Marağa alimləri Çində rəsədxana inşa ediblər

Hələ Marağa rəsədxanasının tikintisi davam etdirilən zaman, orada xeyli təcrübə topladıqdan sonra Cəmaləddin az-Zeydi Buxari, Çin alimi Fao Mun-Çi ilə birlikdə 1265-ci ildə Azərbaycanın hüdudlarını tərk edib Çinə yollanırlar. Onlar iki ildən sonra Çinə çatırlar. Azərbaycanda aparılan elmi tədqiqatlarla öz həmkarları ilə bölüşən Fao Mun-Çi, az bir zamanda nəinki yaşadığı əyalətin Nankin şəhərində, hətta imperator sarayında da böyük hörmətlə tanınır.

    Elmin bütün sahələrinə diqqət yetirən Çin imperatoru Xubilay xan (1256-1295) cavan alimin gördüyü işlərlə tanış olur və ona fəaliyyətini davam etdirmək üçün yaxşı şərait yaradır.

    Çin dilində yazılmış “Yuan sülaləsinin tarixi” adlı əsərindəki mənbədən və Azərbaycan tarixçisi Rəşidəddinin göstərdiklərindən aydın olmuşdur ki, hələ Xubilay xandan əvvəl Menqu xan Hülaku xana tapşırıq vermişdi ki, həşşaşilərin qalaları alınanda və Nəsirəddin azad olduqdan sonra rəsədxana tikmək üçün onu Çinə göndərsin. Hülaku xan da müəyyən bir vaxtdan sonra Kuhistan ismaililərinin qalasını ələ keçirir, lakin Azərbaycanın gənc alimi, müəyyən səbəbləri bəhanə gətirərək, Çinə getməkdən boyun qaçırmışdı. Bu səbəbdən Pekində rəsədxananın tikintisinə başlamaq üçün Fao Mun-Çi Nəsirəddin Tusinin yanına Marağa şəhərinə göndərilmişdi.

    Əlbəttə, sonradan Çinin taxt-tacına yiyələnən Xubilay xan imperiyanın paytaxtı Xanbalıq şəhərində möhtəşəm bir rəsədxana tikdirmək fikrinə düşmüş və bu işdə praktik cəhətcə təcrübə toplamaq üçün, Fao Mun-Çini Marağaya, Tusinin yanına göndərmişdi.

    Nəzəri cəhətdən hazırlıqlı olan peşəkar astronom Cəmaləddin Çin təqvimini tərtib etmək işi ilə məşğul olur və onun təklifinə əsasən Çində “Van Yan Li” – “On min ilin hesablandığı təqvim” adı ilə məşhur olan təqvim qəbul olunur. Daha doğrusu o, hesablamaları Yuan dövründən aparılan və eyni zamanda həmin dövrün cədvəlindən istifadə olunan təqvimdə böyük düzəlişlər aparmış və onu dəqiq şəkildə, bütün incəliklər nəzərə alınmaqla yuxarıdakı ad ilə imperator Xubilaya təqdim etmişdi.

    İş ondadır ki, Çində xüsusən də saraya yaxın olan dairədə kifayət qədər astronomlar vardı, lakin onların heç birisi dəqiq təqvim hazırlayıb ortaya qoya bilməmişdilər. Bu isə böyük baş ağrısına çevirilmişdir.

    Cəmaləddin Xanbalıka (Pekin) gələn kimi imperatora Günəş saatı, Yer və Göy qlobusları hədiyyə gətirmişdi. Marağa alimlərinin səsi-sorağı bütün imperiyaya yayılmışdı və hər bir hökmdar elə məşhur alimlərin sarayında qalıb xidmət etməsini arzulayırdı. Həmin dövrdə mövcud olan astronomiya elminə peşəkarcasına yiyələnmiş Cəmaləddin aparılacaq rəsədxana tikintisinin tə`limatları ilə (bu sahədə mütəxəssislər, xüsusən də mühəndislər hazırlayırdı) eyni zamanda, Çindən qərbdə yerləşən ölkələrin astronomik cihazlarını tərtibatı ilə məşğul olmuş və onları “Yuan-şi” adlı traktatında qeydə almışdı. Həmin traktatın “Tyan-Ven” – “Astronomiya” adlı bölümündə o, qeydə alınan cihazların xüsusiyyətindən və işlətmə üslubuna geniş yer veribdir.

    Onu da qeyd etmək lazımdır ki, Marağadan gələn alimlər Çində triqonometriyanın inkişaf etdirilməsində mühüm rol oynamışdılar. Şəxsən Cəmaləddinin özü bir neçə riyaziyyatçını yetişdirmiş və həmin alimlər gələcəkdə inşa edilən rəsədxanada aparıcı mütəxəssislər kimi fəaliyyət göstərmişdilər.

    Marağadan gələn alimlərin xidmətlərini nəzərə alan imperator, hörmət əlaməti olaraq 1271-ci ildə müsəlman astronomlarının İnstitutunu təsis edir. Xanbalıkın şərq divarları yaxınlığında Azərbaycan astronomları tərəfindən rəsədxana tikilir.

    Elmə və mədəniyyətə diqqətlə nəzər yetirən Xubilay xan nəhəng “Yuan” imperiyasının hökmdarı idi və ümid edirdi ki, azərbaycanlıların köməyi ilə çin ustaları Marağa rəsədxanansına oxşar tikinti kompleksini Pekin şəhərində inşa edə biləcəklər.

    Böyük hazırlıq işlərindən sonra XIII əsrin 80-ci illərində Xanbalıq şəhərində, Çinin həmin dövrdə tanınmış astronomu Qo Şu-Çinqin başçılığı altında və Fao Mun-Çinin iştirakı ilə rəsədxana inşa edilir. Orada istifadə olunan bütün cihazlar, demək olar ki, Marağadakı mütəxəssislər tərəfindən ixtira olunmuşdur. Bu cihazlardan Armilyar dairəsi, Fırlanan kvadrantı, Göy qlobusunu və s. göstərmək olar.

Bu fakt tarixi mənbələrdə öz əksini tapmışdır. Çinin tarixi mənbələrində qeyd olunub ki, Cəmaləddin az-Zeydi Buxari Çinə gələrkən, özü ilə Marağa rəsədxanasının cihazlarının kiçik modellərini və onların çertyojlarını gətirmişdi.

    Ümumiyyətlə, Tusinin başçılığı altında ixtira edilmiş astronomik cihazlar, öz dövrünə görə ən azı 200 illik bir dövr ərzində, rəsədxanalarda işlədilən astronomik cihazların ən dəqiqi sayılırdı. Həmin cihazlar dövrümüzə qədər Çində (Pekin rəsədxanasında) salamat qalmışdır.

    Marağa rəsədxanasında “Zic Elxani” astronomik kataloqu yardılanda, Çinin 27 yaşayış məntəqəsinin coğrafi koordinatları da orada verilmişdir. Çində triqonometriyanın və astronomiyanın inkişafında Marağadan gələn astronomların da böyük rolu olmuşdur.

    Fao Mun-Çinin ölümündən sonra onun bütün ləvazimatları və sənədləri ölkənin böyük kitabxanalarında eksponat kimi nümayişə çıxarılır. Bir neçə ildən sonra həmin materiallar tədricən qoyulduğu yerdən yoxa çıxmağa başlamışdı.

 

                                                                                                                   Yazıçı-tədqiqatçı Ramiz Dəniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir