq alınandan sonra yaxınlıqda olan “Leçkomissiya”ya (indiki Urologiya İnstitutuna) götürülüb ona yardım edilir. Lakin, təqib və təhqirlərə dözməyən H. Hüseynov 1950-ci il avqustun 15-də özünü asaraq intihar edir. Stalin vəfat edəndən sonra bəraət alan alim 1958-ci ildə Fəxri xiyabanda dəfn edilir.
***
1998-ci il “Rezonans” qəzetinə müsahibəsində qızı Sara deyir ki, atam nikbin adam idi. Yaxşı tar çalıb oxumağı vardı. Allaha inanırdı, Sovet vaxtı bunu gizlətsə belə. Ata nənəm, babam namaz qlıb, oruc tutan idilər. Son vaxtlar özünə çox qapanmışdı: “ …16 avqust 1950-ci il. Dəfnində yaxın dostları belə gözə dəymədi. Tələbələrinə də cənazəsinə yaxın durmağı qadağan elədilər. Yoxluğun, itkinin bütün ağrılarını ailəmiz – anam, biz tək çəkdik. Həmin gün qapımıza möhür vurdular. Gedəsi yerimiz yoxuydu. Heç kəs bizi evinə buraxmırdı. Axırda qonşuluqda yaşayan rus qadın bizi evinə gətirdi. Saat 3-də beş hərbçi gəlib evimizi alt-üst elədi. Atamın sənədlərini, məktublarını, kitablarını yığıb apardılar.
***
Tələbəsi, AMEA-nın Fəlsəfə və Hüquq institunun əməkdaşının dediklərindən: “O vaxt Heydər Hüseynova görə universitetdə tələbələrə “gözün üstə qaşın var” deyən yox idi. Damarlarını kəsməyə məcbur olandan sonra xəstəxanada müalicə olunurdu. Heç kəs yanına getmirdi. İnstitutla əlaqəsi ancaq mənimləydi. Yay tətili idi. Onu xəstəxanadan çıxarıb evə gətirmişdilər. Getdim ki, sağollaşıb, rayona qayıdım. İçəri girəndə dəhşətə gəldim. O boyda kişi əriyib yumağa dönmüşdü. Onu dilə tutdum, dedim, mənimlə Şuşaya – dincəlməyə gedək. Tərəddüd etdi. Camaatın ona münasibətini düşünürdü. Elə həmin vaxt eşitdim ki, universitetin rektoru Qarayev məni axtarır. Getdim, sevinə-sevinə bir sənəd verdi ki, qaç, bunu Heydərə çatdır. De ki, sentyabrın 1-də Azərbaycan Pedaqoji Universitetinə fəlsəfə müəllimi təyin olunur. Bu, o demək idi ki, Heydər Hüseynov artıq bəraət alıb. Tələsik onlara getdim. İçəri girdim ki, hamı kefsiz, əlləri qoynunda oturub. Kağızı verdim, sevindilər. Müəllimim mənə on kitabın sıyahısını verdi. Dedi ki, bu kitabları mənə gətirərsən, dərs başlayana kimi bir az məşğul olaram. Bu, bizim axırıncı söhbətimiz oldu. Mən rayona gedib, tez də qayıtdım. Eşitdim ki, özünü öldürüb. Evlərinə getdim, gördüm meyit ortadadı.
***
“Yuxarı”dan tez-tez zəng vururdular. Deyirdilər, tez olun, camaat işdən çıxmamış dəfn edin. Hardansa bir yük maşını da göndərdilər. İndiki Xalq Təsərrüfatı İnstitutunun tinindən burulanda 10-15 tələbə bizə qoşuldu. Qəbiristanlıqda tələbələrdən biri mənə yaxınlaşdı ki, bizə göz qoyurlar. Doğrudan da, həndəvərimizdə yad adamlar vardı. Ancaq onsuz da iş-işdən keçmişdi. Onun dəfnində iştirak elədiyimə görə ertəsi gün məni aspiranturadan qovdular. Onun təkrar özünə qəsd eləməyini ağlıma sığışdıra bilmirdim. Çünki o, övladlarının taleyinə laqeyd qala bilməzdi. Həm də, APİ-yə müəllim təyin olması onda nikbin ruh yaratmışdı. Bütün bunları fikirləşəndə ürəyimə damırdı ki, onun ölümündə kiminsə əli var. Mənə elə gəlir ki, onun şəxsi sənədləri araşdırılsa, bu həqiqəti üzə çıxaran nəsə tapıla bilər”.
Mənbə: www.kulis.az