Poetik incilər
Sənət aləmində “Yaşıl sevgilər”, “Tənhalıq əlində”, “Məhəbbət müqəddəsdir”, “Daşlar çiçəkləyəndə”, “Bənövşə ömrü” kimi şeir, hekayə və povestlər kitabları ilə tanınan şair Vahid Aslanın hələlik sonuncu kitabı “Əkiz ruhlar” adlanır.
Kitabda şairin “Əkiz ruhlar” poeması və torpaq ətirli, vətən ətirli, sevgi ətirli, ana ətirli şeirləri toplanmışdır. Bu şeirlərdə uşaqlıqdan gəzib-dolaşdığı dağlara, düzlərə, meşə və kəndlərə dərin bir sevgi, həzin bir həsrət duyulur. Aqil babalar “Aşıq gördüyünü çağırar” demişlər. Onun uşaqlıqdan, gənclikdən gördüyü yerlər, yaşadığı duyğular ürəyində elə bir yurd salıb ki, bu xatirələr gözəl poetik lövhələrə dönüb:
Ayaq izlərimdən tanıdı məni,
Qaya həmən qaya daş həmən daşdı,
Açdı xatirələr düyünçəsini,
Məni görən kimi dağlar dil açdı.
Kitaba toplanmış şeirlər mövzu etibarilə bədii bir şeir çələnginə bənzəyir. Bu şeirlərdəki müqəddəs vətən sevgisi, təbiət təsvirləri, yurd həsrəti, mücərrəd peyzaj lirikası insanın daxili aləmini zənginləşdirir, oxucunu həyatın dinamikasındakı sehrkarlığa, gözəlliyə cəlb edir:
Baxırsan, döşündə mamırı təzə,
Baxırsan adamdı əlində nizə,
Nə qədər duyursan, yenə möcüzə,
Yenə də sehrdi, sirdi qayalar.
Bütün sevgilərin tacı olan vətən sevgisi Vahid Aslanın şeirlərinin də ən uca məqamındadır. “Qəbrim – Vətən”, “Millət şərqisi”, “Gəlin qaya” kimi şeirlərində vətən adlı müqəddəs torpaq, bu torpağın milli-mənəvi dəyərlərini ifadə edən xalq tərənnüm edilərək, bədii tablolara dönür:
Tarixin nə qədər şərəfli olub,
Şərəfin, şöhrətin var olsun, vətən!
Türk oğlu boylanır hər şərəfindən,
Sarsılmaz qüdrətin var olsun, vətən!
Deyən şairin vətənə vurğunluğu, onun evinin də, elə qəbrinin də vətənlə bağlılığındadır:
Küləyinə yarpaq olum,
Istəyinə bayraq olum,
Ayağına torpaq olum,
Qəbrim – vətən,
Evim – vətən!
Heç bir şair qələmindən yan keçməyən məhəbbət, sevgi, eşq deyilən mövzu Vahid Aslanın da qələminə kəsər vermiş, bu ali hissi şeir nəğməsilə bələmişdir:
… Olurmuş əzəli, ilki,
Məhəbbətin sonu yoxmuş!
Deyən şair, sevginin ülvi bir hiss olduğunu ifadə edir:
… Mən səni özümdə kəşf edə bilsəm,
Sevən ürəyini fəth edə bilsəm,
Məhəbbət ətirli,
Sevgi duyğulu
Bir ürək, bir könül bəxş etsəm sənə,
Ucalsam gözünün dərinliyinə,
Xoşbəxt mən olardım bu kainatda!
Kitaba daxil edilən “Babam deyərdi”, “Dünya yaman dəyişib”, “Azərbaycan qadını” kimi şeirlər milli-mənəvi dəyərləri ifadə edən poetik nümunələrdir:
Bir məsəl çəkərdi babam həmişə,
Deyərdi pis günün ömrü az olar,
Xeyirxah əməllər boy verən yerdə,
Yaxşılar çoxalar, pislər azalar.
… Yaxşılıq eyləsə insanın ömrü,
Elə yaxşılığın özü qədərdi.
Xalq müdrikliyini ifadə edən bu sətirlər, şeirin poetik yükünü və düşündürücülük qüvvəsini artırır. Milli zəkanın fəlsəfəsi duyulan bu poetik nümunə insan əməllərini saflığa səsləyir.
Kitaba toplanmış şeirlər içərisində poetik siqləti ağır, özü bir neçə sətirdən ibarət olan şeirlər də maraqla oxunur:
Onun hər şeyi vardı,
Hər şeyi,..
-pulu, evi, iş yeri,..
Təhsili, gözəlliyi,..
Onun hər şeyi vardı
Bircə şeydən savayı,
Onun hər şeyi vardı,
Xoşbəxtlikdən savayı…
Vahid Aslanın şeirlərində xoşagələn cəhətlərdən biri də zəngin xəzinə olan canlı xalq dilinin imkanlarından bacarıqla istifadə etməsindədir. “Tanrının verdiyi ağrını sevdin”, “Kasıbların bəxtindən bu payız quraq oldu”, “Gün gedib, qaş qaralanda”, “… Lap bizi girinc eyləyib”, “… Bir şair qınaq yeridi” və s.
Ixtisasca riyaziyyatçı olan Vahid Aslanın şeirlərində riyazi təfəkkürlə, poetik təfəkkürün harmoniyası vardır. Bunu şairin poetik təsvirlərindəki ümumilikdə deyil, konkretlikdə görmək olur. Onun şeir personajları özünəməxsus elə əlamətlərlə danışır ki, onun ünvanını axtarmaq o qədər də vaxt aparmır.
“Əkiz ruhlar” kitabına daxil edilmiş ”Nizami Aydın” poeması Qarabağın müdafiəsi uğrunda döyüşlərdə qəhrəmanlıq göstərərək, faciəli şəkildə həlak olmuş 31 yaşlı şair Nizami Aydına ithaf olunmuşdur. Poemanın qəhrəmanı “Tərlan” adı verdiyi tankında yanıb kül olmağı, düşmənə təslim olmaqdan üstün tutaraq, himayəsində olan 40 nəfər döyüşçünün də həyatını xilas edir, özü şəhid olaraq əbədiyyətə qovuşur.
Nizami Gəncədəki 18 saylı orta məktəbin riyaziyyat müəllimidir. Həmin məktəbin direktoru nə Nizamidə olan ülvi vətəndaşlıq duyğusunu, nə də onun şair qəlbini anlamaq səviyyəsində deyil. Qarabağın vəhşi erməni terroruna tuş olduğu illərdə Nizaminin şair qəlbi vətən qeyrətilə alışıb-yanır. Belə bir şəraitdə gözünə nə dərs, nə də canından çox sevdiyi ailəsi görünür. Səssiz-səmirsiz könüllü cəbhəyə yollanan Nizaminin dərsi boş keçdiyi üçün məktəb direktorunun qəzəbli səsi eşidilir:
… Bu şair, lap bizi girinc eyləyib;
Evinə zəng edin, tez durub, gəlsin
Deyib də, direktor otağa girir;
Deyirlər, dünən də boş keçib dərsi:
-Katibə tələsik xəbər gətirir;
… Direktor səsini qaldırır yenə:
-Mənim şairlərdən heç xoşum gəlmir…
Bu ara katibə gəlib, bildirir:
-Könüllü döyüşə yollanıb şair…
… Dili topuq çalır, axı, nə desin,..
Peşiman-peşiman baxır direktor;
Otağı titrədir müavinin səsi:
-Şairə daş atmaq böyük günahdır…
8 iyun 1992-ci il tarixdə Ağdamda Uzundərədə,
12 iyunda Ağdərədə Papravənddə gedən döyüşlərdə “Tərlan” adlı tankı ilə ətrafında 40 nəfər cəsur döyüşçü düşmənin başına od-alov saçan Nizami o zamanlar ağır və qeyri-bərabər döyüşlərin getdiyi Sırxavəndə çatır. Rusların silah-sursatı və əsgəri yardımını alan erməni cəlladlarına qarşı qəhrəmancasına döyüşürlər. Son anda yanan tankını – “Tərlan”ını düşmən üzərinə sürərək, tankı ilə bərabər yanıb kül olmaq bahasına 40 nəfər döyüşçünü əsir olmaqdan xilas edə bilir. Nizami yanarkən onun sol cibində Lorkanın da kitabı yanıb kül olur və göylərə yüksələn alov dilləri kimi bu iki nakam şairin də ruhları əbədi olaraq birləşir. Nizami Aydın da, Federiko Lorka kimi 31 yaşında həyata vəda edir ki, Vahid Aslan da ilk baxışdan formal və təsadüf kimi görünən bu oxşarlığı istedadının gücünə tale oxşarlığına və işıq kimi birləşən iki şair ruhunun eyniyyətinə çevirə bilir. Hadisələrin sonunda birləşən ruhların əkiz ruhlar kimi təqdim olunması şair fəhmi ilə aşkarlanan poetik tapıntıdır.
Poemada Vahid Aslan vətən torpaqları uğrunda müqəddəs borcunu yerinə yetirən həmkarının zəngin mənəvi aləmini, qəhrəmanlıq şücaətini təqdir edir, ona ölüm yaraşdırmayır:
Qeyb olub ümid var bir də doğulsun,
Qəbri qazılmayan Nizami Aydın!
Qardaş! Balalara and yeri olsun,
Sənin şəhid adın!
Aydın soyadın!!!
”Nizami Aydın” bir bioqrafik poema olmaqla bərabər, vətən uğrunda şəhid olan bir qəhrəmanın həyat hekayəsidir.
Inanıram ki, Vahid Aslanın “Əkiz ruhlar” kitabına toplanmış poema və şeirləri dəyərli oxucu tərəfindən rəğbətlə qarşılanacaqdır.
Maarifə Hacıyeva
Filologiya elmləri doktoru, professor