Özümüzü tanıyaq, milli kimliyimizi, dəyərlərimizi unutmayaq!
Müraciət
Müasir elm bu məsələlərdə hər şeydən əvvəl əlində olan, yəni araşdırılaraq çap olunmuş və cəmiyyətə çatdırılmış qaynaqlara əsaslanır. Ən başlıcası nəzərə almalıyıq ki, biz hələ indi-indi öz tariximizi açmaq, çoxminillik mədəniyyətimizi öyrənmək istəyirik. Milli kimliyimizi və əzəli dəyərlərimizi ortaya qoymaq əzmindəyik.
Gəlin nəzərə alaq ki, cəmi 20 yaşımız var, yeniyetməlikdən gənclik dövrünə qədəm qoyduğumuzu nəzərə alsaq, bunlar təbiidir.
Bəşər mədəniyyəti tarixi bir tamdır. İndiyə kimi olan araşdırmalar da tarixi ilkdən yox, müəyyən dövrünü və ya dövrlərini götürüb öyrənmək və ya təqdim etmək cəhdidir. Belə cəhdlər də çox vaxt yanlışlıqlara aparıb çıxarır.
Milli kimliyimizi dərk etmək üçün gəlin ərazimizə, iqlimimizə, yerləşdiyimiz coğrafi məkana nəzər yetirək:
1· Şərqlə-Qərb, Şimalla-Cənub arasında yerləşirik, demək biz mərkəzdəyik.
2· Dünyada mövcud olan iqlimlərin 9-u Azərbaycandadır.
3· Ölkəmizin forması-xəritəyə diqqətlə baxsaq-qanadlarını açıb uçan quşlar şahı Qartal da böyük mətləblərdən xəbər verir.
4· Milyon illərdir Kür və Araz çayları bizim ərazimizdən axıb gedir.
5· Gözəl dənizimiz və onun təbii sərvətləri və ehtiyatları ixtiyarımızdadır. Günəşimiz də dənizdən doğur.
6· Dünyadakı ən qədim yazılar bizim ərazidə Gəmiqaya- Qobustan abidələrindədir.
7· Bəşər mədəniyyətinin ən inci nümunələrini özündə əks etdirən Mingəçevir-Sudağılan epitapiyası (keçən əsrin ortalarında Mingəçevir su anbarı tikilərkən) bizim ərazimizdən tapılıb. (Ancaq öyrənilmədən dağıdılıb Ermənistana daşınıb 20000 yaxın eksponatdan cəmi 2-3 ədədi bu gün Azərbaycandadır).
8. Dünyanın ən qədim yaşayış məskəni Azıx mağarasından insan kəlləsi tapılmışdır.
9· Azərbaycan xalçalarının tarixi minilliklərlə ölçülür.
10·Azərbaycan muğamının əvəzi dünyada yoxdur və onlar ilkin çağırışı – ilkə qayıtmaq – qayıdış nalələridir.
Heç bir xalqın tarixində bizim qədər, yəni hərtərəfli sürətdə dünya mədəniyyətinə xidmət edən, bəşəri ideyalar daşıyan mütəfəkkirlər olmayıb. Nəsirəddin Tusi, Əbubəkr Əcəmi, Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmaməddin Nəsimi, Şah İsmayıl Xətai, Şəms Təbrizi, Şöhrəvərdi, Bəhməniyar, Əlis Kərəmli, Mirzə Fətəli Axundov, Üzeyir Hacıbəyov, Hüseyn Cavid, Mirzə Ələkbər Sabir, Cəfər Cabbarlı, Maqsud Şeyxzadə, Fikrət Əmirov, Qara Qarayev, Vaqif Mustafazadə, Qurban Qurbanov, Sadıx bəy Ağabəyzadə, Fərman Salmanov, Sabit Orucov, Kərim Kərimov, Abbas Zamanov, Əlibəy Hüseynzadə, Asif Ata, Əhmədbəy Ağayev, Yusif Məmmədəliyev, Məmməd-Əmin Rəsulzadə, Əhməd Cavad, Əli Əliyev, Sübhi Bektaşı və nəhayət Ümummilli Liderimiz Heydər Əliyev…*
Hal-hazırda da bu qanunauyğunluq (tendensiya) davam edir: Lütfizadə, Bahadur Tahirbəyov, Əjdər Fərzəli, Akif Əlizadə, İsa Həbibbəyli, İsmayıl Hacıyev, Əkrəm Məmmədli, Zümrüd Quluzadə, Bayram Tahirbəyov, Afad Qurbanov, Qəzənfər Kazımov, Buludxan Xəlilov, Aydın Əzimbəyov, Məmməd Araz, Fikrət Rzayev, Arif Əliyev, Məmmədhəsən Qəmbərli, Elməddin Əlibəyzadə, İsmayıl Vəliyev, Qeybulla Qeybullayev, Vahid Rzayev, Elmir Quliyev, Rafiq Əliyev, Nuqay Əliyev, Alim Qasımov… və ən sonda adları sadalananlarla bərabər adının çəkilməsi vacib olan ruhu bizlərlə yaşayan Elman Əliyev və s və i. *
Dünya bizi, yəni biz azərbaycanlıları və Azərbaycanı bizdən çox-çox yaxşı tanıyır. Biz isə “Tanıdıq, tanıdıq, dünyada hamını tanıdıq, təkcə özümüzü tanımadıq ki, tanımadıq”! Salvador Dalinin “Dünyanın xilası” əsərindəki qəhrəmanının Azərbaycana tuşlanmış barmağı da bunu sübut edir. Biz mərd azərilərik – həm a-zər-lərik – zər, işıq, nur daşıyıcılarıyıq həm də as-ərlərik (ilklərik). Hər şeyin də kökü işıqdır, hər bir varlıq özlüyündə işıq payıdır, işıq zərrəsidir.
Gəlin özümüzü tanıyaq və çalışaq kimliyimizi, daha doğrusu, böyüklüyümüzü aydınlaşdıraq ki, biz Azərbaycanlılar bəşər mədəniyyətinə nə vermişik? Verdiklərimizin az da olsa əvəzini almışıqmı? Bundan sonra nə verə bilərik? Verdiklərimizdən özümüz də faydalanmağı düşünürükmü? Yoxsa, yenə töhfələrimiz əvvəlkilər kimi qarşılıqsız olacaq?
Vətənimizin, xalqımızın, yaxınlarımızın o cümlədən balalarımızın gələcəyini göz önünə gətirərək ən vacib olan bu işlərin görülməsini vacib sayırıq:
Bu gün dünyaya tariximizi arxeologiya və etnoqrafiya elmlərinin vasitəsi ilə dəqiq elmləri tətbiq etməklə (sistemologiya, o cümlədən müasir elmi-texniki nailiyyətlərə əsaslanaraq) araşdırıb, tədqiqatlar aparıb təkzib olunmaz dəlilləri ortaya qoyaq!
Hesab edirik ki, AMEA və onun A.A.Bakıxanov adına Tarix institutu, Arxeologiya və etnoqrafiya institutu, Nəsimi adına dilçilik institutu, Nizami adına ədəbiyyat institutu, Folklor institutu, Fəlsəfə institutu, AMEA-nın digər strukturları və AMEA-nın Naxçıvan bölməsi ilə birlikdə araşdırıb dəqiq tariximizi, elmimizi ortaya qoymalıdır.
Eyni zamanda elmi adı olmayan lakin çox ciddi tədqiqatlar və araşdırmalar aparıb önəmli nəitcələr əldə edən ziyalılarımızın və bilim adamlarının çap olunan və ya hələlikdə müxtəlif səbəblərdən nəşr oluna bilməyən elmi nəticələri nəzərə alınmalı, cəmiyyətdə və akademik elmi ictimaiyyətdə müzakirəyə çıxarılmalıdır.
Bizim başqa yolumuz yoxdur!
Bügünkü dünyada mövcud olan və əsas tarix kimi götürülən ikiçayarası mədəniyyətdən də yəni (Dəclə-Fərat çayları arasında aşkar edilən) Şumer mədəniyyətindən də qədim tarix mövcuddurmu.
Axı Gəmiqaya-Qobustan abidələri, Azıx mağarası bizdədir! Məhz bu daşlar üzərində yazılmış tarixi mədəniyyətin əsasları burada Azərbaycanda qoyulub!
Demək ilk əlifba və ilk söz haqda fikirlər də öz aydınlığını tapmalı, kimin kim olduğu müəyyənləşməlidir.
Ziyalılardan bir qrup
Elman Əliyev, “Olduğu və göründüyü kimi”
kitabından (kiçik əlavələrlə): səh:314-316
* Bu siyahının dolğunlaşmasına, zənginləşməsinə ehtiyac duyulur.
Hörmətli oxucularımızı bu işdə bizlərə yardımçı olmağa dəvət edirik. Eyni zamanda yerinə düşərdi ki, “Tanıyırıq Tanıyaq” rubrikası (başlığı) altında müxtəlif KİV-lərdə materiallar dərc olunsun. Söhbət ondan gedir ki, oxucuların tanıdıqları lakin bizim hələlikdə tanımadıqlarımız görkəmli Azərbaycan alim və ziyalıları, önəmli şəxsiyyətləri, onların gördüyü işlər və dünya elminə və mədəniyyətinə vergi töhvələr barədə materiallar toplanıb paylaşılsın ki, xalqımız onları tanısın. Bu siyahıya Azərbaycanda doğulub və ya təhsil alıb dünyanın müxtəlif yerlərində yaşayan və fəaliyyət göstərən şəxslər də daxil edilə bilər (dünyasını dəiyşənlər də daxil olmaqla).
Həmin materialları övraqda (sayt) dərc etmək və paylaşmaq üçün bizə də göndərə bilərsiniz.