Sübuta ehtiyacı olmayan, sübut
- Dördə bağlı olan yer üzü: Günəşə, Suya, Havaya, Torpağa.
- Narkomaniya – insan vücudunun məhvi, ölümün zümzüməsi, dirilərin tə`ssüfləri.
- Dərvişlər – yer üzünə gəldilər, baxdılar, gördülər, dedilər bir də getdilər.
- Ömür bizə yoldaş, biz ömrə yoldaş, ömür qayıtmağımıza yoldaş, İşıq Əbədiyyətimizə yoldaş.
- Zaman da bir zamandır. Zaman içərisində, zamanın özü də bir zamandır (yer üzündə olan, müddətdəki zaman).
- Kainat Əbədi Cavan olduğundan, heç “Görkəmini”- dəyişmir.
- Dialektikası olmayan dialektikada – hansı “dialektikadan” danışmaq olar? (düşündürücü-düşüncə).
- Hər bir insan, bir dünyadır! Yer üzünə insan gəldi sevindim, çünki Dünyamıza “dünya”- gəldi sevindim! Yer üzündən insan getdi, kədərləndim – “dünyamızdan, dünya getdi”, – deyib də, düşündüm.
- Kainatın, Dünyanın məntiq adlı “Meyvəsi”- var. Yer üzünə hər gələn, yer üzündən hər gedən o meyvədən dadandır.
Yer üzü bir bağa bənzər, bütün varlıqlar və olanlar qollu-budaqlı “ağaclara” (şərti olaraq – Alleqorik , yəni alleqoriya – bədii müqayisə, konkret bədii obraz, dialoq – olan. Yer üzündə və bütün bəşəriyyətə mürləq zəruri olan , ağac, çörək, su, torpaq, işıq, isti, bildirmək, bəyan etmək, sevgi, məhəbbət və ilaxır da, bu halda demək, mümkündür. «yəni, müqayisə – bənzətmə». Bir az uyğun gələni ağacdır ki, bir ağac budağından, meyvəsindən, toxumundan, tumundan, kökündən həddindən çox ağaclar törəyə bilər) bənzər. Hər gördüklərimiz, bildiklərimiz o, ağaclardan dərilmiş meyvələrə bənzər. O “ağac” – məntiq ağacıdır, suallar ağacıdır, maraq ağacıdır, mə`nalar ağacıdır. Yer üzünün hər tərəfini bəzəyər, yer üzünün hər tərəfinə budaqlanar, yer üzünün hər tərəfindən görünər!
Məntiq həqiqətə sığmaz, həqiqətlər məntiqə sığar. Məntiq “ağacındakı”- meyvələr, fikirlərə bənzər. Bütün meyvələr bənzər olar, amma biri-birinə oxşamaz. Hər birinin öz rəngi, öz iyisi, öz ətri, öz dadı, öz böyüklüyü olar. Məntiqin oxşarı, bənzəri olmaz, Özü olar! O, “ağacın”- o meyvəsindən dadan, o daddan – doymaz, məntiq ağacının “meyvəsindən”- doymaq olmaz çünki, Həqiqi olan – Həqiqətdən doymaq olmaz. Məntiq dadlı olan, Kainat “Çörəyidir” ki, ondan da doymaq olmaz!
- Nə bu yerdən, nə bu Aləmdən istəyirəm… Kainata baxıb, Kainatı istəyirəm, Kainatdan istəyirəm! Bura, (yer aləmində) qədərləri bölünən, Kainat qədərləri böləndir.
- Yatma – saxtalaşdırmasınlar.
Ayıq ol – saxtalansınlar.
- Elmin alimi – O, elmi tanıdar. Xalqın alimı, Xalqı tanıdar.
- Bə`zən demək, bə`zən susmaq, bə`zən heç deməmək, gözləmək!
- Axtar, düşün, araşdır! Tapsan sənindir! Desən xalqındır – Lazımdır!
- Əgər məkr, yalan, “məqsəd”, karıxdırmaq varsa – iddia var.
- Düşüncə – dialektika! Ağacdır, kölgəlidir, sərindir, rəngarəngdir (ağac – Günəşdən, Sudan, Küləkdən, Torpaqdan, Qayğıdan bəhrələnərək, kökündən, gövdəsindən, budaqlarından insana rahatçılıq gətirər), tapsan – meyvəsidir, dadsan –məntiqidir, mə`nasıdır. Məntiq, mə`na – həqiqətdir.
- Qəribədir, düşüncələrimizi bir də sözlərimizi, heç vaxt “qurban” – vermək istəmirik. Desək edərik, deməsək etmərik (azərbaycanlı). Söz insanla, insan sözlərlə.
Kainata üz tutar sözlə, düşünər sözlə, ümid gözləyər sözlə, deyər sözlə, qapıları açarlar sözlə, bağlanar o qapılar, sözlə.
Qəribədir sevgi sözlə, istək sözlə, arzu sözlə, lə`nət sözlə, nifrət sözlə, biri-birimizdən üz döndərərik, bircə kəlmə sözlə, ittiham da sözlə!
Bu dünyada dirilər sözlə, bu dünyadan köçüb gedənləri yad edərik sözlə. Söz niyə qurtarmır, çünki Kainatın Sözü qurtarmır.
Gəlirik sözlə, qayıdırıq – “o dünyaya” – da sözlə. Əvvəli sözlə, özü sözlə, sonu tükənməyən, bitməyən sözlə!
- Antiq elmlərin təhlili, müzakirəsi zamanı qəribə bir fikir eşitdim, “Elmin sərkərdəsi”. Elmin özü, böyük bir Sərkərdədir! İnsan elmin Sərkərdəsi yox, o elmin əskəri ola bilər. Çünki Elm, aparıcı, istiqamətləndiricidir. Onun isə araşdırıcıları, tədqiqatçıları, o elmin davamçılarıdır!
- İnsan sağa baxanda, solu görmür. Sola baxanda, sağı görmür. Yuxarıya baxanda, aşağını görmür. Aşağıya baxanda, yuxarını görmür. İnsan düz “baxsa”- Düzü görür.
- İnsanlar arasındakı mülahizələr, fikirlər “Duz”- miqdarında bölünərsə əgər,”Şirin”- miqdarında, bərarərləşər.
- Ehtiyat etdiyin – səni, səhf etməkdən saxlayacaqdır. Səhf etməyin – səni aşkarlandıracaqdır. Ehtiyat etdiyin, çəkindiyin – səni örtəcəkdir. Səhf etdiyin – səni göstərəcəkdir.
- Ölüm günü, son günü, öz adıyla tamamlanan, son günü. İnsan dünyaya gələndə ona ad düşünürlər. İnsan dünyadan qayıdanda, daha ad düşünmürlər, o insanın adını çəkirlər.
- Dərd nə tələsir, nə axtarır! Dərdləri, bəlaları insanın özü axtarır, özü tapır!
Dərd də, bəla da nə axtarır, nə tələsir, insandan özü qaçır. İnsan isə onu axtarıb, onu tapır. Hamını ittiham edir, o dərdi ittiham edə bilmir. Dərd insandan qorxur, insandan qaçır, insan onu tapır. Onda hər şey yaddan çıxır, dərdlə insan arasında mübarızə başlanır! O mübarizədən, dərd qaçıb uzaqlaşmaq istəyir, insan onu tutub özündə saxlamaq istəyir. Sonda insan deyir “bu nə dərddir, dərdə düşmüşəm?”. Amma demir ki, dərdimin – dərdinə düşmüşəm!
- Yerdə gözəllik, səmada gözəllik, göydə gözəllik, Kainatda gözəllik! Gözəlliklər Yaranıbdır – gözəlliklər Üstündə, gözəllik!
- Bu xalqın xarrat, dülgər peşəsi olan Əliağa Vahidi var. 120-yaşı (fevral 2015) tamam olan Ə.Vahid sözü, fikri, qəzəli xalqın varidatı oldu. Sözü “yondu”, “hamarladı” qəzəlləri musiqi, söz məclislərini bəzədi. Söz, fikir, qəzəlləri yazmaq peşədən asılı deyil, o bir istedaddandır. Ə.Vahid sözü, fikri bədahətdən (hazırlaşmadan, çox düşünmədən, gözlənilməz tərzdə) deyərmiş. Söz ehtiyatı nə qədər olmuş olsa da belə, sözləri də, mə`nasını da, Ə.Vahid çox ehtiyatlı deyərmiş. Bu onun peşəsindən yox, söz demək, qafiyə, misra, beyt qurmaq isə (bədahətdən) istedadı imiş.
- Dialektika- Kainat boyu bütün planetlər arasında dövr edən, bir “pıçıltı” səsində, (Kainatlar arasında, Böyük Partlayışın “yaddaş səsi”- hələ də qalmaqdadır. Bütün varlıqların, kütlə, cisimlərin səs yayma tezliyi, xüsusiyyəti o yaddaş mirasından qalmadır. Bu, Böyk Partlayışın bütün varlıqlara ayrılan, yaddan çıxmayan, səs daşıyıcısı, səs yaddaşıdır) hərəkət ahəngidir. O, bütün kütlə, cisim, varlıqlar arasında ilkin olan sual, o suala axtarılmaqda olan, cavab mə`nasındadır. (Kainat “düşündürməsəydi” əgər, varlıqlar da düşünməyəcəkdi, bütün düşüncələrin əvvəli, suallarla da olmayacaqdı).
- Belə bir termin var “Pastulat”. Pastulat – sübuta ehtiyac olmayan, sübut. Pastulat – Aksioma törədicisi, sübut içərisində sübut. Aksioma – sübut içərisində sübut, mütləq olan. Pastulatdan – törəmə, Evrikadır (tapdım).
- Bu dünya sual, o dünya sual, bir dünyalıq sual, dünyalarca sual. Dünyaya, Kainata sığan sual. İnsan, Kainatdan uzaqlaşdıqca sual, Kainata yaxınlaşdıqca cavab. Kainat deyər ki, “Bildirdim”.
- Adətən bütün insanlar arasında qol çək deyərək (imza etmək) biri-birindən nələrinsə, təstiq olunmasını istəyirlər. Qol çək dedikdə, sözsüz ki, əzamızı, bədən üzvümüzün bir hissəsinin rəsmini harasa çəkmirik. Onda insanlar arasında “qol çəkmək”, imza etmək, nəyin təsdiqini istəməkdir? Məsələ ondadır ki, “imza etmək” – ilk, yer üzü insanından başlamış və bu gün də davam edən bir haldır. Qol çəkmək, imza etmək, hər bir insanın Kainat “yaddaşında” olan, saxlanılan simvol cizgisidir. Hər bir insan öz yaddaşında gətirdiyi, onun orada olan “işarəsini, yaddaş cizgisini”- qeyd edir. Bütün imzalar biri-birinə bənzəməz, necə ki, insanın barmaq izləri, səsi, siması, yerişi, nəfəsi və s. biri-birinə bənzəmədiyi kimi. İnsan imza etməklə özünün “O olduğu, Kainat yaddaşında dəyişməyən simvol cizgisini”- olan formasında bəyan edir, bildirir. Əllə çəkilən o “cizgi”- yanlış olmaz, səhf olmaz, başqalarında olan “imzaya” bənzəməz halıdır. Hər birimizin Kainat “yaddaşında”, adımız, özümüz, şərti cizgimiz mövcuddur.
Vahid Rzayev