Naxçıvan MR-sı ərazisində yetişən kəklikotunun müalicəvi əhəmiyyəti

7 oktyabr 1969-cu ildə Bakı şəhərində ziyalı

ailəsində anadan olmuşdur.

AMEA Folklor İnstitutunun “Qazax-Borçalı folkloru”

bölməsinin bölmə rəhbəri, bio.ü.f.doktoru (Dosent). 

 

 

 

Thymes grow in importance in the treatment of Nakhchivan Autonomous Republic 

SUMMARY

The article is about the importance of medicinal plants that grow in the Nakhchivan Autonomous Republic. Special attention is given to kəklikotuna. Medicinal plants, beneficial properties and commercial use are described.

Целебные свойства кекликоту растущей на территории Нахчыванской АР

Резюме

В статье говорится о лечебных свойствах растений вырастающих на территории Нахчыванской АР. Особое внимание уделяется траве кекликоту (тимьян). Описывается её целебные, полезные свойствах и применение в быту.

Xülasə

Məqalədə Naxçıvan MR-da yetişən bitkilərin müalicəvi əhəmiyyətindən bəhs edilir. Xüsusi diqqət kəklikotuna verilir. Bitkinin müalicəvi, xeyirli xüsusiyyətləri və məişətdə istifadəsi təsvir olunur.

Açar sözlər: kəklikotu, təbabət, bitki, müalicə, məişət.

Ключевые слова:тимьян, медицина, растение, лечение, быт.

Key words: thyme, medicine, herbal, treatment, household.

Azərbaycan Respublikası ərazisinin ekologiyası və təbii sərvətlərinin öyrənilməsi, qorunması, artırılması, onlardan səmərəli istifadə edilməsi dövlət qurumları ilə yanaşı, biz tədqiqatçıların da qarşısında duran ümdə məsələlərdən biridir. Zəngin təbii floraya malik Azərbaycan ərazisində faydalı təbii bitki örtüklərinin müxtəlif ekoloji-coğrafi şəraitə malik zonalarda yayılması, təbii ehtiyatlarının, onların ərzaq, dərman xammalı kimi və eləcə də digər sahələrdə istifadəsi imkanlarının, tətbiqinin öyrənilməsi elmi və iqtisadi cəhətdən çox əhəmiyyətlidir.

Respublikamızda yayılan 4500-dən artıq yabanı bitkilərin 2500 növdən çoxunu iqtisadiyyatımız üçün faydalı xüsusiyyətlərə malik xammal hesab etmək olar. Bunların 1800 növü dərman təbiətli, 1500 növü boyaq, 836 növü aşı, 600 növə yaxın kosmetik, 500-dən artıq növü ədviyyat və yabanı yeməli tərəvəz bitkisidir (Qasımov, 1983, 1987, 1990, 1992, 1995, 2001, 2002, 2003, 2004).

Florasının zənginliyinə görə Azərbaycanın «Kaliforniyası» adlandırılan Naxçıvan MR-in ərazisində 500 növdən artıq yabanı tərəvəz və ədviyyat bitkisinə rast gəlmək olar. Bunlardan 100 növdən artığının bol ehtiyatı olduğundan tədarük edib müxtəlif növ qida məhsulları, o cümlədən də pəhriz xörəkləri, konserva məmulatları, vermişel, çörək məmulatları istehsal etmək olar.

Yabanı yeməli tərəvəz bitkilərinin 90%-dən çoxuna Naxçıvan MR-in, Talışın, Azərbaycanın Böyük Qafqaz və Kiçik Qafqaz ərazilərində rast gəlmək olar. Onların bir çoxu tərəvəz, çörək, yarma, nişasta əhəmiyyətli, kofe təbiətli, zülal və şəkər xüsusiyyətli, ətirli, xoş dada malik bitkilərdir. Hazırda yabanı tərəvəz bitkilərindən yeyinti sənayesində cüzi miqdarda və plansız surətdə istifadə olunur. Nahar zamanı süfrəmizdə yolotu, təpəotu, mələkotu, əvəlık, uşqun (rəvənd), qazayağı, baldırğan şirəsi, çaşır, çiriş, gicitkən, bağayarpağı, bədrənc, xiyarotu və s.-dən hazırlanmış, tərkibi vitaminlərlə zəngin salat məhsullarım görə bilmirik.

Yabanı tərəvəz bitkilərinin tərkibi insan orqanizmi üçün vitamin, mikroelementlər, pektin, zülallar, karotinoidlər, sellüloza və s. kimi əvəzolunmayan bioloji aktiv maddələrlə zəngindir. Təsəvvür edin ki, süfrəyə xörəklərlə yanaşı, duza və yaxud turşuya qoyulmuş, nanə əlavə olunmuş pərpərən, mərəçüyüd, çaşır qoyulmuşdu.

Ulu babalarımız və əcdadlarımız hələ çox qədim zamanlardan yabanı ədviyyat və tərəvəz bitkilərindən istifadə etmişlər. Bitkilərin faydalı müalicəvi xüsusiyyətlərinin köməyi ilə onlar bir çox dəşhətli xəstəliklərin qarşısını almışlar. Hazırda çalışmalıyıq ki, yabanı tərəvəz və ədviyyatlardan hazırlanan məhsullardan süfrəmizdə ətirli və ləzzətli xörəklər, salatlar, şirələr, şərbətlər, qəhvə və çay içkilərindən daha çox olsun.

 Qeyd etmək lazımdır ki, hazırda mədəni şəkildə becərilən bitkilərin hamısı əvvəllər yabanı halda olmuşdur. İnsanlar onların faydalı xüsusiyyətlərini öyrəndikdən sonra mədəni halda becərmişlər. Bu heç də o demək deyildir ki, yabanı bitkiləri mədəni hala keçirmək olduqca asandır. Bəzi yabam bitkiləri mədəniləşdirmək üçün 10, hətta 15-20 il vaxt tələb olunur.

Yabanı tərəvəz və ədviyyat bitkilərinin tərkibi insan orqanizmi üçün lazım olan vitaminlər, mikroelementlər, zülallar, yağlar, karbo-hidratlar, şəkərlər, üzvi turşular və s. ilə zəngindir. Floramızın tərkibində bioloji-aktiv maddələrlə zəngin yabanı tərəvəz bitkiləri olduqca çoxdur. Onların tərkibində orqanizmin fəaliyyəti zamanı həyat katalizatorlarının itirdiyi enerjini bərpa edən, qan dövranının, hormonların, beynin, ürəyin, mədə-bağırsaq sisteminin və eləcə də ifrazedici orqanların tənzimləyicisi funksiyasını daşıyan bioloji-aktiv maddələrin də geniş spektri vardır.

Aparılan elmi-tədqiqat işləri nəticəsində məlum olmuşdur ki, yabanı yeməli tərəvəz və ədviyyat bitkilərindən müxtəlif növ xörəklər hazırlayarkən onların tərkibindəki mikroelementlər, vitaminlər, efir yağları və ətirli maddələr dəyişmədən öz faydalı xüsusiyyətlərini uzun müddət saxlayırlar.

Bir sıra yabanı yeməli bitkilərdən qida və müalicə məqsədləri üçün pəhriz xörəklərinin hazırlanmasında da istifadə olunur. Hazırda Azərbaycanın müxtəlif rayonlarında 50-dən artıq yabanı tərəvəz bitkisi xalq arasında qida və müalicə məqsədləri ilə tətbiq edilir.

Bu sərvətlərdən ekoloji cəhətdən təmiz xörəkləri pəhriz və müalicə məqsədləri üçün istifadə etmək günün ən vacib məsələlərindən biri olmalıdır. Ona görə də qida məqsədləri ilə istifadə olunan yabanı tərəvəz bitkiləri elmi-tədqiqat qida institutlarının laboratoriyalarında və klinikalarda ətraflı öyrənilməlidir. Bu işdə dietoloqlar, sanitariya-gigiyena sahəsində çalışan mütəxəssislər, kimyaçılar, bioloqlar, texnoloqlar, toksikoloqlar, farmakoloqlar, aşpazlar və s. böyük fəallıq göstərməlidirlər.

Yabanı bitkiləri qəzaya uğramış xəstələrə verməyi daha çox məsləhət görürlər. Müharibə, dəniz ekspedisiyaları, uzun müddətli səfərlər, təyyarə qəzaları, partizan hərəkatları, itkindüşmə zamanı insanlar həmişə yeməli bitkilərin yarpaq, kök, yaşıl və qabıq hissələrindən, kökümsovlarından, giləmeyvə və meyvələrindən istifadə edərək özlərini ölümdən xilas etmişlər.

 

Kəklikotu — Thymus

T.kotschyanus — hündürlüyü 10-18 sm olan çoxillik yarımkol ot bitkisidir. Xoş ətirli iyə malikdir. Gövdəsi çoxlu sayda olub, yerə səriləndir. Çiçəkləri xırda, çəhrayı-bənövşəyi rəngdədir. El arasında onu «allahın otu», dağ nanəi və s. adlandırırlar.

Kəklikotunun Qafqazda 38, o cümlədən Fəxrəddin Qasımova görə Azərbaycanda 31 növü yayılmışdır. Kəklikotunun vətəni Aralıq dənizi ölkələri hesab edilir. Qədim Yunanıstanda bu bitkini xoş ətrinə görə sevirmişlər. Hazırda Qərbi Avropa ölkələrində, ABŞ, Kanada və s. ölkələrdə kəklikotunu mədəni halda əkib becərirlər. Arıçılıq ilə məşğul olan təsərrüfatlar onu qiymətli bal verən bitki kimi təbliğ edirlər. Kəklikotu Azərbaycanın bütün dağlıq rayonlarında geniş yayılmışdır. Kəklikotu yaz və yay aylarında göy-ağımtıl, bənövşəyi çiçəkləri və xüsusi ətri ilə hamının diqqətini özünə cəlb edir. Qədim zamanlardan başlayaraq, müasir dövrədək Şərq ölkələrində olduğu kimi, Azərbaycanda da bu bitkidən sancı və ishal zamanı, sidikqovucu, həzmedici və tərlədici vasitə kimi istifadə edilir. Təsadüfi deyildir ki, xalq arasında kəklikotu barəsində bir çox şerlər və zərb məsəlləri mövcuddur. Kəklikotuna xoş iy verən onun yarpaq və çiçəklərindəki efir yağlarıdır. Bitkinin dərman xüsusiyyətləri də elə bu yağlarla əlaqədardır. Kəklikotu növlərində efir yağının miqdarı 0,3- 1,5%-ə çatır. Bu yağın tərkibində bir sıra təbii kimyəvi birləşmələr vardır. Həmin birləşmələrin tərkibindəki xüsusi maddə nanə cövhərini xatırladır. Buna görə də təbabətdə antiseptik və dezinfeksiyaedici maddə kimi tətbiq olunur.

Stomatologiyada ağrıkəsici vasitə kimi istifadə edilir. Bəzi xəstəlik törədən bakteriya və göbələkləri məhv edir, qurdqovucu dərman kimi tətbiq olunur. Xalq təbabətində bu bitkidən soyuqdəymə zamanı, mədə yarası, əsəb, ürək xəstəlikləri və s. istifadə edilir.

Azərbaycan Milli Elmlər Akademiyasının Nəbatat İnstitutunda b.e.n. F.Qasımovun apardığı elmi tədqiqatlardan məlum olmuşdur ki, respublikamızın florasına xas olan kəklikotu növlərinin əksəriyyəti efiryağlıdır. Külli miqdarda efir yağlı bitkilərə və onların böyük ehtiyatına malik olması ilə fərqlənən Naxçıvan MR-in florasının tədqiqi bu cəhətdən xüsusi əhəmiyyətə malikdir. Bir çox yerlərdə kəklikotu növləri çəmənlik əmələ gətirir. Aparılan ekspedisiyalar zamanı aydın olmuşdur ki, Naxçıvan MR-in dağlarında 22000 hektar çəmənlik mövcuddur ki, onlardan hər il təxminən 100 tonlarla kəklikotu toplamaq olar. Biol.e.n. F.Qasımovun apardığı tədqiqatlar göstərmişdir ki, dəniz səviyyəsindən yuxarı qalxdıqca, kəklikotunun tərkibində efir yağının miqdarı azalır. Müəyyən edilmişdir ki, kəklikotu növlərində efir yağı kütləvi çiçəklənmə və yerüstü hissəsinin tam inkişafı dövründə daha çox toplanır. F.Qasımovun apardığı kimyəvi analizlər nəticəsində məlum olmuşdur ki, efir yağının tərkibində 29,3% timol, 29,4% sineol, 13,3% gemiol və s. maddələr vardır. Müəyyən edilmişdir ki, bu komponentlər Zaqafqaziya kəklikotunun efir yağında daha çoxdur. Naxçıvan MR-də bitən kəklikotu növlərinin kimyəvi tərkibi başqa ölkələrdə bitənlərdən xüsusilə fərqlənir.

Biol.e.n. F.Qasımov Koçi kəklikotundan alınan efir yağından yeyinti məhsullarının tərkibində, ətriyyatda və eləcə də dərman kimi istifadə etməzdən əvvəl onun zəhərli olub-olmamasını öyrənmişdir. O. bu tədqiqat işini N.Nərimanov adına ADTU-nun farmakologiya və toksikologiya kafedrasının əməkdaşları ilə birlikdə aparmış və müəyyən edilmişdir ki, Koçi kəklikotundan alınan efır yağı heç bir zəhərləyici təsirə malik deyildir. Buna görə də ondan bir sıra xəstəliklərin müalicəsi, eləcə də yeyinti sənayesində istifadə etmək olar.

F.Qasımovun apardığı tədqiqatlara əsasən Tibb Elmləri Akademiyasının Qida Maddələri İnstitutu, Səhiyyə Nazirliyi. Elmi-Tədqiqat Süni və Təbii Maddələr İnstitutu Koçi, Zaqafqaziya, qara-məryəm kəklikotularından alınan efir yağından ət və süd məhsulları, qənnadı məmulatlarında, spirtsiz içkilər və ətriyyatda istifadə olunması haqqında qərar qəbul etmişdir. Kəklikotunun cavan yarpaq və zoğlarından salat kimi istifadə edilir. Ədviyyə kimi tərəvəz, ət və balıq xörəklərinin tərkibinə qatırlar. Quş ətindən hazırlanmış xörəklərə, kolbasa növlərinə, sirkəyə, kokletə, çaya və s. yeyinti məmulatlarına xoş tam və iy verən əla vasitə sayılır. Duza qoyulmuş xiyara xoş ətir və dad verilməsində kəklikotundan geniş istifadə edilir.

Kəklikotu qatılmış xörəklər iştahgətirici, həzmyaxşılaşdırıcı xüsusiyyətlərə malikdir.

Bitkinin yayıldığı sahəyə qayğı göstərmək lazımdır. Onu kökləri ilə birlikdə toplamaq qəti qadağan edilməlidir.

Kəklikotunu həyətyanı sahələrdə, bağ və bostanlarda əkib-becərmək olar.

Kəklikotundan hazırlanan içkilər. Kəklikotu ədviyyəsi (tozu). Kəklikotu yarpağım qurudun, toz halına salıb, qapalı qabda saxlayın. Xəmirin xoş iyli olması üçün 1 kq xəmirə 1 çay qaşığı kəklikotu tozu qatın. Kəklikotu tozundan ət qızartması, sup, borş xörəklərində ədviyyat kimi istifadə etmək olar.

Kəklikotu çayı. 100 q kəklikotu yarpağı və çiçəyi, 100 q dazı-otu, 20 q mərsin yarpağı götürün. Qurudulmuş kəklikotu, mərsin və dazıotunu bir-birilə qarışdırın, çay kimi dəmləyib süfrəyə verin.

Kəklikotu kvası. 20 q kəklikotu, 1 litr çörək kvası, 50 q şəkər tozu götürün. Quru kəklikotu yarpağım bişirib üzərinə 1 stəkan kvas, şəkər əlavə edib qarışdırın və 10-21 saat sakit halda saxlayın. Sonra süzüb butulkaya doldurun, soyuq yerdə saxlayın. Yeri gəldikdə qablara doldurub süfrəyə verin.

Kəklikotu içkisi. 20 q kəklikotu, 25 q dazıotu, 50 q bal, 1 litr su götürün. Qurudulmuş kəklikotu və dazıotunu suya tökün, 10 dəqiqə qaynadıb, 2-3 saat sakit halda saxlayın. Məhlulu süzdükdən sonra bal qatıb soyudun. Qablara doldurub süfrəyə verin.

Kəklikotu içkisi. 30 q təzə kəklikotu və yaxud 5 q qurusu, 80 q şəkər tozu, 1,2 q limon turşusu və 1 litr su götürün. Təzə dərilmiş kəklikotunu soyuq suda təmiz yuyun, 150 ml suya töküb, 2 dəqiqə qaynadın. Sonra alınmış məhlulu mütəmadi olaraq 2 saat qarışdırın, filtrdən süzüb, şəkər tozu, limon turşusu və həcmi 1 litr olana qədər su əlavə edin. Alınan içkidən isti və soyuq halda istifadə etmək olar.

 

Ədəbiyyat

 

1.     Azərbaycan faydalı bitkiləri. “Elm” nəşriyyatı, Bakı, 1971.

2.     Babayev M.M. Nəcib dəfnə. Bakı, Azərnəşr, 1965.

3.     Qasımov M.Ə. Floramızın boyaq bitkiləri. “Azərbaycan təbiəti”, bur., №3, 1976, s.14-16.

4.     Qasımov M.Ə. Azərbaycan boyaq bitkiləri, I hissə, Bakı, “Azərnəşr”, 1980, 90s.

5.     Qasımov M.Ə. Təbii boyaq bitkilərindən yeyinti sənayəsində istifadə edək. Azərbaycan EA-nın xəbərləri, №4, 1981, s. 126-134.

6.     Qasımov M.Ə. Yabanı qida bitkiləri. “Azərbaycan təbiəti”, №5, 1985.

7.     Əliyev N. Dərman bitkiləri və fitoterapiya. Bakı, “Elm”, 1998.

 

 

Nübar Mürsəl qızı Həkimova

7 oktyabr 1969-cu ildə Bakı şəhərində ziyalı

ailəsində anadan olmuşdur. AMEA Folklor İnstitutunun “Qazax-Borçalı folkloru” bölməsinin bölmə rəhbəri, bio.ü.f.doktoru (Dosent).  

nubarhakimova@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir