Şair, publisist, ziyalı Muxtar Qasımzadə haqqında
Nuh çıxandan gəlirəm
Bura Nuhun öz eli.
Köhnə qala məzarı
Gəmiqaya heykəli
Muxtar Əziz oğlu Qasımzadə 1951-ci ildə Naxçıvan şəhərində anadan olub. Gənclik illərindən (1970) bu günə qədər jurnalistlik fəaliyyətini davam etdirməkdədir. Bədii yaradıcılığa da elə həmin illərdən başlayıb. Şeir və poemaları mətbuatdan, ədəbi jurnallardan, almanaxlardan, mavi ekrandan, radio dalğalarından ictimaiyyətə yaxşı tanışdır. Müxtəlif vaxtlarda Beynəlxalq poeziya festivallarının iştirakçısı olmuş, şeirləri rus, fars, ingilis dillərinə tərcümə edilmişdir.
Televiziya və radionun inkişafındakı xidmətlərinə görə ölkə Prezidentinin sərəncamı ilə (2006) “Tərəqqi” medalına layiq görülmüşdür.
Hazırda “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəşriyyat bölməsinin müdiridir. O, 500-ə yaxın müxtəlif mövzulu kitabın redaktorudur. M.Qasımzadə öz poetik imkanlarını ölçüb-biçən, sözə qənaətlə yanaşan qələm sahiblərimizdəndir. “Nuhçıxandan gəlirəm” kitabı şairin oxuculara yeddinci ədəbi töhfəsidir. Kitaba müəllifin yeni yazdığı və əvvəlki kitablarından seçilmiş şeirləri toplanmışdır.
And içdim torpağa, and içdim göyə,
Andım çörək haqqı, duz haqqı oldu.
Allahın verdiyi nemətdi deyə,
Andımın biri də “söz haqqı” oldu.
Sevdim Yaradanı, könlüm açıldı,
Sandım varlığımı bahar şəklində.
Sözüm qanadlandı, dilim açıldı,
Mən dua oxudum şeir şəklində.
TANRI
Tanrı ağappaq taxtında
Öz işindəydi.
Təmənnasız vərdişində,
Ucalığında, ağlığında
Ağappaq gülüşündəydi.
Allah Məhəmmədə dedi
O da yazdı…
Sən görmədin, mən gördüm –
Yaradanı gördüm…
Sən odla oynayırdın,
Sən qanla oynayırdın
Səni görməzdən gəldim.
Sən Yer üzünün allahı deyildin
Səni tamahkarlar uydurmuşdu
Uyduranlar uyutmuşdu!
Allah Məhəmmədə dedi
O da yazdı:
Zordan allah olmaz
Zor zoru,
Var varı əzər.
İnsaf insafı,
Mərhəmət mərhəməti bəzər…
Sən görmədin,
Mən gördüm
Onu gördüm –
Özünü gördüm.
Tanrı ağappaq taxtında
Bərəkət yağdırırdı ağlığından.
Qızıl baxışlarıyla
Öz işindəydi
Ağlığında, ağalığında –
Ağappaq gülüşündəydi…
Akademik İsmayıl Hacıyev Muxtar Qasımzadə haqqında
Tarix, xalqların keçmişinə və mədəniyyətinə güzgü tutan bir elmdir. Bu elmin prizmasından, işıqlı pəncərəsindən dərin qatlara boylananda doğma xalqımızın da tarixin sinəsində silinməz izlər qoyduğunun şahidi oluruq.
Keçmiş deyəndə, dərhal gözümüzün önünə qəhrəmanlıq səhifələri, şifahi xalq ədəbiyyatı nümunələri, yazılı abidələrimiz, habelə memarlıq incilərimiz gəlir.
Naxçıvan Muxtar Respublikası qeyd olunan xarakterik xüsusiyyətlərə görə tarixin səhifələrində özünəməxsus layiqli yerlərdən birini tutur.
Bu gün müstəqil Azərbaycan Respublikasının Konstitusiyası bütün abidələrimizin maddi və mənəvi sərvət kimi qorunmasını təmin edir. Bir sözlə, tarixi memarlıq abidələrimiz dövlət tərəfindən qorunur.
Şair-jurnalist Muxtar Qasımzadənin tarixi mövzularda yazdığı şeirlərlə yaxından tanış oldum. Müəllif öz üzərinə son dərəcə şərəfli bir iş götürmüş, vətəndaşlıq baxımından faydalı və əhəmiyyətli bir vəzifənin öhdəsindən demək olar ki, uğurla ğəlmişdir.
İlk baxışda hiss edirsən ki, hər şeir sanki bir poetik bələdçidir. Şeiri oxuduqdan sonra sözü gedən qala, yaxud türbə haqqında səndə böyük təsəvvür və məhəbbət yaranır. Hardan söhbət gedirsə, oranı görmək həvəsi oyanır qəlbində. Misralar boyunbağı kimi qatarlanan Naxçıvan abidələrinə körpü salır elə bil. Hər şeirin özünəməxsus vəzifəsi, xasiyyəti vardır. Məsələn, coşqun ədəbi təfəkkürün məhsulu olan “Xaraba Gilan” şeirində möhtəşəm şəhər qalıqlarının canlı mənzərəsini, xronoloji tarixini, eyni zamanda mifiq Şərq fəlsəfəsinin elementlərini görürük.
Müəllifin “Gəmiqaya”sını xarakterinə görə tarfixi və siyasi baxımdan son dərəcə əhəmiyyətli şeir hesab etmək olar. “Bəkir oğlu Əcəmi”, “Oğlan qala, Qız qala”, “Əlincə”, “ Fərhad evi”, “Gülüstan”, “Qarabağlar türbəsi” və sair qızıldan qiymətli örnəklərimiz tariximizin canlı şahidləri kimi poeziya qiyafəsində bir daha ömür qazanmış, özünə bədii “pasport” almışdır.
M.Qasımzadənin gərgin zəhmət və axtarışlarının bəhrəsi olan bu şeirlər elmi-nəzəri faktorlarına, bələdçi rolunu oynayan xüsusiyyətlərinə görə hər bir tarixsevər üçün dəyərli töhfə, vətənpərvərlik vəsiləsidir. Bütövlükdə bu silsilə şeirləri qalalarımızın, türbə və abidələrimizin poetik xəritəsi də hesab etmək olar.
Əziz oxucu, əgər Muxtar respublikamızın–Nuhla yaşıd olan ulu Naxçıvanımızın tarixi mədəniyyəti ilə tanış olmaq istəyirsənsə bu şeirlərə müraciət et; hər qala könül dostun, sirdaşın, hər abidə qürurun, yaddaşın olsun.
İsmayıl HACIYEV,
Tarix elmləri doktoru, Akademik.
(Nuhçıxandan gəlirəm kitabından səh. 15-16)
Atam abidələr,
Anam türbələr.
Qardaşım qalalar,
Bacım qübbələr.
Mavi minarələr
Pak meracımdır.
O gəlin qayalar,
O Kül təpələr.
O gümüş zağalar,
şəkil təpələr.
O yazı daşları,
Carçı daşları
mənim alın yazım.
taxtım, tacımdır!
Yanar, meteortək
alışar onlar.
Dili var, dindirsən
Danışar onlar
Ta ki, dünəninə,
dönməyi bacar.
Sən onu ürəkdən
sevməyi bacar.
Oxu tarixini,
Oxu maraqla.
Vətən torpağıdır
Kitabın, bala
Varaqla, varaqla,
Onu varaqla…
ƏLİNCƏ
Belinə kəmər kimi
Bağlayıb sərt daşları.
Ehtiyat əsgər kimi,
Saxlayıb mərd daşları,
Sanki qoyubdu dincə,
Əlincə.
Dörd qaplandı hovuzlar,
Alır buluddan bacı.
Zirehlənib hasarlar.
Qurulub taxtı-tacı-
Miladdan çox-çox öncə,
Əlincə
Vuruşub zaman-zaman,
Düşməni əldən düşüb.
Olubdu yurda qalxan,
Miranşah dildən düşüb,
Sıxıb Teymuru küncə,
Əlincə
“Şahtaxtı”- şah qalası,
Dizində ərlər yatır.
Şırımlanıb yaxası,
Köksündə sirlər yatır
Daş altında düşüncə,
Əlincə
Burda Atabəy, Özbək
Qalay bel bağlayıb
“Xəzinəni” sonadək
Məlik Tahir saxlayıb
Döyüşübdü ölüncə
Əlincə
Cəlair dövlətinin
Himni, bayrağıdır o,
Mömin Şərafəddinin
Yaddaş çırağıdır o-
Təzkirəmdir bütüncə
Əilncə.
XANƏGAH
Əlincə qalasından
Üç min dirsək yuxarı.
Gəlin, dərə yoxuşa
Qalxaq gedək yuxarı.
Ceviz qocalıb tamam,
Cadar-cadar qolları.
Kəndirlənib dizinə
Xanəgahın yolları.
Yüz illərdi beləcə,
Zaman dayanıb durub.
Heyran qalıb Əlincə,
Duman dayanıb durub.
Adlayıb on dörd əsri
Yol gəlib Xanəgaha.
Qovuşub müridləri
Mövlanə Fəzlullaha.
Dağdı daşdı müridlər,
Şeir deyir Nəsimi…
Xor oxuyur qəbrlər:
“Ya Fəzllullah Nəimi”.
Sirri – Xudaya görə
Bilir bu yer, göy nədir.
“İnsan üzü kitabə”,
Gözəlliyi ayədir.
Mat qoyub teymurları,
Çatıb haqqa kamala.
Hürufilər Nigarı,
Can dildarı Fəzlullah.
Xaliqin qüdrətiylə,
faili-Muxtar olub.
Haqqın kəramətiylə
Ocaq olub, pir olub.
Memar Cəmaləddinin
Ehtişamıdı türbə
Şeyx Fəzlullah cəddinin
Yanar şamıdı türbə.
HAÇADAĞ
Başında həmişə dumanlar gəzər
Çağlayar, qaynayar, daşar Haçadağ.
Çiçəklər köksündə yazıya bənzər,
Olar olk bahara şüar Haçadağ.
Qoşa buynuzu ar maral timsalı,
Olub Naxçıvanın hüsnü, camalı.
Dağlar maralına bənzər bu halı
Sevən ürəkləri oxşar Haçadağ.
Hərdən şimşəklərin gələr tuuna,
Göydən ildırımı çaxar başına,
Xırda təpələri yığar başına,
Özü sərkərdəyə oxşar Haçadağ.
“Nuhçıxandan gəlirəm” kitabından