Səxavət Məmmədov – 60 Ömür sürməli dövrandı ( Səxavət Məmmədovun xatirəsinə )
Onun – o, nakam taleli xanəndənin yanıqlı səsini ilk dəfə 10 yaşımda bir yay səhəri dinləmişdim. Və elə o vaxtdan da bu səs məni ovsunlayaraq, sözlər və səslər aləminin sehrinə bənd etmişdi. Elə bənd etmişdi ki, o hadisədən sonra Səxavətin yanıqlı səsini eşitməyəndə qəribsəyir, yeknəsək bir dünyanın sakininə çevrilirdim…
1982- ci ilin iyul ayı idi. Saatlarla futbol oynayıb, necə yorulmuşdumsa, axşamdan ac-susuz yerimə döşənib yatmış, səhər tezdən oyana bilməmişdim. Atamın dediyinə görə isə yay vaxtı hava isti keçdiyindən, gərək səhər tezdən, günəş boy göstərməmiş oyanasan ki, iştaha ilə yemək yeyə biləsən və gün ərzində özünü gümrah hiss edəsən…
Atamın səsinə yuxudan oyandım. Oyandım və … “Ömür sürməli dövrandı”,.. deyə, ürəyimin dərinliyinə işləyən xanəndənin səsini eşitdim. O, səsində qəribə bir kədər tonu ilə təkrar-təkrar oxuyurdu:
… Ömür sürməli dövrandı,
Səsin gəlsin barı, bülbül!..
Səs qonşunun pəncərəcindən gəlirdi. “Vesna” markalı maqnitofondan yüksələn bu səs məni sehrləmişdi. Bu nədir ilahi?!. Özümə heç cür düzələ bilmirdim. 10 yaşlı uşağın keçirdiyi hisslər və gün ərzindəki qəribə hərəkətləri təkcə ətrafdakıları deyil, elə özümü də təəccübləndirmişdi. Böyük bacımdan öyrənmişdim ki, oxuyan Səxavət Məmmədovdur. Həmən o yay səhərində eşitdiyim kədərli nəğmə, elə o andan başlayaraq, məni büsbütün dəyişdi. Yalnız futbol dəlisi olduğum, ipə-sapa yatmayan şuluq bir uşaq olduğum halda, o andan qaraqabaq bir uşağa çevrildim. Elə həmin gün də ilk şeirimi – “insan” adlı ən qəmli şeirimi yazdım…
Günlər biri-birini əvəz etdikcə doğmalarım və dostlarım arasında pıçhapıç qızışmağa başladı: – “Bu uşağa nəsə olub, əvvəllər belə deyildi”… Hətta atam bir gün məni kəndimizin tanınmış həkimi – “Mamed doxdur”un yanına da apardı. O, isə mənim halımdan baş çıxarmadığını görüb, hər şeyi zarafatın ayağına yazdı:
* Ə, böyüyüb kişi olub dəəə… Evləndir, könlünə arvad düşüb yəqin… – deməklə, məni
atamın yanında utandırmış, atamı isə doyunca güldürmüşdü… Mamed doxdurun yanından qayıdanda yol boyu, bağın yanına çatanda dayandım və üzümü atama tutaraq:
* Nə olar, mənə də maqnitofon al, deyə, yalvardım. Atam isə qəddarcasına sərt cavab verdi:
* Qulağının dibini görərsən. Futboldan səni yığa bilmirəm, indi də maqnitofon… Bəs dərsləri kim oxuyacaq?
Fikirləşmədən:
* Onda, özümü öldürəcəyəm! – deyib, ağladım. Atam doğrudan da qorxuya düşdü və bir az yumşaldı:
* O gün Rafiq müəllim şikayət edirdi. Deyir ki, zəifləmisən.
* Maqnitofon al, məktəbdə ən yaxşı oxuyan mən olacağam!
Atam gözlərimin içinə baxdı. Sözləri inamla demişdim. Xoşuna gəldi. Eyni inamla:
* Sabah sənə maqnitofon alacağam! – dedi.
* Ata, Səxavət Məmmədovun kasetini də al, deyə, bir daha yalvardım…
* Yaxşı alaram! – deyib, atam qısaca cavab verdi. Bundan sonra evə çatanadək heç birimiz
dinmədik…
Kefim açılmışdı. Ilk öncə anamın boynuna sarılıb, üzündən öpdüm. Anam fərəhindən qanad açıb, uçurdu… Sonra kitablarımı bir yerə toplayıb, keçilən dərsləri yenidən təkrar etməyə başladım…
Atam sözünün üstündə duraraq, mənə maqnitofon aldı. Bir neçə kaset o cümlədən Səxavət Məmmədovun da kasetini almışdı. Indi mən yalnız Səxavətə qulaq asmaq, onun səsinə olan susuzluğumu yatırmaq istəyirdim…
Illər elə sürətlə ötüb keçdi ki,.. orta məktəbi yüksək qiymətlərlə başa vurdum. Əslində o gündən, “ Ömür sürməli dövrandı” yanğısını eşitdiyim gündən, şairliyim baş qaldırmış, aradan ötən 7 il ərzində 200-dən çox şeir yazmışdım. 7 il öncə atamın aldığı maqnitofonu və Səxavətin kasetini göz bəbəyim kimi qoruyub saxlamış, atama söz verdiyim kimi məktəbi ən yaxşı oxuyan şagird kimi başa vurmuşdum…
1989-cu ildə Gəncədə ali məktəbdə oxuyan zaman isə həyatımın ən unudulmaz günlərindən birini yaşadım. Noyabr ayı idi. Tələbə yoldaşımın bacısının toyu idi. Gəncənin “Bağmanlar” adlanan məhəlləsindəki həmin toyda Səxavət Məmmədovla tanış olmaq məsudluğunu yaşadım. Yaxın dostum Nizami müəllim məni gənc şair kimi təqdim etdi. Səxavət müəllim məni özünə məxsus mehribanlıqla qarşıladı. Üzünü mənə tutub: – bəlkə, bu gənc şair bir şeir desin, deyib, nazik bığlarının altından gülümsədi. Mən fürsət düşmüşkən, 7 il öncə baş vermiş hadisəni qısaca danışdım və ilk şeirimi də elə onda yazdığımı bildirdim. Səxavət maraqla, həmin şeiri oxumağımı təkid etdi. “İnsan” adlandırdığım həmin şeiri oxudum. Səxavət müəllim məni qucaqlayıb, bağrına basdı və narahatlıqla bildirdi:
* Bəs, niyə belə kədərli şeir yazmısan?.. Səxavət müəllimə baxıb, susdum. Istədim deyim
ki, bəs, siz nədən belə yanğıyla oxuyursunuz… cürət etmədim. Eləcə eyni maraqla Səxavət müəllimə baxdım. O, mənə uğurlar dilədi. Yenidən görüşəcəyimizi vəd etdi. Vəd etdi və … heyif ki, vədinə əməl etmədi… deyə bilmirəm, bəlkə də qədər, fani dünya buna imkan vermədi… Bəlkə də tale özü bu yanıqlı səsi onun özünə, Səxavət Məmmədova da qısqandı. Çünki bu səs talenin özünü belə ovsunlamağa qadir idi… O dəhşətli gün, 1991-ci ilin payız günü, narahat dünyanı sehrli nəğmələri ilə ovudan, dünyanın özündən də böyük bir ürək əbədi olaraq dayandı…
Mənimlə eyni qrupda Mehriban adlı bir qız oxuyurdu. O, qız Səxavətin dəfn mərasimində iştirak etmişdi. Mehriban bir gün bizə danışdı ki, Səxavəti qəbirə qoyan kimi, qəfil göy üzünü qara buludlar aldı. Elə bir yağış yağdı ki, hamı heyrət içərisində donub qalmışdı… Mən düşündüm, yəqin Mələklər də yağışa qoşulub, ağlayırmış… Onu da anladım ki, “ Ömür sürməli dövrandı” deyib, Səxavət niyə belə yanıqlı-yanıqlı oxuyurmuş…
VAHİD ASLAN
06.07.13