Professor Fuad Həsən oglu Vəliyev barədə
Vəliyev Fuad Həsən oğlu Texnika elmləri doktoru, professor, Beynəlxalq Eko-Energetika Akademiyasının həqiqi üzvü.
1946-cı ildə Bakı şəhərində anadan olmuşdur.
1968-ci ildə Azərbaycan Neft və Kimya institutunu fərqlənmə diplomu ilə bitirmişdir.
1985-ci ildən Azərbaycan Dövlət Neft Akademiyasının Nəzəri mexanika kafedrasının professorudur.
1993-94, 1996-97-ci illərdə Türkiyyə univeritetlərində dərs demiş, 1992, 2002-ci illərdə ABŞ-ın elmi mərkəzlərində və universitetlərində elm və tədris proqramları üzrə dəvətli professor olaraq çalışmışdır.
Hazırda Bakı Ali Neft Məktəbinin professorudur.
Mexanika, reofizika, termodinamika, hidrodinamika üzrə 150-dən artıq elmi əsərin, o cümlədən, monoqrafiya, elmi məqalə və kəşflərin müəllifidir, çox sayda Beynəlxalq elmi konfranslarda elmi məruzələrlə çıxış etmişdir. e-mail: fuadveliev@hotmail.com
Professor Fuad Vəliyevin elmi fəaliyyəti barədə oxucularımızı məlumatlandırmağa çalışacağıq.
Onun bədii yaradıcılıqla da ciddi uğurları vardır. Onlardan birini oxucularımıza təqdim edirik.
Bir qəmli nəğmə…
Anam Ruqiyyə xanımın xatirəsinə…
Zaman ötür, göz açmağa aman yox
Çıxıb getdi, bir də gördüm anam yox
Yetim qaldım, bir könlümü alan yox
Fikirlər başimda səfil, nizamsız
Yaşayıram bu dünyada anamsız…
Yetişdi bizlərə ayrılıq ili…
Əsirkən ruhumda bir xəzan yeli
Qırıldı qəlbimin bir həyat teli
Çıxdı son səfərə, soyuq bir payız
Yaşayıram bu dünyada anamsız…
Anam vardı, bilməz oldum qədrini
Qafilikən, görməz oldum qəlbini
Gülüstandı, duymaz oldum ətrini
Əcəl gəldi, yaman gəldi amansız
Yaşayıram bu dünyada anamsız…
Gəldi bu dünyaya baxıb da getdi
Səadət duman tək qalxıb da getdi
Ömür-gün sular tək axıb da getdi
Qocaldı əfsus ki vaxtsız-məqamsız
Yaşayıram bu dünyada anamsız…
Gələn gedib, bu dünyada qalmayıb
Fani dünya kimi yola salmayib!?
Hikmətini bir anlayan olmayıb
Dolanır fələyin çərxi aramsız
Yaşayıram bu dünyada anamsız…
Sanardım mən ondan ayrı günüm yox
Bu dünyada ayrılıg yox, ölüm yox
Solub getdi, o ətirli gülüm yox
Ürəkyanan bir kimsəsiz, adamsız
Yaşayıram bu dünyada anamsız…
Şirin gəlir indi acı sözləri
Gözlərimin önündədir gözləri
Yun sarıqlı o ağrıyan dizləri
Bir dost idi sədaqətli, yalansız
Yaşayıram bu dünyada anamsız…
Nəsillər dəyişir, sual köhnədir
Bu dünya, bu həyat, bu ölüm nədir!?
Xatirələr ürəyimi göynədir
Bu gündən sabaha sanki gümansız
Yaşayıram bu dünyada anamsız…
Gələnin bir zaman gedişi varmış
Bəxtinin nə ağır gərdişi varmış
Fələyin səninlə nə işi varmış!?
Köçdü anam, köçdü dərdə davamsız
Yaşayıram bu dünyada anamsız…
Şe’rlər yazardı kədərli, qəmli
Taleyin hökmündən qəlbi ələmli
Anıb keçmişləri, gözləri nəmli
Əlvida söylədi sözsüz-kəlamsız
Yaşayıram bu dünyada anamsız…
Nə olur ötənə mən bir dönəydim
O gözəl çöhrəni bir də görəydim
Qucaqlayıb gözlərindən öpəydim
Qəlb evi narahat, könül məramsız
Yaşayıram bu dünyada anamsız…
Taleh ilahidən bir hökmü-zərmiş
Həyatın mənası çox müxtəsərmiş
Anamlı günlərim nə bəxtəvərmiş
İndi anladım mən, heyhat ki, yalqız
Yaşayıram bu dünyada anamsız…
Gözləyir payız-qış qarşıda məni
Bir gün gələcəyəm qarşıla məni…
Günahım var isə bağışla məni
Kövrək bir cocuğam indi baxımsız…
Yaşayıram bu dünyada anamsız…
İlahi! Anama sən rəhmət eylə
Axır məkanını sən cənnət eylə
Bizə də bir xoş gün sən qismət eylə
Səndən başqa bir kimsəyə inamsız
Yaşayıram bu dünyada anamsız…
Şeir “Azərbaycan “ jurnalında dərc edilmişdir (2012, №3)