Naxçıvanda kənd toyu

📌 Naxçıvanda kənd toyu. 1970-ci il…
Allah görkəmli aktyorumuz Səməndər Rzayevə rəhmət eləsin. Onun “Bəyin oğurlanması” filmində çox gözəl bir sitatı var: “ayə, şair də yaxşı deyib: xəlqimin (xalqımın) toy kimi bir adəti var”. Son 15-20 il istisna olmaqla, ötən əsrin 90-cı illərinin, o cümlədən də ondan əvvəlki dövrlərin toy adətlərini görməmişəm. Ancaq bu barədə çəkilən sənədli filmlərdən məlumat almış, ya da böyüklərimin söhbətlərindən eşitmişəm ki, Azərbaycanın hər bir yerində olduğu kimi, Naxçıvanın da özünəməxsus, maraqlı toy adətləri olub. Nə yaxşı ki, günümüzdə yavaş – yavaş unudulan, tarixə qovuşan həmin adətlərin bir neçəsini görmüş və haqlarında maraqlı məlumatlar əxz etmişəm. Yadıma gəlir…6-7 yaşım olardı. Kəndimizdə qohum toyuna getmişdik. Oğlan toyu idi. Toy şəhərdəki restoranda olacaqdı. O illər restonlar təzə-təzə moda düşürdü…Qız evi kənddə olduğu üçün bütün qohum – qonşular qız evinə yığışmışdı. Hər kəs oğlan evinin gəlib gəlini xeyir-dua ilə ata evindən çıxarmasını gözləyirdi. Darvazanın yanındakı dəmir dirəyə qırmızı lent bağlanmış, qapılarsa taybatay açılmışdı. Mən uşaqlarla evin təxminən 50-60 addımlığında dayanmışdım. Uşaqlar demişdi ki, indi bəy maşını gələcək, burda dayanaq, maşın gələndə qırmızı lenti yolun bu tayından o tayına uzadaq. Yolu bağlayaq və bəydən nəmər (şirinlik) alaq. Elə də etdik. Heç yarım saat keçmədi ki, kəndimizin, daha doğrusu, məhəllənin bir maşınlıq dar küçəsi avtomobillərlə doldu…Siqnal verən kim, başını maşının pəncərəsindən uzadıb “bəh, bəh” deyən kim…Maşınlar qız evinə yaxınlaşanda biz yolu “bağladıq”. Şirinlik istədik. Bəy əlini pəncərədən çölə çıxarıb iki beşlik uzatdı. Pulu görən kimi şad olduq. Hətta deyərdim ki, həmin anda sevincimizin həddi-hüdudu yox idi. Uşaq ağlı, hər şeyə sevinir…
Maşın qatarı küçədə dayandı. Allı-güllü paltarlar geyinmiş xanımlar, qız-gəlinlər, səliqəli kostyumda, şıq geyimdə bəylər… hamısı qız evinin həyətinə doldu. Başladı çal-çalğı. Başladı nağara – zurna havası. Qadınların səsi, gənc oğlanların gülüşü bir – birinə qarışdı. Gənc qızlar bir ağızdan deyirdi:
Al almağa gəlmişik.
Şal almağa gəlmişik.
Ay qız evinin adamı,
Aparmağa gəlmişik…
Sonra hər kəs evin aynabəndinə doldu (bura şüşəbənd də deyilirdi). Qız atası gəlib gəlinin yanında dayandı. Xeyir-dua verdi. Sonra qız anası gəldi. O da atası kimi qızına səadət arzuladı. Hər iki valideynin gözləri doldu. Gəlin də kövrəldi, elə ora yığışan qohum-qonşu da…Gəlinin beli qırmızı belbağı ilə bağlandı, qızıl gərdənliyi boynuna salındı, nacağıları (nacağı qədim sırğa növü idi. Nacaq formasında olduğu üçün el arasında nacağı deyilirdi) qulaqlarına taxıldı. Daha sonra qız atası gəlinin əlindən tutdu, onlar otağın ortasına qoyulmuş çırağın