Paxlalı bitkilərin insan genetikası və təbiətlə qarşılıqlı əlaqəsi

Hələ qədim zamanlardan insanlar dənli bitkilərlə yanaşı paxlalı bitkiləri də əkib becərmiş və geniş şəkildə istifadə etmişdir. Paxlalı bitkilərin insan sağlamlığı və təbiət üçün əhəmiyyəti sonsuzdur. İlk öncə paxlalı bitkilərin təbiət üçün böyük əhəmiyyətindən danışacağam.

Hazırkı  dövrdə dünyanın ən böyük problemlərindən biri olan, bitkilərin becərilməsi zamanı torpağın tərkibinə həddindən artıq verilən kimyəvi gübrələrdir. Kimyəvi gübrələr  torpağı , suyu çirkləndirdiyi kimi , həmçinin insan orqanizmində də bitkilər  vasitəsiylə lazımsız şəkildə toplanaraq müxtəlif formalı problemlər yaradır.

Bitkilərin normal inkişaf etməsi əsasən yaşıl kütlənin artırılmasında istifadə olunan azot gübrələri torpaqda yaşayan azot bakteriyalarının sürətli inkişafına səbəb olur. Nəticədə xemosintez prosesi sürətlənir. Xemosintez prosesinin sürətlənməsi torpaqda turşu oksidi:-azot-dioksidin(NO2) artmasına səbəb olur. Azot oksidlərinin həddindən artıq çoxalması içməli su təbəqələrinə nüfuz edir və su təbəqəsinin turşulaşmasına səbəb olur. Nəticədə içməli su çatışmazlığı yaranır. Dünyanın ən böyük problemlərindən olan içməli su çatışmazlığının olması  bəşəriyyət və bütün canlılar üçün normal yaşamağın nə qədər çətin olmasıdır. Bu ən böyük problem və paxlalı bitkilər haqqında hansı əlaqə ola bilər sualına gəlincə isə lazım məlumatları qeyd edirəm.

Bizə məlumdur ki paxlalı bitkilər inkişaf edərkən onların köklərində yumurucuq bakteriyaları yaşayır. Bu bakteriyalar azotla qidalanır. Yumurucuq bakteriyaları havanın tərkibindəki azotu alıb öz qidalanmalarını təmin edir, həm də normal səviyyədə torpağın tərkibini azotla zənginləşdirir. Bunlar bitkilərin normal inkişaf etməsi üçün lazım olan azotu torpağa müəyyən miqdarda çatdıra bilir. Nəticədə növbəti əkin zamanı digər bitkilərin yaşıl kütləsinin normal inkişafı üçün lazım olan azot torpaqda normal səviyyədə olur.  Digər kimyəvi gübrələrdən istifadəyə ehtiyac qalmır. Bu zaman nə torpaq, nə su, nə də insan orqanizmi hər hansısa  fəsadla qarşılaşmır.

İndi isə gəlirik paxlalı bitkilərin insan sağlamlığı üçün lazım olan misilsiz faydalılığına.

Paxlalı bitkilərə  mərci, noxud, paxla, lobya, lərgə və s. aiddir. Onların tərkibində insan orqanizminə lazım olan qida elementləri, əsasən zülallar vardır. Paxlalı bitkilər qandakı xolesterinin səviyyəsini aşağı salır. Bizə məlumdurki  düzgün olmayan qidalanma nəticəsində orqanizmdə xolesterinin miqdarı kəskin şəkildə artır və ürək normal qanla təmin oluna bilmir. Bu  zaman infarkt riski kəskinləşir. Mütəmadi olaraq paxlalı bitkilər istifadə edən insanlarda artıq çəki problemi olmur. Paxlalı bitkilərin tərkibi dəmir, zülal və faydalı vitaminlərlə zəngindir. Tərkibində yağ miqdarı çox azdır.

Paxlalı bitkilərə  dünya ölkələri çox böyük önəm verir. Bu səbəbdən 10 fevral Ümumdünya Paxlalı Bitkilər günü kimi qeyd olunur. Elə buna görə də sağlamlığımızı qorumaq üçün və gələcək nəsillərə sağlam orqanizm haqqında düzgün fikir çatdırmaq üçün paxlalı bitkilərin əhəmiyyətini xüsusilə vurğulamaq lazımdır.

Paxlalı bitkilərdən mütəmadi istifadə etdikdə qanda qlükozanın səviyyəsi normal olur. Guelph Universitetinin əməkdaşları diabet və arterial hipertoniyadan əziyyət çəkən insanlar üçün paxlalı bitkilərin istifadəsini tövsiyə edirlər. Deməli paxlalı bitkilərin istifadəsi şəkərli diabet və ürək-damar xəstəliklərinin qarşısını alır .Eyni zamanda bu məhsullardan mütəmadi olaraq istifadə etdikdə insult və infarkt riski azalır. Eyni ilə Kanada alimlərinin apardıqları tədqiqatın ən böyük nəticəsi o olmuşdurki, paxlalı bitkilər ürəyi qoruyan və qanda şəkəri azaldan ən uyğun məhsuldur.

 Paxlalı bitkilər zülalla yanaşı sellülozlada zəngindir. Sellülozda insan orqanizmində bağırsaq peristaltikasının normal fəaliyyət göstərməsini təmin edir. Paxlalı bitkilər həmçinin xərçəng xəstəliyinə tutulmamaq riskini aşağı salır.

Bu bitkilərin ən böyük üstünlüyü tərkibində insan orqanizminə vacib lazım olan zülallardır. Çünki zülallar insan orqanizmində çox funksiya yerinə yetirən üzvi birləşmələrdir. Zülalların ən mühüm və spesifik funksiyalarından  biri qoruyuculuq funksiyasıdır. Qoruyuculuq funksiyası hesabına zülallar orqanizmdə normal immunitet formalaşdırmağa xidmət edir. Orqanizmdə qoruyuculuq funksiyasını yerinə yetirən interferon zülalıdır. Bu zülal qrupuna da paxlalı bitkilərin tərkibində rast gəlinir.

Zülalların katalitik, hərəkət, siqnal, inşaat, tənzimləyici, daşıyıcı, energetik və müdafiə funksiyası vardır. Canlılarda bütün hərəkət prosesləri aktin və miozin zülal qruplarının iştirakı ilə gedir. Daşıyıcı zülal olan hemoqlobin kimyəvi maddələri özünə birləşdirir və orqanlara çatdırır . Tənzimləyici zülallar insulin, qlukaqon və tiroksindir. Bu zülal qrupları həmçinin fermentlərin aktivliyini tənzimləyir.

Bəzi zülallar (amilaza, katalaza, proteinaza və s.) hüceyrə və orqanizmdə gedən biokimyəvi reaksiyaların sürətini artıraraq bioloji katalizator-ferment funksiyasını həyata keçirir. Reaksiya nətiəsində fermentlər sərf olunmur, onların miqdarı sabit qalır. Bütün fermentlər kimyəvi tərkibinə görə zülaldır. Bu zülalların katalitik funksiyası ilə əlaqəlidir. İnşaat funksiyasına  gəlincə zülallar hüceyrə membranının, orqanoidlərin, ali heyvanlarda vətərlərin, bağların, qan damarlarının, qığırdaqların, tüklərin, buynuzların, dırnaqların, pulcuqların və s. əsas tərkib hissəsi olub, onların qurulmasında iştirak edir. Orqanizmdə karbohidrat və yağ çatışmadıqda zülalların parçalanması baş verir. Bu proses zülalların energetik funksiyasına aiddir. Xarici amillərin təsirindən zülallarda üçüncülü quruluş dəyişə bilir. Həmin zülallar denaturasiyaya uğrayır. Bu hal orqanizmin cavab reaksiyasının işə düşməsi üçün bir siqnaldır. Xarici amillərin təsiri bitən kimi onlar öz əvvəlki vəziyyətinə qayıdır.

Orqanizmdə bəzi zülallar vardır ki, onlar orqanizmə daxil olan yad cisimcikləri zərərsizləşdirərək, immunoloji prosesləri həyata keçirir. Bu zülallar immunoqlobulin və interferon zülalıdır.

Amerikalı alim- dietoloqlar belə qənaətə gəliblər ki, paxlalaı bitkilərin (lobya, noxud, mərci və s.) davamlı istifadə edilməsi artıq çəkinin də  davamlı  azalamsına və çəkinin sabit saxlanmasına  səbəb olur.  Alimlər tərəfindən  məsləhət  edilən paxlalı bitkilərin porsiaysı fincanın üçdə biri (130 qram) təşkil edir. Bu miqdar 6 həftə ərzində 340 qram artıq çəkidən azad olmağa kifayətdir.

  Paxlalı bitkilərin gündəlik istifadəsinin dayandırılması isə çəkinin artmasına səbəb olmur. Bioloq alimlər 21 kliniki sınaqların metaanalizini keçiriblər. Ümumilikdə  isə bu təcrübədə 940 kişi və qadın iştirak edib. Hər  bir iştirakçı gündəlik qida rasionuna paxlalı bitkiləri əlavə  edib və orta hesabla 6 həftədən sonra 340 qram çəki itirib.

Paxlalı bitkilər ürək üçün çox  xeyirdir. Alimlərin tədqiqatı nəticəsində məlum olub ki,  bu növ bitkilərin tərkibində xeyli miqdarda zülal və sellüloz vardır ki,  bu da paxladan hazırlanan yeməklərin qanda xolesterinin azalmasına müsbət təsir edir və  ürəyin fəaliyyətini yaxşılaşdırır.

İnsanın immunitet sistemini formalaşdıran orqanizmdəki müəyyən turşuluq səviyyəsi, qandakı leykositlər və qoruyucu zülal qruplarıdır. Bəzi növ bakterial və göbələk xəstəlikləri vardır ki, onlar həm turş mühitdə inkişaf edir, həm də leykositlərə qalib gələ bilir . Amma qoruyucu zülallara qalib gələn hər hansısa bakterial və göbələk növü yoxdur. Ona görə də orqanizminə normal səviyyədə bitki mənşəli zülal daxil olan insan daha güclü immunitet sisteminə malik olur və nəticə etibariylə virus xəstəliklərinə özünü təslim etmir. Qoruyucu zülallar bir başa insanın DNT-ni , genini idarə edir. Belə olduğu halda niyədə biz dərrakəli insan düzgün zülallar qəbul etməklə öz genimizin qayğısına qalmayaq!

Xəyalə Sərdar qızı Ramazanova
xeyaleramazanova88@gmail.com
Cəlilabad rayon Uzuntəpə kənd R.Hüseynov
adına 2 saylı tam orta məktəbin biologiya müəllimi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir