Müstəqillik dövrünün pedaqoji problemləri – Kərim Məmmədov
Sovetlər sisteminin süquta uğraması onun tabeliyində olan xalqlarvn siyasi, iqtisadi həyatı ilə yanaşı mənəvi həyatında da xeyli dəyişikliklərə səbəb oldu. Xalqlar azadlıq əldə etməklə yanaşı milli-mənəvi dəyərlərinin inkişafı istiqamətində də ciddi addımlar atmağa başladı. Belə dəyişikliklər Azərbaycanda da həyata keçirilməyə başladı. Bu yolda nailiyyətlərimizlə yanaşı səhvlərə də yol verilmiş oldu.
Əldə etdiyimiz ən böyük nailiyyət mənəvi həyatımızın kommunist ideologiyasından asılılığına son qoyulması idi. Kommunsit istehsal münasibətindən irəli gələn neqativ hallar xalqların mənəvi həyatına da ciddi zərbələr vurmuşdur. Ateizm ideologiyasının təbliğ edilməsi xalqlarda qanunlara, Allaha inamı azaltmış və beləliklə də mənəviyyatın deqradasiyasına geniş yol açılmışdır.
Kommunist ideologiyasının bütün sahələrdə metodologiya kimi qəbul edilməsi də xalqların mənəvi həyatına mənfi təsir göstərmişdir. Yeni dövrdə ümumbəşərilikdən uzaq olan kommunist ideologiyası da iflasa uğradı. Ümumbəşəri normativ qaydalar, qanunlar, nəzəriyyələr mənəvi həyatımızın ideologiyası kimi qəbul edildi.
Müstəqillik dövrüsüzün ən böyük nailiyyətlərindən biri də Şərq xalqlarının pedaqoji fikir tarixinin tətbiq edilməsinə geniş yol açılması oldu. Respublikamızın tanınmış pedaqoqları H.M.Əhmədov, Ə.Ə.Ağayev, F.A.Rüstəmov və s. yeni dövrdə Şərq xalqlarının pedaqoji fikir tarixinə dair samballı tədqiqat əsərləri ortaya çıxardı.
Yeni dövrdə türk xalqlarının pedaqoji fikir tarixinin tədqiqi, Türkiyə-Azərbaycan pedaqoji əlaqələrinin genişlənməsinə də münbit şərait yarandı. Bu istiqamətdə xeyli tədris vəsaitləri, monoqrafiyalar işıq üzü gördü. Türk və Azərbaycan pedaqoqlarının əsərləri hər iki ölkədə çap edilərək oxuculara təqdim edildi.
Müstəqillik dövründə pedaqogika tarixi ilə yanaşı, onun nəzəriyyəsinə aid də samballı tədqiqat əsərləri işıq üzü gördü. A.Mehrabovun, M.İsmixanovun,
R.Hüseynzadənin, L.Qasımovanın, M.İlyasovun, H.Əlizadənin dövrün tələblərinə uyğun tədqiqat əsərləri çap edilərək Azərbaycan oxucularına təqdim edildi.
Bu dövrdə əldə edilmiş nailiyyətlərlə yanaşı bir sıra səhvlərə də yol verilmiş oldu. Belə səhvlər sırasında «metodologiya» anlayışına yanaşmalar özünü göstərməyə başladı. Kommunist ideologiyasından xilas olmayanlar elmdə də milli ideologiya axtarmağa başladı. Bir sıra dərslik və dərs vəsaitlərində, dissertasiyalarda metodoloji prinsiplər ya heç açıqlanmır, ya da yanlışlığa yol verilir. Oxuculara təqdim edilən bu tədris vəsaitində metodologiyaya aid də geniş məlumat verilir.
Müstəqillik dövründə pedaqoji anlayışların işlənilməsində də bir sıra səhvlərə yol verilmişdir. Milli pedaqogika, ağıl tərbiyəsi, situasiya, priyom və s. kimi yanlış yanaşmalar, çatışmazlıqlar monoqrafiyalarda, dissertasiyalarda öz əksini tapmış oldu. Əxlaq tərbiyəsi mənəviyyaiın xeyli tərkib hissələrindən biri olduğu halda bir sıra tədris vəsaitlərində onun adı dəyişdirilərək «mənəvi tərbiyə» kimi verilmişdir.
Yeni dövrdə pedaqogika elminin strukturuna aid də bir sıra çatışmazlıqlara yol verilmişdir.
Çap edilmiş dərslik və dərs vəsaitlərində sistemlilik metodologiyasına əməl edilməmişdir. Belə tədqiqatlarda problemlərin məntiqi ardıcıllıqla öyrənilməsinə şərait yaranmır. Bu da pedaqogika elminin sistem şəklində qavranılmasına mane olur. Öyrənilən məsələlərin daxili əlaqələri pozulur ki, bu sistemli biliklərin əldə edilərək ğyadda saxlanılmasına mənfi təsir edir.
Bütün bunlar oxuculara təqdim edilən bu tədris vəsaitində geniş şəkildə şərh edilir. Ümumiyyətlə, tədqiqatımızın əsas məqsədi pedaqogika elmini yad ünsürlərdən qorumaq və onu sistem halında təqdim edərək oxucuların istifadəsinə verməkdən ibarətdir.
Tədqiqatımızı bitmiş hesab etmək olmaz. Göstərilən məsələlərin geniş tədqiq edilməsi gələcək tədqiqatçılar üçün istiqamətverici stimul ola bilər.