Mürəkkəb sadəlik və sadə mürəkkəblik

      Hamımız informasiya alaraq və ötürərək enerji sərf edirik. Elektrik yoxdursa, internetə daxil olmaq, mobil telefon doldurulmayıbdırsa, onun vasitəsilə xəbər almaq, telefon stansiyası cərəyansız qalıbdırsa,

stasionar telefonla danışmaq, benzin qurtarıbdırsa, məlumatdan ötrü şəhərin o başına getmək – onların heç biri mümkün deyil. Hətta qonşuya dəyib iki kəlmə söz demək də namümkündür, əgər ayağını yerdən götürməyə gücün çatmırsa.

Bunların hamısı texniki (məhz texniki!) məhdudiyyətdir. Çünki informasiyanı nəinki enerji sərf etməyərək, əksinə, enerji əldə edərək ötürmək üçün nəzəri cəhətdən heç bir maneə yoxdur. Bu da ağlabatandır. İnformasiya qəbul olunanda enerji sərf edilirsə, onda informasiya ötürüləndə enerji əldə edilməlidir. O da ona görədir ki, informasiya enerjinin digər şəklidir, daha dəqiq desək – onun başqa adıdır.

Eyni şeyin iki adı vardırsa, bunların arasında tərs mütənasiblik yaranır. “Good bye” deyən nə qədər çoxalarsa, o qədər də “Salamat qal” deyən azalar. Enerji kütlə ilə də tərs mütənasiblikdədir – bu, fizikadandır – yadınıza salın, orada əmsal – işığın sürətinin kvadratı da vardır. Belədirsə, kütlə ilə informasiya düz mütənasibdir? Bütövlüklə, elədir ki, var. Yəni kütlə artdıqca informasiya da artır. Bunun əksi də dürüstdür.

Nəzəri cəhətdən mümkündür ki, təbəddül edəsən – informasiyanın hər nə varını yığıb biçimsiz dərəcədə sıxışdırasan – və sonra? İnformasiya yoxa çıxır. O mənada ki, əlçatmaz olur. Bəs yerdə qalan nədir? Bəli, kütlədir. Kainat həcmində, solğun, həmcins – özü də astrofiziklərin qaranlıq maddəsindən daha yeknəsəq bir kütlə (o, həmin maddədir ki, onun haqqında əməlli-başlı bir şey bilən yoxdur, lakin bu barədə söhbət sonraya qalsın).

 

 Müəllif: Bahadur Tahirbəyov

Ümumdünya sistemoloqlar

Klubunun müxbir üzvü  

“Elman Əliyev: Olduğu və göründüyü kimi” kitabından

Bakı, Nərgiz nəşriyyatı, 2012, səh.165

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir