Maral və donuz (təmsil)
Acgöz Donuz meşədə
Hər nə gəldi yeyirdi
Haram şeylər xoşlayır
Belə yaxşı, deyirdi.
Hələ bir gün hədd aşıb
Rişxənd etdi Marala
Dedi: Sənə baxdıqca
Düşürəm haldan-hala.
Niyə otu, yarpağı
Bircə-bircə seçirsən?
Hətta təmiz suyu da,
Püləyərək içirsən.
Həm də elə qürurlu
Şux dayanıb baxırsan
Gözlərinlə qəlbləri
Yandırırsan, yaxırsan.
Bir de görüm, ey Maral!
Nədir bunun səbəbi?
Səni görən Bülbülün
Cuşa gəlir hey, təbi.
Maral dedi: Ey Donuz,
Səbəb birdir, halalıq!…
Bunu bacaran kəslər
Sanki dəryada, balıq.
O daima paklaşır
Uzaqlaşır çirkabdan
Get-gedə cənnət olur
Onun gözündə hər yan.
Bir az dinləyib Donuz
Qəfil çıxdı özündən
Dedi: Heç nə qanmadım
Danışdığın sözündən?!
Məgər başımı sən tək
Mən dik tuta bilmərəm?!
Bacarmasam bu işi
Candan keçib, ölərəm!
Sonra Donuz çalışdı
Tutsun Maraltək başın
Ancaq mümkün olmadı
Əydi üzün, göz-qaşın.
Onun uzun sifəti
Əcaib hala düşdü
Bunu görən heyvanlar
Baxıb xeyli gülüşdü.
Maral dedi: Ey donuz,
Aşağı sal, başını
Sən ki ata bilmirsən
Haramların daşını.
Halal yeməyən canlı
Başın dik tuta bilməz
Olmaz məğrur duruşu
Nə də, üz-gözü gülməz.
Valeh Heydər