Naxçıvanda yaşayıb yaradan ustad tarzən
Musiqi dünyamız
O, tarı sinəsinə sıxıb, başını tarın küpü üzərinə qoyub çalırdı. Barmaqları elə bil pərdələr üzərində uçur, tar sanki dil açıb danışır, oxuyurdu… Bu məftunedici çalğı orijinal, bənzərsiz bir ifa idi. Tar və muğam bir-birinə qovuşmuşdu. Musiqinin ehtizazından xoş həyəcan keçirirdim,”könlümün məhbubu” Vətənin milli musiqi aləti tar oxuyurdu… Onun ifa etdiyi Cahangir Cahangirovun “Ana”, “Ana yurdum”, “Dan ulduzu, bir də mən” mahnıları, “Şur”, “Çahargah”,”Orta Mahur” muğamlarını və digər əsərləri dinlədikcə xəyal məni qoynuna alıb yaxın keçmişə, keçən əsrin 60-cı illərinə apardı…
…Əkrəm uşaqlıq çağlarından, tar öyrənməyə başlayandan musiqi mühitində böyüdü. O zaman Naxçıvan Mərkəzi Pioner və Məktəblilər Evi bir çal-çağır aləminə bənzəyirdi. Təcrübəli musiqiçi, ustad ifaçı Səfər Rəcəblinin rəhbərlik etdiyi tar dərnəyinin ən fəal üzvü olan Əkrəmin istedadı, ifaçılıq qabiliyyəti ilk vaxtlardan hamının diqqətini cəlb etdi. Dərnəyin məşğələlərində bacarığı və qabiliyyəti ilə seçilən Əkrəm az müddət keçmədi müəllimlərin tövsiyəsi ilə Naxçıvan Şəhər Uşaq Musiqi məktəbinə qəbul olundu. İllər keçdikcə Əkrəm Pioner və Məktəblilər Evinin “Əlvan çiçəklər” mahnı və rəqs ansamblının rəhbəri kimi tanındı.
…1962- ci ildə Bakıda keçirilən Respublika məktəblilərinin bədii özfəaliyyət olimpiadasında naxçıvanlı uşaqların uğurlu çıxışı oldu. “Əlvan çiçəklər” ansamblının rəhbəri Əkrəm Məmmədlinin hazırladığı konsert proqramı münsiflər heyətinin sədri, görkəmli bəstəkar və dirijor Əfrasiab Bədəlbəyli tərəfindən ürəkdən bəyənildi və nəticədə kollektivin ifa etdiyi bütün konsert nömrələri olimpiadanın yekun konsertinə salındı.
Naxçıvanda orta məktəbi və ilk musiqi təhsilini başa vuran Əkrəm 1962-ci ildə Bakıda imtahan verib Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbinə qəbul olundu.Əkrəm birinci kursdan musiqi məktəbində təhsil alan bütün tələbələrdən fərqlənməyə, seçilməyə başladı.
Əkrəmin ifası haqqında bütün müəllimlər – Kamil Əhmədov, Akif Novruzov, Elxan Mirzəfərov, hazırda Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, kamança ifaçısı Arif Əsədullayev, xalq artisti, professor Şəfiqə Eyvazova və başqaları çox müsbət fikirlər söyləyirdilər.
Bakı şəhərində musiqi təhsili aldığı müddətdə böyük bəstəkar, görkəmli dirijor Cahangir Cahangirov Əkrəmi istedadına və mahir ifaçılığına görə rəhbərlik etdiyi Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs ansamblına solist-tarzən qəbul etdi. O, kollektiv tərkibində Azərbaycanın bütün regionlarında, keçmiş SSRİ-nin respublikalarında, habelə xarici ölkələrdə qastrol səfərlərində oldu, milli musiqi mədəniyyətimizin təbliğində fəal iştirak etdi. Bir neçə il bu ansamblda çalışdıqdan sonra Naxçvan Dövlət Filarmoniyasına dəvət aldı. Naxçıvan Dövlət Mahnı və Rəqs Ansamblında solist-tarzən, dirijor, bədii rəhbər və direktor kimi fəaliyyət göstərdi.
1983-cü ildə Əkrəm Məmmədlinin rəhbərliyi ilə tələbələrdən ibarət “Əcəmi naxışları” milli musiqi alətləri ansamblı yaradıldı. Bu ansambl dəfələrlə Muxtar Respublikada, eləcə də Bakıda müsabiqələrdə çıxış etdi, konsetlər verdi. Ansamblın çıxışına baxıb məmnun olan SSRİ xalq artisti, görkəmli bəstəkar və dirijor, maestro Niyazi demişdi: “Mən ”Əcəmi naxışları” ansamblının çıxışından böyük zövq və ləzzət aldım…” Bu barədə respublikanın qəzetlərində yazılmışdı.
Bədii rəhbərlik və pedaqoji fəaliyyəti dövründə ustad tarzən mahnı, vokal-instrumental janrlarda gözəl melodik əsərlər bəstələdi. Bu illər ərzində mahnı və rəqs, instrumental ansamblları və xor üçün bir sıra vokal-xoreoqrafik süitalar, xalq mahnı və rəqslərini işlədi, öz dirijorluğu və rəhbərliyilə səsləndirdi. Onun tar üçün yazdığı “Etüdlər”, “Qamma və arpeciolar” adlı tədris vəsaitləri özünəməxsusluğu ilə seçilir.
Əkrəm Məmmədli klassik musiqi incilərimizdən olan muğamların instrumental şəkildə öz ifasında nota yazmaq kimi şərəfli bir işin öhdəsindən çox bacarıq və səriştə ilə gəlmişdir. Bu barədə Azərbaycan Milli Konservatoriyasının dosenti, sənətşünaslıq namizədi Afət Novruzov qeyd edir ki, “Bizim ustad tarzən kimi tanıdığımız Əkrəm Məmmədli, mahir pedaqoq, musiqi təşkilatçısı, milli musiqimizin incəliklərini dərindən duyan musiqi xadimi, həm də bədii yaradıcılığa (bəstəkarlığa) ciddi əhəmiyyət verən, sayılıb-seçilən yaşlı nəsl nümayəndələrindən biridir. Əkrəm Məmmədlinin ”Azərbaycan muğamları” məcmuəsində 14 muğam instrumental şəkildə təqdim edilir.
Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecinin direktoru, əməkdar incəsənət xadimi, professor Nazim Kazımov: “Mən Əkrəmi 1960-cı illərdən tanıyıram. O zaman “Əlvan çiçəklər” mahnı və rəqs ansamblında mən tar çalırdım, Əkrəm bizim ansamblın rəhbəri idi. Bu ansamblın sorağı hər yana yayılmışdı. Əkrəmin rəhbərliyi ilə ansambl dəfələrlə Bakıda Respublika məktəblilərinin festival və olimpiadalarında uğurla çıxış etdi. Həmişə qaliblər cərgəsində yer tuturduq. Qonşu respublikalara getdik, konsert proqramı ilə Bakı, Tbilisi, Artekdə çıxışlarımız oldu. Bu ansamblın yetirmələrinin çoxu hazırda Azərbaycanın tanınmış, adlı-sanlı musiqiçiləridir.
Əkrəm tələbə ikən artıq peşəkar ifaçı kini tanındı. Respublikanın ən istedadlı tarzənlərindən biri kimi möhtəşəm tar sənətinin texnikasına mükəmməl yiyələndi, mahir ifaçı oldu. Əkrəm müəllimin ifasını radio və televiziyadan eşidəndə dərhal tanımaq olur. Bu gün də bizim kollecdə çalışan müəllim və musiqiçilər, digər sənətkarlar – Adıgözəl Əliyev, Möhlət Müslümov, Nazim Quliyev, Müsəvvər Əsgərov,Tariyel Abbasov, Məhərrəm Məmmədov və başqaları Əkrəmin ifası, yüksək peşəkarlığı, virtuoz tarzən kimi ali zövqü, yüksək ifa texnikası haqqında dəyərli fikirlər söyləyirlər. Əkrəm müəllim xoşbəxt sənətkardır. Onu sevənlər, ifasını hər zaman dinləmək arzusunda olanlar çoxdur. Bu gün də ona pərəstiş edirlər”.
…Aradan uzun illər, 50 il keçəndən sonra elə həmin zamanlar və anları yada salıb Əkrəm müəllim ilə Naxçıvanda görüşüb söhbət etdik. O dedi:
– 1963-1967-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs ansamblında, 1968-2006-cı illərdə Naxçıvan Dövlət Filarmoniyasında və Naxçıvan Orta İxtisas Musiqi Məktəbində çalışmışam. Dövlətimiz və hökumətimiz tərəfindən əməyimə yüksək qiymət verilib. Naxçıvan MR əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşəm. 2006-cı ildən Prezident təqaüdçüsüyəm. Ömrüm Naxçıvanda keçib. Bu torpaqda yaşayıb-yaratmaq mənə ad-san və şöhrət gətirmişdir.
1994-cü ilin oktyabrında İqdır bölgəsinin milli təhsil idarəsinin rəisi Nurəddin Arazın Naxçıvan MR-in təhsil naziri Nazim Əkbərov ilə danışıqlarından sonra Türkiyəyə getdik. Dost, qardaş və qonşu ölkədə keçiriləcək Məhəmməd Füzulinin 500 illik yubileyinə proqram hazırlanırdı. Füzulinin obrazını yaratmaq üçün mən təklif etdim ki, onun şeiriyyatı ilə bağlı bir Füzuli oratoriyası hazırlayaq. Oratoriyanı ifa etmək üçün xor kollektivi yaratdım, oxuyanları yığdıq, bir orkestr düzəltdik. Çox məşqlər apardıq və Üzeyir Hacıbəylinin əsərləri əsasında bir oratoriya hazırladım. “Füzuli” oratoriyasını 500 illik yubileydə ifa etdik. Yubiley mərasiminə Türkiyənin hər yerindən çox dəyərli elm adamları, universitetlərin professorları gəlmişdilər. Yubiley təntənəsi çox əzəmətli və maraqlı keçdi, hamının xoşuna gəldi. Orada mənə də əməyimə, həmin tədbir və qurduğumuz əsərə görə təriflər etdilər, fəaliyyətimi çox bəyəndilər, qəzetlər də yazdılar.
Azərbaycan Respublikasının əməkdar müəllimi, filologiya elmləri namizədi Arif Əliyev: “Türkiyədə Üzeyir Hacıbəylinin ”Koroğlu” operasından Çənlibel xorunu Əkrəmin İqdırın ətrafında yaşayan oğlan və qızların arasından seçdiyi gənclərlə necə işlədiyinin canlı şahidi oldum. Qəsəbədə hətta bir dənə də olsun piano olmadığından Əkrəm özüylə bir neçə musiqiçini də Naxçıvandan İqdıra gətirmişdi.Gəldiyim nəticə bu oldu ki, o, sənətinin fədaisidir, xor sənətinin maestrosudur”.
Əkrəm müəllimin söhbətindən:
– Məni işləmək üçün Təbrizə dəvət etmişdilər. 5 ilə yaxın orada çalışdım. Dərs dedim, gözəl və mükəmməl bir tar məktəbi yaratdım.
Naxçıvana qayıdıb Musiqi Kollecində və Filarmoniyada fəaliyyətimi davam etdirdim. Hazırda Kollecdə “Xalq çalğı alətlərini orkestrləşdirmə” dərsini deyirəm. Həm də tar üzrə tələbələrim var. Bu illər ərzində mənim dərs dediyim tələbələr musiqi sahəsində tanınıb və irəli çəkiliblər.
Son vaxtlar “Şərur yallıları” əsəri üzərində çalışıram. 50-dən artıq yallını nota almışam. Bu yallıların mənşəyi, əsas mənbəyi, “Şərur” yallı ansamblı haqqında geniş məlumatlar vermişəm.
50 ildən çoxdur ki, Naxçıvanda yaşayıb-yaradan sənətkar bütün ömrünü milli musiqi mədəniyyətimizin inkişafına, muğamlarımızın, musiqi xəzinəsinin zənginləşməsinə, xalqımızın musiqi təhsili sahəsində ləyaqətli, intellektual musiqiçilər nəslinin yetişməsinə sətf etmiş, bu gün də yaradıclıq fəaliyyətini uğurla davam etdirir. Biz ona cansağlığı və yaradıcılıq yollarında böyük uğurlar arzulayırıq.
Afət SADIQOĞLU,
“Xalq qəzeti” 09.10.2014