Sənətə ehtiramda vətəndaş qeyrəti

Musiqi mədəniyyətimizin qədimliyini söyləmək ümumi bir deyimdir. Bu ifadəni Azərbaycan mədəniyyətindən az-çox xəbəri olan hər bir kəs işlədə bilər. Burada «qədim» sözü bir qədər mücərrəd mə`na daşıyır.

Onu elmi-nəzəri əsaslarla sübut etmək bir başqa məsələdir ki, bununla alimlərimiz məşğul olurlar. Məhz həmin alimlər qədimliyin tarixini də sübutlarla dəqiqləşdirirlər.

Bir də var qədim mədəniyyət abidələrinə məhəbbətlə, 

ehtiramla, vətəndaşlıq qeyrəti ilə onları toplamaq, tədqiq etmək və gələcək nəsillərə ərmağan vermək. Onlar milli mədəniyyətimizin, həm də tarixi varlığımızın, mənəvi-əxlaqi dəyərlərimizin qoruyucularıdırlar.

Cəfakeş musiqiçi Əkrəm Məmmədli və onun elmi-nəzəri biliklərə yiyələnmiş oğlu Kənan Məmmədli məhz musiqi irsimizin qoruyucularıdırlar. Burada qoruyucu sözü böyük həriflərlə yazılan müqəddəs deyim kimi qavranmalıdır.

Məkan kimi çox geniş ərazini əhatə edən Azərbaycanın zəngin mədəniyyətində musiqi xüsusi yer tutur. Vətənimizin hər yerində musiqiyə ehtiram və məhəbbət müqəddəslik səviyyəsindədir. Amma e`tiraf edək ki, bölgələrdə musiqinin hansısa müəyyən bir növünə sevgi daha güclüdür. Bir bölgəmizdə muğam bütün musiqilərdən uca tutulur. Başqa bir yerdə ozan-aşıq musiqisi, dastan söyləmələri mə`nəvi dəyərlərimizin bir növü kimi formalaşıb. Başqa bir yerdə xalq mahnılarına ehtiram ilkindir.

Tarixi min – min illərlə ölçülən Naxçıvan isə qədim və növbə – növ yallıları ilə məşhurdur. Bu yallılar əsasən nəfəs və zərb alətləri ilə ifa olunur. Bu yallılar yalnız kişilərin, yalnız qadınların, həmçinin qadın və kişilərin birgə rəqsi ilə məşhurdur. Yallı həm də camaatın, elin-obanın birliyi, əyilməzliyi, möhtəşəmliyidir.

Naxçıvan yallılarının hər birinin ayrılıqda öz ritm xüsusiyyətləri, ahəng özəllikləri, ifa prinsipləri, estetik səciyyələri var. Bunlar bir-bir araşdırılmalıdır. Rəqslərin xalqın məişəti, dünyagörüşü, həyat tərzi, estetik görüşləri, daxili ehtirasları ilə bağlılığı müəyyən qədər tədqiq olunub. Lakin bu sahədə hələ çox böyük işlər görülməlidir. Bunun üçün isə əldə zəngin və orijinal nümunələr olmalıdır.

Acınacaqlı olsa da, e`tiraf etməliyik ki, laqeydlik və müxtəlif səbəblər ucbatından digər mədəniyyət incilərimizlə yanaşı, musiqi sənətimizdə, o cümlədən də qədim rəqslərdə itkilərimiz çox olub.

Bu, ürəkgöynədən, təəssüf doğuran faktdır… amma həqiqətdir…

Ona görə də Əkrəm və Kənan Məməmdlilərin qədim Naxçıvan yallılarını toplamaları, onları nota salmaları ilk növbədə əzəmətli vətəndaşlıq qeyrətidir. Bu iki şəxs sözün əsl mə`nasında böyük bir elmi-tədqiqat müəssisəsinin uzun illər görə biləcəyi işi ikilikdə reallaşdırıblar.

Mən özüm də incəsənətin başqa bir növü ilə bağlı tədqiqatlar aparmışam və bu işin bütün çətinliklərini bilirəm. Xüsusən arxivlərdə işləməyin çətinlyini və həmçinin ləzzətini duyuram.

Amma, Məmmədlilərin tədqiqatı konkret hansısa arxivlə bağlı deyil. Onlar bütün Naxçıvan mahalını kənd-kənd, oba-oba, oymaq-oymaq gəzmiş, həm bu gün çalınan və oynanılan yallıları, həmçinin az qala unudulmuş, qan yaddaşında olan yallıları toplayıblar.

Bax, budur əsl vətənpərvərlik!

Bax, budur musiqi mədəniyyətimizə əsl məhəbbət və ehtiram!

Bax, budur tədqiqatçı qüdrəti, tədqiqatçı qeyrəti!

Mənim fikrimcə, bu tədqiqat işi təkcə Naxçıvan mədəniyyətinin, bir qədər geniş anlamda Azərbaycan incəsənətinin qədimliyinə xidmət etmir. Naxçıvan yallılarının nota salınıb çap edilməsi dünya mədəniyyəti xəzinəsinə qiymətli töhfədir.

Görəsən dünyada elə bir xalq varmı onun bir rəqs formasının yüzə qədər növü olsun (hələ unudulanları nəzərə almıram)? Bəlkə də var, ancaq mən bilmirəm. Onu bilirəm ki, Naxçıvan yallılarının həm ritminin, həm ahənginin, həm ifa prinsipinin, həm çalğı palifoniyası zənginliyinin tədqiqi xalqımızın fəlsəfi-psixoloji, bədii-estetik zövqlərinin formalaşması mərhələlərinə yeni işıq salacaq.

Xalqımızın qədimliyini adi sözlərlə deyil, «Naxçıvan – Şərur el yallıları» kimi fundamental tədqiqat əsərləri ilə sübut etmək lazımdır. Yalnız onda dünya xalqlarının vətənimizə, millətimizə olan ehtiramına yeni-yeni töhvələr vermiş olarıq.

İlham RƏHİMLİ,

Sənətşünaslıq doktoru, professor.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir