Marağa rəsədxanasının banisi Nəsirəddin Tusi

Bundan sonra yüz illər keçsə belə, Nəsirəddin Tusinin elmi irsi tədqiqatçılar üçün zəngin elmi dəfinə kimi görünəcək. İndiyənə qədər Azərbaycan aliminin ərsəyə gətirdiyi elmi işlərinin demək olar ki, azacıq bir hissəsi araşdırılaraq tam tədqiq edilmişdir. Acınacaqlı haldır ki, Nəsirəddin Tusinin həyatından bəhs edən bir çox sənədlərin səhifələri hələ də acılmamışdır.

Güclü idrak sahibi olan alimin ensiklopedik biliyə malik olması, onun elmi-bədii irsinin zənginliyi ondan xəbər verir ki, o, Azərbaycan ölkəsi tərəfindən bəşəriyyətə bəxşiş edilən bir elmi incidir. Zamanına görə Elmlər Akademiyasının məcmuusini özündə cəmləşdirən N.Tusinin necə bir fenomenal alim olduğunu, bizlər bütün dünyaya bəyan etməliik. Bir çox elmlərin arxeoloqu sayılan Nəsirəddin Tusi nəinki Azərbaycanın, Yaxın Şərqin və ya Türk dünyasının, hətta bütün Yer kürəsinin istedadlı və bənzərsiz dühalardan biridir.  

       Marağa rəsədxanasının banisi Nəsirəddin Tusi  –  birinci yazı 

XIII əsrdə zəmanəsinin görkəmli filosofu, astronomu, riyaziyyatçısı, tarixçisi, coğrafiyaşünası, maliyyəçisi və hüquqşünası sayılan Azərbaycan alimi-Tusi təxəllüsünü götürmüş Mühəmməd ibn Mühəmməd ibn Həsən Nəsirəddin Tusi (1201-1274) Azərbaycanın mərkəzində yerləşən Marağa şəhərində, şəxsən özü-öz layihəsi ilə 1259-cu ildə rəsədxananın təməlini qoymuş və 12 ildən sonra tam istifadəyə veriləndə 3 il orada (1271-1274) işləmişdir. Amma buna baxmayıaraq rəsədxananın təməli qoyulan vaxtdan başlayaraq­­­­ orada elmi tədqiqat işləri aparılırdı.

İlk müəllimi atası, sonrakı müəllimləri isə Bəhmənyar və Əbu Əli ibn Sina məktəbinə mənsub olan müəllimlər olmuşdur. Tarixi sənədlərdə N.Tusinin müəllimlərinin adı qalıbdır. Birinci müəllimi Sədrəddin Sərxəsin tələbəsi Fəxrəddin Dəmadi olmuşdur. Sərxəsin müəllimi isə Əbül Abbas Lövkərinin tələbəsi Əfzələddin Gilyani idi. O, isə öz növbəsində Əbu Əli İbn Sinanın tələbəsi görkəmli Azərbaycan alimi Bəhmənyardan təhsil almışdır. Tusinin ikinci müəllimi Qütbətdin Misri, üçüncü müəllimi isə rəqqaslı saatın ixtiracısı və “Zic Əkbər əl Hakimi” adlı astronomik kataloqun müəllifi Yunis Misri olmuşdur. Aldığı hərtərəfli və dərin biliklər Tusini az bir vaxtda elmi mühitdə məşhurlaşdırır. 

N.Tusinin irsi bütün Yaxın və Orta Şərqin ensiklopedik bilik xəzinəsi olmaqla bərabər Şərqin tərkib hissəsi kimi Azərbaycan xalqının düşüncə tərzinin formalaşması və inkişafında da özünəməxsus yer tutur. Onun elmi-bədii irsinə mədəniyyət tariximizin Renessans (İntibah) dövrünə məxsus mənəvi sərvətlərimizin tərkib hissəsi kimi baxmağa və qanuni varislik hüququmuzu bildirməyə haqqımız var. Buna haqq qazandıran əsas amil N.Tusinin zəngin elmi-bədii irsinin ümumbəşərliyi qədər milli təfəkkür tariximizə uyğunluğu və onun sonrakı inkişaf qaynaqlardan biri olmasıdır, Azərbaycan oğuz- türk etnosuna mənşə bağlılığıdır. 

Bütün Şərq aləmində gördüyü elmi işlərə görə Nəsirəddin Tusi dahi alimlər Əbu Əli ibn Sina, Əbu Reyhan Biruni və Hamid Əl Xocəndi qədər məlum və məşhur alim olmuşdur. 

N.Tusinin irsinin öyrənilməsində “Kebricin İran tarixi” (ingilis dilində) adlı çoxcildli ensiklopediyanın müəllifləri böyük əmək sərf emişdilər. B.Baylın (Mançest universiteti), A.Bauzənin (Neapolun şərqşünasılq institutu), Y.Rıpkanın və başqa alimlərin məqalələrində N.Tusinin çoxcəhətli elmi fəaliyyətinə yüksək qiymət verilib, onun tərəfindən yaradılan Marağa rəsədxanasının elmi nailiyyətləri geniş işıqlandırılır. 

Onun ensiklopedik biliyə malik olması, bütün ətrafdakılara məlum idi. Məhz buna görə də Kuhistan ismaililərinin rəhbəri Nəsirəddin Möhtəşəm onu fəxri qonaq kimi öz sarayına dəvət edir və gənc alimə, Məmun Akademiyasının alimi Əbu Əli Miskvihin“Təhzibül əxlaq” (Əxlaq təmizliyi) əsərini ərəb dilindən fars dilinə tərcümə etməyi təklif edir. N.Tusi həmin təklifdən boyun qaçırır və bildirir ki, o, özü bu mövzuda, Miskvihindən daha dəyərli əsər yaza bilər. 

N.Tusi 1235-ci ildə öz vədini yerinə yetirərək, bütün Şərqdə çox böyük şöhrət tapmış “Əxlaqi-Nasiri” əsərini hazırlayır və hökmdara təqdim edir. Əsərin nüsxələri qısa müddət ərzində Qafqaz, İran, Orta Asiya, Hindistan və başqa ölkələrdə yayılır və onun bir nüsxəsi ilə Menqu xanla, Hülaku xan da tanış olur və nəticədə Tusiyə böyük hörmət və inam bəsləyirlər. 

N.Tusi “Əxlaqi-Nasiri” əsəri  ilə Şərq xalqlarının elm-maarif və pedaqoji fikir tarixinə Şərq xalqlarının əxlaq nəzəriyyəçisi kimi daxil olmuşdur. 

Ədalət naminə demək lazımdır ki, N.Tusiyə dünya şöhrəti qazandıran onun riyaziyyat və nücum elmlərinə aid yazdığı “Zic Elxani” kimi əsəri və Marağa rəsədxanasıdırsa, onu Şərq xalqlarına sevdirən “Əxlaqi-Nasiri” əsəri olmuşdur. Məzmununun ictimai, iqtisadi, siyasi, əxlaqi, fəlsəfi və tərbiyəvi səciyyəsi baxımından bu əsər xüsusi əhəmiyyətə malikdir. Onun 700 ildən artıq bir müddət ərzində Orta və Yaxın Şərq məktəblərində əxlaq dərsliyi kimi böyük şöhrət tapması da bununla izah olunur. Bu kitab çoxlu miqdarda üzü çıxarılaraq xalq içərisində yayılmışdır. “Əxlaqi-Nasiri” özündən əvvəl Yaxın və Orta Şərqdə hökm sürən əxlaqi-fəlsəfi və pedaqoji fikirlərin bir növ yekunudur. Tədqiqatçılar çox haqlı olaraq belə fikirdədirlər ki, son 700 il ərzində fars dilində “Əxlaqi-Nasiri” kimi ikinci bir orijinal əsərin yaranmasına hələ təsadüf edilməmişdir. 

N.Tusi həmin əsərində özünün mahir bir müəllim, gözəl bir tərbiyəçi olduğunu nümayiş etdirmişdir. İnsanda olan fitri qabiliyyət və istedadlar, mühitin və şəraitin insana təsirindən geniş bəhs edən müəllif bu işdə təlim və tərbiyənin son dərəcə böyük rolunu həyati misralarla nümayiş etdirmişdilər. 

“Əxlaqi-Nasiri” əsəri “Müqəddimə və kitabın yazılmasının səbəbi”, “İlk qeydlər və elmlərin bölgüsü”, 3 məqalədən və 30 fəsildən ibarətdir. 

Yalnız yüksək savada, tərbiyəyə, qabiliyyətə, danışıq tərzinə malik olan bir adamın qələmindən etika və estetikada ölməz əsər sayılan “Əxlaqi-Nasiri” kimi fəlsəfi və tərbiyəvi əsər çıxa bilərdi. Belə bir vətəndaşla nəinki alimin soydaşları və ya həmvətənləri, hətta bütün dünyanın sakinləri fəxr etmək imkanına malikdirlər. 

Əsər hazır olandan bir qədər sonra N,Tusi həbs edilir və həşşaşilərin “Əlamut” (“Qartal yuvası”) qalasına göndərilir. Müəllifin həbs olunmasına dair bir neçə səbəb göstərirdilərsə, onlardan ən düzgünü bu cür ola bilərdi: “Əxlaqi-Nasiri” əsərində nəzərə çarpan mütərəqqi fikirlər müsəlman ruhanilərini qəzəbləndirmiş və bu da onun həbs olunmasının həqiqi səbəbi ola bilərdi. 

N.Tusi “Əlamut” qalasında sürgün həyatı keçirir. Qəsrdən çıxmaq hüququ əlindən alınmış alim ismaililərin yanında keçirdiyi 20 ildən bir qədər artıq müddətdə dözülməz mənəvi sıxıntılara baxmayaraq, bir neçə elmi əsər yaza bilir: “Əxlaqi-Nasiri”, “Şərhül-İşarət”, “Təhrir Məcəsti” (“Almagest”), “Təhrir Öqlidis” (birinci redaksiya). Adı çəkilən sonuncu kitabı o, 1248-ci ildə və bundan sonra isə həmin kitabın ikinci redaksiyasını (13 hissədən ibarət olanını) yazmışdır. 

Tusi 1242-ci ildə tamamladığı “Şərhül-İşarət” (Əbu Əli ibn Sinanın “İşarət” adlı fəlsəfi risaləsinə şərhlər) əsərinin sonunda yazır: “Mən bu kitabın əksər fəsillərini olmazın dərəcədə ağır bir şəraitdə yazdım. Ürək bundan artıq sıxıntı çəkə bilməzdi. Mənim bu kitabı yazdığım vaxtın hər fəsiləsi qəmlə, əzabverici qüvvə, hayıfsılanma və böyük hüzn ilə dolu idi. Mən bu kitabı elə bir şəraitdə tərtib etmişəm ki, hər bir anda mənim üstümdə cəhənnəm odu yandırılır və üstündən qaynar su tökülürdü”. 

Alimin sarsıntısını və iztirabını başa düşmək çətin deyil. O, araşdırma işləri ilə məşğul olmaq üçün mühüm kitabxanalardan məhrum edilmişdi. Ona görə ki, “Əlamut” qalasını tərk etməyə Tusiyə qadağan qoyulmuşdu. Ona fiziki işgəncələrdən çox, mənəvi əzablar verilirdi. N.Tusinin qalada yazdığı bütün elmi əsərlər ciddi nəzarət altında yazıldığından, yoxlamalara məruz qalırdı. Bunula belə alim “Əlamut” qalasında ağır bir şəraitdə, özünün ölməz əsərlərini yaradır. 

Çingiz xanın nəvəsi Hülaku xan öz ordusu ilə Azərbaycanın sərhədinə yaxınlaşanda xanın göndərdiyi cəsuslar N.Tusinin nə qədər müdrik alim və aqil insan olduğunu hökmdara izah edirlər. Halbuku xan qiyabi olsa da, Azərbaycan alimi barəsində çoxlu müsbət fikirlər eşitmişdi. Alimlərə və ümumiyyətlə, aqil insanlara möhkəm pərəstiş edən Hülaku xan “Əlamut” qalasını mühasirəyə alır. 

Onun qoşunları 1256-cı ildə fətholunmaz “Əlamut” qalasını tutur, N.Tusini və digər alim məhbusları azad edirlər. 

Tusinin şanı-şöhrəti bütün ətraf yerlərə yayıldığından, onun varlığına hörmətlə yanaşılırdı. Alim “Əlamut” qalasında saxlanıldıı bir zaman onun nəslinin bir çox nümayəndələri, o cümlədən ailəsi Həmədan şəhərində yaşayırdı. N.Tusinin müasiri olan tarixçi Rəşidəddin Fəzlullah Hülaku xanın alimə necə hörmət bəslədiyi barəsində yazırdı: “Elə ki aşkar edildi və səhih çıxdı, Xacə Nəsirəddin, Rəşiddövlə və Müvafiqəddövlənin oğulları açıq ürəklidir və onların mənşəyi Həmədan şəhərindədir, bunlar böyük və hörmətli təbiblərdir, onların hamısına Hülaku xan nəvaziş və hörmət göstərdi, onlara nəqliyat vasitələri verdi ki, öz ailələri, qohumları, ev adamları, itaətlərində olanları, müridlərini onun (Hülakunun) hüzuruna gətirsinlər və onun zat-ailələrinin xidmətində saxlasınlar”. 

N.Tusi qaladan azad edilən kimi ilk vaxtdan monqol hökmdarının məsləhətçisi təyin edilir. Elə ilk günlərdən alim Hülaku xanın bir çox siyasi tədbirlərinin həyata keçirilməsində məsuliyyəti öz üzərinə götürür. 

Növbəti yazıda alimin “Zic Elxani” astronomik kataloqu sayəsində Amerika qitəsinin X.Kolumb tərəfindən necə kəşf edildiyi göstəriləcək. 

RAMiZ DƏNİZ, YAZIÇI -PUBLİSİST

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir