Şəhid mahnı
Müharibənin hələ elan edilməmiş vaxtlarından qardaşım Münasif Şəfəq kəndində vuruşurdu. Tankçı idi. Niyyətini gizlətməyən erməni işğalçıları ilə üzbəüz dayananların arasındaydı. Döyüş əməliyyatlarının birində ayaqlarından yaralanıb tibbi vertolyotla Bakıya – Respublika Mərkəzi Hərbi Hospitalına gətirilmişdi.
Yeddi aydan çox (ümumilikdə isə il yarım)müddətdə fasiləsiz olaraq hər gün həmin hospitalda yaralılarımızın yanında olmuş, özümü, belə demək mümkünsə,
arxa cəbhənin əsgəri hesab etmişəm. Yaralılarımızla, imkan tapıb onlara baş çəkməyə gələn ön cəbhənin əsgərləri ilə təmasda olmuşam. Yaddaşıma həmin hospitalda yatan neçə-neçə yaralı aslanımızın tez sağalıb yenidən geriyə – cəbhəyə qayıtmaq səbirsizliyi, xalqımın igid oğullarının qələbə əzmi həkk olunub.
Ön cəbhədən gətirilən yaralıların arasında yazığı, bədbini yox idi. Ağrılara mərdliklə dözür, heç nədən şikayət etmirdilər. Hətta ən ağır cərrahi əməliyyatlara belə kişi kimi təmkinlə gedirdilər. Nə yaşları vardı ki? Əksəriyyəti dünənə kimi əzizlənən ana uşaqları idi. Bu gün isə onları tanımaq olmurdu – nəvazişdən, əzizlənməkdən utanırdılar. Onlar indi təkcə doğmalarının yox, bütün xalqın əzizləriydi. O vaxt hələ tələbə olan, sonradan Güllücə döyüşlərində şəhid olan mənim kiçik leytenantım, əmim oğlu Azadla (İftixar İsrayıl oğlu Nuriyevlə), bacım Leyla xanım, mən, yaralı əsgər anası Zeynəb xala və hamının Mamaşa adlandırdığı xanımla birlikdə yaralıların qayğısını çəkir, əlimizdən gələni eləyirdik. Azad özünəməxsus ufallıqla onların üzünü təraş edir, yastıqlarını düzəldirdi. Uşaqların yemək-içməyinə, ümumi təmizliyə fikir vermək mənim işim idi.
Hər axşam dəstə-dəstə adamlar hospitala gəlir, yaralılara baş çəkir, bir xeyli onların yanında oturub, gətirdiklərinə qonaq edir, bildiklərindən, gördüklərindən danışırdılar. İncəsənət İnstitutunun bir tələbəsi onlar üçün bir aktyorun teatrını nümayiş etdirir, yaralıları əyləndirirdi. O vaxt Türkiyədən çox az-az adamların ölkəmizə gələ bildiyi vaxtlarda öz arzusu ilə «qurşunlu mehmetciklərə, azeri arkadaşlara baş çəkmək için» Bakıya gəlmiş iki türk qardaşımızın palatalarda olub yaralılara necə ürək-dirək verdiklərini, gəlişləri ilə onları necə ruhlandırdıqlarını xatırlayıram.
Danışmaq istədiyim məqam həmin günlərin müsəlləh əsgəri sayılası bir mahnı ilə – «Əsgər marşı» ilə əlaqədardı. Marşın bəstəçisi professor Cavanşir Quliyev, sözləri Laçın rayon sakini, kənd müəllimi Əhliyyət Süleymanovdu. Mahnının üçüncü müəllifini – bənzərsiz səs sahibi, Azərbaycanın Levitanı Şəmistan Əlizamanlınının isə təqdimata ehtyacı yoxdur.
Dillər əzbəri olan bu mahnının «işlədiyi», döyüşdüyü vaxtlariydı. Bu mahnı qələbəyə aparan yolun mayakı, körpüsü idi. Bu mahnı güc verirdi, təpər verirdi.
Mahnı onu ifa edəni də, eşidəni də qeyrətlə, əzmlə, inamla, Vətənə məhəbbətlə silahlandırır, irəliyə çağırır, qələbəyə səsləyirdi. Düşmənlərimizin ayağa düşəcəkləri, layiqli cəza alacaqları günü yaxınlaşdırırdı.
Bir gün xəbər yayıldı ki, azyaşlı bağça uşaqları hospitala qonaq gəliblər və palataları gəzib yaralılar üçün həmin mahnını – “Əsgər Marşını” ifa edirlər. Onların sorağını alan kimi hospital canlandı – hamı səbirsizliklə, həyəcanla, sevinclə onları gözləməyə başladı.
Bizim 7-ci palata uzun dəhlizin lap axırında yerləşirdi. Və mənimkilər qalxa bilməyən yaralılar idi. Onlardan biri mənim doğma qardaşım – Goranboylu Münasif idi. İrəvanlı Qafqaz Əhmədov, xaçmazlı Mahmud Bünyadov, cəbrayıllı Etibar Əliaslanov, ağdamlı Azər də mənə qardaş kimi doğmaydılar. Hər birinin döyüş yolundan xəbərim var idi. İgid idilər, mərd, qorxmaz, cəsur idilər mənim döyüşçülərim, mənim yaralı qardaşlarım, igidlərim, mənim əzizlərim… Onların necə səbirsizliklə uşaqları gözlədikdərini sizə çatdırımaq üçün söz tapmaqda çətinlik çəkirəm. Hamısı diqqət kəsilərək uşaqların uzaqdan hələ zəif eşidilən səslərini, belə demək mümkünsə, izləyirdilər: bax, deyəsən 1-ci palatadan çıxdılar… Hə, indi 2-cidədilər…
Mən onların həyəcanlarına, intizarlarına biganə qala bilməzdim. Qərara gəldim və bir-bir bizdən əvvəlki palatalara girib «sakinlərdən» icazə aldım ki, ardıcıllığın pozulmasına icazə versinlər ki, növbəti «dayanacaq» dəhlizin sonunda yerləşən bizim palata olsun. Hamı bizdə vəziyyətin nə yerdə olduğunu, mənimkilərin gəzə bilmədiklərini bildiyindən, heç kəs etiraz eləmədi. Beləliklə, intizara son qoyuldu…
Bağça uşaqları öz çıxışları, şövqlə ifa etdikləri döyüşkən mahnıları ilə 7-ci palataya təşrif buyurdular, xorla mahnılarını oxumağa başladılar. Yaralı əsgərlərin solğun bənizlərinin rəngi-ruhu yerinə gəldi, gözləri işıqlandı, dodaqlarını təbəssüm bəzədi. Sanki otaq da genişləndi, tavan da hündür oldu, ağrılar da azaldı.
Mənsə bir kənarda durub, məmnunluqla dillər əzbəri olan, bütöv bir batalyonqədər hünərliolan bu mahnının təkcə döyüşdüyünə yox, həm də müalicə elədiyinə, yaralara məlhəm olduğuna şahidlik edirdim…
Bu mahnı sağaldırdı. Bu mahnı vuruşurdu, döyüşürdü, erməni qəsbkarlarının qabağına sipər çəkirdi, onları lərzəyə salırdı.
Bu mahnı vətənpərvərliyə çağırır, bu ruhda tərbiyə edirdi. Bu mahnı erməni işğalçıları, daşnak faşistləri üzərində Qələbə gününü yaxın edirdi.
O vaxtdan illər keçir….
Heç vaxt unutmayacağım o anları xatırlayaraq ürək ağrısı ilə düşünürəm ki, deyəsən döyüşən o Mahnımız da yaralandı, əsir düşdü. Bəlkə də … Şəhid oldu.
Amma bütün Şəhidlər kimi bu döyüşən Mahnı da ölmədi. Ürəklərə köçdü. Xatirələrdə yaşamağa davam etdi. Ən azı, o vaxt onu şövqlə ifa edən balaca uşaqların qəlbində əbədi məskən tapdı, yaşadı. Hələ dili düz-əməlli söz tutmayan, ancaq bu Mahnının sözlərini səlis tələffüz edən o uşaqların yaddaşına hopdu.
Belə olmasaydı, bu gün düşmənlə barışmazlığı özünə ən güclü silah seçib ölümün üstünə könüllü yeriyən igid, mərd, qorxmaz Mübarizlərimiz, Fəridlərmiz, neçə-necə igidlərimiz olmazdı. Əminəm ki, Mübariz də, onun kimi bir çox başqa igidlərimiz də hələ körpə olanda həmin döyüşən Mahnının sədaları altında Vətənin qorxubilməz müdafiəçiləri kimi formalaşmışdılar.
Marş irəli, marş irəli!
Azərbycan Əsgəri!
Düşünürəm ki, biz, Şəhid olan, lakin ölməyən o Mahnıya bir heykəl, bir abidə ucaltmalıyıq. Çünki, qəhrəmanlığa səsləyən, igidliklə vuruşan, döyüşən bu Mahnı da Vətənin bir əsgəri idi. Vətənin də, özünü bu Vətənin övladı hesab edən hər bir azərbaycanlının da borcudu Şəhid olan o igid Mahnımıza abidə ucaltmaq – Qələbə Abidəsi.
Bu Böyük Qələbəni qazanmaq, əldə etmək hər kəsin borcudu – ölkə prezidetinin də, nazirlərin də, dövlət məmurlarının da, onların əziz-xələf balalarının da. İş adamlarının da, çörəyini daşdan, torpaqdan çıxaran sadə insanların da. Hər kəsin və hamının!
Sevda Mikayılqızı