Müəllim, ziyalı, şair Vahid Aslan barədə

Tərcümeyi-hal

Vahid Aslan (Əsgərov Vahid Aslan oğlu) 1972-ci il sentyabrın 29-da Gədəbəy rayonunun Parakənd kəndində anadan olub.
1979-1989-cu illərdə Parakənd orta məktəbində təhsil alıb.
1989-1994-cü illərdə Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun riyaziyyat-inforimatika fakültəsində təhsil alıb.
1994-1995-ci illərdə təyinatla Şəmkir rayon Şeyidlər kənd orta məktəbində ixtisası üzrə müəllim işləyib.
1995-1998-ci illərdə Gəncə şəhər məişət xidməti kollecində müəllim işləyib.
1998-1999-cu illərdə Bakı şəhərində həqiqi hərbi xidmətdə olub.
1999- 2002-ci illərdə Daşkəsən rayonunda müəllim kimi fəaliyyət göstərib.
2002-ci ildən Bakı şəhərində fəaliyyət göstərən “Vektor” Beynəlxalq Elm mərkəzində redaktor vəzifəsində çalışıb. Eyni zamanda 2003-2008-ci illərdə həmin mərkəzdə nəşr olunan “Vektor” Elm Jurnalının redaktoru olub.
2005-2007-ci illərdə Dnepropetrovsk Milli Universitetinin Bakı filialında müəllim işləyib.
2007-2009-cu illərdə Respublika Təhsil Şurasında İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb.
2008-ci ildən Sabunçu rayonu 311 saylı orta məktəbdə ixtisası üzrə müəllim işləyib.
2010-cu ildən ziyalıların təbliği istiqamətində fəaliyyət göstərən “Müəllim sözü” qəzetini, 2012-ci ildən isə beynəlxalq “Mir Cəlal” elmi-ədəbi mükafatını təsis edib. Eyni zamanda “Müəllim sözü” qəzetinin baş redaktorudur.
Vahid Aslan fəaliyyətinin ilk dövrlərindən paralel olaraq pedaqoji sahədə həm də jurnalistika və bədii yaradıcılıq sahəsində uğurlu fəaliyyət göstərib. Belə ki, o, hələ 1993-1994-cü illərdə tələbə ikən Gəncə televiziyasında diktor kimi fəaliyyət göstərib və o zamanlar döyüş bölgələrinə ezam olunan yaradıcı kollektivin tərkibində əsgərlərlə görüşlərdə iştirak edərək döyüş bölgələrindən reportajlar hazırlayıb.
Vahid Aslan Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür. Dərc olunan kitablarına və yaradıcı uğurlu fəaliyyətinə görə 2012-ci ilin may ayında Prezident təqaüdünə layiq görülmüşdür. “Qızıl qələm”, “Vətən” və “Araz” ali-ədəbi mükafatlarına layiq görülmüşdür. Dəfələrlə xarici ölkələrdə azərbaycan ədəbiyyatını uğurla təmsil etmişdir. 7 kitab, 2 monoqrafiya və 200-dən artıq məqalənin müəllifidir.
Onun ssenarisi əsasında Azərbaycan Dövlət Radiosunda Qarabağın müdafiəsi uğrunda qəhrəmancasına həlak olmuş şəhid şairlər haqqında silsilə verilişlər efirə getmişdir. Xüsusilə onun şəhid şair Nizami Aydına ithaf etdiyi “Nizami Aydın” poeması oxucu kütləsi tərəfindən böyük maraqla qarşılanmışdır.
Ailəlidir, iki qızı vardır.

e-mail: vahidaslan@mail.ru 

vahidaslan@rambler.ru

tel: 012-5511411, 050-5232191

 

 

 

Yazıçılar Birliyi ayrı – ayrılıqda gənc nəslin və ya yaşlı nəslin deyil bütövlükdə istedadın meydanına çevrilməlidir.
Məlum oluduğu kimi yazar olaraq ədəbi mühitdə uğur qazanmaq üçün üç başlıca şərt zəruridir:

1. istedad
2. ədəbi dil
3. zəhmət

Bu üç ardıcıllıqdan (ünsürdən) ibarət olan birmənalı (birqiymətli) təyin olunan ədəbi (riyazi) düstur on illər, yüz illər bundan öncə özünü doğrultmuş, bu gün də, sabah da dəyişməz qalacaqdır! Həm də bu ardıcıllıqda sıralamanı pozmaq və ya yerdəyişmə etmək qeyri mümkündür. Belə olan halda qazanılacaq uğur süni və ya ötəri olacaqdır. Oxucu qəlbini fəth etməyə, ədəbi mühiti özünə doğru canlandırmağa yetənəkli yazar olmaq üçün istedad və yenə də istedad ən vacib şərtdir. Bəs görəsən nədən istedad məsələsində mən bu qədər israrlıyam?

Əvvəla qeyd etməliyəm ki, son zamanlar azərbaycan ictimai məkanında bir sıra digər sahələrdə (musiqi, incəsənət, televiziya və s.) oludğu kimi poeziyada da şou yaratmaq xatirinə populyarlaşmaq istəyən istedadsızların sayı çoxalmışdır. Bunlar əsasən kimlərdir? Bunlar özəlrini gənc nəslin nümayəndəsi adlandırmaqla, özləri – özlərini müxtəlif ədəbi cərəyanlara ( postmodernist, modernist, metofizik və s.) aid etməklə, özündən əvvəlkiləri yəni yaşlı nəsli ağına bozuna baxmadan bəyənməyən özlərindən razı «dahilərdir». Əslində bu «dahilər» hələ ortalığa fərli bir ədəbiyyat nümunəsi qoymadan, bəyənmədiklərinin kölgəsində belə dayanmağa layiq olmadan, danışdıqları ilə yazdıqlarının vəhdəti olmadan əlləri yetməyəcək iddiadan dəm vururlar. Bu ara bir daha xatırlatmaq istərdim ki, poeziya – sözün görünməyən tərəfini bədii ustalıqla oxucuya göstərə bilməkdən, başqa sözlə müraciət olunan obyektin və ya subyektin sözlər vasitəsilə dəqiq və zövqüoxşayan şəklini çəkməkdən ibarətdirsə,.. bu «dahilər»in poeziyaya nə dəxli?! Və nə qədər qəribə olşa da heç bu poeziyaya dəxli olmayanlar həm də özləri – özlərinin tənqidçisi(əslində təbliğatçısı) rolunu oynamaqdan belə çəkinmirlər. Bəs onların yazdıqları nədir? Onu – bunu (hətta atasını anasını belə) söymək, necə gəldi sözləri ard – arda düzmək, bir şeir daxilində bir neçə özgə dildən gələn yabançı sözlərdən istifadə etmək və s. Demək bununla da onlar gündəlik televiziyadan seyr etdikləri şouların eynisini ədəbiyyata gətirmək istəyirlər. Bax bütövlükdə bu mənzərələr özlərini müxtəlif cərəyanlara aid edən «müasir yazar»ların iç görüntüləridir!

Nə qədər ağrılı olsa da ara – sıra bu «dahilər» YB – nin «Natavan» klubunda keçirilən tədbirlərdə tribunada da peyda olur, iddialı və məntiqsiz çıxışları ilə bu müqəddəs salona təşrif buyuranların keyfinə soğan doğrayırlar. Elə hər kəlməbaşı bu küskün və ərköyün «dahilər»in dilindən qopan yaşlı və gənc nəsil kəlməsi ayrıseçkiliyə aparan yolun yeni konturlarını cızır. Başqa bir məsələ: – bu gənclər indi heca vəznini köhnəlmiş hesab etməklə sərbəst vəzni (əgər onların yazdıqları heç bu vəznə də uyğun gəlirsə?) daha müasir hesab edirlərsə, onda təxminən yarım əsr bundan öncə Rəsul Rzanın və ya Əli Kərimin yaratdığı poetik nümunələrdən onların xəbəri vardırmı?..

Beləliklə hesab edirəm ki, bugünkü gənc yazarların əksəriyyəti üçün öyrəniləsi çox şeylər vardır. Axı Peyğəmbərimiz özü buyurub ki, öyrənənə dörd adamın savabı düşür… Axı əsl dahilər kağız üzərinə əyilib yazarkən dahi olacaqlarını və ya yazdıqlarının böyük sənət əsəri olacağını planlaşdırmayıblar. Onlar yalnız istedadlarının və zəhmətinin müqabilində oxucu qəlbini fəth edəcək və zamanı arxasınca daşıya biləcək əsərlər yaratmaq üçün kağız üzərinə əyiliblər. Ümumiyyətlə istedad olan yerdə, ədəbi məsuliyyətdən yaxa qurtarmaq xatirinə gənc nəsil və ya yaşlı nəsil kimi uydurmalara yer qalmır.
Onsuz da zorakılıq və süni şəkildə yaradılmış nə vardırsa hamısı gəldi – gedərdir!

VAHİD ASLAN

Uşaq kimi
(professor Buludxan Xəlilova)

Səni seyr edirəm
Televizyondan
Həmsöhbətin uşaqlardı,
Danışırsan uşaqlarla
Şirin-şirin, uşaq kimi,
Xəyalın baş alıb gedir
Uzaqlara, uzaqlara,..
Lap özünü unutmusan,
Uşaqlığa qayıtmısan:
– Bulud, Bulud deyə-deyə
Kimsə səni səsləyir,
Futbola gedən uşaqlar
Həyətdə səni gözləyir,..
…oyun yaman ağır keçir
Qolunu sındırmısan,
Futboldan
Qolu qırıq qayıtmısan,
Kimsə duymasın deyə
Ağrıdan ağlamırsan,
Yenə sonda dərdini
Anana anladırsan…
Eh,.. uşaqlıq, uşaqlıq,
Uşaqlıq da – qayğılardan uzaqlıq,
Harda isə bir q ədər də azadlıq…
Sonra məktəb həyatından,
Tələbəlik illərindən
Danışırsan uşaqlara,
Görürəm uşaqların gözündəki istəyi,
Indi onlar necə də
Sənə bənzəmək istəyir…
Unudub bütün aləmi
Uşaqların arasında
Necə məsud görünürsən
Uşaq kimi…

24.02.12.
“Ulduz” jurnalı. №6, 2012, s.47
26.11.07.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir