Qədr gecəsindən Koronavirusa

                                                                                                      

 

Akif Azalp

                                                                                            

 

 

 

Saç sevgi “virus”unu!..
(Qədr gecəsində iltica)

Artıq yaş “maska”lar da alışmaqda ahımdan,
Bu gecənin xətrinə, o hilalın eşqinə,
Tanrım, ilticam üçün özün keç günahımdan,
Üz tuturam yenə də sonsuz mərhəmətinə!
Başqa yolu qalmadı, yeganə çarədir bu,
Səndən yaxşı heç kimsə bilmir nə olduğunu.
Qurğudursa, dağıdıb Şeytanın qurğusunu,
Doğrudursa, urvatsız ölümün qorxusunu,
Saç sevgi “virus”unu, saç sevgi “virus”unu!

 

Boş yerə deməyiblər, zəhəri zəhər kəsər,
Planetin hər küncü nicat sorağındadı,
Ən möhtəşəm əsərin ölüm ayağındadı.
Çox da ki, öz əhdinə o yüksələ bilməyib,
İndiyə qədər şərə qalib gələ bilməyib,
Amma yenə gec deyil, çox görmədən bu səfər
Bütün ədavətlərin, kinlərin ağusunu,
Qan dəllallığı edən cinlərin ağusunu,
Atəşi ilə yaxıb yaşını, qurusunu,
Saç sevgi “virus”unu, saç sevgi “virus”unu!

 

Qoy sarsın varlığını qan-qan deyən divlərin,
Mötəbər kürsülərin, “qırmızı”, “ağ” evlərin,
Hər qan dağarcağının, hər fitnə ocağının,
Hər zalım bayrağının, hər məzlum torpağının!
Xeyirlə əlbir olan başqa yerlər bir yana,
Qaytarıb geri Qüdsün, Vatikanın, Məkkənin
Nə vaxtdan bəri ərşə çəkilmiş yuxusunu,
Milyonların gözündə qoymadan arzusunu,
Saç sevgi “virus”unu, saç sevgi “virus”unu!

 

Ən qəddar ürəkləri yoluxdursun özünə,
Ən çirkin diləkləri yoluxdursun közünə!
Ayrılıq dəmlərində can diləyən canları
Öldürsə, o öldürsün, diriltsə, o diriltsin!
Xəyanət tinlərində yolunu azanları
İtirsə, o itirsin, gətirsə, o gətirsin!
Coşdurub könüllərin ilahi duyğusunu,
Oxşayıb gözəlliklə sülhün tək yavrusunu,
Saç sevgi “virus”unu, saç sevgi “virus”unu!

 

 

Qan tutmuş şairinin ucuz tutma qanını,
Qurbanlar əvəzinə al onun bir canını!
Adını pıçıldayan pöhrələrin eşqinə,
“Əsmayi-hüsna”deyən qönçələrin eşqinə,
Alınlarda yurd salmış səcdələrin eşqinə
Dar gündə milyardların doğruldub umusunu,
Ən gizlin sirlərinin aç “qara qutu”sunu,
Saç sevgi “virus”unu, saç sevgi virusunu!..

2020

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir