NAXÇIVANIN İLK TUNC DÖVRÜ KERAMİKASI
Azərbaycanın qədim arxeologiyasında və tarixşünaslığında bir sıra mühüm problem məsələlərin həlli üçün XX əsrin 40-cı illərindən tədqiq olunmağa başlanan ilk Tunc dövrü Kür-Araz mədəniyyəti abidələri əsas mənbələrdir. Yayılma arealı Şimali Qafqazdan Suriya və Fələstinədək geniş coğrafi ərazilərdə müəyyən edilmiş bu mədəniyyətin bir sıra yaşayış məskənləri və qəbir abidələrində geniş arxeoloji tədqiqat işləri aparılmışdır. Naxçıvan diyarı Kür-Araz mədəniyyətinin ilk yarandığı və yüksək səviyyədə təkamül tapdığı əsas mədəniyyət mərkəzlərindəndir. Zaqafqaziya ilə Yaxın Şərq ölkələri arasında iqtisadi, mədəni əlaqələrdə həlledici rol oynayan Naxçıvan regionu, xüsusilə onun Şərur diyarı Kür-Araz mədəniyyətinə aid arxeoloji abidələrlə çox zəngindir.
Tarix elmləri doktoru V.H.Əliyevin rəhbərliyi ilə Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun «Naxçıvan» arxeoloji ekspedisiyası tərəfindən Ovçular təpəsi, I və II Maxta, Ərəbyengicə, Aşağı Daşarx, Xələc, Sədərək və digər Kür-Araz mədəniyyəti yaşayış yerlərində müəllifin bilavasitə iştirakilə aparılmış yeni arxeoloji tədqiqatların nəticələri göstərir ki, Araz çayının sol sahilində qədim əkinçilik və maldarlıq mədəniyyətinin intensive inkişafı üçün çox əlverişli bir təbii-coğrafi mövqedə yerləşən Şərur düzənliyi Azərbaycanda ilk tunc dövrü tayfalarının məskunlaşdığı əsas ərazilərdən olmuşdur. Naxçıvanın ilk tunc dövrü abidələri Kür-Araz mədəniyyəti problemlərinin həllində mühüm yer tutur.
Hələ 50-ci illərdə Naxçıvan Şəhəri yaxınlığındakı I Kültəpədə O.H.Həbibullayev tərəfindən aparılmış arxeoloji qazıntılar Zaqafqaziya abidələrinin tarixi xronologiyasının müəyyənləşdirilməsində əhəmiyyətli rol oynamışdır. Artıq tədqiqatları sona çatdırılmış II Kültəpə yaşayış yerinin arxeoloji materialları isə həmdövr abidələrinin xronoloji ardıcıllıqlarının daha da dəqiqləşdirilməsinə imkan yaratmışdır. Bu abidənin arxeoloji tədqiqi və geniş şəkildə elmi təbliği t.e.d. V.H.Əliyevin adı ilə bağlıdır.