ətrafında üç dəfə dövrə vurdular. Bunun mənası o idi ki, qız ata evindən ər evinə köçərkən özüylə bərabər doğulduğu ocaqdan əbədi işıq aparsın, nur aparsın. Getdiyi ocaq abad olsun, yeri avadan olsun. Bu adət yerinə yetiriləndən sonra isə tayfanın ağzıdualı ağsaqqalı bəy və gəlinin yanında durub müqəddəs Qurani-Şərifdən bir neçə ayə oxudu. Allah xoşbəxt eləsin. Yarıyanlardan olsunlar, – deyib bəy və gəlini evdən çıxardılar. Mən yaşlarda bir oğlan uşağı əlində gəlin aynasını tutub üzü bəy-gəlinə tərəf baxa-baxa geriye addımlayırdı. Sonradan oxumuşdum ki, xalqımızın toy adət-ənənələrində bu aynanın xüsusi mənası var imiş. Sən demə, bu ayna gəlinin bəxt aynası sayılırmış. Buna görə gəlinlər ər evində o aynanı qorumağa çalışar, sındırmamaq üçün diqqət və nəvaziş göstərərmişlər…
Bəy və gəlin onları üçün hazırlanmış, bəzədilmiş maşına əyləşəndən sonra yenə ətrafdakı insanların ağzından xeyir-dualar ucaldı. Alqış sədaları ərşə bülənd oldu. Bir sini dolusu konfet, qənd, nabat maşının üstünə səpildi. Hər kəs maşınlara əyləşib yola düzəldi. Maşınlar siqnal verə – verə, bir – biri ilə yarışa – yarışa şadlıq evinə yol almışdı. Xatırlayıram ki, toy qatarı yolda iki dəfə dayandı və gənclər maşınlardan düşüb oynamağa başladılar. Hətta bir əlində şirli qab, digər əlində dəmir qaşıq tutan bir xanım qaşıqla qabı döyəcləyə – döyəcləyə bir rəqs edirdi ki, gəl görəsən. Hər dəfə dəmir qaşığı şirli qaba vurduqca qabdan çıxan qeyri-adi səs nağara və zurnanın ritmi ilə həmahənglik yaradırdı. O qədər xoş və ürəyəyatımlı bir oyun havası yayılırdı ki ətrafa…Bu adət də şirli qab tamam deşilib yararsız hala düşənə qədər davam edirdi…Ətrafda oynamaq üçün növbə gözləyən gənc oğlanların fit səsləri, xanımların nəcib əllərinin havada işvə-nazla süzülməsi…bunların hamısı mənim və mən yaşda olan bütün uşaqlar üçün sözün əsl mənasında bir əyləncə idi, xoş xatirə idi. Tək arzumuzsa o idi ki, toy bitməsin…
Onu da dəqiq xatırlayıram ki, bəy və gəlin maşını gəlib Naxçıvan şəhərində Hüseyn Cavidin məqbərəsi qarşısında dayandı. Bir neçə maşın da onun kimi gəlib məqbərənin qarşısında dayandı. Cütlüklər və bərabərlərindəki ailə üzvləri avtomobillərdən düşdülər. Gəlib məqbərənin qarşısına düzüldülər və şəkil çəkdirdilər. Sonradan onu da öyrəndim ki, o illərdə Naxçıvanda bəy – gəlin fotoları sözügedən abidənin qarşısında çəkilirmiş…
Nəhayət şadlıq evinə yetişdik. Toy başladı. Ailənin böyüyü, ağsaqqalı gələn qonaqlara xoşgəldin elədi. Bütün subaylara ailə səadəti arzuladı. Qonaqlar da gurultulu alqışlarla razılıqlarını bildirdilər. İndi bunları sizinlə bölüşəndə öz-özümə deyirəm: nə yaxşı ki, “xalqımın toy kimi bir adəti var”…

 

Mənbə:https://www.facebook.com/share/p/1DST7saeWQ/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir