Nazim Əkbərov Səkinə xanım Əliyeva haqqında
BU DÜNYADAN BİR İNSAN KEÇDİ… SƏKİNƏ XANIM ƏLİYEVA
“Dünya bir pəncərədir,
Hər gələn baxar, keçər…”
Bayatı.
KİÇİK BİR MÜQƏDDİMƏ
Bu müqəddimə ilə sizə həyat məktəbində mənə muəllimlik etmiş zamandan və bu zamanın bir dilimində həyatı ilə muəllimim olmuş bir böyük insandan bəhs edəcəyəm.
Sizə təqdim edəcəyim qəhrəmanlıq, qəhrəman yüksək dövlət vəzifəsində işləyən, eyni zamanda bir övlad-qəhrəman, bir bacı-qəhrəman, bir ana-qəhrəman, bir vətəndaş-qəhrəmandır. Amma bu gün belə bu qəhrəman haqqında, bu qəhrəman muəllim haqqında çoxumuz bilmirik.
Səkinə muallimə haqqında yazı yazarkən, onun həyat salnaməsinin bu günkü və gələcək nəsillərə örnək olacağına inamımla internetə girib bildiklərimdən daha çox məlumat toplamaq istədim. Ancaq təəssüf ki, Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2002-ci il tarixli, “Azərbaycanın elm və təhsil, mədəniyyət və incəsənət, iqtisadiyyat və dövlət idarəçiliyi sahələrində böyük xidmətləri olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri verilməsi haqqında” 942 №-li Sərəncamından və çox xəsis başqa bir tutarlı məlumat əldə edə bilmədim. Əldə edə bilmədim və çox kədərləndim. Ömrünün çoxunu dövlət yolunda sərf etmiş, dəfələrlə respublika Parlamentinin deputatı, sədr müavini olmuş, yüksək dərəcəli orden və medallarla, Fəxri Fərmanlarla təltif olunmuş, uzun illər Naxçıvanın siyasi və ictimai həyatında həlledici bir rol oynamış bir şəxs haqqında bu qədərmi məlumatsızlıq olmalıdır? Bu gün “google”a gir, ən istedadsız müğənninin adını yaz, qarşına yüzlərlə qovluq çıxacaqdır. Amma ömrünü dövlətə həsr etmiş adam haqqında heç nə! Budurmu bizim qədirşünaslığımız?
O zaman mənə düşən vəzifə Səkinə müəllimə haqqında hafizəmdə qalanları oyatmaq, onları yazmaq. Mənim yazım Səkinə müəllimə haqqında olan boşluğu doldurmaq üçün kifayət deyildir, amma heç olmamaqdansa, az olması daha yaxşıdır. Beləliklə, Səkinə müəllimə Əliyeva haqqında xatirələrimdən:
Səkinə Abbas qızı Əliyeva 1925-ci ildə fəhlə ailəsində anadan olmuşdur. Atası Abbas ailəsini halal çörəklə – əlinin əməyi ilə dolandırmış, anası Almaz bütün analar kimi saçını süpürgə edərək iki qızı və bir oğlunu boya-başa çatdırmışdır.
1945-ci ildə ÜİK(b)P[1] üzvlüyünə qəbul edilmiş, bundan sonra bütün həyatını partiya və sovet orqanlarında fəaliyyət göstərməyə həsr etmişdir.
1951-1958-ci illərdə Naxçıvan Vilayət Partiya Komitəsin təbliğat-təşviqat şöbəsində, əvvəlcə təlimatçı, sonra müdir vəzifələrində, daha sonra mühazirəçilər qrupunun rəhbəri, daha sonra, 1958-1961-ci illərdə Naxçıvan MSSR maarif naziri vəzifəsində işləmişdir.
1953-1958-ci illərdə Sergey Mironoviç Kirov adına Azərbaycan Dövlət Universitetinin (bu gün Bakı Dövlət Universiteti) filologiya fakültəsində ali təhsil almış, universiteti bitirdikdən sonra bir müddət Naxçıvan (indiki Babək) rayonunun Qahab kəndində müəllim işləmişdir. Daha sonra ali partiya təhsili almış, bundan sonra, 1961-ci ildə vəzifə pilləsi ilə irəliləyən Səkinə Abbas qızı Əliyeva Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin katibi vəzifəsinə irəli çəkilir və 1963-cü ilədək bu vəzifədə çalışır.
Dəfələrlə, 1958-ci ildən başlayaraq Naxçıvan MSSR Ali Sovetinin deputatı, 1963-cü ildən 1990-cı ilin mart ayınadək Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin Sədri, eyni zamanda Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti Sədrinin müavini vəzifələrində işləmişdir. Bir çox seçkili partiya orqanlarına seçilmiş, qüsursuz fəaliyyətinə görə dəfələrlə ən yüksək orden və medallarla, Fəxri Fərmanlarla təltif edilmişdir.
1990-cı ilin mart ayında da məhz qəhrəmanlıq göstəriyinə görə, özünü ölümün pəncəsinə atıb Naxçıvan Muxtar Respublikasını erməni işğalından və əhalisinin qırılıb Araza tökülməsindən xilas etdiyinə görə vəzifəsindən azad edilmişdir.
Səkinə müəllimənin qısa tərcümeyi-halı bundan ibarətdir. Onu tanıyanlar Səkinə müəllimənin necə övlad olduğunu, necə bacı olduğunu, necə rəhbər işçi olduğunu, nə qədər humanist, nə qədər şəfqətli bir insan olduğunu bilirlər. Bilənlər də ondan mütləq bir şey öyrənmişlər. Öyrənmişlərsə, demək Səkinə müəllimə həm də yaxşı müəllim olmuşdur.
Müəllim təkcə sənəfdə, auditoriyada dərs deyən adama demirlər, belələrinə “Fənn öyrədən,” yaxud “Bilik verən” desələr, daha doğru olar. Çünki muəllimlik bir otağın dörd divarları arasına sığan peşə, məslək deyildir. Baxın, Peyğəmbərimiz (s.a.s.) nə demişdir: “Hər biriniz çobansınız və hər biriniz güddüyünüzdən məsulsunuz.”
Allah Rəsulu (s.a.s.) o dövrün ən çox ehtiyac olduğu və bədəvi ərəblərə yaxşı tanış olan bir peşəni – çobanlığı nəzərə verərək sözünü deyir. Bu sözləri dövrün aynasında belə də əks etdirə bilərik: “Hər biriniz müəllimsiniz. Harada olsanız, nə iş görsəniz, sizdən nümunə götürən, sizi özünə örnək qəbul edən çox sayda insanlar vardır. Baxın, hər işinizdə, hər davranışınızda siz kiməsə təsir edirsiniz. Buna görə də məsuliyyətinizi unutmayın!..
Doğrudur, elə deyilmi? Biz uşaq olarkən hansımız özümüzü ən çox bəyəndiyimiz film qəhrəmanına, yaxud nağıl, dastan, hekayə, daha sonralar roman qəhrəmanlarına bənzətmək istəməmişik? İş yerində müdirimiz kimi olmaq, iclaslarda iclas sədri kimi davranmağı kim arzu etməmiş, kim təqlid etməmişdir? Demək, onlar da bizim üçün müəyyən müddət muallim
olmuşlar. Mənim ömrümün on iki illik dövrünün muallimi Səkinə müəllimə Əliyeva olmuşdur.
Mən 1979-cu ilin iyun ayından 1991-ci ilin iyun ayınadək Ali Sovetin Rəyasət Heyətində işləmişəm və bunun demək olar ki, hamısı – 11 ili Səkinə müəllimənin sədrlik dövrünə düşdü. Amma mən xatirələrimə də elə bu son dövrdən başlamaq istəyirəm.
Gəlin, bir neçə onillik geri qayıdaq və o dövrdə baş vermiş hadisələrin işığında Səkinə mülliməyə baxaq. O zaman biz həqiqi muallim portreti ilə qarşılaşacaq, bir muallim görəcəyik.
YAĞI YAĞ ÜSTƏ ÇIXARAN, AYRANI AYRANLIQ EDƏN
HADİSƏLƏR
“Çalxalandıqca, bulandıqca zaman nehrə kimi,
Yağı yağ üstə çııxır, ayranı ayranlıq olur.”
M.Ə. Sabir.
Sərlövhəni dahi şairimiz Mirzə Ələkbər Sabirdən seçməyim səbəbsiz deyildir. Bu sərlövhə altında təqdim edəcəyim hadisələr və bu hadisələrdə iştirak etmiş insanlar zamanın çalxantıları ilə özlərinin həqiqi simalarını ortaya qoymuş, kimiləri muallim, kimiləri də müəllim olduğunu göstərmişdir.
1990-cı il yanvarın ortalarında Azərbaycanda və Naxçıvanda ictimai-siyasi durumda gərginlik get-gedə artmaqda idi. Qanunsuz çəkilmiş tikanlı məftilli sərhəd dirəklərinin dağıdılmasından sonra İttifaq və dünya ictimaiyyətinin nəzəri SSRİ xəritəsində kiçik bir adanı xatırladan Naxçıvana yönəlmişdi. Naxçıvanlılara qarşı qərəzli münasibətini gizlədə bilməyən Respublika başçısı Əbdürrəhman Vəzirov SSRİ adlanan imperiyanın başçısı Mixail Qorbaçovun emissarları Qirenko, Nişanov və bir çox başqaları Naxçıvana təşrif gətirəndən az sonra Mərkəzin əlindəki oyuncaq Ermənistan artıq dövlət terrorizmi səviyyəsində Naxçıvanla həmsərhəd kəndlərə total hücumu başladı və onun ilk qurbanı Kərki kənd oldu.
İslam dininin və türk xalqlarının qatı düşməni olan M. Qorbaçov demokratiya pərdəsi altında xristian ölkələri birliyi yaratmaq əzmi ilə çalışdığı bir anda “Biz də varıq!” deyən, özünü tanıtmağa çalışan, üstəlik Dağlıq Qarabağı heç bir vəchlə sevimli ermənilərinə vermək istəməyən azərbaycanlılara yaxşı bir quraqburması verməyi, eyni zamanda, müsəlman dövlətlərinin başı üstündə ikinci bir cəza dövləti – Ermənistan yaratmaq qərarına gəlmişdi.
“Məgər Ermənistan yox idi?” sualınızı verməyə imkan vermədən bunu əlavə edim: Əlbəttə, Ermənistan adlı dövlət var idi. Həm də elə eyni dövlətlərin səyləri ilə meydana çıxmışdı. Yoxsa İrəvan xanlığının yerində Ermənistan qurmağa kimin gücü çatardı ki?! Bu gün də həmin Ermənistanı yeni – güya müstəqil bir dövlət kimi qurub onu özünün hərbi bazasına çevirmək, buradan Yaxın Şərqi, Qafqazı və Orta Asiyanın bir qismini öz təsiri altında saxlamaq istəyən var idi və o, öz işini görürdü.
Sovet hökumətinin ssenarisi ilə Bakıda həyata keçirilən və Moskvanın hər vasitə ilə ruslara və ermənilərə qarşı guya məqsədyönlü təcavüz kimi qələmə verməyə çalıdığı iyrənc siyasət Azərbaycanan paytaxtında, bir sıra regionlarında ictimai-siyasi vəziyyəti gərginləşdirmişdi. Naxçıvanda mitinqlər ara vermirdi. Ermənistanla sərhədlərdə gərginlik hər gün daha da artırdı.
Həmin günlərdə Naxçıvan Vilayət Partiya Komitəsi öz “fəallarını” təhlükə gözləyən sərhəd kəndlərinə təhkim etmişdi. Lakin bu silahsız, həm də konkret olaraq hansı vəzifəni həyata keçirəcəkləri aydınlaşdırılmamış adamların silahlı ermənilərə qarşı necə davam gətirəcəkləri tapmaca idi. Həmin “fəallardan” biri də mən idim və Vilayət Partiya Komitəsinin birinci katibi Afiyəddin Cəlilov silah haqqında verilən suallara “Hər şey var, lazım gəlsə verəcəyik,” deməsi məni təəccübləndirdi. Ermənilər mənim də təhkim olunduğum Şada kəndinə hücum edərdisə, silah gətirilənədək biz 4-5 nəfər kəndi necə qoruyacaqdıq? Əgər vardırsa, niyə bizi indi silahlandırmır, əliyalın insanları düşmən qarşısına göndərirlər?
Bir neçə gün sonra məlum oldu ki, heç bir silah-zad yoxdur. Hətta patronu belə rus əsgərlərindən pulla alırlar. Əcəb alver idi! Rəhmətlik Afiyəddin Cəlilovu da qınamalı deyildi, ona da yuxarıdan söz verir, onu arxayın salırdılar. Bir də o zaman heç kəsin ağlına gəlmirdi ki, SSRİ-nin tərkibindəki bir dövlət digərinə silah qaldırar. Mixail Qorbaçovun yenidənqurma adlandırdığı gedişat ölkəni dağılmağa doğru aparırdı. O zaman buna inananlar az idi, amma sonra, bir neçə il keçdikdən sonra çevrilib geri baxdıqda, ayrı-ayrı detalları yan-yana gətirib fotoqrafı bütüv halda gördükdə məsələ aydın olur. Ola bilər ki, Mixail Qorbaçov ölkəni dağıtmaq yox, doğrudan da yenidən qurmaq istəyirdi. Amma bir tək Qorbaçovun istəməsi kifayət idimi? Bu barədə ayrıca danışacağıq.
M.S. Qorbaçov SSRİ dövlətinin rəhbəri seçilər-seçilməz ölkədə demokratikləşmə, aşkarlıq, yenidəqurma kimi yeni terminlərlə çıxış etməyə başladı. Artıq ölkədə əsaslı dəyişikliklər olacağı gün kimi aydın idi. 1985-ci ilin əvvəllərində ortaya atılan bu terminlər getdikcə özünü göstərməyə başladı. Artıq ölkənin mərkəzində, bəzi paytaxtlarda “əhalinin ictimai fəallığı” deyə bizim alışmadığımız, bizə qəribə görünən hadisələr baş verməyə başladı. Söz və fikir azadlığından bəhs edilir, xaricə qaçmış, yaxud qadağan olunmuş yazıçıların əsərləri gün üzü görməyə başlamışdı. Rusiya jurnallarında A. Soljenisin, A. Rıbakov kimi onlarla mühacir yazıçı və şairlərin əsərləri çap dalbadal olunurdu.
Artıq kommunist partiyası tənqid edilməyə başlanmışdı. Eyni zamanda da SSRİ-nin tərkibində olan dövlətlərdə müstəqillik istəyi sədaları eşidilirdi. Bu isə əsasən Baltikyanı ölkələrdən – Latviya, Litva və Estoniyadan gəlirdi.
M. Qorbaçov partiyanın mövqeyini zəiflətmək, onun bir çox vəzifəsini Sovetlərə vermək istəyir, bu fikrini irəli sürür, sonra başqaları, daha çox da ziyalılar tərəfindən təbliğatı aparılırdı. SSRİ Konstitusiyasındakı 6-cı maddə – Sovet İttifaqı Kommunist Partiyası xalqın hərəkətverici, rəhbər, daha nə bilim bir aləm sözlərlə mədh edilən maddəsi tənqidə hədəf olmağa başlayırdı və bu maddənin Konstitusiyadan çıxarılmasını təklif edənlər belə olurdu.
Əlbəttə, Mixail Qorbaçov çox şey istəyə bilərdi, amma yuxarıda da deyildiyi kimi, onun ətrafında olanlar, xüsusi ilə də hərbçilər müxalif fikirlərini gizlətməməyə başlamışdılar. Onlar Qorbaçovun Strateji silahları məhdudlaşdırmaq haqqında Konvensiya müqaviləsi bağlamasını özlərinin hakim mövqelərini itirəcəkləri, çox sayda hərbçinin işsiz qalacağı qorxusu ilə bir yerə sığışdıra bilmirdilər. Ən başlıcası, rus dövlətçiliyində, dövlət siyasətində müharibəbazlıq çox güclüdür.
Burada, səhv etmirəmsə, Əbdürrəhim bəy Haqverdiyevin “Uca dağ başında” adlı hekayəsindən bir ifadəni xatırlatmaq istəyirəm. Müəllif həmin kəndi təsvir edərkən deyir ki, bu kəndin adamları dəlisiz yaşaya bilmirdilər. Odur ki, yay dövründə qışa hazırlaşarkən şəhərdən bir dəlini aldadıb kəndə gətirər, bütün qışı onunla vaxt keçirərdilər. İşdir, şəhərdən dəli gətirmək mümkün olmayanda, özlərindən birini dəli edər, onunla vaxt keçirərdilər.
Bəzi dövlətlərin siyasəti də belədir, onlara bir düşmən lazımdır. Bu düşmən olmayanda da, özlərindən bir düşmən çıxarıb vaxtlarını onunla keçirirlər.
Ermənistan kimi Rusiya da özünü düşmənsiz, müharibəsiz təsəvvür edə bilmir. Baxın, Rusiya televiziyası ilə nümayiş etdirilən filmlərin yarıdan çoxu müharibə mövzusundadır. Digər yarısının da çoxu yenə cinayətkarlarla mübarizədən, vurub-öldürməkdən, qan tökməkdən bəhs edir. Başqa sözlə, filmlərin yarısı xarici, yarısı da daxili düşmənlə mübarizədən bəhs edir. Eyni ilə Stalin dövrünün məntiqi yaşanır. Bu gün, İkinci Dünya Müharibəsinin başa çatmasından 70 ilə yaxın bir müddət keçməsinə baxmayaraq, dünyada sülh, dialoq, xoşməramlılıq fikirləri, ideyaları yayıldığı bir dövrdə Rusiyada hələ də hər ilin 9 May günü Böyük Vətən Müharibəsində Almaniya üzərində qələbə (bu gün buna qismən düzəliş edərək “Faşizm üzərində qələbə” deyirlər) bayram edilir, paytaxtda və bütün ölkədə tankların, roketlərin, zirehli texnikanın, əsgərlərin və s. paradı keçirilir, az qala bir əsr əvvəl baş vermiş bir kütləvi cinayət xatırladılır, özünün nöqsan və qsurları dilə gətirilmədən müharibə, zor, güc mədh edilir. Müharibə, öldürmək, qan tökmək mövzusunda şeirlər, romanlar yazılır, mahnılar bəstələnir.
Belə bir mentalitetin hakim olduğu dövlətdə KQB-də də, Daxili İşlər orqanlarında da, digər sahələrdə də dəstəkləyənlər, başqa sözlə, Qorbaçova qarşı düşmən münasibət bəslənməsi təbii idi və bəsləyənlər də çox idi və zaman keçdikcə belələrinin sayı artırdı.
Qorbaçovun özünün də bunda xidməti var idi. Çünki o, milliyyətçilik və tərəfkeşlik xəstəliyinə yoluxmuş bir adam idi və bu xəstəlikdən xilas olmadan demokratikləşmədən, şəffaflıqdan danışmaq boş və cəfəngiyyat olardı. Və oldu da!
Əvvəlcə Qazaxıstanda ölkə başçısını – milliyyətcə qazax olan, uzun illər ölkəyə başçılıq etmiş Kunayevi rus millətindən olan biri ilə əvəz etdilər və xalq etiraza qalxdı. Nəticə, deyilənə görə iyirmi altı nəfərin ölümü oldu. Sonra Pribaltikada, Gürcüstanda, Ermənistanda ara qarışdı. Pribaltika xalqları, həmçinin gürcülər SSRİ-dən ayrılmaq, müstəqillik, ermənilər isə Azərbaycandan torpaq istəyirdilər. Moskva isə onlara göz yumurdu. Qorbaçovun yanına erməni millətçilərinin biri girib, o biri çıxırdı. Qorbaçov, yoldaşı Raisa Maksimovna da onlara söz verir, ruhlandırırdı.
Qorbaçovun əleyhdarları isə onun buraxdığı səhvlərdən öz xeyirlərinə istifadə edirdilər. Məsələn, ordu, KQB, Daxili İşlər Nazirliyi açıq-aşkar erməni-azərbaycanlı qarşıdurmasının artmasında maraqlı idi. Onlar hamısı ölkənin hər yerində qan tökülməsini, nəticədə Qorbaçovdan narazılığın artmasını istəyirdi. Bir-birinin ardınca gah Rusiyada, Belorusda, Ukraynada baş verən təbii və texnogen fəlakətlər, digər müttəfiq respublikalarda mövcud olan milli ayrı-seçkilik hadisələri Qorbaçovun mövqeyini zəiflədən təbliğata xidmət edirdi. Kim bilir, bəlkə də Çernobıl hadisəsi, batan gəmilər, dağılan obyektlər… bunların hamısında demokrtaiya əleyhdarlarının barmağı var idi! Çünki dərhal şaiyə yayılırdı: “Deyirlər “İncil”də yazılıb ki, bir gün Rusiyanın başına başında xal olan biri gələcək və SSRİ dağılacaq…”
Bu və bunun kimi şaiyələri yayanlar çox idi, yayanlar qədər də buna inananlar, inanmaq istəyənlər var idi. Çünki nəhəng bir dövlətdə yer yerindən oynamış, xeyli adam oturduğu kreslonun hər an aşıb düşəcəyini hiss etməyə başlamışdı.
Baş verən bütün bu hadisələr Xruşşov dövrü ilə o qədər bənzər idi ki! Deməli, hər iki hadisənin arxasında duran, qazanı qarışdıran əl eyni əl idi.
Belə bir şəraitdə, 1988-ci ilin fevral ayında ermənilər Dağlıq Qarabağ Vilayət Sovetinin sessiyasını çağırıb Ermənistana birləşmək haqqında qərar qəbul etdilər və… bununla da Azərbaycan üçün bəlalı günlər başladı. Həmin ilin oktyabrında ermənilər Topqapı meşəsində bir neçə ağacı kəsib yerində nə isə təkməyə başladı. (2013-cü ilin yayında İstanbulda başlayıb Türkiyənin bir neşə yerinə yayılan, amma genişlənə bilməyən “Gəzi parkı hadisələri” eyni ssenarinin iyirmi beş il sonrakı təcəllisi idi) Bundan sonra Bakıda və başqa yerlərdə mitinqlər başladı. Bunun ardınca Qarabağdan və Ermənistandan azərbaycanlıları çıxarmaq əməliyyatı başlandı və hadisələr o qədər gərginləşdi ki, artıq tamamilə məcrasından, nəzarətdən çıxdı və müharibə ilə əvəz olundu.
Həmin dövrdə Kommunist Partiyasının hakimiyyətdən uzaqlaşdırılması, əvəzinə demokratik idarəetmə sisteminin gətirilməsi tələbləri də irəli sürülürdü. Bütün bu proseslərin aparıcı qüvvəsi isə Xalq Cəbhəsi idi.
Xalq Cəbhəsi üzvləri vahid bir ideologiyadan törəməsələr də, vahid bir orqan – KQB, SSRİ Silahlı Qüvvələri və SSRİ Daxili İşlər nazirliyi tərəfindən idarə olunurdu, lakin bundan istifadə edən başqa ölkələrin kəşfiyyat orqanları da var idi. Məsələn, 1988-ci ilin Bakı mitinqlərində “Azadlıq” meydanına (o zaman Lenin adına meydan) İranın da bayrağı gətirilmişdi. Məqsəd mitinqlərə “İslamçı” boyası vurmaq idi. Çox keçmədən Xalq Cəbhəsi parçalandı, onun hər bir lideri özü üçün bir partiya qurdu və heç biri də məqsədinə çata bilmədi. Amma olan xalqa oldu.
Xalq Cəbhəsinin KQB tərəfindən idarə olunduğuna etiraz edənlər ola bilər və onlar da müəyyən qədər haqlıdırlar. Çünki o dövrün hadisələri elə gərgin idi ki, qəlbində azacıq vətən sevgisi olan hər kəs onları müdafiə edər, hətta üzvü də olmaq istərdi. Xalq Cəbhəsi gücünün bir hissəsini gizli xidmət orqanlarından alırdısa, bir qismi də məhz bu cür vətənpərvər insanlardan alırdı. Amma Cəbhənin yuxarı təbəqəsi istəsə də, istəməsə də, xəbəri olsa da, olmasa da KQB və onun kimi digər ölkələrin kəşfiyyat orqanları tərəfindən idarə edilirdi. Buna sübut üçün bir faktı nəzərinizə çatdırım.
NaxçıvanınKQB-sinin, yəni Dövlət Təhlükəsizlik Komitəsinin sədrinin sürücüsü güya cəbhəçi idi və iş gününün çoxunu Xalq Cəbhəsi binasında, onun həyətində cəbhəçilərlə keçirirdi. Özünüz deyin, belə bir adamı KQB sədri işdə saxlayardımı? Amma adam rahat-rahat həm orada, həm də burada işləyirdi. Deməli, kimisə, yaxud kimlərisə nəzarət altında saxlayırdı.
Hadisələrin sonrakı gedişi də bu dediklərimi sübut etdi. Xalq Cəbhəsinin elitar təbəqəsinin bir hissəsi dünyasını dəyişdi, yaxud başqa səbəblərdən hərəkatdan geri çəkildi, bir hissəsi isə sonrakı illərdə dövlət və hakimiyyət orqanlarında yüksək vəzifə tutdular. Başqa sözlə, xidmətlərinin haqqını aldılar.
Bu məsələni o adamların vicdanına həvalə edib, o dövrdə baş verən hadisələrə qayıdaq.
1989-cu ilin noyabr-dekabr aylarında artıq Azərbaycan faktiki olaraq idarə edilmirdi. Kommunist Partiyası həyata nüfuz edə bilmirdi, hakimiyyət bir çox yerlərdə Xalq Cəbhəsinin əlinə keçmişdi. Kommunistlər üzdə bundan narazı görünsələr də, daxildə buna yardım edənlər də çox idi. Çünki Xalq Cəbhəsi adı ilə rəhbər işə gətirilənlər təcrübəsiz və səriştəsiz adamlar idi və çox qısa zamanda kobud səhvlərə yol verərək xalqın etimadını itirirdilər. Kommunist məmurlara da elə bu lazım idi. Yanğının üstünə benzinlə gedirdilər.
Müharibə meydanlarında məğlubiyyət üstünə məğlubiyyət, ölkədə xaos üzərinə xaos, hər şey bir-birinə qarışmışdı. Dekabrın sonlarında Azərbaycan SSR Ali Sovetinin növbəti sessiyası keçiriləcək və ölkənin siyasi vəziyyəti, növbəti seçkilərin demokratikləşdirilməsi məsələsi müzakirə ediləcəkdi.
Dekabrın 27-də Səkinə müəllimə Respublika Ali Sovetinin növbəti sessiyasında iştirak etmək üçün Bakıya getdi.
Səkinə müəllimədə ibrətamiz, öyrəniləcək xasiyyətlərdən biri onun rəsmi iclaslarda çıxışa çox ciddi hazırlaşması idi. Parlamentin sessiyalarında, partiya təşkilatının plenumlarında, fəallar yığıncaqlarında hər hansı bir mövzudan çıxış edəcəkdisə, bu çıxışa bir həftə, ən gec 3-4 gün qalmış hazırlaşardı. Əvvəlcə mənə mövzunu verər, çıxış mətni yazmamı tapşırardı. Mən bacardığım qədər mətn hazırlayardım. Sonra Səkinə müəllimə o mətnə əlavələrini, çıxarışlarını, qeydlərini edib yenidən mənə verərdi. Bu dəfə mətni onun istədiyi kimi təkmilləşdirərdim. Bu əməliyyat həmin iclasa qədər, yaxud onun Bakıya gedəcəyi son saata qədər davam edərdi. Bundan sonra onu Vilayət Partiya Komitəsinə göndərib son redaktəsini etdirər, bundan sonra məruzə və ya çıxış edərdi. Heç şübhəsiz ki, Bakıda da müvafiq təşkilatların rəhbərləri ilə, şöbələri ilə razılaşdırdıqdan sonra çıxış edərdi.
Bu üsul bəzlərinə qəribə görünə bilər. Amma məncə, ən doğrusu da budur. Bir adam insanlar qarşısına çıxıb onlara xitab edəcək, onlara bir şeylər deyəcəksə, çox məsuliyyətli olmalıdır. Üstəlik, çıxış edən bir dövlət təmsilçisidirsə, həm bir hakim partiyanı, həm rəhbəri olduğu dövlət qurumunu, həm seçicilərini təmsil edirsə, o zaman çox böyük məsuliyyət daşıyır və bu məsuliyyətin altına qətiyyən məsləhətsiz, məşvərətsiz girməməlidir. Çünki aqillər demişkən, “Nə qədər ki, söz ağzından çıxmayıb, o, sənin köləndir. Elə ki ağzından çıxdı, sən onun köləsisən.
Bu dəfə də belə oldu. Səkinə müəllimə qapıdan çıxana qədər çıxış mətni üzərində işlədi, nəhayət kabinetindən çıxdı. O, kabinetdən çıxandan beş dəqiqə sonra Ali Sovetin Rəyasət Heyətinin Katibi qəbul otağına girdi, Səkinə müəlliməni soruşdu.
– Səkinə müəllimə getdi,-deyə mən cavab verdim, sonra əlavə etdim,-bu dəfə sessiya çox şənlikli olacaq, deyəsən…
Katib həmişəki vəzifəli şəxs ədası ilə dodaqlarında xəfif təbəssüm belə dedi:
– Sessiya-zad olmayacaq.
Mən ürəyimdə onun bu sözlərinə güldüm, hətta o otaqdan çıxandan sonra iş yoldaşlarıma da gileyləndim:
– Nə qəribə adamdır e… Deyir ki, sessiya olmayacaq. Heç elə şey olar?..
Amma elə də oldu. İki gün davam etməsi nəzərdə tutulan sessiya ayın 29-da başladı, amma elə həmin gün də seçkilər haqqında qərar qəbul etmədən fasilə elan etdi və bir daha fasiləyə çıxan iclas bərpa edilmədi. Səbəb bir sıra rayonlarda cəbhəçilərin rayon partiya komitələrinin qapısını mismarlayıb bağlamaları, partiya təşkilatını qovmaları, üstəlik də, sərhəd dirəklərinin sökülməsi barədə Cəbhənin çağırışı olmuşdu.
Əlbəttə, bu da idarə olunan bir əməliyyat ola bilərdi. Bununla sessiyanın azacıq da olsa, demokratik seçki keçirmək üçün qanun qəbul etməsinə yol verməmək, gərginliyi artırmaq, son həddə çatdırmaq ola bilərdi. Və əlbəttə, elə də oldu. Ayın 30-da Səkinə müəllimə artıq kabinetində idi. Bu da bir başqa hadisələrlə əlaqədar idi. Cəbhəçilər sərhəd məftillərinin sökülməsi haqqında qərar qəbul etmişdilər.
Həmin gün – dekabrın 30-da Səkinə müəllimənin kabinetində günorta başlayan iclas səhərəcən davam etdi. İclasda bir tərəfdən Naxçıvan Xalq Cəbhəsinin rəhbərləri, digər tərəfdən isə Azərbaycan və Naxçıvan Sərhəd Qoşunları rəhbərliyi, KQB nümayəndəsi, ordu və daxili işlər nazirliyi rəhbərləri iştirak dirdilər.
Bir gündən artıq müddətdə davam edən müzakirələr olduqca gərgin keçirdi. Cəbhənin liderlərindən Arif Rəhimov arada Səkinə müəllimənin kabinetindən çıxıb mənim otağıma gəlir, Əbülfəz Elçibəyə zəng vurub dövlət nümayəndələri ilə gedən söhbətin əsas məsələləri və özlərinin davranışları barədə ona məlumat verirdi. Ondan lazımi təlimatı aldıqdan sonra yenidən müzakirə otağına geri qayıdırdı. Arif Rəhimov o zaman Naxçıvan Dövlət Universitetinin filologiya kafedrasının müəllimi idi.
Bu hal səhərəcən bu bir neçə dəfə təkrar edildi. Hər dəfə mən vəziyyət haqqında bir şey öyrənmək istəyərək Arifə suallar verərdim. Verdiyim suallara isə Arif səthi cavablar verərək başını bulayır, “Vəziyyət gərgindir,” ifadəsini təkrar edərək Səkinə müəllimənin kabinetinə gedirdi. Amma bizim katib də arabir kabinetdən çıxırdı. Ondan da digər tərəfə aid məlumatlar öyrənmək olurdu. Bir dəfə hirslə kabinetdən çıxdı. Mənim təəccüblü baxışlarımla qarşılaşıb ona sual verməyimi gözləmədən belə dedi:
– SSRİ sərhəd qoşunlarının nümayəndəsi təklif edir ki, siz (yəni cəbhəçilər), işə qarışmayın, yanvarın 3-də, ən gec 4-də biz özümüz sərhəd dirəklərini sökəcəyik. Amma bunlar bir addım geri atmırlar, dediklərini deyirlər.
Beləliklə, bir gün davam edən müzakirələrdən tərəflər istənilən nəticə ala bilmədilər. Cəbhəçilər 31 dekabrda sərhəddəki tikanlı məftillərin sökülməsinə başlayacaqlarını bildirib getdilər.
Dekabrın 31-də səhər saat 10-da Nemət Pənahovun başçılığı ilə xalq kütlələri Mömnə-Xatun məqbərəsi qarşısındakı meydana toplanmışdı. Nemət Pənahlı boynuna ağ parça (kəfən) bağlayıb xalqı arxasınca sərhəddə apardı. Cəbhəçilərin bir hissəsi avtobuslara minib sərhəddə getdilər. Digərləri isə şəhərin mərkəzi Lenin meydanında mitinqi davam etdirirdilər.
Möhkəm qar yağırdı, amma heç kəs meydanı tərk etmək istəmirdi. Cəbhənin liderləri növbə ilə mikrofonu əllərinə alıb iqtidarı, Moskvanı tənqid edir, xalq hərəkatının mütləq qalib gələcəyi vədini verirdi. Sözü qurtaranlar isə şeir oxumaqla meydanı coşdururdu.
Bir neçə saat sonra cəbhəçilərdən kimsə kəsilmiş sərhəd dirəklərindən birini üstündəki tikanlı məftillərlə birlikdə başı üzərində qaldıraraq mitinq meydanına gətirdi. Meydanda qulaqbatırıcı səslər yuksəldi. Bu, indiyədək görünməmiş hadisə idi. Bu həmin dövlət sərhəddi idi ki, quş quşluğu ilə ona yaxın düşə bilmirdi. Sərhəd dirəklərinin sökülməsi, SSRİ kimi nəhəng imperiyanın çökdüyünün bariz əlaməti idi. Öz sərhədlərini qoruya bilməyən bir dövlət, öz varlığını qoruyub saxlaya bilərmi?
1990-ci il Naxçıvanda belə qarşılandı. Bir il də keçəcək, həmin hadisələr Azərbaycanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü olaraq qeyd ediləcəkdi. Amma bunun üçün hələ qarşıda bir ilə yaxın bir zaman dilimi var idi.
Bir neçə gün sonra rus ordusunun köməyi ilə Kərki kəndinə hücumlar başladı. Ayın 13-də (bu tarix bir-iki gün səhv ola bilər) ruslar Kərki kəndini ermənilərə təhvil verdilər. Bu hadisə Naxçıvanda növbəti mitinq dalğalasını qalxmasına səbəb oldu.
MÜSTƏQİLLİK UĞRUNDA MÜBARİZƏ MEYDANI
Azərbacyan Respublikasının müstəqilliyə gedən yolunda bəzi hadisələrin şahidi olmaq mənə də nəsib oldu. Ona görə də fürsət düşmüşkən, bu tarixi hadisə ilə əlaqədqar xatirələrimi qələmə almaq istəyirəm. Bəlkə bu xatirələrdə gələcək nəsillərə lazım ola biləcək məqamlar, faktlar ola bilər.
Ermənistanın Azərbaycan torpaqlarına müdaxiləsi keçən əsrin son onilliyini Azərbacyan üçün çox mühüm hadisələrə vəsilə etdi ki, bunlardan ən mühümü Azərbacyanın öz dövlət müstəqilliyini bərpa etməsi üçün baş qaldırması idi.
Bu hadisələrin cərəyan etdiyi məkanlardan biri, əlbəttə, Parlament idi. Müstəqillik çağırışları ilk dəfə SSRİ Xalq Deputatlarının birinci sessiyasında Pribaltika ölkələri tərəfindən səsləndirildi və bu, digər respublikalarda müstəqillik üçün başlamış hərəkatlara cəsarət vermiş oldu. Azərbacyan isə üstəlik, Ermənistanın Qarabağa iddiası ilə onsuz da çalxalanmaqda idi və Pribaltika respublikalarının bu çağırışından sonra müstəqillik barədə daha cəsarətli hərəkət etməyə başladı.
Ermənistanda müstəqillik hərəkatı qonşulardan torpaq qoparmaq, işğalçılıqla paralel getdiyindən, müstəqillik borada ikinci, hətta daha arxa sıralarda idi. Burada müstəqillik deyəndə Böyük Ermənistan xülyası ön plana çıxarılırdı. Erməni millətçiləri yaxşı başa düşürdülər ki, Rusiyadan təcrid olunmaq onların məqsədlərinə maneədir və buna görə də onların bütün çıxışları millətlərin öz müqədaratını təyin etmək barədə yüz il bundan əvvəl ortaya atılmış Leninçi sənəddən başqa bir şeydən ibarət olmurdu.
Azərbacyanda müstəqillik ideyasının daşıyıcısı və hərəkətverici qüvvəsi Azərbaycan Xalq Cəbhəsi idi. Xalq Cəbhəsi o zaman xalq tərəfindən geniş dəstəkləndiyi üçün çox güclü idi və Kommunist Partiyası onun qarşısında özünün acizliyini gizlədə, ört-basdır edə bilmirdi.
Mənə Azərbaycan SSR Ali Sovetinin müstəqillik məsələsinin müzakirə edildiyi sessiyalardan birində iştirak etmək qismət oldu. Nə işlə əlaqədarsa, Səkinə müəllimə ilə bərabər mən də Bakıya gəlmişdim. Səkinə müəllimə mənim də sessiyada iştirak etməmi lazım bildi. Çünki sessiya əvvəlki kimi qabaqcadan hazırlanmış ssenari üzrə getmirdi, hər an hər şey ola bilərdi və Səkinə müəllimə çıxış etməli olardı. Bu sahədə ona kömək etmək üçün o, mənim də sessiyada iştirak etməmə icazə aldı və mən ilk dəfə Respublika qanunvericilik orqanının işində iştirak etdim.
1989-cu il Sentyabr ayının əvvəlləri, bəlkə də avqust ayının sonları idi, indi bunu tam dəqiqliyi ilə xatırlaya bilmirəm. Sessiya gündəlikdə duran məslələrlə yanaşı ölkədəki vəziyyəti də müzakirə edirdi. Fasilədə mən aşağı qata enib siqaret çəkirdim. Televiziya ekranlarından söhbətlərinə böyük maraqla qulaq asdığım mərhum alim Aydın Məmmədov da orada idi. Onunla tamış oldum və ordan-burdan söhbət edirdik. Elə bu vaxt bayırda səs-küy qopdu. Sanki nəhəng bir xor dəstəsi bir şeylər oxuyurdu. Aydın Məmmədovla birlikdə mən də yuxarıya, Ali Sovetin binasının birinci mərtəbəsinə, foyeyə qalxdıq.
Binanın giriş qapısına minlərlə adam toplaşmışdı, ön sırada qadınlar idi. Onlar “Azadlıq!” “Rədd olsun imperiya!” “Erməni havadarlarına ar olsun!” kimi şüarlar bağırır, içəri girmək istəyirdilər. Lakin qapıdakı milislər onların qarşısını alırdılar.
Bir müddət bu mənzərəyə tamaşa etdik, sonra sessiya öz işinə davam etdi.
Sessiyada deputat kimi Azərbacycan KP MK-nın birinci katibi Əbdürrəhman Vəzirov və ikinci katibi Viktor Polyaniçko da iştirak edirdilər. Sessiyanın sədri xalq hərəkatının nümayəndələrinin də sessiyada iştirak etdiyini elan etdi və salona dəvət etdi. Əbülfəz Elçibəy, Nemət Pənahlı, İsa Qənbər, Etibar Məmmədov, Sülhəddin Əkbərov, Leyla Yunusova və indi xatırlamadığım bir neçə nəfər salona daxil oldular.
Müzakirələrdə cəbhəçilər də çıxış etməyə başladılar. Bu, bir ilk idi. İndiyədək Ali Sovetin sessiyalarında əvvəlcədən nəzərdə tutulmamış, çıxışının mətni dəfələrlə yoxlanılmamış heç kəs iştirak etməmiş, çıxış etməmişdi. Cəbhəçilər Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi barədə qərar qəbul edilməsini tələb edirdilər. Təbii ki, hakim partiya da bunu qəbul etmək istəmirdi. Get-gedə mübahisə elə qızışdı ki, Əbdürrəhman Vəzirovla Nemət Pənahov arasında söz döyüşü başladı. Vəzirov tribunadan Neməti hədəfə alaraq “Syadte, syadte!”-deyə bağırmağa başladı,-“Tı uje doqovorilsya, xvatit, syad na mesto!”(Otur yerinə, otur! Sən kifayət qədər, lazım olduğundan da çox danışmısan. Bəsdir, otur yerinə!) -deyə bağırmağa, onu hədələməyə davam edirdi.
Əbülfəz Elçibəyin çıxışı maraqla dinlənildi. Digərlərinə nisbətən o, daha ağır, daha məntiqli danışırdı və son sözünü deyib yerinə keçdi.
Bu dəfə Vəzirov xitabət kürsüsünə gəldi və son sözü Əbülfəz Əliyevə verməmək üçün əlaqəsiz bir neçə söz dedi.
Sessiyanın keçirildiyi binanın ətrafına yığılan insanların bağırtıları yüksəlirdi. Sessiya yenə işinə fasilə verməli oldu. Etibar Məmmədov binadan çıxıb xalqkütlələrinə müraciət etmək istədi. Ali Sovetin binasıın qarşısında tohlanmış insanlar indi də “Etibar!” “Etibar!” deyə bağırmağa başladılar. Etibar Məmmədov onlara sessiyanın gedişi barədə məlumat verdi və müstəqillik aktının qəbul etdirəcəklərinə dair söz verdi və təbii ki, partiya nomenkulaturasının bu məsələdə tutduğu xəyanətkar mövqeyi də nəzərə çatdırmağı unutmadı.
Sesiya gecə saat birəcən davam etdi və Xalq Cəbhəsinin irəli sürdüyü sənəd – “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Konstitusiya Aktının layihəsi üzərində işləmək və onu iki həftə müddətində hazırlamaq barədə qərar qəbul edildi. Lakin respublika rəhbərliyi bu prosesi ləngitdi.
Bu məsləyə yalnız 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyasında qayıdıldı. Dörd günlük müzakirələrdən sonra, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında “Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nı yekdilliklə qəbul etdi.
Həmin vaxt aktın lehinə Ali Sovetin 360 deputatından 258-i səs verdi, yerdə qalanlar ya sessiyada iştirak etmədilər, ya da onun əleyhinə səs verdilər.
Azərbaycanın dövlət müstəqilliyini birinci olaraq qardaş Türkiyə Cümhuriyyəti tanıdı. 1991-ci il noyabrın 9-da Türkiyənin baş naziri Məsud Yılmaz Bakıya zəng vurub Türkiyə hökumətinin qərarını Azərbaycan rəhbərliyinə çatdırdı.
Dekabrın 11-də müstəqilliyimizi tanıyan 2-ci ölkə isə Rumıniya oldu. Dekabrın 13-də Pakistan Azərbacyanı müstəqil dövlət kimi tanıdığına dair bəyanat verdi.
Nəhayət, dekabrın 29-da Konstitusiya Aktı ümumxalq səsverməsinə çıxarıldı və 95 faiz seçicinin iştirak etdiyi referendum müstəqillik faktını rəsmiləşdirdi. Beləliklə, Azərbaycan Respublikası, 1992-ci ilə müstəqil dövlət kimi qədəm qoydu.
XƏYANƏTİN DAHA BİR TƏCƏLLİSİ
1990-cı ilin Şərur rayonuna bağlı olan Kərki kəndində vəziyyətin ermənilərin xeyirinə həll edilməsi, kəndin ermənilərə təhvil verilməsi ilə ara qarışmış, vəziyyət daha da gərginləşdi. Rus ordusu Kərkinin müdafiəçilərini aldatmışdılar. “Siz geri çəkilin, kəndi biz özümüz qoruyacağıq,”-demişdilər. Könüllü müdafiəçilərin isə əllərində bir-iki ov tüfəngindən başqa heş nə yox idi və təbii ki, bununla ermənilərin hücumunun qarşısını almaq olmayacaqdı. O zamana qədər heç kəs real düşmənlə üz-üzə gəlməmişdi, belə səhnələri yalnız filmlərdə, televiziya ekranlarında görmüşdü. Ölümün nə demək olduğunu bütün dəhşəti ilə yaşamaq ancaq bir neçə gün sonra meydana çıxdı.
Kərki kəndinin müdafiəçiləri rus ordusunun komandirlərinə inanmışdılar. Amma onlar geri çəkilən kimi ordu ermənilərə yol açdı və onlar kəndə daxil oldular.
Yanvarın 14-dən sonra bütün telefon xətləri kəsildi. Səhv etmirəmsə, elə həmin gün “VÇ” (yüksək tezlikli) hökumət telefonu da işləmədi. DTK əməkdaşları S. Əliyevanın kabinetinə peyk telefonu qoydular . “VÇ”-un kəsilməsini ermənilərin Mehri rayonunda təxribatı ilə əlaqələndirilirdi.
Bu gün az qala hamıda olan cib telefonlarının bağlı olduğu rabitə peyklərinə o zaman barmaqla sayıla biləcək qədər az adam qoşula bilirdi. Bu telefon Naxçıvan Vilayət Partiya Komitəsinin Birinci Katibi Afiyəddin Cəlilovun, Nairlər Soveti Sədrinin, KQB sədrinin və DİN kabinetində qurulmuşdu. Yəqin hərbçilərdə də vardı.
Yanvarın ortalarında hələlik çoxumuzun diqqəti Bakıda idi və biz vəziyyətin normallaşmasını səbirsizliklə gözləyirdik. Güman edirdik ki, Bakıda vəziyyət qaydaya düşsə, Naxçıvanda yaranmış vəziyyətlə məşğul olacaqlar, lakin əksinə oldu, əvvəlcə televiziya və radio verilişlərinin translyasiyası, sonra rabitə əlaqəsi kəsildi. Yanvarın 15-də, səhər SSRİ Ali Soveti Rəyasət Heyəti xüsusi Fərman qəbul etmişdi. Bu Fərman Bakıda və Azərbacyanda baş verən hadisələrlə əlaqədar idi.
Bundan təqribən bir həftə, on gün əvvəl Naxçıvan o zamanadək heç görmədiyi qonaqları qarşıladı. Bakıdan Azərbaycan KP MK-nın Birinci Katibi Əbdürrəhman Vəzirov, SSRİ Ali Soveti Millətlər Sovetinin Sədri Rafiq Nişanoviç Nişanov, Sov.İKP MK-nın məsul işçisi Andrey Nikolayeviç Girenko və bir neçə başqa vəzifəli şəxslər, o cümlədən məşhur tarixçi akademik Ziya Bünyadov Naxçıvana gəldilər. Belə bir heyət Naxçıvana ilk dəfə idi gəlirdi.
Neçə gün idi, qar ara vermədən yağırdı. Amma buna baxmayaraq Naxçıvan arı pətəyi kimi qaynayırdı. Əbdürrəhman Vəzirovun Heydər Əliyevə qarşı çıxması, rəhbər vəzifələrdə olan naxçıvanlılara münasibətinin bəlli olacaq dərəcədə mənfi olması, üstəlik də Ermənistanın torpaqlarımıza müdaxiləsi və işğalına qarşı loyal mnasibəti əhalidə inamsızlıq, nifrət hissi oyatmışdı. Moskvanın da açıq-aşkar Ermənistanı müdafiə eməsini buna əlavə etsək, o zaman naxçıvanlıların gələn vəzifəli şəxslərə münasibətini anlamaq mümkün olar.
Qatarla Naxçıvana gələn heyətin qarşılanması heç də xoş olmamışdı. Həmişə bu cür qonaqları yüksək əhval-ruhiyyə, böyük hazırlıq, xüsusi proqramla qarşılayan Naxçıvan rəhbərliyi də nə edəcəyini bilmirdi. Xəbər gəldi ki, Naxçıvan dəmiryol vağzalında gələnlərin qarşısı əhali tərəfindən kəsilib, hətta Vəzirovun mindiyi maşını aşırmaq belə istəyiblər.
Həmin gün qonaqlar Naxçıvanda hara getdisə, insan seli onları təqib etdi. Zəng edib axşam saat dörddə Vilayət Partiya Komitəsinin iclas zalında olmamızı tapşırdılar. Görünür, fəallar yığıncağı keçiriləcək, yuxarılardan gələnlər vəziyyət barədə məlumat alacaq, məlumat verəcəkdilər.
Saat dördün yarısında hamımız partiya komitəsinin binasında idik. Bir saat keçdi, qonaqlar gəlmədi. İki saat keçdi, üç saat keçdi, qonaqlardan heç bir xəbər alnmırdı. Hər ağızdan bir avaz gəlirdi. Bu münvalla saatlar keçir, amma iclas başlamırdı ki, başlamırdı.
Nəhayət, saat 11-də qonaqlar gəldi. Ə.Vəzirov heç nə olmamış kimi gülə-gülə salona daxil oldu, onunla gələn digər qonaqlar da keçib yerlərində, Rəyasət Heyətində oturdular. Səkinə müəllimə digər vəzifəli şəxslər kimi zalda, birinci cərgədə oturmuşdu. Əvdürrəhman Vəzirov salona göz gəzdirərkən, onu gördü və dərhal işarə ilə yanına çağırdı.
Gələnlər nə qədər yüksək dövlət vəzifələri daşısalar da, onların xalqa deyəcəyi heç nə yox idi, çünki məsələnin mahiyyəti Qarabağdan ibarət idi, bunlar isə bu məsələni həll etmək iqtidarında deyldilər, əksinə, torpaqlarımızı daha rahat ermənilərə peşkəş etmək, Qorbaçovun yanında “xal qazanmaq” arzusunda idilər.
Kürsüyə gələn Ə. Vəzirov uzun uzadı bir çıxış etdi. Bədbəxt Azərbaycan dilində çox pis danışdığından çox vaxt dediyi sözlər salonda gülüşə səbəb olurdu. Sözünün sonunda təqribən belə bir ifadə işlətdi: “Gözləyin, səbr edin, bir həftə sonra əlinizə bir sənəd verəcəyəm. Hər şey yaxşı olacaq.”
Onun başqa sözləri kimi, bu sözünə də gülüşdən başqa əhəmiyyət verən olmadı, amma bir həftə sonra, doğrudan da heç gözləmədiyimiz şeylər oldu.
Yuxarıda adı çəkilən Fərman verildi. Mixail Qorboçovun imzası ilə elan edilən həmin Fərman respublika mərkəzi mətbuatında dərc edilmişdi, eyni zamanda, dərhal ”Şərq qapısı” vilayət qəzetində dərc edilməli idi və biz həmin Fərmana müvafiq öz Fərmanımızı qəbul etməli idik. Lakin rabitə əlaqəsi olmadığından Səkinə xanım Əliyeva “VÇ” (yüksək tezlikli ) telefonu ilə Bakıya zəng vurub Fərmanı telefonla diqtə etməyi xahiş etdi.
Telefonla diqtə edilən Fərman makinada çap edildikcə hamımızı təəccüb bürüyürdü, bu müharibə dövrünü xatırladan bir sənəd idi, amma onun əsl mahiyyətini biz bir-iki gün sonra, yanvarın 18-dən sonra dərk edə bildik. Kimin ağlına gələrdi ki, SSRİ adlanan nəhəng dövlətdə bir respublika digər respublikaya hücum edib onun torpaqlarını işğal edəcək, insanlarını öldürəcək, mərkəzi hökumət isə bunu aradan qaldırmaq, ədalətli qərar qəbul etmək əvəzinə təcavüzə məruz qalan xalqın üzərinə ordu yeridəcək? Həmin gün biz fərmanın başqa maddələrinə o qədər də əhəmiyyət vermədik, belə hesab etdik ki, qoyulan məsələlər və şərtlər gözlənə biləcək halların qarşısını almaq üçündür. Təəccübümüzə səbəb olan bir də bu idi ki, Azərbaycan SSR-in İran və Türkiyə ilə bütün sərhəd rayonlarında, Ermənistanın isə yalnız Mehri rayonu ərazisində fövqəladə vəziyyət elan olunurdu.
Doğrudan da qəribə idi, hücüm edənin yox, hücuma məruz qalanın ərazisində, hətta Kirovabad şəhərində (indiki Gəncə) də fövqəladə vəziyyət elan olunur, üstəlik “lazım gələrsə,” belə bir fövqəladə vəziyyəti Bakı şəhərində də tətbiq etmək nəzərdə tutulurdu.
Mən mətni kağıza köçürdükcə Səkinə müəllimənin halı dəyişirdi. Onsuz da bu yaşda qadınlar üçün metabolizma ilə əlaqədar normal hadisə olan tərləmə oxunan mətnin doğurduğu təsir nəticəsində daha da artmışdı. Səkinə müəllimə qıpqırmızı qızarmışdı, qışın oğlan çağı olmasına baxmayaraq, tez-tez dəsmalını çıxarıb qollarını, əllərini, üzünü silir, gözlüyünü çıxarıb şüşələrini silirdi.
O vaxt kimin ağlına gələrdi ki, bu fərmanın arxasınca heç bir həftə keçməmiş Bakı qırğını baş verəcək, daha sonra da Azərbaycanın böyük bir ərazisi – beşdə biri işğal ediləcəkdir. İndi həmin fərmanı oxuyanda, onun məhz ermənilərin iştirakı ilə çox ciddi-cəhdlə hazırlandığı, Azərbaycanın az qala yarısını ermənilərə bəxş etmək məqsədi daşıdığı açıq-aydın hiss edilir.
Bu fərmanın meydana çıxmasının əlbəttə, səbəbi və ya səbəbləri olmalı idi, yoxsa heç nə olmadan belə bir fərman niyə verilməli idi ki? Oxucu bu sualı verərsə, çox haqlı olar. Ona görə də bu səbəbi qısaca izah edim ki, o günlərə haradan və nə üçün gəlindiyi oxucuya aydın olsun.
Yanvarın 18-də, artıq vəziyyətin olduqca gərginləşdiyi zaman Moskvada M.S. Qorbaçov iki günlük müşavirə keçirirdi. Vəziyyətin olduqca gərginləşməsi, Bakıda, Prezident Aparatı qarşısında mitinqlərin ara vermədən davam etməsi, Aparatın qarşısında dar ağaclarının qurulması, sərhədlərimizin aramsız hücumlara məruz qalması, Kərki kəndinin işğal edilməsi və ilk qurbanlar vəziyyəti daha da gərginləşdirmişdi.
Naxçıvanda isə vəziyyət daha ciddi idi. Vilayət Partiya Komitəsinin və hökumət evinin qarşısında gah bu, gah da digər sərhəd kəndindən insan axını gəlir, həyəcanlı xəbərlər gətirirdilər. Hər bir xəbər həndəsi silsilə ilə şaiyəyə çevrilir, vəziyyəti dözülməz dərəcədə çətinləşdirirdi.
Afiyəddin Cəlilovun (Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin birinci katibi) və S. Əliyevanın Moskvaya, Bakıya aramsız zəngləri heç bir nəticə vermir, ümidverici bir xəbər almaq mümkün olmurdu. Azərbaycan KP MK aparatında, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti aparatında məsul və hətta ən yüksək vəzifəli şəxslərə edilən telefon zənglərinə başqa adamlar cavab verirdi və axtarılan adam haqqında hamısı eyni cavabı verirdilər: “Eqo net” (Tərcüməsi: Burada yoxdur!).
Haradaydı bu adamlar? Bu suala cavab tapmaq üçün də əslində heç kəs baş sındırmırdı, çünki Bakıda nələr baş verdiyindən xəbərsiz olsaq da, hər halda ümumi vəziyyəti təsəvvür etmək çətin deyildi. Hamı belə hesab edirdi ki, “Rəhbər yoldaşlar” Bakıda çox mühüm işlərlə məşğuldur. Sən demə (bunu bir neçə gündən sonra başa düşdük) Primakovun, Yazovun, Bakatinin, Kryuçkovun əshabələri bütün dövlət orqanlarını artıq işğal edib mühüm əməliyyata rəhbərlik edirlərmiş və bizim zənglərə cavab verənlər də onlar və ya onların adamları imiş.
İki gün ərzində Moskvaya edilən zənglər də bir nəticə vermirdi. Nə Ali Sovetin Rəyasət Heyətinin Katibi Lukyanovun, nə SSRİ Daxili İşlər Naziri Bakatinin, nə Sov. İKP MK aparatında bizə təskinlikverici bir söz demirdilər. Bu müddət ərzində isə artıq Sədərkdə “Qrad” toplarındandan atılan mərmilərdən bömbasından ölən iki uşaq haqqında xəbər almışdıq. Daha sonra Seyidov soyadlı bir milis nəfərinin, bir neçə saat sonra isə Naxçıan şəhər sakini sıravi bir vətəndaşın da öldürülməsi xəbərini aldıq. Camaatdan gizlədilsə də, tezliklə bu xəbər ildırım sürəti ilə hər yerə yayıldı və adamların narahatlıqları yavaş-yavaş həyəcana, sonra təşvişə, daha sonra da kütləvi qorxuya çevrildi. Çünki göz görə-görə dövlət baş verən təcavüzə göz yumurdu. Demək, bununla razı idi. Əhali isə silahsız idi. Hadisələrdən bir il əvvəl adamlardan bütün silahları yığmışdılar.
Belə bir gərginlikdə davam edən mitinqlərin birində mitinqin aparıcısı İbrahim İbrahimli Ali Sovetdə Əjdərin otağına gəldi. Əjdər Əhmədov o zaman Rəyasət Heyətində ümumi şöbənin müdiri vəzifəsində işləyirdi. Onun kabineti birinci mərtəbədə, yeni alınmış otaqda idi. Mən Əjdərin yaynıda oturub çay içir, mövcud vəziyyəti müzakirə edirdik. Vəziyyət isə heç də ümidverici görünmürdü. Necə oldusa, söhbətimiz SSRİ hökumətinə gözdağı vermək üzərinə gəldi.
– Deyirəm, bu mitinqdə Ali Sovetin növbədənkənar sessiyasını çağırıb bunları orada müzakirə etsək, tədbir görülməyəcəyi halda SSRİ-dən çıxacağımızı desək, nə olar?-dedim.
Əjdər bu fikrimi müdafiə etdi.
– Bu SSRİ-dən bizə imdad yoxdur,-dedi,-onlar açıq-aşkar erməniləri müdafiə edirlər. Cəbhəçilərdən birinə bunu demək lazımdır. Düzdür, onlardan belə bir təklifi müdafiə edəcəklərini gözləmək olar, olmaz, bilmirəm…
Biz bu barədə müzakirə aparırdıq ki, birdən qapı açıldı və İbrahim İbrahimli içəri girdi.
Əldər onun üçün də bir stəkan çay süzüb sözü mitinqə gətirdi. Mən onun irəli sürdüyü fikri daha da möhkəmləndirməyə çalışdım:
– Onsuz da bu SSRİ-dən heç bir fayda yoxdur, Kərki əldən getdi, kimsə bir tədbir görmədi. Belə getsə, tezliklə ermənilər Naxçıvana da girəcəklər. Əlimizdə “Qars Müqaviləsi” kimi bir sənəd var. Deyir, “Suda boğulan saman çöpündən tutar.” Nə qədər xeyiri olar, olmaz, bilmirik, amma heç olmazsa, tutacaq bir sənədimiz vardır. Qoy SSRİ öhdəsinə düşən vəzifəni yerinə yetirsin, yoxsa, Türkiyə işə qarışar… Siz bu təklifi mitinqdə irəli sürün, biz də burada kömək edərik. Qoy sessiya çağırılsın, bəlkə Qorbaçovun canına isti keçər…
İbrahimin dodaqlarına təbəssüm qondu. Tələsik çayını içib mitinqə getdi. Bir azdan artıq mikrofon İbrahimin əlində idi və o, Ali Sovetin deputatlarını növbədənkənar sessiyaya dəvət edir, hansı tələblərin qoyulması lazım gəldiyini sadalayırdı.
“Qars Müqaviləsi” adlanan sənədin varlığından mən atalığım vasitəsi ilə xəbərdar olmuşdum. O, dediyim kimi, bütün boş vaxtını oxumaqla keçirərdi. Siyasi ədəbiyyata isə xüsusi maraq göstərərdi. O zaman Moskvadan poçt vasitəsi ilə rus dilində “1018-1923-cü illərdə SSRİ-nin xarici siyasəti və Şərq xalqları” adlı bir kitab almışdı. Həmin kitab indi də məndə durur. Rəhmətliyin oxuuduğu kitabda mühüm hesab etdiyi yerlərin altından xətt çəkmək vərdişi var idi. O zaman bu kitabda da Naxçıvana aid cümlələrin, abzasların altını cızmışdı. Bunlardan biri 1921-ci ildə Moskvada Türkiyə nümayəndə heyəti ilə RSFSR arasında Dostluq Müqaviləsi barədə idi. Həmin Müqaviləyə görə Türkiyə qarantlıq haqqını özündə saxlamaqla Naxçıvanı Azərbaycana, Batumu isə Gürcüstana geri qaytarırdı. Bu şərtlə ki, geri qaytarılan ərazilər üçüncü bir dövlətə və ya başqa bir dövlətə verilməyəcəkdir. Bu müqavilə tarixə “Moskva Müqaviləsi” adı ilə daxil olmuşdu. Həmin müqavilənin bir başqa bəndinə görə daha sonra Naxçıvanın sərhədlərini müəyyən etmək məsələsinə baxılacaqdı.
Yeri gəlmişkən, həmin kitab Türkiyənin tarixi üçün də çox dəyərli faktlar və sənədlərlə zəngindir. Hətta o qədər ciddi sənədlər vardır ki, bu sənədlərin tədqiqi Türkiyənin o dövrü üçün mövcud tarixi və fikri alt-üst edə bilər.
Həmin kitabda daha sonra bu məsələni – Naxçıvanın sərhədlərini müəyyən edən “Qars Müqaviləsi”ndən də bəhs edilir və Naxçıvanın sərhədləri təsvir edilirdi.
Aranın qarışdığı dövrdə mən bu barədə Xalq Cəbhəsi rəhbərlərinə demişdim. Bu onlara maraqlı gəldi və mən həmin kitabı gətirib foto-suratini çıxartdım, bir surətini də Səkinə müəlliməyə verdim. Səkinə müəllimə dərhal Naxçıvan Dövlət Arxivinin müdiri Adil Cəfərova zəng vurdu, belə bir sənədin orada olub-olmadığını yoxlamasını tapşırdı. Amma bir müddət sonra Adil Cəfərov orada belə bir sənədin olmadığını dedi.
Cəbhəçilər bu sənədi əldə rəhbər tutdular, bundan sonra hər mitinqdə, hər görüşdə bu sənədə istinad edirdilər. Hətta yaxşı xatırlayıram, bir dəfə o zaman Azərbaycanın xarici işlər naziri vəzifəsində işləyən şəxs Naxçıvana göndərilmişdi. O, Səkinə müəllimənin kabinetində cəbhəçilərlə görüşürdü. Cəbhəni təmsil edənlərdən kimsə həmin nazirə Qars Müqaviləsindən söz açdı. Nazir isə mat-mat ona baxıb “Belə bir Müqavilədən mənim xəbərim yoxdur!”-dedi.
O, haqlı idi. O dövrdə Azərbaycanda və digər müttəfiq respublikalardakı Xarici İşlər Nazirlikləri formal bir idarə idi və nə iş gördüklərini nə özləri, nə də başqaları bilmirdi.
Nazirin ağzından çıxan “Xəbərim yoxdur” sözü cəbhəçilər arasında “Qoçu Əsgər” adı ilə məşhur olan bir iştirakçını elə qəzəbləndirdi ki, dərhal ayağa qalxdı, cəbhəçi yoldaşlarına üzünü tutub bağırdı:
– Ə, qalxın gedək! Bu nə cür xarici işlər naziridir ki, “Qars Müqaviləsi”ndən xəbəri yoxdur? Bununla danışmağın nə mənası var…
Yoldaşları onu çətinliklə sakitləşdirə bildilər.
O dövrdən sonra bu “Moskva Müqaviləsi” yaddan çıxdı, hər yerdə “Qars Müqaviləsi”nin adı çəkilməyə başladı. Mən bir neçə dəfə bu səhvi düzəltməyə çalışsam da, heç nə alınmadı.
Əjdər Əhmədovun kabinetində baş verən bu söhbət səmərəli oldu və İbrahim İbrahmli çayın son qurtumlarını başına çəkib otaqdan çıxdı.
Mitinq Lenin meydanında keçirildiyindən bu meydanda yerləşən Vilayət Partiya Komitəsində, Nazirlər Sovetində, Ali Sovetin Rəyasət Heyətində və bu binada yerləşən digər dövlət və hökumət idarələrində pəncərələri açmadan da meydanda baş verənləri görmək, deyilənləri eşitmək mümkün idi. İbrahim İbrahimov mitinqdə “Qars Müqaviləsi”ni izah edir, dövlət orqanlarını hərəkət etməyə çağırırdı.
Yanvarın 19-da, saat 12-də Səkinə müəllimə ağsaqqalları yığıb məsləhət xarakterli yığıncaq keçirdi. Dəvət olunanlardan xatirimdə qalanlar Naxçıvanın inşaat sektorunda böyük xidmətləri olmuş Kazım Kazımov, onun qardaşı, həkim Əzim Kazımov, Naxçıvan Dövlət Universitetinin müəllimi, professor Vəliyəddin Əliyev və yenə həmin universitetin professoru, vaxtı ilə Naxçıvanda yüksək vəzifələrdə işləmiş Səfəralı Babayev, cəbhəçi Fəxrəddin Məmmədovun (ona „Fəxoş“ deyirdilər) atası, vaxtı ilə Naxçıvanda milis rəisi işləmiş Məmməd Məmmədov, Səfəralı Babayev, xatırlamadığım daha 15-20 adam var idi. Əksəriyyəti Böyük Vətən müharibəsinin iştirakçısı idi.
Bu yığıncağın heç bir səmərə verməyəcəyi hamımıza bəlli idi, lakin artıq bizə SSRİ dövlətindən kömək edilməyəcəyi açıq-aşkar bəlli idi.
Birdən mənə elə gəldi ki, Səkinə müəllimə bu yığıncaqda bizim nicat yolumuz olmadığını, bizi dəhşətli bir fəlakət gözlədiyini açıqlamağa çalışır və mən ömrümdə birinci dəfə ölümü, insan faciəsini, qan və insan fəryadını bütün varlığımla yaşadım və qorxdum. Bu son sözü işlətməklə mən yalnız həqiqəti deyirəm və bundan utanmıram. Bu barədə bir qədər sonra.
Ağsaqqallar yenə də Moskvaya, Bakıya teleqram vurmağı, hadisə barədə müfəssəl məlumat verməyi təklif etdilər. Səkinə müəllimə vurduğu teleqramların və zənglərin telefonoqramma mətnlərini oxudu, bunların heç bir səmərə vermədiyini bildirdi. Təqribən bir saat yarımlıq məsləhətləşmədən heç bir nəticə alınmadı.
Məmməd Məmmədov xalqın tələbinin haqlı olduğunu əsəbi şəkildə bəyan edib, Moskvanın xain ermənipərəst mövqeyini tənqid etdi və təklifini verdi:
– Bu gün mən xalqın qarşısına çıxacaq, xalqa söz deyə biləcək bir nəfər kişi rəhbər görmürəm. Hamısı qaçıb, hərə bir dəlikdə gizlənib. Səkinə müəllimə, biz sizdən kömək istəyirik,-dedi.
O, haqlı idi. Naxçıvanın bu ağır günündə indiyədək xalqı öz ardınca qələbədən qələbəyə apardığını iddia edən kommunist partiyası mənsubları və rəhbərlərindən heç bir səs-səmir çıxmırdı. Sanki Naxçıvanı indiyədək yalnız Səkinə müəllimə idarə edibmiş, meydanda nə Vilayət Partiya Komitəsi, nəm Nazirlər Soveti, nə də Dövlət əhlükəsizliyi Komitəsi, Daxili İşlər Nazirliyi yox idi. Bütün vəzifələr və məsuliyyət Səkinə müəllimənin üzərinə düşmüşdü. Amma onun da imkanları məhdud idi. Edə biləcəyinin beş qat, on qatını etmişdi
Naxçıvan Dövlət Universitetinin bir müəllimi (adını bilərəkdən yazmıram) ayağa qalxıb Səkinə müəlliməyə mədhiyyə oxudu, onu Nigar xasiyyətli, Həcər ürəkli qəhrəman kimi xarakterizə etdi. Başqaları da çox tutarlı, inandıırıcı, münasib bir təklif verə bilmədilər. Beləliklə də dalbadal keçirilən yığıncaqlardan heç bir nəticə alınmadı. Hansı nəticə alına bilərdi ki? Köhnə kommunistlər canlarında stalinizmin qorxusu, kommunist partiyasının, sovet hökumətinin qüdrət və əzəməti şüuru ilə hərə bir söz deyib çıxıb getdilər.
Səkinə müəllimənin həyəcanlı adamları sakitləşdirmək üçün necə böyük bir yükün altında qaldığını hiss edir, az qala bağırıb demək istəyirdim ki, inanmayın, sizi qorxutmamaq, sizi necə dəhşətli fəlakət gözlədiyini hiss etdirməmək üçün yalanlar uydururlar. İnandığınız uğrunda canınızı və qanınızı əsirgəmədiyiniz dövlət sizin ölüm hökmünüzə qol çəkmişdir. Siz, biz, körpələr də, qocalar da, cavanlar da – hamımız bir neçə saatdan sonra məhv ediləcəyik. Lakin Səkinə müəllimənin kifayət qədər dövlət tərübəsi ilə mənim gənc həyatım fərqli idi. O, mənim qəlbimdən keçənləri deyil, daha məntiqli, ağıllı, soyuqqanlı hərəkət edirdi.
Səkinə müəllimənin adamları beləcə sakitləşdirməyə, onlara toxtaqlıq verməyə çalışdığı bir vaxtda Moskva televiziyası M.Qorbaçovun müşavirə münasibəti ilə mətbuat konfransını verdi (bəlkə səhv edirəm, müxbir sualına cavabı). O, utanıb qızarmadan “Bakıda baş verən hadisələrə münasibətiniz?” sualına belə cavab verdi ki, güya orada (yəni Bakıda) bir qrup ekstremist-islam fundamentalisti İslam təmayüllü dövlət qurmaq istəyir.”
Bu ağ yalan idi və məqsədi sabah, yanvarın 20-də baş verəcəklər haqqında dünya ictimaiyyətinə Bakı və Azərbaycan hadisələri haqqında veriləcək suallara cavabların bünövrəsi, başlanğıcı idi. Bunu, yəni sabah nə baş verəcəyini biz hələ bilmirdik. Allaha çox şükür ki, heç olmazsa, Naxçıvanda hadisələrin sonrakı inkişafı Qorbaçovun və komandasının bu planının bir hissəsini alt-üst edib arzusunu gözündə qoydu.
SƏRHƏDDİN SÖKÜLMƏSİNDƏN SONRA SSRİ-NIN TƏMƏLİNİ LAXLADAN
İKİNCİ HADİSƏ – ALİ SOVETİN NÖVBƏDƏNKƏNAR SESSİYASI
Meydandakı mitinq ara vermirdi, mərkəzin xəyanəti, imperiyanın iç üzü və çirkin siyasəti ifşa edilirdi. Artıq mitinq iştirakçıları Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin iclasını çağırmağı, mərkəzin satqın, xəyanətkar siyasət yeritdiyini elan etməyi və İttifaqdan çıxmaq barədə qərar qəbul etməyi tələb edirdi. Kabinetindən bir an belə olsun ayrılmayan, aramsız telefon danışıqlarından və adamlara izahat və təskinlik verməkdən səsi tamam tutulan Səkinə Əliyeva məni çağırıb növbətli telefonoqramma hazırlamağı tapşırdı. Mətn hazır olanda, artıq onun səsi tamam tutulmuşdu və mənə SSRİ Xarici Işlər Nazirliyinə həmin telefonoqramı verməyi tapşırdı.
Peyk telefonu zənginə özünü İvanov familiyası ilə təqdim edən biri cavab verdi. Mən telefonoqrammanı oxudum. Mətndə muxtar respublikanın aramsız hücuma məruz qaldığı, artıq bir neçə nəfərin həlak olduğu, evlərin dağıdıldğı, xalqın mitinqə toplaşdığı və tədbir görülməzsə, SSRİ-dən çıxmaq tələbi barədə danışılırdı və təcili müvafiq tədbirlər görülməsi tələb edilirdi. Səkinə müəllimənin kabinetinə dəstə-dəstə insanlar gəlir, ağlayır, fəryad edir, bəziləri qəzəblənir, bağırır, çığırırdı. Hətta əlinə tüfəng alıb Səkinə müəlliməyə hücum edənlər, onu ölümlə hədələyənlər də olurdu.
Sonuncu ifadəyə “İvanov” laqeydliklə “Siz hansı köməkdən danışırsınız?” sualı məni hiddətləndirdi, mən də eyni tonda, hisslərimi gizlətmədən onun sualına sualla cavab verdim:
– Belə çıxır ki, sizin üçün nələrin baş verdiyinin heç bir fərqi v mənası yoxdur? Belə başa düşürük ki, artıq siz heç bir tədbir görməyəcəksiniz?
O da öz növbəsində son dərəcə laqeydliklə “Ladno” deyib dəstəyi yerinə qoydu.
Məni diqqətlə dinləyən S. Əliyeva heç nə soruşmadı, görünür mənə verilən cavabı o dəfələrlə başqa ünvanlardan almışdı. Təkcə “Vicdansızlar!” dedi.
– Səkinə müəllimə, gəlin sessiyanı çağıraq, qoy deputatlar məsuliyyəti paylaşsınlar. Meydanda tək siz qalmısınız. Eşitdiniz Qorbaçov nə dedi? Mitinq də bunu tələb edir. Qoy camaat da görsün ki, onlara sahib çıxan bir rəhbər işçi vardır. Yoxsa bu gedişlə biz məhvə sürüklənirik.
Səkinə müəllimə fikrə getdi.
– Sessiyanı çağırıb nə qərar qəbul edəcəyik?
– Heç olmazsa, camaat sakitləşər, yoxsa bu gedişlə nə olacağı bəlli deyildir.
Bu vaxt Xalq Cəbhəsinin liderləri ilə Ali Sovetin Rəyasət Heyəti aparatı arasında münaqişəli vəziyyət əmələ gəldi. Cəbhəçlərdən bir qrupu partiya orqanlarının təzyiqi altında belə bir iclasın lüzumsuzluğunu sübut etməyə çalışırdı.
Əjdər Əhmədovla mən tələbin düzgün qoyulmamasını, məsələni Rəyasət Heyətinə deyil, sessiyaya çıxarmağı düzgün hesab etdiyimizi sübut etməyə çalışırdıq. Bizimlə razılaşmayan, bizi bürokratçılıqda təqsirləndirən bəzi cəbhəçilər hətta qəzəblərini gizlətməyə belə çalışmadan bizi təqsirləndirərək çıxıb getdilər.
Biz Səkinə müəlliməni çətin vəziyyətdən çıxarmağa çalışırdıq. Səkinə müəllimə təklif etdi:
– Gəlin deputat qrupunu çağıraq, görək onlar nə deyirlər?
Səkinə müəllimə əlini telefona atıb yenə ora-bura zəng vurmaq istədi, cəhdləri yenə boşa çıxdı.
– Səkinə müəllimə, niyə obkom irəli çıxmır, niyə camaata söz deməkdən qorxurlar?Belə olmaz axı!
Səkinə müəllimə mənim bu sözlərimə başını bulamaqla cavab verdi. Sonra çarsizliyini nəzərə çarpdıracaq şəlildə:
– Deputatlardan kimi tapa bilirsən, tap, çağır, qoy sessiyaya gəlsinlər.
Bu qərarı qəbul etmək bu günün oxucusuna,o günlərdə uşaq və ya məktəbli olanlara adi hal kimi görünə bilər. Lakin o zaman yuxarının rəyi və qərarı olmadan sessiya çağırmaq təşəbbüsünün arxasında bilirsiniz nə dayanırdı?Ən azı siyasi motivlərə görə həbs. Bu qərarı isə qadın qəbul edirdi. O qadın ki, başi verən faciəvi hadisələrin axarında tək qalmışdı, hamı harayasa qeyb olmuş, 67 yaşlı bu qadını talenin ixtiyarına buraxmışdılar. Daha dəqiq desək, SSRİ hökuməti Naxçıvanı ermənilərə qurban verdiyi kimi, Səkinə müəlliməni də qurban vermək istəyirdilər, yaxud belə bir niyyəti olanlara qarşı çıxmaq istəmirdilər.
Biz qəhrəmanlıq anlayışının altında əli qılınclı, tüfəngli, tapançalı, özünü düşmən səngərinə atan, canını tankın altında verən insanları nəzərdə tuturuq. Lakin həyatın elə məqamları olurmuş ki,sadəcə səbr və təmkin, tutduğu vəzifənin tələblərinə sədaqət qəhrəmanlığın ən yüksək zirvəsi olur. Həmin 1990-cı ilin Yanvar hadisələrində Səkinə müəllimdə bu keyfiyyəti gördük.
Ali Sovetin binası yığın-yığın adamlarla dolmuşdu. Onların arasında elələri vardı ki, aləmi bir-birinə vurmağa bir kiçicik bəhanə axtarırdı. Bir dəstə qadın hay-küylə Ali Sovetə soxuldu. Onlar elə fəryad edir, elə bağırır və elə siyasi tələblər irəli sürürdülər ki, onların bu halı acımaqdan daha çox gülməli görünürdü. Bu qadınların çoxunu tanıyırdım. Onlar xaraktercə və həyat tərzlərinə görə vətənpərvərlikdən çox-çox uzaq olan, bir çoxu da əxlaqsız həyat keçirənlər idi. Buna görə də belələrinin özlərini Janna Dark kimi xislaskar təqdim etmələri adamda ikrah doğururdu.
Bir az sonra başqa bir qadın dəstəsi gəldi. İkinci dəstənin tərkibi elə idi ki, onlarla müqayisədə birincilərin ətəyində namaz qılmaq olardı. Onlar əllərinə keçən hər şeyi dağıdır,sındırır, söyürdülər. Bir kəlmə lazım idi ki, onlar yırtıcı kimi ortaya atılıb adamı boğub öldürsünlər. Biz onları sakitləşdirməyə çalışır, indicə qəbul edilən qərar haqqında onlara məlumat verir, sakitləşdirmək istəyirdik. Lakin onlar sakitləşmək üçün gəlməmişdilər, aranı qızışdırmaq üçün göndərilmişdilər. Onlar verilən tapşırığı icra edirdilər.
Bu vaxt gözləmədiyimiz və çox təhlükəli olan bir hadisə baş verdi. Naxçıvan universitetinin müəllimi, bir neçə saat əvvəl Səkinə müəlliməni Nigarla, Həcərlə müqayisə edib mədh edən adam birdən-birə bu gözü dönmüş adamların yanında barmağını Səkinə müəlliməyə tərəf uzadıb belə dedi:
– Bütün bu işlərin günahkarı bax, bu qadındır.
Bu sözlər, əslində, Səkinə müəllimənin qətlinə fərman vermək demək idi. Çünki bu sözlərdən sonra oradakı insanlar hərəkətə keçsəydilər, onların qarşısını almağa, Səkinə müəlliməni onların əlindən almağa heç kəsin gücü çamayacaqdı. Həmin müəllim 1988-ci ilin noyabr mitinqlərində bu hərəkəti ilə adamları Vilayət Partiya Komitəsinə istiqamətləndirə bilmiş, onlar Vilayət Partiya Komitəsini, Nurəddin Mustafayevin kabinetinin pəncərələrini daşa basmış, nəticədə də Naxçıvana hərbi qüvvələr yeridilmiş və bir gün sonra Nurəddin Mustafayev vəzifəsindən azad edilmişdi. Həmin hadisədən bir gün keçməmiş Ermənistandan qovulan azərbaycanlıların ilk dəstəsi səhər saat 5-də vilayət partiya komitəsinin qarşısına gəlib çıxmışdılar.
Nurəddin Mustafayev qətiyyətli, eyni zamanda da kobud, özündən razı adam idi. Gənc yaşında vəzifə pillələri ilə sürətli yüksəlişimi, yoxsa xarakerimi və ya arxasında çox yüksək vəzifəli adamların olmasımı, yaxud bunların hər üçü onu belə formalaşdırmışdı, bilmirəm. Amma onda millətinə, xalqına bağlılıq da var idi. Naxçıvanda ilk mitinqlərin təşkilatçısı da o, özü olmuşdu və mən bunun şahidiyəm. O, birinci katib vəzifəsində qalsaydı, Ermənistandan qovulanlarla əlaqədar Moskva üçün istədiyi planı həyata keçirmək asan olmayacaqdı. Naxçıvana sözəbaxan adam lazım idi, odur ki, Moskva aranı qatıb Nurəddin Mustafayevi başqası ilə, daha mülayim, loyal biri ilə əvəzləşdirdi. Bu işdə də həmin müəllim öz rolunu bacarıqla yerinə yetirdi. İndi növbə, görünür, Səkinə müəllimədə idi.
Amma Tahir Əliyevin işə qarışması bu planı həyata keçirməyə mane oldu. Tahir Əliyev uzun illər rəhbər vəzifədə işləmişdi, nazir olmuşdu, uzun illər Şərur Rayon Partiya Komitəsinin Birinci Katibi işləmiş, həmişə yüksək göstəricilər əldə etmişdi. Səkinə müəllimənin kabinetinə doluşanlar Tahir müəllimi yaxşı tanıyırdılar, ona görə də onun yanında həddi aşa bilmədilər.
…Biz hərəmiz bir telefonun başında oturub əlimiz çatan, səsimiz yetən deputatları deputat qrupunun iclasına dəvət etdik. İlk gələnlərdən biri deputat, yüngül sənaye naziri Oqtay Niftəliyev oldu. Oqtay müəllim digərlərinə nisbətən daha cəsarətli idi. Qorbaçovu, Moskvanı söyür, Xalq Cəbhəsinə haqq qazandırırdı.
– Oqtay müəllim, məncə mitinq iştirakçıları haqlıdırlar. Sessiyanı çağırıb SSRİ-nin tərkibindən çıxmaq məsələsini müzakirə etməliyik. Əlimizdə əsas var, Naxçıvanı Türkiyədən təhvil alanda onu üçüncü dövlətə verməmək barədə öhdəlik götürülüb. Bu gün isə gördüyümüz kimi, Moskva ermənilərin qarşısını almaq istəmir. Cammatın qaçmağa, özünü xilas etməyə yeri də yoxdur. Belə getsə, hamımızı qıracaqlar,-dedim.
– Mən də o fikirdəyəm, sessiyanı çağırıb o alçaqlara sözümüzü deməliyik. Heç olmazsa, sabah sağ qalanlar bir-birlərinin üzünə baxa bilsinlər,-deyə Oqtay Niftəliyev öz qəti fikrini tamamladı.
Çox az sayda deputat toplaya bildik. Bir də çox adam çağırmağın xeyri də yox idi. O zamanın siyasətinə görə ziyalılar deputatların heç 40 faizini də təşkil etmirdi. Qalan deputatlar da partiya orqanları tərəfindən seçilmiş fəhlə və kolxozçular idi. Onlara sessiyada çıxış mətnini biz yazıb verirdik, onlar da zor-bəla ilə onu üzündən oxuyur, çoxu da nə oxuduğunu belə doğru-dürüst başa düşmürdü. Belə olan halda onlar bu qədər həyati məsələ barəsində nə deyəcəkdilər ki?
Deputat qrupunun iclasında Səkinə müəllimə yenə də mövcud vəziyyət barədə, özünün teleqram və telefonoqrammaları haqqında ətraflı məlumat verdi, sonra onlardan fikirlərini bildirməyi xahiş etdi. Deputatlar da ağsaqqallar kimi hərə bir təklif verdi, yenə də Bakıya, Moskvaya zəng etməyi məsləhət gördülər. Bu dəfə Səkinə müəllimə əsəblərini tuta bilmədi.
– Əşi, nə Bakı, Moskva deyib durursunuz?-dedi və telefon aparatlarına işarə etdi,-İki gündür nə Bakı cavab verir, nə də Moskva. Eşitmədiniz Qorbaçov nə dedi? Bakı, Moskva…
Oqtay Niftəliyev ayağa qalxıb sessiya çağırmaq, lazım gələrsə, SSRİ-nin tərkibindən çıxmaq barədə qərar qəbul etmək lazım gəldiyini dedi.
– Nə olsun? Bundan nə qazanacağıq ki?-deyə deputatlardan kimsə onun bu təklifinin əleyhinə çıxdı.
– Səkinə müəllimə,-deyə Oqtay Niftəliyev mənim kabinetimdə dediklərini təkrar etməyə başladı,- Qorbaçovun dediklərini biz də eşitdik. Onun başı xarabdır, mən bunu qorxmadan deyirəm. Onların nəsə bir planları vardır, ağlını verib ermənilərə, başı lap xarab olub.
– Ə, Oqtay, nə danışıursan?-deyə deputatlardan vəzifəli bir şəxs qorxusunu gizlədə bilmədi,-Məgər hökumət yoxdur, partiya yoxdur?
Oqtay müəllim onun bu sözlərinə əsəbiliyini gizlətmədi.
– Ay ….. müəllim, görmürsən nələr olur? Bəli, mən qorxmuram və deyirəm ki, Qorbaçovun başı xarabdır. Onun başı yoxdur, ermənilərin sözü ilə oturub durur. Məgər bu boyda həngamədən onun xəbəri yoxdur? Kərkini ermənilər ala bilmədi,ordunun köməyi ilə əlimizdən aldılar. Sən indi ora gedə bilərsən? İki gündür müharibə gedir, neçə nəfər adamımız ölüb, onların arasında uşaqlar da vardır. Bir adam bizə kömək etmək istəmir. Nə olacaq? Sabah hamımızı qıracaqlar. Heç olmazsa, sağ qalanlarımız olsa, başımızı qaldırıb xalqın üzünə baxa bilək, deyə bilək ki, əlimizdən nə gəlirdisə, etdik.
Bu çıxış Səkinə müəllimənin də ürəyincə oldu. O, özü də başqa çıxış yolu olmadığını bilirdi və sessiya çağırmağın tərəfdarı idi. Bu sessiya heç nə ifadə etməyəcəkdi, lakin heç olmazsa,xalqı sakitləşdirər,rəhbər vəzifə tutanların məsuliyyətini onlara xatırladardı. Lakin ona da kömək lazım idi. Axu bu günün sabahı da vardı!
– Başqa təklif vardırmı?
Heç kəsdən səs çıxmadı.
– O zaman sessiya çağıraq. Saat indi 5-dir. Saat 8-dək deputatları toplayaq, siz də axtarın, hər yerə zəng vurun.
Beləliklə, sessiyanı çağırmaq barədə qərar qəbul edildi.
– Belə də şey olar? Bunun axırı nə olacaq?-deyə Səkinə müəllimə öz-özünə danışırmış kimi giley etdi və üzünğ mənə tutdu,-Rəyasət Heyəti üzvlərini çağırın, sessiyanın çağırılması haqqında Fərmanı müzakirə edək, sessiyaya başlayaq.
…Meydanda arası kəsilmədən davam edən mitinqin rəhbərləri artıq neçənci dəfə gəlib xalqı xilas etmək üçün qəti tədbir görməyi tələb etdilər və mitinqin qətnaməsini S. Əliyevaya təqdim etdilər. Onu da qeyd edim ki, vəziyyətin nə dərəcədə ağır və çıxılmaz olmasına baxmayaraq, partiya aparatı işçilərinin bir-bir “yoxa çıxmasından” və onların artıq tam iflic vəziyyətə düşməsindən qəzəblənsələr də, cəbhəçilər Səkinə müəllimlə çox sakit, təmkinlə danışır və davranırdılar. Səkinə müəllimə faktiki olaraq meydanda tək qalmış, bir çox kişilər kimi aradan çıxmağı özünə rəva bilməyən bu qadın, sessiyanı çağırmaq haqqında qərar layihəsi hazırlamaq barədə mənə tapşırığını verdi və bunu xatırlatmağı da unutmadı,-Tez hazırlayın, sənin başqa işlərlə işin olmasın. Cəbhənin bu tələbini də qeyd elə. Bu günün sabahı da var. Qoy görək, başımıza nə gəlir?!..
***
Səkinə müəllimə ilə işləmək böyük bir məktəb idi. Bu sözü haqqında danışılan hər adam haqqında deyirlər, amma Səkinə müəllimə haqqında bu sözlər öz həqiqi mənasını daşıyır desəm, səhv etmərəm. O, həm ixtisasca,həm də vəzifə etibarı ilə həqiqi müəllim idi, rəhbər idi, dövlət vəzifəsində olması lazım olan keyfiyyətlərin daşıyıcısı idi. Əgər bu gün, omrünün 80-ci ilini doldurduğu zaman ona yenə dövlət vəzifəsi verərlərsə, inanıram ki, o, yenə də gənclik illərdəkindən qətiyyən fərqlənməyəcəkdir. Lakin onun indi vəzifəyə ehtiyacı yoxdur. Ömrün hər mərtəbəsinin öz yeri vardır,Səkinə müəllimə ömrünün bu mərhələsinin də yerini tutmuşdur.
Biz Ali Sovetin Rəyast Heyəti aparatında işləyənlər ona öz aramızda ”Mama” deyərdik. Bir tək bu adı qazanmaq üçün necə bir rəhbər olmaq lazım gəldiyi hər halda sözün özündən anlaşılır. Bir rəhbər işçidə tabeliyindəki işçilərə qarşı necə bir qayğıkeşlik,şəfqət və mərhəmət lazım gəlir ki, o, bu adı qazana bilsin. Biz hamımız onu sevirdik və sevdiyimizə görə, bəli, qorxduğumuza görə yox, məhz sevdiyimizə görə onun bir sözünü iki etməzdik.
Səkinə müəllimə çox tələbkar və məsuliyyətli idi. Bizim şöbə müdirlərindən biri hər dəfə hansısa sənədi ona təqdim edib kabinetdən çıxandan sonra narahatlığını gizlədə bilmir,”Bu dəqiqə gözünə dörd oçki taxıb oxuyacaq!” -deyə narahatlığını ifadə edərdi.
Biz onun bu sözlərinə gülərdik, amma onun sözlərində həqiqət payı da vardı. Sənəddəkli fakt və rəqəmləri digər rəsmi mənbələrlə tutuşdurmayınca, daha sonra sənədin üslubuna, orfoqrafiyasına əl gəzdirərdi.
O zaman kompyuter yox idi. Bütün sənədlər yazı makinasında yazılardı. Bir səhifədə bir vergül səhvi olsaydı, gərək həmin səhifə təzədən yazılaydı. Bu da çox vaxt aparırdı, bir də təkrar yazılan hmin səhifədə səhvə yol verilmədiyinə də heç kəs əmin olmurdu. Bir də baxırdın bir səhvi düzəldərkən, bu dəfə iki səhvə yol verilib. Mən də bunu nəzərdə tutaraq özümü saxlaya bilməyib belə demişdim:
-Səkinə müəllimə,bir vergül olmasa, nə olar ki?
O, çeşməyinin üstündən mənə baxıb daha da ciddiləşmiş və mənə belə cavab vermişdi:
– Bir gün biz hamımız buradan ayrılacağıq, bu sənədlərsə qalacaq. Necə ki, biz 30-cu, 40-cı illərin sənədlərini götürüb oxuyur, onlardakı səhvlərə irad tuturuq, bizdən sonra gələnlər də bizə bu iradları tutarlar. Bir də biz bədii əsər yazmırıq, qanun yazırıq.
Ali Sovetdə işlədiyim ilk aylarda bir dəfə Səkinə müəllimə mənə Rəyasət Heyəti üzvlərinə teleqram mətni hazırlamağı tapşırmışdı. İclas gündüz saat 11-ə təyin edilmişdi. Mən teleqramda saat 10-30 yazdım. Səkinə müəllimə bunu görəndə təəccübünü gizlətmədi.
-Nə üçün 10-30 yazmısan?
-Qoy bir az tez gəlsinlər, iclasa gecikən olmasın,-dedim və bu “ağıllı” tədbirimə görə təqdir ediləcəyimi gözlədim.
Mən doğrudan da belə düşünürdüm, çünki bundan əvvəl işlədiyim idarələrdə iclaslar bir qayda olaraq təyin edildiyi vaxtdan gec başlayardı. Səkinə müəllimə teleqram mətnini geri qaytarıb dedi:
– Belə edə bilmərik,saat 11 demişik, vaxtında da başlayacağıq. Yoxsa adamları məsuliyyətsizliyə alışdırarıq.
Səkinə müəllimənin rəhbər keyfiyyətlərində yazmağa başlasaq,neçə cild kitab yazılar. Amma onun daha bir xarakterik xüsusiyyəti üzə çıxdı və bu xüsusiyyəti ilə o, tariximizdəki ən qəhrəman və ən vətənpərvər adamlar sırasında öz yerini tutdu.
***
Bir azdan məlum oldu ki, deputatların bir hissəsi, xüsusən də partiya nomenkulaturasından olanlar tapılmır. Bunu bilən adamlar Ali Sovetin binası qarşısında toplaşdılar və sessiyanın çağırılmasını qətiyyətlə tələb etdilər. Cəbhəmilərdən kimsə mikrofonu əlinə alıb gizlənən deputatların ünvanına hədə yağdırdı:
-Bütün deputatlara sifariş göndərin, qoy gəlməyənlər gəlməsin, biz bilirik onlarla necə rəftar edərik… Belələrinin, onların ailələrinin bu torpaqda yaşamaq haqqı yoxdur!
Bu sözlərin təsiri oldu, ən azı öz həyatı üçün, övladlaqrının taleyi üçün qorxuya düşdülər və bir qismi sessiyaya gəldi.
Sessiyanın qanuni olması üçün deputatların ən az yarısınan çoxu, yəni 50% + 1 lazım idi. Amma deputatlara rayon partiya komitələri deməsəydi, kimsə kənddən Naxçıvana, sessiyaya gəlməzdi. Raykom katibləri isə yuxarının tapşırığı olmadan bunu deməzdilər. Odur ki, biz cəbhəçilərdən kömək etmələrini istədik. Onların köməyi ilə kvorum çətinliklə də olsa, alındı.
Sessiyanı çağırmaq haqqında qərar qəbul olunanda, saat təqribən 3 idi, lakin sessiyanı 6 saatdan sonra başlamaq mümkün oldu. Vilayət PK-dən olan deputatlar dərhal qeyb oldular. Rayonlardan deputatların Naxçıvana göndərilməsi gecikdirilirdi. Bayaqdan sessiyanı çağırmaq tələbi irəli sürən kütlədən bir dəstə qadın ayrılıb sədrin kabinetinə girdi və elə bir qışqırıq qoparmağa başladılar ki, sədr və mən tamam çaşıb qaldıq. Əgər deputat Tahir Əliyev gəlib çıxmasaydı, nələr baş verəcəyini təsəvvür etmək mümkün deyildi.
Başqa bir dəstə (kişilərdən ibarət) “xain rəhbərliyi cəzalandırmaq üçün” binanın ikinci mərtəbəsinə hücum etməyə başladı. Onların qarşısını almağa kömək üçün nə milis, nə də digər partiya nomenklaturası gəlmədi. Cəbhəçilərin əksəriyyəti sərhədlərdə olduğuna görə onların nümayəndələri də bu qadın və kişi dəstələrinin hücumlarının qarşısını almaqda aciz idilər. Cabbar Cəlilov, Əli Şamilov, Sülhəddin Əkbərov, Kazım Teymurlu, Sərdar Məmmədov, İbrahim İbrahimov, Əsgər Səfərov insan axınının qarşısında zor-güclə dayana bilirdilər. İş o yerə çatdı ki, Cabbar Cəlilov çığırmaqdan əldən düşüb huşunu itirdi.
Sonralar anladım ki, Ali Sovetin Rəyasət Heyətinin binasına soxulmuş bu adamların çoxu muzdlu adamlardırlar. Onları mən Azərbaycan Ali Sovetinin sessiyasında da, Naxçıvan və Bakı hadisələrində gördüm. Bu “xala” və “bibilər,” “nənələr” ancaq canlı moqnitofon kimi onlara taxılmış kaseti fırlatmaqdan başqa heç bir işə yaramırlar. Onların məqsədi əhali arasında vahiməni yüksəltmək və əhalini İrana qaçmağa, Naxçıvanı ermənilərə təhvil verməyə şərait hazırlamaqdan ibarət idi. Azərbaycanın şəhər və kəndləri, rayonları da eyni variant və eyni plan üzrə ermənilərə təhvil veriləcəkdi. Bu, bir az sonra olacaqdı, o zaman isə bunu anlamaq mümkün deyildi.
Hərdən silahlı naməlum adamların izdihamı yarıb sədrin kabinetinə girməsi vəziyyəti daha da ağırlaşdırırdı. Bu adamların xüsusi tapşırıqla göndərildiyi, nəyin bahasına olursa olsun, sessiyanı keçirməyə imkan verməmək cəhdi məlum idi. Hökm sürən xaosda, ildırım sürəti ilə yayılan əsaslı və əsassız şaiyələrin müqabilində gərginliyin son həddə çatdığı, əsəblərin tarıma çəkildiyi bir şəraitində sessiya keçirmək heç də asan deyildi.
Binaya soxulan bu adamlar gözlərinə dəyən nə vardısa, hamısını sındırılır, dağıdırdı. Qorbaçovun rəngli, çərçivəyə alınmış portreti təpiklər altında əzildi, iş stollarının üstündə, otaqlarda ələ gələn nə vardısa yerə atılıb tapdalanırdı. Bu işin icraçılarının bir hissəsi öz hərəkətlərindən açıq aydın həzz alırdılar və onların xüsusi tapşırıq yerinə yetirdiklərini müəyyən etmək çətin deyildi. Amma onları durduracaq güc, iradə bizdə yox idi.
Adamlar arasında sərxoşlar da var idi və onlar qəribə bir fəallıqla, uca səslə rəhbərləri, dövlət aparatı işçilərini xalqa xəyanətdə, milləti satmaqda ittiham edir, bəziləri dəli kimi çığırıb-bağırır, söyüş yağdırırdı. Belələrindən bir cavan oğlan mənim iş otağımda özündən getmişdi və təcili yardım stansiyasından olan həkim qız ona iynə vururdu. Ertəsi gün kabinetə gələndə masamın üstündəki dərman ampullarının bir neçəsinin narkotik tərkibli olduğunu gördüm.
Bütün bunlara baxmayaraq, sessiyanı başlamaq mümkün oldu. Doğrudur, partiya işçilərinin çoxu sessiyaya gəlmədi, lakin deputatların yarıdan çoxu toplaşmışdı. Deputatlardan başqa zalda 100-dən çox başqa adamlar da var idi. O vaxtkı reqlamentə görə sessiya səlahiyyətli idi. Güclü qar yağırdı, meydanda on minlərcə adam toplaşmışdı. İnsanlar indiyədək ümid yeri bildikləri partiya komitəsinin binasına arxa çevirib Ali Sovetdən ümid gözləyirdilər. Sessiyanı səsucaldanlarla meydana translyasiya edirdilər.
S. Əliyeva yaranmış vəziyyət, görülən tədbirlər və Moskvanın xain mövqeyi haqqında ətraflı məlumat verdikdən sonra deputatlara söz verdi. Oqtay Niftəliyev, Tahir Əliyev, Tamara Məmmədova, indi adlarını xatırlaya bilmədiyim deputatların bir çoxu Mixail Qorbaçovun və SSRİ-nin digər rəhbərlərinin satqın və xəyanətkar mövqeyini qeyd etməklə artıq İttifaqda qalmağın mümkün olmadığı fikrini irəli sürdülər.
Hər bir çıxış, hər bir təklif qar altında dayanmış meydandakı adamlar tərəfindən diqqətlə dinlənilirdi və onlar hər irəli sürülən təklifə, ağızdan çıxan hər bir sözə dərhal reaksiya verirdilər. Bir anda meydandan insan selinin uğultusu, bağırtısı ucalırdı. Başqa cür də ola bilməzdi axı! 310 min əhalisi olan bir yerin ölüm-qalım məsələsi müzakirə edilirdi.
Bu vaxt kimsə dedi ki, binanın üstündə artıq üçrəngli bayraq dalğalanır. Görünür, cəbhəçilərdən kimsə çoxdan bəri həsrətində olduğu bir işi görmüş, meydanlarda gəzdirdikləri bayrağı lazım olan yerə sancmışdı.
Yaxud da bu provakatorların işi idi. Sabah sessiyada iştirak edənlərə lazımi dərs vermək üçün “tutarlı əsas” hazırlayırdı. Həmin bayraq doqquz gün binanın üstündə qaldı.
Naxçıvan DPİ-nin müəllimi Vəliyəddin Əliyev təklif etdi ki, məlum Qars Müqaviləsinə istinad edilsin və Naxçıvan İslam Respublikası elan edilsin. Deputat Tahir Əliyev Qars Müqaviləsində belə bir müddəanın olmadığını dedi və Naxçıvan Türk Respublikasının yaradılması və müstəqil respublika elan edilib İttifaqdan çıxmağı təklif etdi. Beləliklə fikirlər haçalandı və diskussiya genişlənməyə başladı.
Danışanların sayı artdıqca təkliflərin də mozaikası artır, təkliflərə edilən hər bir əlavə vəziyyəti daha da gərginləşdirir, çıxılmaz dalana sürükləyirdi.
Özünü Azərbaycan SSR Xarici İşlər Nazirliyinin məsul işçisi kimi təqdim edən Yadigar Babayev bu təkliflərə qarşı sərt çıxış etdi və ad məsələsinin ikinci məsələ olduğunu, bu məsələnin referendum yolu ilə həlledilə biləcəyini irəli sürdü. Bundan sonra hava bir az dəyişdi. Artıq gecə saat 12-ni keçmişdi və meydana toplaşan xalq bu mənasız diskussiyadan qəzəblənməyə başlamışdı.
Səkinə müəllimə hələ də kömək olacağı, yaxud döyüşlərin dayanacağı ümidi ilə iclası uzatmağa çalışırdı. Kimsə belə bir şayiə yaydı ki, güya Bakıdan silah dolu təyyarə gəlib, lakin aeroport qaranlıq olduğundan eniş zolağına enə bilmir. Bu məlumatın dürüst olub-olmadığının fərqinə varmadan dərhal xeyli avtomaşın aeroporta gedib uçuş xətti boyunca düzüldü, enmə zolağına işıq saldılar ki, təyyarə enə bilsin. Lakin nə təyyarə gəldi, nə də silah gətirən oldu.
Nəhayət, sessiya mərkəz tərəfindən SSRİ Konstitusiyasının 81-ci maddəsinin tələblərinin pozulmasını, “Qars Müqaviləsi” əsas götürülməklə Naxçıvanda müstəqil respublika yaradılmasını elan edən, bu barədə dünya ölkələrinə, BMT-yə, xüsusilə İran və Türkiyəyə kömək üçün müraciət etməyi zəruri hesab edən qərur qəbul etdi.
Bu qərarın qəbul edilməsi yaranmış gərginliyi dərhal aradan qaldırdı və adamların çoxu hələ sərhədlərdə ağır döyüşlər getməsinə baxmayaraq nicat tapdığına inamı ilə meydandan dağılışmağa başladılar.
Səkinə xanım Əliyeva, Həsən Xəlilov (Ali Soveti Rəyasət Heyətinin katibi) aşağıya, Səkinə müəllimənin kabinetinə endilər. Uzun illərdən sonra ilk dəfə Ali Sovet əvvəlcədən hazırlanmamış, yuxarılarla razılaşılmamış və redaktə edilməmiş bir qərar qəbul etmişdi və indi onun son redaksiyada mətni, həmçinin bəyanat mətni hazırlanmalı idi.
Kabinetdə S. Əliyeva və H. Xəlilovdan başqa Nehrəm kənd orta məktəbinin müəllimi Əsəd Əliyev (onu Əli Şamilov gətirmişdi və özü bizim işləməyimizə başqalarının mane olmaması üçün qapını örtüb arxasında dayanmışdı), Naxçıvan institutunun müəllimləri Vəliyəddin Əliyev, Allahverdi müəllim, Ali Sovetin böyük məsləhətçisi Əjdər Əhmədov, Ali Məhkəmənin dəftərxana müdiri Fəxrəddin Şirzadov, Azərbaycan SSR Xarici İşlər Nazirliyinin məsul işçisi Yadigar Babayev, Naxçıvan MSSRAli Sovetinin deputatı, muxtar respublikanın kommunal təsərrüfatı naziri Tahir Əliyev, cəbhəçilərdən Sülhəddin Əkbərov, Kazım Teymurlu, hüquqşünas Fəxrəddin Şirzadov, bir də mən qərar və bəyanatın son redaksiyada mətnini hazırladıq və səhv etmirəmsə, gecə saat ikiyə işləmiş S. Əliyeva, S. Əkbərov və indi xatırlaya bilmədiyim bir neçə başqaları ilə televiziya studiyasına getdilər.
Səkin müəllimə televiziyaya getmək haqqında təklifi əvvəlcə rədd etdi. Lakin cıəbhəçilər – Sülhəddin Əkbərov və Əli Şəmilov onu dilə tutmağa başladılar:
– Səkinə müəllimə,-dedilər,-Siz bu gün heç bir kişinin görmədiyi bir işi gördünüz. İndi qalır onun son mərhələsi. Gəlin, onu siz özünüz oxuyun. Onsuz da imza atmısınız, qorxmayın, biz sizinləyik…
Son söz – “qorxmayın” sözü deyəsən Səkinə müəllimənin heysiyyatına toxundu. O, artıq heç nə demədən ayağa qalxıb paltosunu geyindi. Cəbhəçilər onu əhatəyə alıb binadan çıxartdılar. Yarım saat sonra Naxçıvan televiziyası sessiya və onun qəbul etdiyi qərarı birinci ağızdan efirə yaydı. Lentə alınmış bu çıxış sonrakı günlərdə bir neçə dəfə təkrar verildi.
Həmin Qərarın mətnini təqdim edirik:
Naxçıvan MSSR Ali Sovetinin fövqəladə sessiyasının
QƏRARI
Naxçıvan MSSR-də yaranmış ictimai-siyasi vəziyyət haqqında
SSRİ-nin Əsas Qanununun (Konstitusiyasının) 81-ci maddəsinə əsasən Azərbaycan SSR, o cümlədən Naxçıvan MSSR-in suverenliyi və ərazi btövlüyü müdafiə edilmədiyindən;
Azərbaycan SSR və Naxçıvan MSSR Ali Qanunvericilik orqanlarının İttifaq orqanlarına dəfələrlə edilən müraciətləri nəticəsiz qaldığından;
Ermənistan SSR tərəfindənedilən təcavüz nəticəsində muxtar respublikanın ərazi bütövlüyü pozulduğundan, vətəndaşlarının həyatı təhlükə altında qaldığından;
Türkiyə və Azərbaycan SSR, Ermənistan SSR, Gürcüstan SSR arasında RSFSR-in iştirakı ilə bağlanmış müqavilənin şərtləri kobud şəkildə pozulduğundan:
Naxçıvan MSSR Ali Sovetinin fövqəladə sessiyası qərara alır:
1) Naxçıvan MSSR SSRİ-nin tərkibindən çıxaraq özünü müstəqil respublika elan edir.
2) Qars müqaviləsinin şərtlərinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının ərazi bütövlüyünü qorumaq və kütləvi insan qırğınının qarşısını almaq məqsədi ilə Türkiyə respublikasına müraciət edilsin.
3) Yaranmış vəziyyətlə əlaqədar olaraq Birləşmiş Millətlər Təşkilatına, İran İslam Respublikasına, dünyanın bütün dövlətlərinə kömək məqsədi ilə müraciət olunsun.
4) Naxçıvan MSSR ərazisində olan SSRİ qoşun hissələri respublikadan çıarılsın.
5) SSRİ Ali ovetindən tələb edilsin ki, Naxçıvan Resoublikasına edilən təcavüzə son qoyulsun.
6) Sessiyanın qərarı Azərbaycan SSR və SSRİ respublikalarının nəzərinə çatdırılsın.
Naxçıvan MSSR Ali Soveti
Rəyasət Heyətinin Sədri: S.Əliyeva.
Naxçıvan MSSR Ali Soveti
Rəyasət Heyətinin Katibi: H.Xəlilov.
Naxçıvan şəhəri, 19 yanvar 1990-cı il.
Bu qərar oxunar-oxunmaz, sanki qurbağa gölünə daş atdılar. Ermənilərin hücumu qəflətən dayandı.
Həmin andaca İran və Türkiyəyə göndəriləcək nümayəndə heyəti müəyyən edildi (Eldar İbrahimov və Tahir Əliyevin rəhbərliyi ilə) və onlar İrana və Türkiyəyə göndərildilər. Doğrudur, nümayəndə heyətinə daxil olanların heç də hamısı sərhəddi keçə bilmədilər. Lakin hər halda keçənlər oldu və 70 illik imperiyanın köləlik zəncirinin birinci həlqəsi məhz burada, indiyədək heç kəsin tanımadığı, əvvəlcə sərhəd simlərini dağıdan, 20 gün sonra isə imperiyaya meydan oxuyan Naxçıvanda qırıldı.
Bundan sonra Qorbaçov rejimini və əlaltılarının nə günə düşdüyünü təsəvvür etmək çətin deyildir. Günlər keçəcək, Qorbaçov, Şevardnadze və başqaları Naxçıvan Ali Sovetinin həmin qərarının qanunauyğun olmaması haqqında bir çox xarici dövlətlərin başçılarına və nümayəndələrinə izahat verməli olacaqlar, Səkinə müəllimənin bu qətiyyəti, ondan cürət alan naxçıvanlıların bu siyasi addımı Azərbaycanın parçalanması, Şərqdə ikinci anti-islam oyuncaq dövlətinin yaranması ümidini alt-üst edəcək, İran və Türkiyədə siyasi duruma təsir göstərəcək, Bakı qırğınına Qorbaçovun biçdiyi donu yırtacaq, onun generallarını sıravi Naxçıvan vətəndaşımnın qarşısında aciz və gülünc vəziyyətə salacaqdı. Qorbaçovu o qədər qəzəbləndirəcək ki, Ali Sovetin sessiyasında ən elementar etik normalara belə əməl edə bilməyəcək, Ali Sovetin sədri S. Əliyevaya “Eta jenşina pod dulami avtomatov prinyala Reşenie protivoreçaşşoe Konstitutsiyu SSSR,”(Rusca: Bu qadın avtomat silahların lüləsi altında SSRİ Konstitusiyasına zidd qərar qəbul edib.) deyə müraciət edəcəkdi. Kim bilir, bəlkə M. Qorbaçov elə həmin gecə başında durduğu imperiyanın dağılmağa məruz qaldığını dərk etmişdi?
O günlərdən xatirələrə həkk olan bir də doqquz şəhid oldu. Onlardan ikisi Sədərk kəndindəki bir həyətdə oynayan iki balaca uşaq idi. Şərur rayonundan bir polis işçisi, Naxçıvandakı Şahab məhəlləsindən İdris adlı bir gənc və beş nəfər də başqaları.
Dünyanı bir-birinə vurmaqdan utanmayan, “Zülm imperiyası” adı ilə dünyada ad çıxaran bir dövlət Əfqanıstanda biabırçılıqla məğlub olduğunu etiraf etdikdən sonra, Naxçıvan kimi kiçik bir ərazidə, hər cür müasir silahlarla təmin etdiyi ermənilərin əli ilə məqsədinə nail olmaq istəyirdi, lakin bacarmadı, “quş tüfəngləri” və əldəqayırma qumbaralarla silahlanmış Naxçıvanlıların əzmini qıra bilmədi. Bu əzmin, fədakarlığın və qəhrəmanlığın önündə Səkinə müəllimə dururdu.
Səkinə müəllimə Naxçıvan televiziyası ilə sessiyanın qərarını oxudu, evə getmədi, birbaşa kabinetinə geri qayıtdı. Hamını otaqdan çıxardı. Artıq hamı sakitləşmiş, indicə oxunan və efirdə tez-tez təkrar edilən sessiya qərarını, BMT-ə, dünya dövlətlərinə, beynəlxalq ictimaiyyətə edilən müraciəti danışırdı.
Bu ara Səkinə müəllimə məni otağına çağırdı, əlindəki zərfi mənə uzatdı.
– Apar, bunu Afiyəddin müəllimə, ya da orqotdelə ver, gəl,-dedi.
– Səkinə müəllimə,-deyə mən təəccüblə bir Səkinə müəlliməyə, bir də əlimdəki zərfə baxdım,-obkomda kim var ki, görmürsüz, işıqların heç biri yanmır…
Səkinə müəllimənin üzündə rişxəndli təbəssüm ifadəsi göründü. Başı ilə pəncərədən qaranlığa gömülmüş obkom binasına işarə etdi:
– Hamısı oradadır,-dedi,-işıqları söndürüb bu işin nə ilə qurtaracağını gözləyirlər.
Mən otaqdan çıxdım. Dəhlizdən keçərkən Əli Şamilov və Sülhəddin Əkbərov əlimdəki zərfi görüb məni saxladılar.
– O nədir, yoxsa Səkinə müəllimə ərizə verib?..
Yalnız bu sözləri eşidəndən sonra mən əlimdəki zərfin nə demək olduğunu başa düşdüm.
– Gəl gedək Səkinə müəllimənin yanına…,-deyə onlar məni sədrin kabinetinə tərəf çəkdilər.
Bizi görən Səkinə müəllimə təəccüblənmədi, üzündə yenə də yorğun təbəssüm göründü.
– İndi nə istəyirsiniz?-dedi,-İstədiyiniz bu idi, mən də onu etdim…
– Səkinə müəllimə,- deyə Əli sözə başladı,-siz niyə ərizə verirsiniz ki? Qoy onlar ərizə versinlər, qorxaqlıqlarını, kişi olmadıqlarını bildirsinlər.
– Elədir, Səkinə müəllimə,-deyə Sülhəddin də sözə qarışdı,-biz sizin vəzifədən getməyinizə yol verməyəcəyik!
Səkinə müəllimə onları ərizə verməyəcəyiə inandırdı və biz otaqdan çıxdıq. Amma bir azdan o, yenə məni çağırdı, zərfi gizlətməmi, heç kəsə göstərməmi tapşırıb yenə də obkoma göndərdi.
Səkinə müəllimə haqlı imiş, sən demə hamısı burada imiş. İşıqları söndürüb bir qadının başına nələr gələcəyini gözləyirmişlər, bəlkə Səkinə müəlliməni hədələyənləri göndərənlər də bu qaranlıq otaqdakılar idi, kim bilir?
MÜSTƏQİLLİYİN İLK SAATLARI
Sessiya səhərə yaxın qurtardı. Artıq sakitlik idi. Bir gün davam edən əsəb gərginliyi aradan qalxmışdı. Camaat dağılıb hərə öz evinə getdi. Qar yağmaqda davam edirdi.
Ali Sovetin Rəyasət Heyətinin yerləşdiyi binada eyni zamanda muxtar respublikanın Nazirlər Soveti də yerləşirdi. Hər iki muxtar respublika təşkilatının rəhbərləri binanın ikinci mərtəbəsində – biri pilləkənın sağında, o biri solunda yerləşirdi. Biz də adi iş günlərində saat 6-dan sonra bu mərtəbələrə qalxan pilləkənin başına toplanar, sohbətləşər, zarafat edərdik. İş vaxtı başa çatandan sonra elə bil hamının çiynindən dağ götürülür, hamı yüngülləşərdi. Nurəddin Mustafayevin birinci katib olduğu dövrdə iş vaxtı gecə saat 11-ə, bəzən 12-dək uzansa da, əsas iş saatı yenə də 18-də başa çatırdı. Bu saatdan sonrakı iş vaxtı əslində çay içməkdən, siqaret çəkməkdən, söhbət etməkdən başqa heç nə deyildi. Sadəcə hamı bir-birinin gözünə kül üfürürdü.
Sessiyadan sonra, artıq səhərə yaxın Səkinə müəllimə evinə getdi. Hamımızın üstünə psixoloji və fiziki gərginliyin ağırlığı çöksə də, heç kəs evə getmək haqqında düşünmürdü. Həmin gecə Nazirlər Sovetində Rasim Paşayev adlı dostumuz növbətçi idi. Biz onun oturduğu qəbul otağına girib zarafatlaşır, həyəcanlı anlarımızın təsüratını bölüşürdük. Mən qəflətən evdə nigaran qoyduğum yoldaşımı, uşaqları xatırladım, əlimi telefona atıb yoldaşıma zəng vurdum. O, uşaqlrla evdə tək qalmaqdan qorxduğundan bibisi oğlu Rəfalətgildə idi. Rəfalət Nazirlər Sovetində işlər müdirinin müavini vəzifəsində çalışırdı. Yoldaşım bir şey yeyib-yemədiyimi soruşdu. Onun sualını eşidəndə xatırladım ki, nə günorta, nə də axşam ağzıma bir tikə çörək qoymamışam.
– Gəlmirsənsə, Rəfalət yemək gətirsin,-deyə yoldaşım təklif etdi.
– Hələ gələ bilmərəm, sakitlik olsa da, hər şey gözləmək olar. Zarafat edirsən, biz SSRİ-nin tərkibindən çıxmışıq axı!
Bir azdan Rəfalət böyük bir bağlama ilə gəldi. Rəfalət məndən iki gün əvvəl, Yanvarın 19-da anadan olmuşdu. Vəziyyətin gərginliyinə baxmayaraq onlar Rəfalətin ad gününü qeyd edirmişlər. Rəfalət ad günündən qalan yeməklərdən gətirmişdi. Xatirəmdə qalan yarpaq dolması idi. Elə Nazirlər Soveti Sədrinin qəbul otağındaca süfrə açıb acgözlüklə dolmanın üstünə düşdük. Yeyir, danışır, yenə də yeyirdik.
– Deyirəm camaaat kefdədir e..-deyə Rasim ağzındakı dolmanın üzərinə turşudan əlavə edib özünəməxsus şəkildə qırıq-qırıq güldü,-burada dünya dağılır, insanlar ölür, bir dəqiqə başımıza nə gələcəyini bilmirik, Tarverdiyev özünə ad günü edir.
Rəfalət cavab olaraq ona nəsə dedi, indi xatırlamıram. Biz həm yeyir, həm də Rəfalətə sataşırdıq. Bəlkə də bu sataşmalar üzərimizdəki stresdən xilas olmaq üçün bir yol axtarışı, vasitə idi. Deyəsən, belə anlarda insanlar zarafat etməyə, gülməyə bir ehtiyac hiss edirlər.
Yeməyi yenicə bitirmişdik ki, telefon səsləndi. Zəng vuran dostlarımızdan Nazirlər Sovetinin kənd təsərrüfatı şöbəsinin müdiri Nəbi Qasımov idi. Moskvada idi. Nə üçün getdiyini xatırlamıram. Əvvəlcə Rasim, sonra mən danışdım.
– Qardaş,-dedim,-gələndə viza almağı unutma, artıq biz müstəqil dövlətik.
Nəbi bir şey başa düşməsə də, otaqdakılar gülüşdülər. Rasim trubkanı məndən alıb sessiya və onun qəbul etdiyi qərar haqqında məlumat verdi.
– Bura bax, daha sənin bura gəlməyin keçdi, gör başına orada nə çarə qılırsan, qıl…
Telefonun dəstəyini yerə qoyandan sonra biz indi də Nəbinin nə qədər çaşqın vəziyyətə düşdüyünü danışıb gülürdük.
– İndi Nəbi oturub fikirləşir ki, görəsən bunlar nə deyir?Nə sessiya, nə müstəqillik?
Bu zaman birdən diksinən kimi oldum. İki gün idi ki, biz nə Bakı ilə, nə də Moskva ilə danışa bilmirdik. Əlaqə ancaq peyk rabitəsi ilə aparılırdı. Bəs Nəbi necə zəng vurmuşdu?
Mən ağlıma gələn sualı ucadan verdim. Hamı bir-birinin üzünə baxırdı. Doğrudan da axı bu necə iş idi? Bu qədər vəzifəli adamlar heç biri heç kəslə danışa bilmir, „Rabitə yoxdur“ deyirlər, peyk rabitə telefonu çəkirlər, amma Nəbi rahatca Moskvadan zəng vurur. Qəribə işdir!
Sonralar bu barədə düşünəndə ağlıma gəldi ki, telefon məsələsi də KQB-nin qurmasından başqa bir şey deyilmiş. KQB telefon danışıqlarına birbaşa nəzarət etmək üçün bu oyunu çıxarıbmış.
Bu vaxt Naxçıvan Dövlət Pedaqoji Universitetinin müəllimi … ilə vaxtı ilə Naxçıvan ticarət idarəsinin direktoru işləmiş … bir şəxs qəbul otağına girdilər. Müəllim həyəcanlı idi.
-Nə oldu, hökuməti təşkil etdilər?
-Nə hökumət?-deyə kimsə sual verdi.
– Əşi, necə nə hökumət?Bəs biz öz müstəqilliyimizi elan etmədik? Bəs müstəqil dövlətin hökuməti olmaz?
-Təşkil olundu, Müəllim, təşkil olundu,-deyə Rasim tez cavab verdi.
– Kim oldu hökumətin başçısı?-deyə Vəliyəddin müəllim dərhal ikinci sualı verdi.
– Tahir Əliyev,-deyə Rasim yenə özünü itirmədən cavab verdi.
– Bəs xarici işlər naziri kim oldu?
Rasim kiminsə adını çəkdi. Bu dəfə müəllim əsəbini gizlədə bilmədi. Üzünü yanındakına tutub:
– Gəl gedək,-dedi,-yenə hakimiyyəti verdilər uşaq-muşağa.
Onlar qəbul otağından çıxanda biz gülməkdən uğunub getdik. Amma heç yarım saat keçməmişdi ki, müəllim yenə qayıdıb gəldi.
– Bir məsələni yaddan çıxarmışıq,dedi,-Ermənistana nota verməli idik. Mütləq sessiya təzəədən çağırılmalı və biz nota qəbul etməliyik.
Bu dəfə Rasim özünü saxlaya bilkmədi:
– Əşi, yekə kişisən, elmlər doktorusan, nə nota, nə danışırsan sən?
Mən də söhbətə qarışdım:
– Ay müəllim, səhərə az qalır, indi kimi tapmaq olar? Görmədin bayaq zor-bəla deputatların yarısını yığa bildik?
O, əsəbini gizlətmədi.
—Deyirəm də! Hökuməti tapşırıblar uşaq-muşağa, bununla da deyirlər biz erməniyə qarşı çıxacağıq!
Səhər saat 5-ə yaxın Rəfalətlə bizə getdik. Gecəni, daha doğrusu, səhər gün çıxanadək bizdə yatdıq. Səhər saat 11-ə yaxın qalxıb idarəyə gəldik. Ali Sovetin binası qarşısında qar üzərində qalanmış tonqalların külü qapqara qaralırdı. Meydanda bir neçə yerdə belə kül topaları vardı. Qar kəsmiş, əriməyə başlamışdı. Küçə-bacada heç kəs gözə dəymirdi.
Mən otağıma girəndə hər şeyi qarışmış vəziyyətdə gördüm. Masamın üstündəki kül qabının içərisində kiməsə vurulmuş iynənin ampulları vardı. İş yoldaşım Yunis dedi ki, dünən ortalığı çox qarışdıran, hay-küy salan oğlan özündən getmişdi, onu mənim otağıma gətiriblər. Burada təcili yardım ona iynə vurubmuş.
Söhbətin getdiyi gənci heç kəs tanımırdı. Haradan gəlmişdi, nə istəyirdi?Yunis dedi ki, ona morfi vururmuşlar. Narkoman imiş, iynəsinin vaxtı keçdiyindən o günə düşmüş imiş. İynə vurandan sonra sakitləşib, götürüb aparıblar.
Bu vaxt Eldar İbrahimov zəng vurdu. O zaman Eldar İbrahimov Aqrar Sənaye Komitəsində işləyirdi. Keçən gecə Ali Sovetin qərarını İrana aparacaq qrupun tərkibində Culfaya getməli idi.
– Eldar müəllim, haradan zəng vurusunuz?-deyə mən təəccübləndim. İrandasınız?
– Yox əşi, Culfadayam. Ay Nazim, axı məni buraxmadılar İrana!
– Bəs indi haradasınız?
– Ənvər müəllimin kabinetində.
Ənvər Hüseynov (Allah ona rəhmət eyləsin) Culfa Rayon Partiya Komitəsinin birinci katibi idi.
– Bəs orada nə edirsiniz?-deyə mən təkrar soruşdum,-İrana gedə bilmədiniz?
– Yox, buraxmadılar. Gör nə eyləyə bilirsən?
– Əlbəttə buraxmayacaqdılar,-deyə mən onu danlayırmışcasına cavab verdim,-yoxsa gözləyirdiniz ki, sərhədçilər sizi gül-çiçəklə, boynu qalstuklu pionerlərlə qarşılayacaqlar?
Eldar müəllimin çarəsiz səsi dəstəyin o başından inlədi:
– İndi mən nə edim?
– Heç nə, daha səni oraya kim buraxar ki?Qayıt gəl.
– Orada vəziyyət necədir?
– Sakitlikdir.
– Yaxşı,-deyib dəstəyi yerinə qoydu.
Biz Eldar İbrahimovun macərası barədə danışırdıq ki, Səkinə müəllimə zəng vurdu, gəlmək istədiyini bildirdi.
– Əlini (sürücüsünü) göndər, qoy gəlsin,-dedi.
On beş-iyirmi dəqiqə sonra Səkinə müəllimə gəldi.
– Səhərə qədər yata bilməmişəm,-dedi,-barı sakitlikdir, bir hadisə, xəbər-zad yoxdur ki?
– Yoxdur, heç bir səs-soraq yoxdur. Sərhəddə də sakitlikdir,-dedim, sonra Eldar İbrahimovun zəngi barədə məlumat verdim.
Nə Bakıdan, nə Moskvadan, nə də Naxçıvanın partiya rəhbərliyindən heç bir səs-səmir yox idi. Sanki qurbağa gölünə daş atmışdılar. Nə biləydik ki, gecə Bakını qana boyayıblar? Kimin ağlına gələrdi ki, gecə səhərə qədər sovet ordusu əlində olan bütün silah-sürsatla Bakı əhalisinə qan uddurub?
Səkinə müəllimə bir az kabinetində oturdu, bəlkə bir-iki yer zəng vurdu, vurmadı, bilmirəm, sonra evə getmək üçün qalxdı. Küçə-bacada heç kəs olmasa da, biz hər etimala qarşı onun təhlükəsizliyini qorumaq üçün onu maşınadək müşayət etdik.
O illərdə rəhbər işçilərin cangüdəni məsələsi yox idi. Cangüdən ancaq respublika səviyyəli ən üst vəzifə sahiblərində – MK birinci katibində, Nazirlər Soveti sədrində, Ali Sovetin sədrində olardı. Naxçıvanda Vilayət Partiya Komitəsinin birinci katibinin belə cangüdəni yox idi. Heç ona ehtiyac da yox idi.
Biz binadan çıxanda 15-20 nəfərdən ibarət qadınlar dəstəsi (dünən gələn dəstənin az bir hissəsi) haradansa peyda olub bizə yaxınlaşdı. Biz hamımız narahat olduq. Dəstəbaşı yenə də Mədəniyyət Nazirliyinin işçisi bir qadın idi. Onu hamı Naxçıvanda tanıyırdı. Anası uzun illər Naxçıvan şəhər ticarət idarəsində kadrlar şöbəsinin müdiri işləmişdi. Sonra təqaüdə çıxmışdı. Onun rəhmətlik atası bundan əvvəlki fəsildə Çemberlenlə bağlı Telman klubunda hay-küy salan həmin adam idi.
Həmin Çemberlenə hədə-qorxu gələn kişinin nəvəsi öz dəstəsi ilə bizə yaxınlaşdı. Artıq dəstədə dünənki dağıdıcılıq, mənəm-mənəmlik yox idi, quzu kimi sakitləşmişdilər. Dünən hökm satan bu qadınlar indi quzu-quzu danışır, Səkinə müəlliməni tərifləyirdilər.
Onlardan yaxa qurtarmaq lazım idi. Maşının qapısı açıq, sürücü Səkinə müəlliməni gözləyirdi. Bu zaman havada təyyarə səsi eşidildi.
-Səkinə müəllimə, təyyarə enir, gecikərsiniz,-deyə mən yalandan Səkinə müəllimənin aeroporta getdiyini qadın dəstəsinə eşitdirdim.
Səkinə müəllimə başa düşdü. Onlarla bir-iki kəlmə də danışıb maşına oturub evə getdi.
DƏHŞƏTLİ PROVOKASİYA DƏF EDİLDİ
Yanvarın 19-dan 20-ə keçən gecə SSRİ-nin tərkibindən çıxmaq haqqında Naxçıvan MSSR Ali Soveti qərar qəbul etdikdən, Naxçıvanda tam hakimiyyətsizliyin hökm sürdüyü qıssa dövrün ikinci, yaxud üçüncü günü idi. Bacım Elmira iş yerinə, mənə zəng vurdu. Elə həyəcanlı idi ki, telefon dəstəyindən belə onun ürəyinin necə həyəcanla vurduğunu hiss etmək mümkün idi.
– Bu nə xəbərdir, indi nə edək?
– Nə olub ki?-deyə baş verən hadisənin nə olduğunu anlamağa çalışdım.
– … indi gəlmişdi, deyir ki, tez ağ mələfədən-zaddan götürüb İran körpüsünə qaçmaq lazımdır, yoxsa hamımızı qıracaqlar. Zəng vurdum, öyrənəm, doğrudanmı belə bir göstəriş var?
Bu sözləri eşidəndən sonra, doğrusu, bilmədim, qorxummu, yoxsa gülümmü?
– Haradan eşidib … bunu?
– Deyir Nazirlər Sovetindən, ya Ali Sovetdən deyiblər.
– Əşi, boş-boş danışma, elə şeylərə də inanma. Əgər ünvan olaraq o idarələri göstəriblərsə, mən də burada işləyirəmsə, bu xəbəri biz səndən eşidirik. Narahat olma, indicə aydınlaşdırarıq. Sən bilmirsən o haranın adamıdır?
Bacım bir az sakitləşdi, amma şübhəsi keçməmişdi.
– Qurban olum, öyrən, bizə xəbər ver, yoxsa bütün qonşular beş-on dəqiqəyə qaçhaqaça düşəcəklər.
Dəstəyi yerinə qoydum. İş yoldaşlarım söhbətin nədən getdiyini bilməsələr də, bir narahatlıq olduğunu sezmişdilər. Mən bacımın dediklərini onlara dedim. Onlar da həyəcanlandılar. Hərəmiz bir telefonun başına otrub tanışlarımıza zəng vurduq.
Əjdər Xalq Cəbhəsinə zəng vurdu, orada belə bir məlumat olmadığını bildirdilər. Heç bir respublika təşkilatında bu barədə məlumat yox idi. Məsələ aydın idi – bu, açıq-aydın provakasiya idi. Bunun provakasiya olduğu aşkara çıxan kimi, hər kəs, daha çox da Xalq Cəbhəsi üzvləri hər tərəfə zəng vurub provokasiya haqqında xəbərdarlıq yaydılar və beləliklə böyük bir faciəyə son qoyulmuş oldu.
Bu hadisədən bir neçə il sonra Azərbaycanın çox böyük ərazisi eyni provakasiyanın qurbanı oldu – Kəlbəcər, Laçın, xüsusilə Aşağı Qarabağ ermənilərə məhz bu yolla ermənilərin əlinə keçdi. Çox acıdır. 20 min şəhid vermiş bir məmləkətin torpaqları quru, boş hay-küyə qurban getdi və bir güllə atılmadan ermənilərin əlinə keçdi. Bu provakasiyada iştirak edən adamların çoxu hələ yaşayır. Onların nə düşündüklərini bilmək maraqlı olardı. Görəsən, özlərini hansı sözlərlə, hansı iddialarla müdafiə edərlər?
Bir də məsələnin əxlaqə tərəfi vardır. Azərbaycanlı olan, burada yaşayan, əcdadları bu torpaqda uyuyan bir adam və adamlar vətənə hansı məntiqlə xəyanət edə bilirlər? Bu xüyanətə necə haqq qazandıra bilirlər? Tutaq ki, bunlar gəncliklərindən bəri sovet xüsusi xidmət orqanlarının çörəyi yeyiblər, onun əmrlərini yerinə yetiriblər, bəs vətən? Vətən adlanan bir torpaq bu qədər ucuz satıla bilərmi? Ümumiyyətlə, vətən torpağını satmaq olarmı?
Nə isə… başa düşüləsi hal deyildir bunlar.
FƏRƏMƏZ VƏ VARENNİKOV
Həmin tarixi sessiyadan 3-4 gün keçmişdi. Naxçıvan ən qeyri-müəyyən günlərini yaşayırdı. Artıq Bakıda baş vermiş faciənin xəbəri Naxçıvana da gəlib çıxmışdı. Hərənin ağzından bir avaz gəlirdi. Dəqiq bir məlumat almaq isə mümkün deyildi. Yeganə məlumat Xalq Cəbhəsində olurdu, çünki özünü müstəqil dövlət elan edəndən sonra heç kəs qəti addım atmaq, konkret soz demək istəmirdi. Hər kəs bundan sonra başına nə gələcəyini gösləyirdi.
Bakıdan gələn xəbərlər isə qamarlarda qanı dondururdu. Bəziləri öldürülənlərin cayının bir neçə yüz, başqaları bir neçı min olduğunu deyirdi. Rabitə olmadığından istənilən şaiyə dərhal yayılır, həqiqət kimi qəbul edilirdi.
Əbdürrəhman Vəzirovun ölkədən qaşdığını deyirdilər. Xalq Cəbhəsi rəhbərlərindən bir neçəsinin də həbs olunduğu barədə söz-söhbət gəzirdi. Radio tez-tez Parlamentin sədri Elmira Qafqarovanın müraciətini verirdi. Ara-sıra Ali Sovetin növbədənkənar sessiyası, sessiyada Bəxtiyar Vahabzadənin çıxışı barədə də xəbərlər gəlirdi.
Naxşıvan öz müstəqilliyini elan edəndən sonra binanın üstündə üçrəngli bayraq dalğalanır, “Şərq qapısı” qəzeti artıq müstəqil dövlətin mətbu orqanı kimi dərc edilirdi. Naxçıvan televiziyası muxtar respublika Ali Sovetinin fövqıladı sessiyasınlın qəbul etdiyi qərarı bir-neçə dildə – rus, ingilis, fransız, alman, türk, fars, ərəb dillərində təkrar-təkrar verirdi.
Biz də hər gün idarəyə gedir, Bakıdan gələn xəbərləri dinləyir, orada və Naxçıvanda, xüsusilə də xarici radiostansiyalardan yayılan xəbərləri müzakirə edirdik. Axşamlar isə hamı bir-birinin evinə gedir, gündüz eşitdiklərini gecə bir-birləri ilə paylaşırdılar.
Səhv etmirəmsə, deyəsən, yanvarın 23-dən 24-ə keçən gecə idi. Saat 3-də telefonum zəng çaldı. Yuxudan qalxıb dəstəyi qaldırdım. Zəng edən Ali Sovetin Rəyasət Heyətinin katibi Həsən Xəlilov idi.
– Dur, tez idarəyə gəl,-dedi.
Mən bərk qorxdum.
– Nə olub?-deyə soruşdum.
Həsən Xəlilov həyəcanla:
-Təz gəl, vəziyyət yaxşı deyil,-dedi.
-Nə olub, ermənilər gəlir?-mən nəsə bir şey öyrənmək ücün sual verdim.
-Gəl, deyərəm,-dedi.
Daha heç nə soruşa bilmədim. Bədənimi soyuq tər basdı, dizlərim titrəməyə başladı.
– Nə olub,-deyə yoldaşım soruşdu.
-Bilmirəm, Həsən müəllimdir, idarəyə çağırır.
Onun da qorxduğu açıq hiss olunurdu. Gecənin bu vaxtı zəng və idarəyə çağırış hər halda yaxşı əlamət deyildi və mən nəyisə gizlətməyin mümkün olmadığını dərk etdiyimdən daha heç nə demədim, tələsik geyinə-geyinə təlimat verdim:
– Əgər güllə səsi eşitsəniz, başınızı qaldırmayın, yerə uzanın. Mən zəng vuracağam.
Bunu deyib evdən çıxdım və yağan quşbaşı qarın altında Ali Sovetə doğru qaçdım. Elektrik olmasa da, qarın parıltısından hər tərəf bəmbəyaz idi. Ayağımın altında qarın xırçıltısından başqa küçədə heç bir səs-səmir yox idi. Dizlərimdə taqət yox idi, boğazım qurumuşdu, ağlıma hər şey gəlirdi. Lakin mənim bu həyəcanımın müqabilində küçə səssiz-səmirsiz idi.
Səkinə müəllimənin qəbul otağının qapısını açanda kresloların, stulların üstündə oturmuş bir neçə tanımadığım, indiyə qədər heç görmədiyim adamlar gördüm. Naxçıvanlı deyildilər, görünür Bakıdan gəlmişdilər. Heç kəs dinib-danışmasa da, hamısının üzündə bir həyəcan hiss olunurdu.
– Nə olub, nə hadisə baş verib?-deyə soruşdum, amma onlardan heç bir cavab almayınca kabinetin qapısını açdım.
Səkinə müəllimə öz yerində oturmuşdu, Həsən Xəlilov kabinetdə var-gəl edirdi.
– Nə olub, ermənilər gəlir?-deyə yenə də Həsən müəllimə üz tutdum.
– Yox,-deyə Həsən müəllim cavab verdi.
– Bəs nə olub, ordu gəlir?
Həsən müəllim yenə də „yox“ cavabını verdi və həyəcanla əlavə etdi:
– Fərəməz gəlir.
Mən yerimdə donub qaldım.
– Fərəməz? Bizim Fərəməz, Fərəməz Allahverdiyev?
– Hə,-deyə o təsdiq etdi,-bax görüm, Konstitusiyada bizim SSRİ-dən çıxmaq haqqında maddə vardırmı?
Mən lap mat qalmışdım.
– Elə buna görə məni çağırdız? Ay Həsən müəllim, bunu telefonda deyə bilmirdin, evdəkilərin bağrını çatlatdım ki!..
– Sən tez ol, o maddəyə bax, bir azdan Fərəməz gələcək,-deyə Həsən müəllim həyəcanla israr etdi.
– Əşi, Fərəməz ermənidir, nədir, ondan ötrü niyə belə təlaş keçirirsiz? Qoy bir evə zəng vurum, narahat olmasınlar…
– Tez ol, tez ol,-deyə Həsən müəllim məni tələsdirdi.
Mən evə zəng vurub məsələni izah edəndən sonra öz kabinetimə keçdim, Konstitusiyanı tapıb gətirdim.
– Biz muxtar respublikayıq, bizim SSRİ-dən çıxmaq və ya ona daxil olmaq barədə hüququmuz burada təsbit edilə bilməz,-deyə onları maraqlandıram maddəni axtara-axtara izahat verdim. Nəhayət lazımi səhifəni açdım,-buyurun, burada Naxçıvan MSSR Ali Sovetinin hüquq və səlahiyyətləri yazılıb.
Həsən müəllim səhifəni diqqətlə oxudu, sonra Səkinə müəlliməyə verdi. Mən kabinetdən çıxdım.
Sən demə, məsələ belə olubmuş: Ermənistanla sərhəddə, Sədərkdə Afiyəddin Cəlilov cəbhəçilərlə rus ordusunun yüksək rütbəli və yüksək vəzifəli şəxslərindən Varennikovu görüşdürmək istəyib. Fərəməzgil Afiyəddin müəllimin vasitəçilyini rədd ediblər.
– Sən Kommunist Partiyasının nümayəndəsisən, biz isə o qatil və satqın partiyanı tanımırıq və sənin dövlətlərarası, ciddi danışıqlarda söz demək səlahiyyətin yoxdur. Əgər görüşəcəyiksə, dövlətin təmsilçisi ilə – Səkinə müəllimə ilə birlikdə görüşməliyik,-deyiblər. Beləliklə Ali Sovetdə görüşmək qərara alınıb və elə Həsən Xəlilovu həyəcanlandıran da bu imiş!
Səhər saat 4-ə az qalmış Arif Rəhimov bir neçə cəbhəçi ilə Ali Sovetə gəldilər. Onlar hamısı hərbi geyimdə idilər, kim necə bacarırsa, o cür silahlanmışdı. Hamısının qolunda 20 Yanvar şəhidlərinin matəminin rəmzi olan qara-qırmızı rəngli lent var idi. Bəzilərinin qolunda, bəzilərinin papağında Azərbaycan Bayraşını əks etdirən üç rəhgli lent də var isi.
Arif Rəhimov həmişəkindən fərqli idi o səhər. Bir az qətiyyətli, bir az sevincli, bir az da arxayın idi. Üzünü mənə tutdu:
– Bəy, partbileti yandırdın?
– Yox,-deyə cavab verdim.
– Pah! Bilirsən nə gözəl yanır, necə gözəl iyi qalxır?
Bunu deyib gözaltı qəbul otağındakıları süzdü.
Bir az keçmiş Fərəməz təqribən 20 nəfərlik dəstə ilə, onların ardınca da Varennikov gəldi.
Belə bir vəzifə sahibi adi zamanlarda Naxçıvana gəlsəydi, bütün rəhbərlik onun pişvazına çıxar, gedənəcən nökər kimi onun qulluğunda dayanardı. İndi isə Səkinə müəllimənin kabinetində, Fərəməzlə üz-üzə, çarəsiz, yazıq vəziyyətdə bir adam oturmuşdu. Biz – mən, Həsən müəllim, bir neçə cəbhəçi divarın yanına düzülmüş stullarda oturub onların arasında gedən danışığı izləyirdik.
Səkinə müəllimənin qarşısında, „pristavnoyu“n birinci stullarında üz-üzə Fərəməz və Varennikov oturmuşdu. Onun yanında Fərəməzin tərcüməçisi oturmuşdu. Fərəməzlə gələn digərləri bəziləri bir az aşağıda, bəziləri kənarlara qoyulmuş stullarda oturmuşdular.
Varennikov təklif edirdi ki, cəbhəçilər Meğridən Yerevana gedən hərbi eşolonu buraxsınlar. Fərəməz isə təkidlə bunu rədd edirdi.
– Naxçıvan öz müstəqilliyini elan etmişdir. O, müstəqil dövlətdir. Onun ərazisindən hər hansı başqa bir dövlətə məxsus nəqliyyat vasitəsinin keçməsi üçün gömrük rüsumu ödənməlidir. Söhbət hərbi qatardan gedirsə, buna müstəqil Naxçıvan dövləti icazə verə bilməz. Çünki, sovet ordusunun Ermənistanı müdafiə etdiyi məlumdur. Ermənistanla Rusiya müttəfiq olduqlarından, sovet ordusu Ermənistana hərbi yardım etdiyindən, Naxçıvan öz varlığını təhlükə altına qoyub hərbi qatarın öz ərazisindən keçməsinə razı ola bilməz.
Varennikov təmkinli olmağa çalışırdı. Çox dil tökdü, Fərəməzi inandırmağa çalışırdı ki, ordu dayanmadan birbaşa Meğridən Yerevana keçəcək. Fərəməz (Varennikov Valentin İvanoviç – sovet hərbçisi, general-polkovnik, quru qoşunları baş qərargahının rəisi, SSRİ Müdafiə naziirinin müavini. SSRİ Müdafiə Şurasının üzvü. Əfqanıstan müharibəsini idarə edən qrupun rəhbəri. Bu xidmətlərinə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq gülüb. 1994-cü il fevralın 7-də RF Prezidenti Boris Yeltsinin Fərmanı ilə vəzifəsindən azad edilib. Hazırda təqaüddədir) onun bu sözlərinə belə cavab verdi:
– Siz bir dəfə „Ordumuz Azərbaycandan keçib Türkiyəyə gedəcək,“ deyə 11-ci işğalçı ordunuzu Azərbaycana soxmuş və müstəqil Azərbaycanı işğal etmisiniz. İndi yenə də eyni variantdan istifadə etmək istəyirsiniz. Əgər zor işlətmək istəsəniz, mən yoldakı bütün körpüləri partladacağam.
Fərəməzin fantaziyalarının sonu görünmürdü. Rus generalını, müdafiə nazirinin müavinini İran və Türkiyə ərazisinə toplanmış, Naxçıvana kömək üçün bir işarə gözləyən minlərlə fədai ordusunun olduğunu iddia etdi, Varennikovu hədələdi.
Bir ara Varennikovun hansısa sözünə Fərəməzin verdiyi cavabı tərcüməçi başqa cür tərcümə etdi. Həsən müəllim onun səhvini düzəltmək istədi, amma Fərəməz onun sözünü ağzında qoydu:
– Qoy desin, o, mənim dediyimdən də yaxşı deyir, mane olmayın, belə yaxşıdır!
Əzəmətli rus generalının, həm də çox yüksək vəzifə tutmuş bir generalın Fərəməz qarşısında necə çarəsiz qaldığını seyr etmək qəribə və gülməli idi. Onların mübahisəsi bir saatdan çox davam etdi. Ən sonda Varennikovun əsəbləri davam gətirmədi, yerindən qalxıb qapıya tərəf getdi, astanada dayanıb barmağı ilə Fərəməzi hədələdi, pis bir söyüş söyüb kabineti tərk etdi.
Səkinə müəllimə çox gərgin vəziyyətdə idi. Biz hamımız otaqdan çıxdıq. Həsən Xəlilov cəbhəçilərə bir-iki söz demək istədi, ancaq onlar Həsən müəllimə heç bir reaksiya vermədilər.
Bir azdan Səkinə müəllimə zəngi çaldı. Bizi otağa dəvət etdi. Həsən müəllim o qədər qorxmuşdu ki, içəri keçmək istəmirdi. Qapının qarşısında mən ona yol vermək istədim, o isə məni önə verdi.
-Buyurun, Həsən müəllim,-deyə neçə dəfə təklif etdimsə, içəri girməyə qorxdu. Çarəsiz qalıb önə mən keçdim.
Otaqda Səkinə müəllimə ilə Fərəməz söhbət edirdilər.
– Ə, Fərəməz, sən doğrudan deyirdin ki, İranda bu altı min qoşun, Türkiyədə bu qədər qoşun durub fürsət gözləyir?
Fərəməzin gözləri bic-bic güldü.
– Nömrə gəlirdim,-dedi və əlavə etdi,-amma doğrudan da bizə kömək etmək istəyənlər vardır.
Səkinə müəllimə bir az da ürəkləndi.
– Bəs silah-zad var?
– Var, Səkinə xanım, darıxmayın, bizim silahımız olmasaydı, bu sarı … bizimlə „pişiyim-pişiyimlə“ danışardı?
– Nə bilim, görək başımıza daha nələr gələcək?-deyə Səkinə müəllimə fikirli-fikirli dilləndi.
Doğrudan da başqa yol yox idi. Çay məcrasından, ox yayından çıxmışdı. İndi hər şey təcrübəsiz, beyni qanla dolmuş bu gənclərdən, bir də SSRİ hökumətinin sonrakı addımlarından asılı idi. Hamımız gözləməyə məhkum idik.
…İmperiyanın qüdrəti sınmışdı… Bir neçə ay sonra Azərbaycan rəhbərliyi Səkinə müəlliməni tutduğu vəzifəsindən təqaüdə buraxmalı oldu. Lakin bu zaman da onun mətanətini dana bilmədilər və onu Azərbacyan Respublikası Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif etdilər və bu Fərmanı şəxsən iki ay əvvəl Azərbaycan KPMK-nın Birinci Katibi seçilmiş, sonra Azərbaycanın ilk Prezidenti olmuş Ayaz Mütəllibov Naxçıvanda, onu vəzifədən azad etdikdən dərhal sonra təqdim etdi.
Səkinə müəllimənin bu təltifə ehtiyacı yox idi, xalqın yaddaşına həkk etdiyi adı ilə o, ən böyük mükafatını almışdı, sadəcə bu hadisə qəhrəmanlıq zirvəsinə yüksəlməyin məğlubları belə etirafa məcbur etməsinin simvolu idi.
Son anda da Səkinə müəllimə yüksək ləyaqət nümayiş etdirdi. O, vəzifədən gedəcəyini çoxdan bilirdi, lakin son saniyəyədək bu vəzifədə daim qalacaq kimi işlədi, vəzifədən ayrılıb son dəfə xidməti maşınına mindi və bir daha o tərəflərdə görünmədi.
Baş verən hadisələrə isə Heydər Əliyev belə qiymət verirdi: “Mən Moskvada olarkən Azərbaycana qarşı olan bu cinayətə etiraz səsimi qaldırdım, xalqıma, millətimə həmrəy olduğumu bildirdim və orada olan imkanlarla Azərbaycan xalqının müdafiəsinə çalışdım. Orada eşitdim ki, naxçıvanlılar bu dəhşətli faciə ilə əlaqədar olaraq ayağa qalxıblar, hətta o vaxt cəsarətli bir qərar qəbul ediblər. Azərbaycana qarşı edilən cinayətə, təcavüzə görə Naxçıvan Muxtar Respublikasının Sovet İttifaqının tərkibindən çıxması haqqında qərar qəbul ediblər.
İndi Sovetlər İttifaqı dağılıb. O illərdən çox vaxt keçib, çox şeylər unudulub. Sovet İttifaqına mənsub olmuş ölkələr öz müstəqilliklərini əldə ediblər. Ancaq naxçıvanlıların bu cəsarətli addımı o vaxt Sovet İttifaqında yeganə bir addım idi. Bu xəbər bütün dünyaya yayıldı ki, Naxçıvan Muxtar Respublikasının sesiyası Sovet İttifaqının tərkibindən çıxmaq haqqında qərar qəbul etmişdir. Bu naxçıvanlıların nə qədər cəsarətli, qeyrətli, nə qədər azadlıq sevər və müstəqilliyinə nə qədər bağlı olduğunu dünyaya sübut etdi, nümayiş etdirdi.”
SON GÖRÜŞ
Səkinə müəllimə ilə son dəfə 2008-ci ilin yayında, Naxçıvanda görüşdüm. Naxçıvana ezam olunmuşdum. Bakıya geri qayıtmağa bir gün qalmış zəng vurdum. Çox sevindi, “Gəl, gözləyəcəyik,”-dedi.
Getdim. Evdə həmişəki kimi qardaşı, rəhmətlik Sabirin yoldaşı, Naxçıvanın ən yaxşı müəllimlərindən biri kimi tanınan Arifə müəllimə ilə ikisi idi. Çox sevinmişdi, çay gətirdilər, ordan-burdan söhbət etdik. Bir ara necə oldusa, mən onun xalqımız qarşısında xidmətlərindən danşdım. Səkinə müəllimə cavabında bunu dedi:
– Nazim, xalq nəyi bilir, nəyi bilmir, bunlar çox maraqlı deyildir. Bax, sağ olsun Vasif müəllimi, mənə o qədər hörmət edir ki! Evimizin təmirinədək hər şeydə bizə əl uzadır. Amma başqaları…
Onun qəlbinin bərk qırıldığı hiss edilirdi, amma kim, nəyə görə, nə zaman qırmışdı? Səkinə müəllimə sözünə davam etdi:
– Naxçıvan haqqında eniklopediya hazırlayıblar, görmüsən?
Mən görmədiyimi dedim. Doğrudan da belə bir ensiklopediya haqqında ilk dəfə Səkinə müəllimədən eşidirdim.
– Hə, göstərərəm,-dedi,-orada çox adamdan bəhs edilir. Hətta Naxçıvanla çox az əlaqəsi olan adamlar da ora salınıb. Amma mənim haqqımda bir sətir də yazmayıblar…
Mən Səkinə müəlliməni başa düşürdüm. Ömrünün səksənə yaxın yaşında onun bu dünyadan gözlədiyi nə ola bilərdi ki? Ailə qurmamışdı, övladları yox idi. Qardaşının ailəsini qanadları altına alıb onlara analıq edirdi. Həyatı yalnız yaxşılıq etməklə keçmişdi. Ən sonda da Naxçıvanı, bəlkə bütün Azərbaycanı böyük bir fəlakətdən qurtarmağa vəsilə olmuşdu. Onun Naxçıvan üçün gördüyü çox işlər var idi. Həm siyasi, həm ictimai, həm mədəni və maarif həyatında onun ən az bir daşı, bir ağacı var idi. İndi belə tez unudulması ona ağır gəlmişdi.
Mən Səkinə müəllimədən ayrıldım. Yol boyu, bilmirəm nədənsə, bütün günü Səkinə müəllimənin o hadisələrdən bir il əvvəl br gündə keçirdiyi üç iclas canlanırdı. Bir gündə hər biri dörd saat davam edən iclas. Üst-üstə on iki saatlıq iclasdan ibarət bir iş günü. Fədakarlığın zirvələrindən biri kimi görürəm o hadisəni.
1989-cu ildə Tofiq İsmayılov Naxçıvana gəlmişdi. Tofiq İsmayilov Beynəlxalq mühəndislik Akademiyasının akademiki, texnika elmləri doktoru, Azərbaycan Respublikasının 1-ci Dövlət Katibi, Azərbaycan SSR-in Dövlət Katibi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü kimi vəzifələrdə olmuşdu. Tofiq İsmayılovu Naxçıvana bağlayan ən möhkəm tellərdən biri onun Naxçıvandan SSRİ Ali Sovetinə deputat seçilməsi, bir də Naxçıvan Dövlət Universitetində kosmik tədqiqatlarla bağlı fakültə açması, Naxçıvanda kosmik tədqiqatlar üzrə elmi mərkəz açması idi. Bu mərkəzin bir şöbəsi də Ordubadda fəaliyyət göstərirdi və muxtar respublikada elmi potensialın artmasına çox müsbət təsir göstərirdi.
Xalq Cəbhəsi meydana atılanda Tofiq İsmayılovu Naxçıvana ezam etmişdilər. Çünki Xalq Cəbhəsinin ən möhkəm dayağının Naxçıvanda olduğunu bilirdilər. Tofiq İsmayılov Naxçıvana gəldiyi gün Səkinə müəllimənin kabinetinə gəldi. Əvvəlcə bizi – aparat işçilərini yığıb ictimai-siyasi vəziyyət barədə məlumat verdi, sonra Naxçıvanın sözü keçən ziyalıları, ağsaqqalları və Xalq Cəbhəsi üzvləri ilə görüşmək istədiyini bildirdi.
Səkinə müəllimə böyük məmnuniyyətlə ona bu işdə kömək göstərdi. İlk olaraq Naxçıvanın sayılıb seçilən ziyalıları ilə görüş keçirildi. Tofiq İsmayılov tam dörd saat Sumqayıt hadisələri, Azərbaycanın informasiya blokadası, SSRİ-də və xarici ölkələrdə ermənilərin əleyhimizə fəal təbliğat aparmaları və s. haqqında geniş məlumat verdi. Sonra gənc nəsillə əlaqə qurmağın əhəmiyyətindən danışdı, onlara düzgün yol göstərilməsinin vacibliyindən bəhs etdi.
İkinci görüş Naxçıvanın ağsaqqalları ilə keçirildi. Yenə həmin mövzuda dörd saat söhbət etdi, onların fikrini soruşdu, suallarına cavab verdi.
Üçüncü görüş cəbhəçilərlə oldu. Yenə eyni məslələri təhlil edərək məlumat verdi və gənclərin bu hərəkatına rəğbətlə yanaşdıqlarını bildirdi. Sonra xahiş etdi ki, “cəbhə,” “xalq cəbhəsi” əvəzinə başqa bir ad, bir termin düşünsünlər. Çünki cəbhə bir xalqın ikiyə bölündüyünü və bir-birləri ilə düşməncəsinə mübarizə apardıqlarını ifadə edir. Halbu ki, bu belə deyildir.
Cəbhəçilər isə onun bu söhbətinə maraqla qulaq asmalarına baxmayaraq irəlü sürdüyü təklifi qəbul etmədiklərini bildirdilər. Beləliklə, Tofiq İsmayılovun Naxçıvan səfəri də nəticəsiz qaldı.
Səkinə müəlliməyə gəlincə, onun səbri, heç nədən qorxmadan xalq cəbhəsi üzvlərini dəfələrlə kabinetində qəbul etməsi, onlarla münasibətdə çox təmkinli davranması, onların tez-tez ədəb-ərkan yönü ilə buraxdıqları səhvləri ört-basdır etməsi, hətta bir çox hallarda onları təhlükədən qoruması hər adamın görəcəyi və bacaracağı bir iş deyildi.
Tofiq İsmayılov ayrılarkən Səkinə müəlliməyə elə təşəkkür etdi, ünvanına elə sözlər, elə ifadələr işlətdi ki! Halbu ki, o, bunları deməyə də bilərdi. Amma görünür, Səkinə müəllimənin naxçıvanlıların ifadəsi ilə desək, ağbirçəkliyi qarşısında bunları deməmək mümkün deyildi.
Səkinə müəllimə ilə son görüşümüzdən iki il sonra Səkinə müəllimə vəfat etdi. Vəfat etməzdən bir gün əvvəl ona zəng vurdum. Arifə müəllimə cavab verdi.
-Səkin müəllimə danışa bilirmi?-deyə soruşdum.
Telefonu ona verdilər. Səsi çox zəif gəlirdi, zorla danşdığı hiss olunurdu.
– Səkinə müəllmə, inşaallah, tez sağalarsız,-dedim,-siz bizim mamamızsınız. Hamımız sizə dua edirik…
O, təşəkkür etdi… Daha nə deyəcəkdi ki?
Ertəsi gün Səkinə müəllimə vəfat etdi.
Yas mərasimi və dəfnini Vasif Talıbov öhdəsinə götürmüş, bu vəfalı qadına öz vəfasını göstərmişdi.
Nazim Əkbərov (Fərruxoğlu),
Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyəti təşkilat
şöbəsinin sabiq müdiri