Qəddi əyilməyən analar və atalar…

Analar…

Bəşəriyyətə layla çalan analar…

Haradandır sizdə bi qədər qüdrət? Haradandır sizdə bu qədər dözüm, mətanət? Qarşınızda əyilən başlar, çatılan qaşlar sizi and yeri bilir. Oğlunun tabutunu çiynində aparan ana, onun ağırlığını hiss etdinmi? Onu doqquz ay bətnində gəzdirmək çətin idi, yoxsa son mənzilə öz çiynində aparmaq?

Şəhid balasının məzarı yanında uzanıb onun yatdığı torpaqdan ətrini duyan analar… Cənazəsi yerdən götürüləndə “oğlumun toyudur”- deyib qol götürüb oynayan analar…

Hələ analara gizlicə təsəlli verən atalar…

Dərdini içinə töküb, göz yaşını qəlbinə axıdan atalar…

 Oğlunun məzarında bir gecə yatıb ki, şəhid övladını dəfn edəndə məzarı soyuq olmasın. Oğlunun məzarını öz bədəni ilə isidən atalar…

Oğlunun şəhid olması xəbərini eşidəndə ürəyi partlayan atalar…

Oğullar…

Ölümün bir addımlığında olan oğul anasına deyir ki, maaşımı alan kimi sənə pul göndərəcəyəm saçına rəng qoyarsan. Özünə fikir ver, canını qoru…

Oğul haradan bilsin ki, o şəhid olandan sonra fələk o ananın saçına əbədi bir rəng qoyacaq… Heç vaxt solmayan bir rəng…

Can üstündə olarkən son nəfəsi ilə zorla anası ilə vidalaşan oğullar…

Necə dözsün bu dərdlərə analar?

Amma dözdü analar! Əyilmədi, sınmadı analar və atalar…

Oğullar şəhid olması ilə təkcə özləri ucalmadı, onlar öz valideynlərinin də şərəfini ucaltdılar. Onlar valideynlərin onlara verdiyi adları doğrultdular…

Polad, Rəşad, Mübariz, Beyrək, Tərlan, Aslan, Şahin, İntiqam, Babək, Bəxtiyar, Etibar, daha kimlər, kimlər…

Allah sizə rəhmət eləsin, vücudunuzla torpağı bəzəyən, zinətləndirən şəhidlər!

Allah sizə səbir versin, əziz analar-atalar! Sizin övladlarınız bizim and yerimizdir!

Bu zəfərin əldə olunmasında nə qədər cavan canlar qurban getdi…

Bu fədakar və igid oğulların şücaəti dillərdə dastan oldu, mahnılarda, şeirlərdə əbədiləşdi.

 

                                                  Gülarə Munis. AYB və AJB üzvü

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir