“Professor ABBAS ZAMANOV” kitabına giriş

Azərbaycan müstəqillik əldə edənədək «Sovet ədəbiyyatşünaslığı» kimi təşəkkül tapmış və inkişaf etmiş müasir ədəbiyyatşünaslığımıza bu gün yenidən qayıtmaq, ona müstəqillik  mövqeyindən yanaşmaq, tənqidi şəkildə elmi təhlilini  vermək, ideoloji təzyiqlərə məruz qaldığını açıqlamaq mühüm vəzifələrdəndir. O cümlədən ədəbiyyatşünaslığımızın ayrı – ayrı görkəmli nümayəndələrinin yaradıcılıq yolunu yeni təfəkkür işığında araşdırmaq zərurəti ortaya çıxmışdır.

            Azərbaycan filoloji fikrində ədəbiyyatşünaslar, tənqidçilər barəsində bir sıra araşdırmalar aparılmış, monoqrafik tədqiqat əsərləri yazılmışdır. Bu sahədə ilk növbədə akademik Kamal Talıbzadənin adını çəkmək lazım gəlir. Onun «XX əsr Azərbaycan tənqidi» (Bakı, «Azərb.EA» nəşriyyatı, 1966), «Tənqidimiz haqqında qeydlər» (Bakı, «Gənclik», 1967), «Azərbaycan ədəbi tənqid tarixi» (Bakı, «Maarif», 1984), «Tənqid və tənqidçilər» (Bakı, «Yazıçı», 1989) adlı kitabları ədəbi-tənqidi fikrimizin inkişaf yolunu, müxtəlif tarixi mərhələlərdəki yaradıcılıq problemlərini və görkəmli simaların yaradıcılığını öyrənmək baxımından mühüm əhəmiyyət kəsb edir. 70-ci  illərdən başlayaraq K.Talıbzadənin tədqiqatlarından əlavə, Y.Qarayev, Ş.Salmanov, N.Şəmçizadə və başqa ədəbiyyatşünasların ədəbi-tənqidi fikrimizə dair əsərlərinin, eləcə də «Fikrin karvanı» və «Ədəbi tənqid» adlı məqalələr məcmuəsinin nəşr olunması da, bu sahədə diqqətəlayiq hal olmuşdur.

             80-90-cı  illərdə  ədəbiyyatşünaslığımızın  görkəmli  nümayəndələrinin  ədəbi–tənqidi  görüşlərinin tədqiqinə dair müdafiə olunmuş namizədlik dissertasiyaları da ədəbiyyatşünaslığımızın  nailiyyətlərindən  hesab  oluna  bilər. Lakin   külli  halında götürdükdə ədəbi-tənqidi fikrimizin son 70 ilinə aid bir sıra problemlər öyrənilməmişdir.

           Ədəbi biblioqrafiyada da bu sahədə müəyyən işlər görülmüşdür. Belə ki, F.Bayramovu « C.Məmmədquluzadənin ədəbi irsinin nəşri tarixi və yazıçı haqqında biblioqrafiya»   adlı namizədlik dissertasiyası və bir neçə ədəbi şəxsiyyətin həyat və yaradıcılığı ayrıca biblioqrafik tədqiqata cəlb olunmuşdur.

            Təqdim olunan monoqrafiya məhz çoxdan araşdırılması vacib olan bir problemə – Azərbaycan ədəbiyyatşünaslığının görkəmli nümayəndəsi Abbas Zamanovun həyat və yaradıcılığının elmi tədqiqinə həsr olunmaqla bu baxımdan böyük aktuallığa malikdir.

            Monoqrafiyada Azərbaycan ədəbiyyatşünaslığının parlaq simalarından olan Abbas Zamanovun ədəbi-elmi yaradıcılığı əsas tədqiqat obyekti kimi geniş və sistemli şəkildə təhlilə cəlb edilmişdir. Bu məqsədlə də ədəbiyyatşünas-alimin  kitabları, ədəbi-tənqidi məqalələri, bədii yaradıcılığı, publisistik fəaliyyəti, xüsusən müharibə dövrü (1941-1945) publisistikası səciyyəvi detallarla nəzərdən keçirilmişdir. Ədəbiyyatşünas-alimin zəngin məktub yaradıcılığı, elmi-pedaqoji fəaliyyəti də tədqiqatdan kənarda qalmamış, geniş araşdırma obyektinə çevrilmişdir.

            Abbas Zamanovun milli kitab mədəniyyəti və mətnşünaslıq tariximizdəki əvəzsiz xidmətləri də lazımi şəkildə işıqlandırılmışdır. Abbas Zamanovun nəşr olunmuş əsərləri ilə yanaşı, 20-ci illərin sonları – 30-cu illərin əvvəllərində Azərbaycan dövri mətbuatında «Qaçqın», «S.oğlu», «A.Zaman» imzaları ilə qələmə aldığı yaradıcılıq məhsullarına, həmçinin S.Mümtaz adına Azərbaycan  Dövlət Ədəbiyyat və İncəsənət arxivindəki şəxsi fondunda, eləcə də bir sıra fondlarda saxlanılan əlyazma və arxiv materiallarına, yaxın qohumlarının fikir və xatirələrinə də istinad edilmişdir.

            Abbas Zamanovun ədəbi fəaliyyəti, onun bir ədəbiyyatşünas-alim kimi formalaşmasını şərtləndirən sosial-tarixi şərait, ədəbi mühit, nəzəri-estetik düşüncələr

və digər məsələlərin tədqiqi əsas məqsəd və vəzifələr sırasına daxildir. Bunun üçün aşağıdakı problemlərin araşdırılmasına xüsusi diqqət yetirilmişdir:

1.       Zəngin arxiv materiallarına əsaslanaraq, görkəmli ədəbiyyatşünas-alimin elmi tərcümeyi-halını vermək, bu zaman Abbas Zamanovun milli istiqlalımızın ilk mücahidlərindən biri kimi roluna və fəaliyyətinə diqqət yetirmək.

2.       Abbas Zamanovun ictimai-siyasi fəaliyyətini, onun ədəbi-bədii yaradıcılıq xüsusiyyəıtlərini aydınlaşdırmaq, ilk qələm təcrübələrinin elmi-biblioqrafik təhlilini vermək.

3.       Abbas  Zamanovun bədii və publisistik yaradıcılığına, əsasən, müharibə dövrü publisistikasına xüsusi diqqət yetirmək.

4.       Arxiv materiallarına əsaslanaraq Abbas Zamanovun bədii, ədəbi-elmi fəaliyyətinin əsas istiqamətlərini təhlilə cəlb etmək.

5.       Abbas Zamanovun milli folklorumuzdan tutmuş, müasir ədəbi prosesin tədqiqindəki əvəzsiz xidmətlərini, xüsusən XIX əsrin sonu – XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatının tədqiqindəki rolunu sistemli şəkildə  təhlil etmək.

6.       Sabirşünas  kimi tanınan Abbas Zamanovun bu sahədəki fəaliyyətini ayrıca tədqiqata cəlb etmək.

7.       Azərbaycan ədəbiyyatşünaslığının ayrılmaz qolu olan mətnşünaslığın və milli kitab mədəniyyətimizin inmkişafında Abbas Zamanovun yerini və rolunu müəyyən etmək, bu işdə alimin nə dərəcədə iştirakı barədə elmi qənaətə gəlmək.

Professor Abbas Zamanov haqqında istər sağlığında, istərsə də vəfatından sonra bir sıra məqalələr, xatirələr yazılmış, onun ədəbi irsinə yüksək qiymət verilmişdir. 1998-ci ildə isə gənc tədqiqatçı G.Rzayeva «Abbas Zamanov və Azərbaycan ədəbiyyatının xarici ölkələrdə tədqiqi və təbliği problemi» (17) mövzusunda filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. G.Rzayeva arxiv materialları əsasında professor Abbas Zamanovun Qərb və Şərq ölkələri ilə ədəbi-ictimai fəaliyyətini araşdıraraq ədəbi əlaqələrimiz barədə məlumat vermiş, qərb ölkələrində yaşayan mühacir azərbaycanlıların səmərəli fikir mübadilələrini işıqlandırmağa çalışmışdır. Monoqrafiyada əsas diqqət Abbas Zamanovun xarici ölkələrlə elmi məqsəd daşıyan səfərlərinə, görüşlərinə, məktublaşmalarına, kitab mübadilələrinə yetirilmişdir. Monoqrafiya Abbas Zamanovun timsalında Azərbaycan ədəbiyyatının xarici ölkələrdə tədqiqi və təbliği probleminə aydınlıq gətirir.

            Lakin həmin monoqrafiyada G.Rzayevanın tədqiqat istiqaməti başqa olduğundan, Abbas Zamanovun çoxşaxəli fəaliyyətinin digər sahələrinə də ümumi nəzər salınmış, ədəbiyyatşünas – alimin ilk qələm təcrübələri, publisistikası haqqında yalnız ümumi fikir söylənilmiş, konkret fakt və nümunələr öz əksini tapmamışdır.

       Tədqiqat göstərir ki, Abbas Zamanov haqqında ayrı – ayrı elmi məqalələr(1-13) və bir namizədlik işi yazılsa da, bütövlükdə onun həyatı və çoxşəxəli yaradıcılıq yolu lazımınca tədqiq edilib öyrənilməmişdir. Halbuki buna ciddi ehtiyac vardır. Çünki Abbas Zamanov irsini öyrənmək təkcə görkəmli alimin özünün həyat və yaradıcılığı barədə bitkin qənaət əldə etmək deyil, həm də Azərbaycan ədəbiyyatşünaslığının, təxminən, əlli illik dövrü ilə bağlı bir çox mətləblərə, problemlərə, tariximizin bəzi mübahisəli məsələlərinə işıq salmaq deməkdir.

            Monoqrafiyada ilk dəfə olaraq:

            – Abbas Zamanovun elmi tərcümeyi-halı verilmiş, zəngin arxiv materiallarına, faktlara əsasən ədəbiyyatşünas-alimin yaradıcılığının başlanğıc dövrü 37-ci  ilə deyil, 20-ci illərin sonlarına aid edilmiş, alimin bədii yaradıcılığı təhlilə cəlb edilmişdir.

            – Abbas Zamanovun publisistikası tam halda və elmi şəkildə şərh olunmuşdur.

-Abbas Zamanovun ədəbiyyatşünaslıq fəaliyyətinin əsas istiqamətləri Azərbaycan ədəbiyyatşünaslığının inkişaf ənənələri ilə əlaqəli şəkildə araşdırılmışdır.

– Abbas Zamanovun milli kitab mədəniyyəti tariximizdəki xüsusi rolu və səmərəli mətnşünaslıq fəaliyyəti ədəbi-biblioqrafik prinsiplər baxımından tədqiqata cəlb olunmuş və elmi cəhətdən dəyərləndirilmişdir. Görkəmli ədəbiyyatşünas-alimin əsərlərinin və onun haqqında ədəbiyyatın biblioqrafiyası sistemli şəkildə hazırlanmışdır. Bütövlükdə bu dissertasiya ədəbiyyatşünaslıq, eləcə də ədəbi tənqid və ədəbi biblioqrafiyanın ədəbi-tarixi və nəzəri-estetik yöndə araşdırılması sahəsində əsaslı yenilikləri ilə səciyyələnir.

            Monoqrafiyada müasir Azərbaycan ədəbiyyatşünaslığının nailiyyətlərinə, elmi müddəalarına, həmçinin, yeri gəldikcə, mətnşünaslığın tədqiqi sahəsində xarici ölkə mətnşünaslarının  təcrübəsinə istinad olunmuş, milli-ədəbi təcrübənin spesifikası nəzərə alınmış, nəzəri-estetik və ədəbi-tarixi yönlü araşdırmaların elmi-məntiqi, filoloji və biblioqrafik vəhdəti təmin olunmuşdur.

Filologiya elmlər namizədi,dosent Fərqanə Kazımova,
professor Abbas Zamanovun həyat və yaradıcılığı kitabından səh.8

Fərqanə Kazımova

Abbas Zamanov haqqında video material

“Professor Abbas Zamanov” həyat və yaradıcılığı kitabı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir