Ravil Cəfərov Nadir oğlu (Ravil Nuhvadili) barədə

Müəllifdən

Ravil  Cəfərov Nadir oğlu 1968-ci ildə Zəngəzur mahalının, Mığrı(Meğri) rayonunun Nüvədi(Nuhvadi) kəndində doğulmuşdur.Orta məktəbi o kənddə 1985-ci ildə bitirmiş, elə həmin ildə Azərbaycan Texniki Universitetinə daxil olmuşdur. I-ci kursu başa vurub 1986-1988-ci illərdə  keçmiş SSRİ(Sovet Sosialist Respublikaları İttifaqının) ordusunda hərbi xidməti başa vurub, təhsilini davam etdirmişdir.

1992-ci ildə ali məktəbi bitirib “Elektron texnikası mühəndisi” ixtisası üzrə diplom almışdır. Müstəqillik qazanan pespublikamızın iqtisadi problemlərindən dolayı ixtisasdan kənar işlərlə məşğul olmuşdur. Təbiətən Sözə və Vətənə bağlılığı onu ədəbiyyata və Azərbaycanın qaranlıq tarixini öyrənməyə sövq etmişdir. Doğulduğu kəndin görkəmli şəxsləri– Həmzə, Tariyel, Fəxrəddin və Əli Vəlioğulları(Əliyevlər) qardaşlarının eləcə də Firudin Ağasıolu, Bəxtiyar Tuncay və s.  görkəmli tədqiqatçıların araşdırmalarını izləmiş və özünün də məntiqi  düşüncələrini bu bilgilərə  əlavə edərək yeni maraqlı araşdırmalara imza atmışdır.Onlar haqqında sözü sizin ixtiyarınıza buraxırıq.

                Nüvədi

Həmzə Vəli oxudu “Qarqardaşı”—

Əcdadların  yaddaşıdır, yaddaşı,

Min illəri ötüb keçibdir yaşı,

Keçmişimdən xatirədir əbədi—

Tariximə işıq salan Nüvədi !

 

Səndə uşaqlığın izi qalıbdır,

Ata-babaların sözü qalıbdır,

Sönmüş ocaqların közü qalıbdır,

Ulu Azərlərin qədim məbədi,

Tənha  qalan, unudulan Nüvədi !

 

Harda qaldı dəbdəbəli törənlər?…

Törənlərdə coşardılar ərənlər.

Düşmənlərə hər dəm sinə gərənlər,

Fitnələrə sinə gərə bilmədi,

Yağılara uduzulan Nüvədi !

 

O doğma yurd neçəsinə san verib,

Şöhrət verib, şərəf verib, şan verib,

Bərəkətli torpağından can verib,

O torpağı unudanlar de nədi?…

Gədalara qismət olan Nüvədi !

Bölüm-bölüm olsun bizi bölənlər,

Xeyli oldu üzülənlər, ölənlər,

Nə yazıq ki, var  yaddaşdan silənlər—

O kəslərin axı nə dərdinədi,

Abadmıdır, yoxsa talan Nüvədi ?

 

Mən Raviləm həsrətindən yanıram,

Gecə-gündüz səni hər an anıram,

Sənsizliyi indi-indi qanıram,

Sənsiz keçən günlər mənə tənədi,

Bizdən sonra izi solan Nüvədi,

Xatirəsi qəlbə dolan Nüvədi!

Hikmət  sözdədir

Dünyada hər bir şeyin

Bir dadı, bir adı var.

Təkcə sözün bir adı,

Amma iki dadı var.

 

Arasan dünyada əsl hikməti,

Nə dağda-dərədə, nə də düzdədir.

Nə ayda-ulduzda, nə də günəşdə,

Nə çayda, nə göldə, nə dənizdədir.

 

Xəyalda, fikirdə gəzər, dolaşar,

Bəzən vulkan kimi kükrəyər,coşar,

Bəzən də insanın ruhunu oxşar,

Hikmətin açarı dilimizdədir.

 

Bəzən işlədəndə ovqat pozular,

Bəzən yalan olar, bəzən düz olar,

Bəzən yaxşı, bəzən də pis yozular,

Hikmətin mənası elə sözdədir.

Səadət  vətəndədir

(Doğma  yurdym  Nüvədini  anarkən)

 

Vətəndən uzaqlarda aradığım səadət

Gecdə olsa anladım, vətənin özündədir.

İndi vətəndən uzaq vətəndə bu gündəyəm.

Düşmən əlində olan vətən gör nə gündədir!

 

Sakit olmayan ruhum tez-tez məni tərk edir,

Düşüb xəyal dalınca gedir, gedir, hey gedir.

Düşünürkən dünənlə bu günün fərqi nədir,

Qayğısız xoş günlərim bu gündə yox, dündədir.

 

Həsrətlə uyuyuram, ümidlə oyanıram,

Bəlkə elə bu üzdən dözürəm, dayanıram.

İllərdir dözə-dözə qovruluram, yanıram,

Bu necə işdir Allah, dolaşıq düyündədir!?

 

Qucağını  açsa  da  mənə  Bakı  şəhəri,

Seyr etsəm də Xəzərdə bənzərsiz xoş səhəri,

Səndən doğan nisgili, səndən doğan qəhəri,

Qəlbimdən silib atmaq ölümün gücündədir !

  Aciz

 

Allah yaratdığı möcüzələri,

Görməyə insanın gözü də aciz.

Onun hikmətini dərk eyləməyə,

İnsan zəkasının özü də aciz.

 

Ali məxluq kimi yaratdı bizi,

Şeytan fəth eylədi ürəyimizi,

Qırırıq,çatırıq bir-birimizi,

Quzunun gözündə quzu da aciz.

 

Bizə söz göndərib ünsiyyət üçün,

Ünsiyyət göndərib məhəbbət üçün,

Məhəbbət göndərib səadət üçün,

Qanmaza fələyin bizi də aciz.

 

Tanrının ulduzlu-üz dünyası var,

Yerdə insanların öz dünyası var,

Baxma ki, onların söz dünyası var,

İnsanın insana sözü də aciz.

 

Xaliq bu dünyada vardır əbədi,

İnsana bu dünya dardır əbədi,

Ölümsə insana yardır əbədi,

Önündə oğlu da, qızı da aciz.

Bu dünya bir şirin busədir,fəqət,

Vüsalın ünvanı məkani-cənnət,

Günahkarın sonu cəhənnəm,zillət,

Günahdan qorxunun üzü də aciz.

                                             

Ravil gəlməmisən qənimət üçün,

Gəlmisən Tanrıya itaət üçün,

Allah dərgahında bəraət üçün,

  Səcdənin əllisi, yüzü də aciz…

Ruhum vətənə dönə

 

                Bizə bənzər bir xalq varmı dünyada,

                Vətən üçün canından keçən bizdə.

                Fəqət düşmənlərin dəyirmanına,

                Su tökən xain də öz içimizdə.

 

                Nə qədər şəhidlər versə də bu xalq,

                Vətən xainləri tapıldı yenə.

                Mənafe xətrinə, mənsəb xətrinə,

                Satdılar torpağı yağı düşmənə…

 

                Hər canlıda vardır qan damarları,

                Qanı damarlara yayan ürəkdir.

                İnsanda bir də var nifrət damarı,

                Nifrət damarına qeyrət gərəkdir.

 

                İllərlə yuxuya verdilər bizi,

                Nifrət damarımız aşınsın deyə.

                Qeyrət hər nə qədər fışqırsa belə,

                Aşınmış damardan  sovrulur göyə.

 

                Görəsən nə zaman nifrət və qeyrət,

                 İkisi birlikdə, bərqərar olar—

                 Məmur vətəndaşla, varlı kasıbla

                 Birləşib torpağı geriyə alar?

 

                 Doğma yuvasından ayrı düşən quş,

                 Qəfəsdə  sözsüz  ki, xəstəhal olur.

                 Savaşmaq əzmini itirən millət,

                 Özü qula dönür, dili lal olur.

 

                 Sanki bağlayıblar əllərimizi,

                 Öldürüblər bizdə qisas həvəsin.

                 Ümidi ancaq bir Allaha qalar,

                 Əli hər bir şeydən üzülən kəsin.

 

                 O doğma vətənə qayıtmaq üçün,

                 Sənə üz tuturam Allahım, sənə.

                 Ya da heç olmasa öləndən sonra

                 Ruhuma izin ver vətənə dönə!…

 

Ravil Cəfərov Nadir oğlu (Ravil Nuhvadili)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir