Qəhrəman olmurlar, qəhrəman doğulurlar

Qəhrəman olmurlar, qəhrəman doğulurlar

 

Qısa məlumat.

Sahil Məmmədov Ələmdar oğlu. 1964-cü il 25 fevral tarixində dünyaya gəlib. İrəvanın Uluxanlı (İndiki Masis) Yuxarı Necili kəndində doğulub.

Həmin vaxt qoroskopa görə əjdaha ili, balıq bürcü idi.

6 yaşında əmisi ilə Bakı şəhərinə gəlib nənəsinin yanında qalıb. Bakıxanov qəsəbəsində yaşayır və 1971-1981-ci illərdə 96 saylı tam orta məktəbdə təhsil alıb.

Uşaq yaşlarından hərbçi olmaq arzusunda olub.

1982-ci ildə ordu sıralarına çağırılır. 1982-83-cü illərdə Moskva vilayətinin Krasnoqorsk şəhərində əsgəri xidmətdə olub. Öz ərizəsi ilə Sankt-Peterburq şəhərinə gedib, 1983-cü ildə SSRİ  DİN-nin Ali Siyasi Məktəbinə daxil olub orada təhsil alıb.

1987-ci ildə təyinatla Ukrayna Respublikasının Çerniqov, sonra isə Kiyev şəhərinə göndərilir. Orada Daxili Qoşun Hərbi Birləşmələrinin tərkibində rota komandirinin siyasi işlər üzrə müavini vəzifəsində xidmətə başlayır.

1987-ci ildə ermənilər azərbaycanlıları Qərbi Azərbaycandan deportasiya etdikləri vaxt o, məzuniyyətlə Bakıya dönür, ailəsini Bakı şəhərində yerləşdirib yenidən Ukraynaya qayıdır. Qarabağ müharibəsində iştirak etmək üçün bir neçə dəfə tərxis edilməsi haqqında müraciət etsə də, cavab almır.

Nəhayət 1991-ci ilin oktyabr ayında Sovet Ordusundan tərxis olunur.

Kiyevdə Ukraynanın Çerniqov şəhərində xidmət edən Sahil Məmmədov vətənə qayıdır .

Qəhrəmanın həyat yolu

Sahil Məmmədovun 6 yaşı olanda onu və bacı-qardaşını Bakıya gətirib nənəsinin yanına qoyurlar. Ailəsi təsərrüfat işləri ilə məşğul olduğundan uşaqların qayğısı nənənin üzərinə düşür. Onun atası kolxozda  sürücü idi. Sübh tezdən işə gedir, bir də gecə yarı qayıdırdı. Ailəni dolandırmaq üçün, gələcəyini təmin etmək üçün ata və ana bərabər çalışırdı.

Qayğısız uşaqlıq illəri arxada qalmışdı. Məktəb həyatı, Sahili öz qoynuna aldı.

Zaman keçdikcə bu dəcəllik zirəkliyə və ədalətsizliklə mübarizəyə çevrilirdi. O, haqsızlıqla heç barışa bilmirdi. Dostlarına, yoldaşlarına kim haqsızlıq, ədalətsizlik etsəydi buna ilk reaksiya verən Sahil olurdu. Bəzən yuxarı sinif şagirdləri ilə də mübahisəyə daha doğrusu münaqişəyə qoşulurdu. Belə vaxtlarda o uşaq saflığı ilə deyərdi:- Mən gələcəyin hərbçisiyəm, haqsızlığa göz yuma bilmərəm.

Onun hərbçi olmaq arzusundan hamının xəbəri var idi. Sahilin  bu xüsusiyyəti müəllimlərin də nəzərindən yayınmırdı. Bəzən məktəbdə bir anlaşılmamazlıq olanda müəllimlər zarafatla deyərdi: – Sahili göndərin işləri yoluna qoysun.

Hərbçi həyatı.

1992-ci il yanvar ayının 2-dən Azərbaycan Respublikası DİN-nin Daxili Qoşunlar İdarəsinin hərbi polis alayında rota komandirinin müavini kimi fəaliyyətə başlayır.  O,  Daxili Qoşunların Biləcəridə yerləşən hərbi hissəsində  baş leytenant rütbəsində xidmət göstərir.

Sahil Məmmədov Qarabağ uğrunda döyüşlərə könüllü gedib. Hətta cəbhə bölgəsinə getmək istədiyini rəhbərliyə bildirəndə ona deyiblər ki, burada zabit azdır, ordunun möhkəmlənməsi üçün burada da ixtisaslı və bacarıqlı zabitlərin olması vacibdir. Amma, Sahil müəllimi qərarından döndərə bilməyiblər.

Sahil Məmmədov könüllü ön cəbhəyə gedir.

…Zəngilanın Ağkənd, Dərəli və Qazançı kəndləri üç tərəfə ayrılan yol ayrıcında idi. Bu yol bağlanandan sonra erməni qaniçənlərin işi xeyli çətinləşdi.

42 nəfər əsgəri olan Sahil Məmmədov gecə altı nəfər əsgərlə  düşmən tərəfə kəşfiyyata gedir. Düşmənin ən əhəmiyyətli postlarının yerini dəqiq təyin edən komandir qətiyyətlə bildirir ki, həmin yol bağlanmalıdır. Adsız yüksəkliyə gedən yol bağlanarsa, erməni qəddarlarının işi xeyli çətinləşər və biz məqsədimizə çata bilərik. Sahil Məmmədov əsgərlərə tapşırıq verərkən bildirdi ki, bir kəlmə də danışmaq olmaz, yalnız əl hərəkətləri ilə, işarələrlə anlaşmaq lazımdır. Sonra əlavə etdi ki, düşmən çox ayıq və hiyləgərdir, bizim bir kəlməmizi belə eşitsə, bu bizə həyatımız bahasına başa gələr və əməliyyatı məhv etmiş olarıq.

Gənc komandirin dəstəsi nəfəs alanda belə ehtiyatı əldən vermirdi.

Kəşfiyyatı uğurla yerinə yetirən komandir, hücum əmri verir, 42 nəfər döyüşçü düşmən üzərinə  şığıyır. Düşmənin ən əhəmiyyətli postları darmadağın olunur.  Bu zaman  düşmənlər əsgərlərimizə üç tərəfdən atəş açırdılar. Düşmən Günqışlaq deyən yerdən, Gorus yolundan və Qafan tərəfdən ən müasir silahlardan atəş açırdı. Bu son dərəcə ağır bir əməliyyat idi və komandirdən bacarıq tələb edirdi. Sahil bu çətin əməliyyatın öhdəsindən şərəflə gəldi.  Belə ağır bir əməliyyatda komandirin məharəti sayəsində bir əsgər belə, nə yara aldı, nə də  şəhid oldu. Bu təcrübəli komandirin qələbəsi idi… 

1992-ci il 1 iyun tarixində güclü döyüş gedirdi. Qəfildən atılan top mərmisi Sahil Məmmədovun yaxınlığında olan işıq dirəyinə dəyir və gənc zabitin bədəninə tuşlanır. Mərminin iri parçaları Azərbaycanın sərriştəli və son dərəcə bacarıqlı zabitini ağır yaralayır. Mərmi Sahil Məmmədovun sağ qolunun əzələsini  və sağ ayağını  tamamilə dağıdır.

Yerə yıxılan zabit ağrılarını bacardıqca əsgərlərindən gizlətməyə çalışsa da, mümkün olmur. O, sol əlini zorla qaldırıb sağ qolunu yoxladı, qol yerində idi, amma, hərbi geyimin qolu cırılmış, geyim qana bulanmışdı. Mərmi qolunun bir parça əzələsini elə aparmışdı ki, sümüyü görünürdü. Qanı kəsmək üçün var gücü ilə qolunu sıxdı, ağrıdan inlədi. Özünü toplayıb,  ayağa qalxmağa səy edən Sahil ayağının qəribə tərzdə fırlandığını gördü. Mərmidən paralanmış və xıncım-xıncım olmuş ayaq Sahilə dayaq ola bilmədi, Sahil yenidən yıxılıb  və huşunu itirdi.

Köməyə gələn əsgərlər komandiri təhlükəsiz yerə aparırlar. Ağır yaralı olan Sahil bir sutka bu vəziyyətdə qalır. Sonra onu Zəngilan xəstəxanasına aparmaq mümkün olur. Paramparça olmuş  yaraya dolan yad cisimləri, ot-ələf, saman, toz-torpağı təmizləmək mümkün olmur. Gənc zabitin ayağında qanqrena başladığını görəndə onu əvvəl Beyləqana, oradan isə vertalyotla Bakıya, Mərkəzi Hospitala çatdırırlar.

Çox təəssüf ki, Sahil Məmmədovun ayağını xilas etmək mümkün olmur. Dəfələrlə aparılan əməliyyatlar belə onun ayağını xilas edə bilmir. Həkimlər onun sağ ayağını omba sümüyündən kəsib ayırmaq qərarına gəlirlər.

Həyatını Vətənin, torpağın  bütövlüyü uğrunda mübarizəyə həsr etmiş bu gənc zabiti heç nə sarsıda bilmədi.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Məmmədov Sahil Ələmdar oğlu “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülür.

Ulu Öndər Heydər Əliyev şəxsən Sahil Məmmədova Milli Qəhrəman vəsiqəsini təqdim edib və sinəsinə medal taxıb.

 

Gülarə Munis 

Şairə-Publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir