Ramiz Dənizin “Aqibət” romanı haqqında
Qələmin çəkdiyi yol…
(“Aqibət” romanına ön söz )
Sözə onunla başlamaq istəyirəm ki, Ramiz Dəniz adında yazmaqdan yorulmayan, qələmi kökdən düşməyə qoymayan fədakar bir yazıçı dostumuz var. Ramiz hər yerdə, həmişə özünün saflıq, dürüstlük deyə indi az-az rastlanan bir xüsusiyyəti, yəni, qeyri-adi təbiəti və çoxlarına bənzəməyən istedadı ilə fərqlənir. Orta təhsilli olmasına baxmayaraq çox mütaliəli bir qələm adamıdır. Bir neçə maraqlı, səhifələrində oxucunu elmin müxtəlif məsələləri və bu məsələlərin təhlilinə həsr olunmuş fərdi düşüncələri ilə təəccübləndirən kitablarını oxumuşam. “Konkistadorların Mərkəzi Çili sahillərində faciəli ölümü”, “Müqəddəs missiya”, “Cənnətə gedənlər cəhənnəmə düşürülər”, “Xristofor Kolumb, Nəsrəddin Tusi və Amerika qitəsinin həqiqi kəşfi”, “Əsrləri qabaqlamış alim – Nəsrəddin Tusi”, “Fitva”, “Bəşəriyyəti yaşadanlar”, “Qəlblərdə yaşayan Mir Cəlal” romanları Ramiz Dənizin geniş ədəbi-bədii təfəkkürünün məhsuludur. Ədəbi imzasından da göründüyü kimi Ramiz Dənizin qəlbi daim dəniz kimi təlatümlüdür.
Dəniz təlatümə gəlib coşanda dalğalar sahilə can atdığı kimi yazıçı da hər zaman onu silkələyən iç duyğularını fikir, düşüncə ümmanın sahillərinə çıxarmaq eşqi ilə yaşayır. Və bu yaşam R. Dənizin gündəlik həyat tərzinə çevrilib. Qeyd etdiyim kimi o, mükəmməl ali təhsil almasa da böyük inadkarlıqla öz üzərində işləyərək zəngin mütaliə və yaradıcılıq yolu keçib.
Qələmə aldığı romanlar yazıçının bu istiqamətdə böyük təcrübəsindən, ardıcıl mütaliənin verdiyi qənaətbəxş yetkinliyin, bitkin təəssüratların bəhrəsi olan həyat bilgisindən xəbər verir. Bu gün tam əminliklə demək olar ki, R. Dənizin əsərləri müxtəlif mövzulara həsr olunsa da yazıçının bütün yaradıcılığı boyu düşüncələrini bir məcraya gətirən əsas ideya zaman içərisində tarixi həqiqətlərin yazıçı qələmi ilə xüsusi bir məharətlə müdafiə olunması və qaranlıqlar içərisində boğulmuş gerçəklikləri üzə çıxararaq yenidən oxucuya təqdim etmək missiyası Ramiz Dənizin bir qələm sahibi kimi əsas güc mənbəyidir.
Öncə deməliyəm ki, “Konkistadorların Mərkəzi Çili sahillərində faciəli ölümü” romanı R. Dənizə Azərbaycan ədəbi mühitində xeyli nüfuz qazandırdı. Daha doğrusu müəllif bu kitabı ilə yaradıcılıq aləmində öz imzasını təsdiqlədi. Romanda təcavüzkarlığa, işğala, ədalətsizlik və haqsızlığa qarşı sədaqətlə vuruşan bir yazıçı obrazının canlanması əsərin hər səhifəsində öz oxucusuna işıqlı bir təbəssüm bəxş edir. Yazıçı yerli əhalinin işğalıçı qüvvələr tərəfindən əsil soyqrıma məruz qoyulmasını tarixi-bədii detallarla göz önünə gətirərək hər kəsdə təcavüzkar qüvvələrə nifrət hissi aşılaya bilir.
Ramiz Dənizin bir gözəl xüsusiyyəti də ondan ibarətdir ki, kitab halına gətirəcəyi mövzunu dərinliyinə qədər öyrənir. Tutaq ki, o yerdə söhbət Amerikanın həqiqi kəşfi kimi tarixi-coğrafi bir mövzudan gedirsə yazıçı dənizləri, okeanları, məhz o dövrə aid yer-yurd adlarını, coğrafi məkanları, dünyanın fiziki-coğrafi xəritəsini ən azı bir coğrafiya müəllimi qədər mənimsəməsə yazmağa başlamaz. Açığı onun elə əsərləri var ki, oxuyanda elə sanırsan ki, bu kitabda məşhur fantastik yazıçıların, məsələn, dünya ədəbiyyatının görkəmli nümayəndələri Jül Vern, Aleksandr Düma, Rafael Sabatini, Robert Lüis Stivenson, Yakov Svet, Daniel Defonun… ruhları var.
Ramiz Dəniz bir yazıçı kimi milli kökə, doğma dəyərlərə, tariximizə, incəsənət və mədəniyyətimizə bağlı bir söz adamıdır. Şərqin böyük dühası Nəsirəddin Tusi ilə bağlı çox dəyərli tədqiqatları var; desək ki, Nəsirəddin Tusi barədə yazdıqları və hələlik yazmadıqları “Ramiz Dənizin şah əsəri Nəsirəddin Tusidir” deməyə bizə imkan verir. Və son nəticədə bu tədqiqatları bədii-elmi fikrimizi zənginləşdirən əsərə çevirə bilməsi onun zəhmət və istedadı ilə çulğalaşan milli təəssübkeşlik hissinin göstəricisi kimi qiymətləndirilə bilər.
Yaradıcılıq üçün adətən istedadla zəhməti əsas şərt hesab edirlər. Və zəhmətlə istedadı uğurla öz fəaliyyətində birləşdirən R.Dənizin əlavə bir üstünlüyü də ondadır ki, o möhkəm bir yaddaşa malikdir. Özünün dediyi kimi hələ orta məktəbdə oxuyarkən 1500-dən çox tarixi hadisəni bütün təfsilatı ilə əzbərdən söyləyə bilirmiş. Ən əsas məsələ orasındadır ki, yazıçını yaradıcılıq aləminə qorxusuz, hürküsüz bir qüvvə ilə çəkən şöhrətlənmək, tanınmaq, qiymətləndirilmək və s. arzular, istəklər deyil, sadəcə onun təbiətidir, içindəki axtarışlar yanğısıdır.
Yeri gəlmişkən qeyd edək ki, R.Dənizi bunlarla bərabər bir də insanın, eləcə də insan qarışıq bütün təbiətin, ümumiyyətlə varlığın taleyini düşünmək, bu xətt üzrə düşüncə, amal onu hər zaman yazmağa ruhlandırır. Lakin çılpaq tarixçələr, xronologiya, nə də əsərlərindəki tarixi həqiqətlərin keşiyində dayanmaqla bərabər, həm də daim insan mənliyini, mənəviyyatı qorumaq, onu hər şeydən, bütün mövzulardan üstdə tutmaq Ramiz Dənizin xidmət etdiyi əsas dəyərlərdən biridir.
Bu günlərdə tamamladığı “Aqibət” romanı da Azərbaycan mənəvi mühitinin güzgüsü kimi oxunur. Romanda çağdaş dövrün ziyalısının, deyək ki, jurnalistinin, aliminin, şairinin, müğənnisinin, həkiminin və s-nin obrazı canlandırılır. “Aqibət” romanında yazıçı müasir çağımızın, lap son illərin bütöv bir obrazlar silsiləsini yaradır. Mənəviyyatı aşağı olan və özlərini sənət adamı kimi gözə soxan ayrı-ayrı şəxslər ifşa olunur, yazıçının tənqid obyektinə çevrilir. Böyük mənəviyyat və formalaşmış yetkin zövq tərbiyə etməli olan bir sıra sənətkarların sənətə təhlükə törədən mənbəyə çevrilməsi bir çox hallarda yazıçını özündən çıxarır, onu bəlkə də normadan artıq qəzəbləndirir.
“Ulduz” xəstəliyinə tutulmuş, özünü müğənni, hətta az qala fövqəlbəşər hesab edənləri əslində səsin, sözün, sənətin nə demək olduğunu bilməyənləri müəllif “Aqibət” romanında necə var tənbeh və tənqid edir. Onların iç üzünü, əsas mahiyyətini bizə göstərməklə “Aqibət”in hədəfini daha da işıqlandırır. “Aqibət” romanında obrazlar müxtəlif olsa da əsas məqsəd mənəviyyat məsələləri üzərində dayanmaqdadır. Bax, buna görə də romanın gələcək oxucularının əsərin sonunu, bu müxtəlif tip və obrazların “aqibətini” bilməyə, öyrənməyə can atacaqları şübhəsizdir. Yazıçı əsərdə hər kəsi öz cildində, öz mənəvi düşüncəsində, təqdim edir və bu təsvir az qala öz təbiiliyinə görə naturalist səciyyəsi alacaqdır. Bu “natural” yanaşma üzündəndir ki, az qala ideal hesab etdiyimiz sənət adamlarının da adlarını bir-bir xatırladır.
Peşəkar jurnalistlərin, televiziya müxbirlərinin, incəsənət xadimlərinin, Azərbaycan musiqi mədəniyyətində xüsusi rolu olan sənətçilərin adlarını çəkməklə demək istəyir ki, kim nə qədər var-dövlət dalınca qaçır qaçsın son nəticədə maddiyyat bir yanadır, mənəviyyat bir yana. Dəyərli, mənəvi sərvətlər qazanmış hər kəs hər hansı mülk sahibindən qat-qat dəyərlidir. Televiziya kanallarında evlərini, villalarını, maşınlarını, geyimlərini reklam edən dırnaqarası sənətçilərin qeyri-etik, düşük hərəkətləri, “görməmiş” davranışları, sağlam mənəviyyatdan çox-çox uzaq həyat tərzləri yazıçının “Aqibət” romanındakı ən böyük qınaq yeridir.
Romanda mənfi obrazlarla yanaşı əlbəttə, müsbət obrazlar da var. Adlarını çəkməsəm də oxucu yazıçının təqdim etdiyi bu obrazların cəmiyyətin hansı qütbündə dayanmasının fərqindədir. Çünki müəllif obrazın mənfi-müsbət çalarlarını üzə çıxarmaqda ciddi həyat müşahidələrinə əsaslanmaqla bu gün bu məsələlərin mədəniyyətimiz üçün necə ağrılı problemlərə çevrildiyinin yaxşı bilir; elə oxucu da bir çox çatışmazlıqların və əttökən çirkinliklərin şahididir.
Ucuz şöhrət dalınca qaçan “sənət ulduzları”na sponsorluq edən işbazlar, bir çox hallarda məmurlar kimə xeyriyyəçilik etdiklərinin görəsən fərqindədirlərmi? Oxucunu bu sual ətrafında düşünməyə vadar etmək R.Dənizin “Aqibət”dəki başlıca ideyasıdır. Daha doğrusu, əsərin nüvəsində bu məsələ dayanır: müasir Azərbaycan cəmiyyətində kimlərə daha çox qayğı göstərilir. Müasir dillə desək, sponsorlar kimə işləyir? Xalqın taleyini, tarixini, mədəniyyətini düşünənlərə, torpaqları yağı düşməndən qoruyan əsgərlərə, şəhid ailələrinə, kimsəsiz və tənha qalmışlara, atasız-anasız böyüyən, xülasə sinəsi qəm yuvalı soydaşlarımıza, yoxsa yazıçının əsas mənfi qəhrəmanlarından biri Zemfira kimi “müğənni”lərə?! Müəllif bilərəkdən xalqa, onun musiqisinə, başlıcası, saf, qızıldan qiymətli xalq mənəviyyatına yad olan “qəhrəmanına” beləcə yad və hətta bir qədər bayağı ad verir. Bu xanımın və onun dəstəkçilərinin xalqa, bu doğma mühitimizə heç bir aidiyyəti yoxdur. Amma onlar aramızdadırlar, həm də sayca heç də az deyillər. Düşünürsən ki, yazıçı bu mövzuda yox, bəlkə başqa bir mövzuda nəsə yazsa daha məqsədə müvafiq olardı. Həm də bu məsələnin cəmiyyət üçün doğrudanmı elə böyük əhəmiyyəti var? Əlbəttə elə təkcə onu fikirləşsək ki, belə sənətin təsirilə böyüyən, hər dəfəsində bu eybəcərliklə, yamaq-yumaqlı örnəklərlə qarşılaşan gəncimiz “bizim musiqimiz elə budur!” kimi zərərli hökmlər verəcəkdir. Yeni nəsli isə bu bayağılıqla üzbəüz qoymaq heç vəchlə mümkün deyil.
Yazıçını hiddətə gətirən digər cəhət isə millətin ruhundakı kömək etmək, darda qalana əl uzatmaq kimi qiymətli vərdişlərin unudulması, əxlaqsızlığa rəvac verilməsi, bununla bu zərərli göstəricilərin bir çox milli ənənələrin, adətlərin ortadan qaldırılması təhlükəsi yaratması və s.dir ki, bunu da alqışlamamaq mümkün deyil.
Düşünürəm ki, yazıçının digər əsərləri kimi “Aqibət”i də maraqla oxunacaq. Doğrudur, yazıçının üslubunda, yazı tərzində zəif nöqtələr də var. Əlbəttə, bunlar romana o qədər də xələllik gətirmir və mütaliə zamanı ciddi narahatlığa səbəb olmur. Bu onunla bağlıdır ki, bəzən yazıçı hisslərini cilovlaya bilmir, beləliklə bədiiyyat arxa plana keçir, hətta dilin bir növ cazibəsi zəifləyir. Publisistika hadisələrin təsvirində önə çıxır. Hesab edirəm ki, bu da sözü birbaşa demək istəyinin nəticəsidir ki, bir çox hallarda müəllif bu vasitədən əlavə bir təsir qüvvəsi kimi istifadə edir.
Mənim nəyi deyib, nəyisə deməməyimdən asılı olmayaraq Ramiz Dənizin öz sağlam əqidəsi və qələmi var. Bu səbəbdən də o, respublikanın bir çox elm, sənət ocaqlarında hörmətlə qarşılanır. Daim onun əsərlərinə coğrafiya, tarix institutu, müəyyən ədəbi birliklər, tanınmış elm və incəsənət alimləri münasibət bildirməyi özlərinə borc hesab edirlər. Çünki Ramiz Dənizin qələmində sənət eşqi, həqiqət yanğısı görürlər. Böyük zəhmətin, gərgin tədqiqatın bəhrəsi olan kitabları Ramiz Dənizi həm yazıçı, həm də bir şəxsiyyət kimi hər yerdə təqdim edir…
… Yazdıqca insan beyni işığa, nura qərq olur. Nə qədər çox yazsan o qədər də müdrik olursan. Yeri gəlmişkən, Ramiz Dəniz yaşından gənc görünsə də daxilən qocaman və müdrik düşüncələrin daşıyıcısıdır. Bu yolun nəqşəsini ona qələmi çəkib.
Minəxanım Təkləli, Professor-türkoloq,
filologiya elmləri doktoru, Qafqaz Universitetinin müəllimi